9:18 pm - Şənbə Avqust 23, 2014

Musiqi fənn kurikulumunun əhəmiyyəti və əsas istiqamətləri

Kurikulum şagirdin (ailənin), ictimaiyyətin və dövlətin ehtiyaclarını nəzərə alaraq yaranmışdır. Kurikulumun əsas məzmun standartları və qiymətləndirmə standartları vardır ki, hər bir qurumun ehtiyaclarını təhlil edərək cəmiyyətdəki islahatlarla əlaqədar, təhsilin inkişafının mövcud olan tələbatını bir daha nəzərdən keçirərək lazım olanları qəbul edir, gələcək nəslin yeniləşməsi, cəmiyyətin və dövlətin ehtiyacları ilə əlaqədar standartların, yəni meyar və normaların dəyişilməsi ilə müşayət olunur.

Musiqi kurikulumu da ümumtəhsil məktəblərində musiqi təlimi və tərbiyəsinin, musiqi mədəniyyətinin formalaşması və inkişaf etdirilməsi məqsədini həyata keçirən, fəaliyyətləri əhatə edən konseptual xarakterli sənətdir. Bu kurikulumda şagirdlərin cəmiyyətdə incəsənətin rolunu dərk etməsi, onların bədii zövqünün, mənəvi aləminin zənginləşdirilməsi, musiqi üzrə bacarıq və vərdişlərinin inkişafı, fəal dinləyici kimi yetişmələri nəzərdə tutulur.

Tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük, sistemlilik, inteqrativlik kimi prinsiplərə əsaslanaraq bu kurikulum təlim alanın (şagirdlərin) nailiyyətlərini müntəzəm olaraq qiymətləndirməyi, onların inkişafının izlənilməsini, şagirdlərdə musiqi təlimi zamanı gündəlik həyatda vacib olan bacarıqların mənimsənilməsini nəzərdə tutur.

Azərbaycan Respublikasında ümumi təhsilin, milli kurikulum sənədində musiqi fənninin xarakterik cəhətlərini nəzərə alaraq, tədris prosesində onun əhəmiyyəti, məqsəd və vəzifələri dolğun şəkildə göstərilmişdir.

Ümumtəhsil məktəblərində musiqi fənninin tədrisi milli musiqi və mədəniyyətimizin incəsənət sahəsində qədim adət-ənənələrimizi dərindən öyrənilməsi, estetik və emosional tərbiyənin gücləndirilməsi, ümumi intellektual səviyyənin inkişafı, istedadlı şagirdlərin aşkara çıxarılması kimi mühüm əhəmiyyətə malikdir. Mənəvi-estetik təsirinə, vətənpərvərlik, humanizm, dostluq ruhunda tərbiyəedici təsir qüvvəsinə malik olan bu fənn böyük inkişafetdirici imkanlara malikdir.

Musiqi tədrisi prosesində istinad edilən musiqi nümunələri şagird şəxsiyyətinin formalaşmasında, onlarda bədii zövq, estetik mədəniyyət, milli və ümumbəşəri musiqi nümunələrinə maraq, yaradıcılığa meyil, mücərrəd və obrazlı təfəkkürün inkişafı, əməksevərlik və başqa iradi keyfiyyətlər tərbiyə etmək üçün zəmin yaradır. Musiqi fənninin tədrisinin əsas məqsəd və vəzifəsi şagirdlərdə milli və bəşəri sənət nümunələrinə istinad edərək onlarda musiqi mədəniyyətinin formalaşması və inkişafını təmin etməkdir.

Musiqi fənni üzrə milli və dünya təcrübəsinin öyrənilməsi, müqayisə olunması, təhlil edilməsi nəticəsi olaraq musiqi təlimi üç məzmun xəttinə ayrılır:

1. Musiqi aləmi.
2. Emosional dəyərləndirmə.
3. Musiqi fəaliyyəti.

Musiqi fənninin məzmun xətləri, bütün fənlərdə olduğu kimi, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi ilə getdikcə zənginləşsə də məzmun xətləri dəyişmədən olduğu kimi qalır.

Musiqi aləmi məzmun xətti özündə vacib sayılan milli və dünya şöhrəti musiqi nümunələrini, bəstəkarların həyat və yaradıcılığını, onların geniş yayılmış məşhur əsərlərini, musiqi savadını, müxtəlif musiqi alətləri və musiqi kollektivləri, görkəmli ifaçılar haqqında bilikləri və bacarıqları əhatə edir. Bu məzmun xətti şagirdlərdə xalq yaradıcılığı, klassik və müasir musiqi əsərlərini bir-birindən ayırır, onların hər birinin özünəməxsus cəhətlərini dərk edir və bu əsərlərə düzgün münasibət formalaşdırır.

Emosional dəyərləndirmə məzmun xətti hislərlə, emosiyalarla bağlı məzmun xəttidir. Burada şagirdlər hər hansı musiqi nümunələri ilə tanış olduğu zaman, onun mahiyyətini dərindən qavradıqda mənəvi aləmi zənginləşir, şagirdlərdə incə hiss və duyğular yaranır və bunların biruzə verilməsində böyük rol oynayır. Ümumiyyətlə, emosional bacarıqların formalaşmasında, eyni zamanda şagirdlərdə təhlil, müqayisə, tənqidi münasibət bildirmək, hər hansı bir hadisəni və ya münasibəti qiymətləndirmə keyfiyyətlərinin yaranmasında musiqi tədrisi xüsusi əhəmiyyət kəsb edir.

