7:45 pm - Bazar Sentyabr 24, 2017

Ömrün 65-ci ili

Akif ABBASOV, pedaqogika üzrə elmlər  doktoru, professor, respublikanın Əməkdar müəllimi

Akif ABBASOV,
pedaqogika üzrə elmlər
doktoru, professor, respublikanın Əməkdar müəllimi

Müəllim adı ali, müqəddəs bir müraciət forması olmaqla yanaşı, həm də, şübhəsiz, daşıyıcısının üzərinə böyük məsuliyyət qoyur. Müəllimlik peşəsinə gəlincə isə bu təkcə elm öyrədən, gəncləri, insanları elmin sirlərindən hali edən demək deyil. Müəllim öz şəxsi nümunəsi ilə hamıya həyat dərsi keçir, ali insan fenomeni formalaşdırır, bir ömürlə neçə ömrə örnək oldu.

Deyirlər, dünya elmin nuru ilə ziyalanır, əqldən qüvvət alır, mənəvi dayaqlar üzərində möhkəmlənir. Professor Akif Abbasovun ömür yoluna nəzər salsaq, mübaliğəsiz dünyanın məhz belə insanların, alimlərin, müəllimlərin, ataların, oğulların çiynində dayandığına şübhə etmərik.

Bu gün dünya alimlərinin ən çox maraq göstərdiyi elmlər sırasında dayanan pedaqogika elmi Azərbaycanda məhz belə alimlərimizin əməyi sayəsində parlaq bir dövrünü yaşamaqdadır.

Akif müəllimi tanıyanlar onun barəsində həmişə xoş sözlər söyləyirlər. Birmənalı şəkildə deyirlər ki, o, bilikli alimdir, mehriban insandır. Bu təcrübəli pedaqoq kollektivdə qayğıkeşliyi, sadəliyi, təvazökarlığı, saflığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən adamdır.

Professor Akif Nurağa oğlu Abbasovun mayın 28-də 65 yaşı tamam olur.

65 illik ömrünün 40 ildən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr etmək, bu illərdə öz pedaqoji ustalığını daim təkmilləşdirmək, adi qəzet müxbirindən tanınmış alim-pedaqoqa çevrilmək, təlim verdiyi on minlərlə insanın sevimlisi olmaq, həqiqətən də, böyük zəhmət və fədakarlıq tələb edir. Belə yaşamın bir adı var – şərəfli pedaqoq ömrü.

Belə ömür yaşayır Akif müəllim. Şərəfli pedaqoq ömrünü o, indi də davam etdirir: yazır, yaradır, müəllimlərin, elmi işçilərin daim köməyinə gəlir, tədris və təlimdə yenilikləri, pedaqoji innovasiyaları öyrənməkdə, işdə tətbiq etməkdə onlara yardımçı olur.

Həyatda elə insanlar var ki, onlarla ünsiyyətdə olmaq həmişə insana zövq verir, hər dəfə onlardan nəsə öyrənirsən, səni narahat edən suallara cavab tapırsan. Belə insanlara həyatın bütün sahələrində rast gəlinir – istər siyasətdə, istər mədəniyyətdə, istərsə də elmdə.

Tanınmış ziyalı, minlərlə tələbəyə elm öyrətmiş insan haqqında yazmaq həm məsuliyyətlidir, həm də şərəfli. Axı alimin böyüklüyü onun mənəviyyat dünyası ilə intellektual aləminin harmoniyasıdır. Digər tərəfdən isə bu məsuliyyət həmin alimin nüfuzu, elmə verdiyi töhfələri, insanlara, vətənə, millətə, dövlətə münasibəti ilə bağlıdır.

Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1968-1973-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun İngilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır. Təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dilini tədris etmişdir. 1975-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun Tərbiyənin ümumi problemləri şöbəsinə müsabiqə yolu ilə kiçik elmi işçi qəbul olunmuşdur. Sonra orada elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.

A.Abbasov Azərbaycan Maarif Nazirliyinin “Qabaqcıl maarif işçisi” döş nişanına və fəxri fərmanına layiq görülmüşdür.

Akif Abbasova 2004-cü ildə professor elmi adı verilmişdir. O, 26 dekabr 2006-cı il tarixində “Tərəqqi” medalı ilə təltif edilmiş, 2007-ci ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdür.

A.Abbasov 24 aprel 2009-cu ildən etibarən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

Uca Tanrı alimi xoş gündə-saatda yaratmışdır. Ona parlaq istedad, fenomenal yaddaş, bitib tükənməyən səbr, iradə, yüksək daxili mədəniyyət bəxş etmişdir.

Pedaqogika elmimizin inkişafına bağlı illər bizdən uzaqlaşıb tarixin səhifəsinə dönsə də, bizimlədir və ümid edirik ki, 4 onillik qədər bir zaman kəsiyində pedaqogika elminin təəssübünü çəkmiş, onu inkişaf etdirmiş, eyni zamanda mənəviyyatı, yüksək əxlaqi keyfyyətləri ilə yüzlərlə alim-tədqiqatçıya yaxşı örnək olmuş, bu gün də böyük enerji, yaradıcı ruhla fəaliyyət göstərən tanınmış alim, professor Akif Abbasov bundan sonra da böyük uğurlara imza atacaq.

Əziz elmi rəhbərim, Sizi 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

Müjkan MƏMMƏDZADƏ,
Təhsil Problemləri
İnstitutunun doktorantı

Filed in: TƏBRİKLƏR

Hələ şərh yoxdur

Şərh yazın