4:38 pm - Cümə axşamı Aprel 24, 2014

AİLƏ, MƏKTƏB VƏ CƏMİYYƏT – ŞƏXSİYYƏTİN FORMALAŞMASININ ANA XƏTTİDİR

Rəqibə Məmmədova, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru

Rəqibə Məmmədova, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru

Məlumdur ki, cəmiyyətin inkişafına təkan verən sosial proseslər şəxsiyyətin inkişafına da xüsusi təsir göstərir və mühüm tələblər irəli sürür. Cəmiyyətin inkişafının istiqamət-verici qüvvəsinə çevriləcək gənclərdə müasir düşüncə tərzinin folmalaşdırılması üçün isə milli maraqlara cavab verə biləcək təhsil və tərbiyə sisteminin yaranması da problem kimi günümüzün aktuallığını özüdə əks etdirir. Dəyişən dünyanın reallıqlarından kənarda qalmamaq prinsipinə əsaslanmaqla müasir tələblərə cavab verən yeni təlim və tərbiyə metodlarının tətbiqi də öz aktuallığını daim qoruyub saxlayır. Deməli, təlim və tərbiyə müasir şagirdi dövrünün həyatına hazırlamalıdır.

Yeni təhsil islahatının həyata keçirilməsinin beşinci ilində artıq məktəblərimiz, bir sıra təcrübələr qazanmış, öz işlərində yeni yanaşmalara və yeni istiqamətlərə yaradıcı münasibət bildirməyə səy göstərməyə çalışmışlar və bu gün də çalışırlar.

Məlumdur ki, zamanından və növündən asılı olmayaraq hər bir işin başlanğıcı, çətinliklərsiz, ağrı-acısız keçmir.

Uzun illər Sovet dönəminin təhsilinə alışmış, onun tələblərini və qanunlarını mənimsəmiş müəllim də, valideyin də yeni sistemə, yeni islahata asanlıqla alışa bilmir. Məktəb işində isə bu daha da qabarıq şəkildə görünür.

Valideylər təhsil islahatının qarşıya qoyduğu tələblərin mahiyyətini dərinliyi ilə bilmədiyi üçün ötən dövr ərzində məktəblə-ailə arasında bəzi anlaşılmazlıqlar da meydana gəlmişdir. Lakin zaman keçdikcə həm müəllimlər, həm də valideyinlər bu anlaşılmazlıqları aradan qaldırmağa çalışmış və qismən də olsa, buna nail olmuşlar.

Rəhbərlik etdiyim Naxçıvan şəhər 8 nömrəli məktəbin pedaqoji kollektivinin təcrübəsinə əsaslanaraq bəzi fikirlərimi oxucularla bölüşmək istəyirəm.

Məlumdur ki, bu islahat ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1999-cu ildə imzalanmış sərəncam əsasında mərhələlərlə həyata keçirilir. Dövlət səviyyəsində həyata keçirilən bu islahat artıq bu gün həyatımızın reallığına çevrilib. Bu gün hər bir müəllim islahatın əhəmiyyətini, mahiyyətini dərindən dərk edir və öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Lakin təkcə dərs deməklə, kurikulumun qarşıya qoyduğu tələbləri yerinə yetirməklə iş bitmir. Bu günün şagirdi, sabahın qurucusudur, cəmiyyətin bir fərdidir. Yəni biz bu gün təkcə ali təhsil müəssisələri üçün kadr hazırlamırıq. Biz cəmiyyətdə öz yerini tuta biləcək müxtəlif peşə sahibləri, o cümlədən isə əsl vətəndaş hazırlayırıq.

Bu günədək aparılan təcrübi müşahidələr də göstərir ki, ailədən məktəbə üç növ, üç xarakterdə uşaq gəlir. 1. Ərköyün böyüdülmüşlər. 2. Ailədə təzyiqə məruz qalan və ya qorxu içində böyüyənlər. 3. Normal tərbiyə görmüş uşaqlar. Bunların hər birinin özünəməxsus yanaşma tərzi və tərbiyəetmə yolları, tələbləri vardır.

Belə bir şəraitdə biz işimizi necə qurmalıyıq? Uşaq ailədə doğulur, orada böyüyür, bağça həyatına, sonra isə məktəbə qədəm qoyur. Hər ailənin uşağa yanaşma tərzi, məktəb haqqında verdiyi məlumat, valideynin məktəb və cəmiyyət haqqında baxışları müxtəlif olur. Bunun üçün uşağı məktəbə gəlməyə hazırlaşan valideynlərlə (uşağını məktəbə qoymaq üçün ərizə verən valideynlər nəzərdə tutulur) ilkin maarifləndirici görüşlərin keçirilməsi məqsədəuyğundur, daha doğrusu vacibdir. Məktəb haqqında, uşağın gələcək davranış qaydaları haqqında maarifləndirici söhbətlər həm məktəb rəhbərliyi, həm fənn müəllimləri, həm də məktəb psixoloqunun iştirakı ilə aparılmalıdır.

Görüş zamanı məktəbə gələcək I sinif şagirdinin xarakteri, ailədəki vəziyyəti (ərköyünlüyü), ailədə neçə uşağın olduğu, maddi durumu belə öyrənilir.