Musiqi fəaliyyəti məzmun xətti tədris prosesində mənimsənilmiş biliklərin tətbiqi və şagirdlərin bacarıqlarının üzə çıxarılması nəzərdə tutur. Burada mahnı oxuma, musiqi dinləmə, musiqili-ritmik hərəkət, sadə musiqi alətlərində çalmaq, mənimsədikləri musiqi nümunələrini təsvir etmək, esse yazmaq, səhnəciklər qurmaq, layihələr yaratmaq məzmun xəttinin əsasını təşkil edir. Musiqi fəaliyyəti məzmun xətti üzrə mənimsənilmiş bacarıqlar praktik xarakter daşımalıdır. Bu da musiqi mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.

“Musiqi” kurikulumunun tələblərinə görə təlim prosesi əvvəlcədən müəyyən olunmuş nəticələrə əsaslanır. Bu baxımdan müəllim faselitator, şagird isə tədqiqatçı, öyrəndiklərini təqdim və tətbiq etməyi bacaran yaradıcı subyektə çevrilməlidir. Məzmun xətlərinə görə üç məqsəd (öyrədici, inkişafetdirici, tərbiyəvi) göstərilməlidir, inteqrativliyə əməl olunmalıdır: burada fəndaxili və fənlərarası (şaquli və üfüqi inteqrasiya) inteqrasiya nəzərdə tutulur və hər dərs prosesində qiymətləndirmə aparılmalıdır. Hər dərsə analitik qiymətləndirmə hazırlanmalıdır. Dərs prosesində dəyərləndirilən keyfiyyətlər qiymətləndirmə meyarları kimi qəbul olunmalıdır. Meyarlar məqsədəuyğun olaraq müxtəlif keyfiyyətlər göstərə bilər, emosional dəyərləndirmə, onun müxtəlif üsullarla ifa edilməsi, əməkdaşlıq, qrup işində fəallıq, təqdimetmə bacarığı və s.

Qeyd etmək lazımdır ki, “Musiqi” kurikulumunda verilən dərslərin məzmunları müxtəlif bilik səviyyəsinə malik olan şagirdlərə aid ola bilər. Dərslər kompleks şəklində: metodiki vəsait, musiqi dərsliyi və iş dəftərindən birgə istifadə olunaraq keçirilməlidir. Müəllim dərsə hazırlaşdığı zaman Blum taksonomiyası nəzəriyyəsinə əsaslanaraq yaradıcı yanaşmalardan istifadə etməlidir. Nəzəri və praktiki məsələləri mənimsəmə prosesində şagirdlərin yaradıcı təfəkkürlərinin inkişaf etdirilməsi üçün onları həyat təcrübəsindən və ətraf mühitin müşahidəsindən istifadə etmələrinə yönəltməlidir. Təlim prosesində müəllim materialın mənimsənilməsi zamanı şagirdlərdə, yaradıcı təfəkkürlərindən istifadə edərək konstruktiv şəkildə araşdırma aparmaq, mübahisəli məsələləri aydınlaşdırıb problemli sualın həllini tapmaq və nəticələr çıxarmaq kimi keyfiyyətlər aşılamalıdır.

Ümumtəhsil məktəblərində incəsənətlə bağlı fənlər sırasında musiqi fənni xüsusi yer tutur. Musiqi tədrisi zamanı musiqi tərbiyəsinin həyatla əlaqəsi, onun tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, müasir zamanda şagirdlərin musiqi incəsənətinə marağının artırılması, yaradıcı qabiliyyətlərinin formalaşması və inkişaf etdirilməsi, mədəni, mənəvi və estetik cəhətdən tərbiyəli, onların cəmiyyət üçün yararlı vətəndaş kimi böyüməsi musiqi fənninin əsas vəzifələrindən biridir.

Müasir zamanda vətəndaşların formalaşmasında, təhsilin keyfiyyətinin artması, tələb olunan bilik və bacarıqlara yiyələnmək üçün İKT-nin təhsil sistemində geniş istifadə olunması və tətbiqi də zamanın tələbidir. Cəmiyyətin tələbinə müvafiq yeni nəslin yetişdirilməsi sahəsində, bu yaxın gələcəkdə hər bir təhsil ocağında informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi və səmərəli istifadəsi yeni nailiyyətlər əldə etməkdədir. Bu sistemin inkişafında musiqi dərsləri də texniki və humanitar fənlərdən geri qalmamalıdır. Belə ki, musiqi dərslərində kompyuter texnologiyasından istifadə edərək fəal təlim (interaktiv) metodu ilə dərslərin aparılması təlim prosesinin daha da səmərəli və maraqlı keçməsinə səbəb olur. Şagirdlərin musiqi dərsinə marağı daha da artır, təhsilin keyfiyyətinə və inkişafına yönəldilmiş olur.

Müasir təhsildə başqa fənlərlə yanaşı, müsiqi fənninin də əhəmiyyətini qeyd etmək istərdim. Belə ki, musiqi həyatımız boyu bizi müşaiyət edir, əsəbləri sakitləşdirir, ruh yüksəkliyi yaradır, milli vətənpərvərlik xüsusiyyətlərinin tərbiyələnməsinə zəmin yaradır. Buna görə də musiqi fənninin gələcəkdə elmli nəslin estetik zövqünün inkişafında, yüksək mədəniyyətə malik vətəndaşın formalaşmasında böyük rol olduğunu qeyd etmək lazımdır.

Zenfira Əliyeva,
Sabunçu rayonu 215 nömrəli orta
məktəbin musiqi müəllimi

Filed in: YAZILAR

Şərhlər qapalıdır.