Bəzi hallarda valideynlər ilk gündən məktəbə gəlməyə laqeyd yanaşırlar. Hətta keçirilən tədbirlərə gəlməmək üçün cürbəcür bəhanələr uydururlar. Belə olan halda, müəllimin və məktəb psixoloqunun o ailəyə göndərilməsi zərurəti yaranır. Məktəblə-ailə arasında əlaqənin yaranmasını zəruri edən bir sıra səbəblər vardır. Təcrübə göstərir ki, övladının təhsili ilə maraqlanmayan ailə üzvlərinin məktəb haqqında, müəllim haqqında öz düşüncələri,öz baxışları var. Bu baxışlar heç də həmişə müsbət yönümlü olmur. Bu baxışları müsbətə doğru yönəltmək üçün məktəb tərəfindən o ailə ilə daha tez-tez əlaqə saxlanılmalı, onlarla məktəb, müəllim, şagird və ailə münasibətləri ilə bağlı söhbətlər aparılmalıdır.

Eyni zamanda müəllim ailə nəzarətindən kənarda qalan şagirdlərlə daha məsuliyyətlə məşğul olmalı və nəzarətdə saxlamalıdır. Bu işə məktəb psixoloqu da cəlb edilməli və onun apardığı söhbətlərin effektliliyi izlənilməlidir.

Məlumdur ki, tərbiyə işi uzunmüddətli prosesdir. Son nəticəni əldə etmək üçün səbirlə, təmkinlə hərəkət etmək lazımdır. Hətta burada valideynlərlə əlaqəli işləmək də varsa, daha səbirli, təmkinli olmaq gərəkdir.

Məktəb psixoloqunun və müəllimin valideynlərlə birlikdə həyata keçirdiyi görüş öz effektliliyi ilə şeçilir. Çünki psixoloq tərəfindən açıq söhbətə sövq edilən valideyn uşağının necə tərbiyə olunduğunu, məktəb haqqında uşağına hansı fikirləri aşıladığını açıq deyə bilir və bir çox hallarda öz nöqsanlarını etiraf edir.

Məktəb psixoloqunun ustalığı ondadır ki, o, valideynlə söhbət apararkən ailədaxili problemləri üzə çıxara bilsin. Bu zaman uşağı tərbiyə etmək də asan olur.

Bir çox hallarda müəllimlər şagirdin çətin tərbiyə olunması haqqında söhbət açırlar. Bildirirlər ki, bu şagird heç kimi eşitmir, öz bildiyini edir, onu tərbiyə etmək çətindir.

Lakin öz təcrübəmizə əsaslanaraq bildirmək istəyirəm ki, çətin tərbiyə olunan uşaq yoxdur, çətin başa düşülən uşaq var. Hər bir uşaq, daha doğrusu şagird qəlbi bir dünyadır. O uşaq dünyasının sirlərini öyrənib üzə çıxarmaq lazımdır. Onun intizamsızlığı haradan qaynaqlanır? Hansı səviyyədədir? Müəlllim-şagird münasibəti necədir? Məktəb daxilində və ya məktəbdənkənar vaxtlarda kiminlə dostluq edir? Ailədə vəziyyət necədir? Hansı problem mövcuddur? və s. suallara cavab tapmaq üçün müşahidələr aparmaq, şagirdin özü və ailə üzvləri ilə ayrılıqda söhbətlər aparmaq, şagirdin aqressivliyinin səbəbini tam aydınlaşdırmaq lazımdır. Bundan sonra onunla ata-ana haqqında, onların uşaqların həyatında tutduqları yer haqqında, gələcəkdə cəmiyyətdə tutacağı mövqe haqqında açıq, inandırıcı və ətraflı söhbət aparılmalıdır.

Hər bir valideyn övladının gələcəkdə yaxşı insan olmasını arzulayır. Lakin bir çox valideynlər bu arzunun həyata keçirilmə yollarını bilmirlər. Bəzən uşağı ifrat dərəcədə əzizləyir, bəzən də yerli-yersiz danlayırlar. Onlara elə gəlir ki, uşağı tərbiyə edirlər. Bu cür “tərbiyə” üsulu uşağın “tərbiyələnməsinə” xidmət etmir, əksinə onu ərköyünlüyə və ya laqeydliyə gətirib çıxarır. Bunun əsil yolu valideynləri bu sahədə maarifləndirmək və uşaqda özünəinamı formalaşdırmaq lazımdır.

Nəzərə almaq lazımdır ki, bu cür uşaqlara məktəbin ictimai işlərində, diskussiya klublarında və digər işlərdə rəhbərlik etmək, komandaya başçılıq etmək kimi işləri tapşırmaq da müsbət nəticələr verir.

Hər bir ailə, məktəbdə həyata keçirilən yeni təhsil islahatının məzmunu və yenilikləri ilə tanış edilməli, gələcək vətəndaşın təhsilli, tərbiyəli, daha doğrusu, cəmiyyət üçün gərəkli vətəndaş kimi formalaşdırılmasına çalışmalıdır.

Bunun əsl yolu məktəblə-ailənin müttəfiq kimi əlbir işindən keçir. Bu zaman əsl şəxsiyyət formalaşdırıb cəmiyyətə təqdim etmək olar.

 

Filed in: MƏKTUBLAR

Şərhlər qapalıdır.