3:11 pm - Çərşənbə axşamı Noyabr 24, 2511

Təbrik edirlər

Şəkil

Şəkil

Ulu öndər Heydər Əliyev demişdir: «Müəllimlik ən şərəfli peşədir. Müəllimlik vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır. Şübhəsiz ki, müəllim özü birinci növbədə bu xüsusiyyətlərə malik olmalıdır. Daim özünü təkmilləşdirilməlidir».

Milli Konservatoriyanın tərkibindəki İncəsənət Gimnaziyasında işləyən Təranə Əliyeva məhz belə müəllimlərdən biridir. «Ən yaxşı müəllim» müsabiqəsinin qalibi, «Öyrədənlərin öyrədəni» kursundan müvəffəqiyyətlə keçərək bilik və bacarığına, zəngin təcrübəsinə görə «Təlimçi» statusu almış Təranə Əliyeva ibtidai sinif müəllimidir. 2014-2015-ci tədris ilini də uğurla başa vuran Təranə müəllim deyir ki, dünyanın bütün uşaqları bir-birinə bənzəyir. Onların hamısı ərköyündür, şıltaq təbiətlidir, məzlum baxışlı, şirin gülüşlüdür. Bütün qəlblərə yol açandır, hamının sevimlisi, əzizidir. Ulu Öndərin söylədiyi kimi, uşaqlar bizim gələcəyimizdir.

İyun ayının 26-sı Təranə müəllimin ad günüdür. Dərs ilini çox yüksək nailiyyətlərlə yola salmış, uzun illər xatirələrdə yaşayacaq «Əlifba» bayramının şirinliyini dadmış uşaqlar – Əşrəf, Yusif, Toğrul, Fidan, Məryəm, Fatimə, İsmayıl, Ələkbər, Selcan, Şahrun və Canpolad, onların valideynləri ad günü münasibətilə tərifə və diqqətəlayiq, pedaqoji kollektivin sevimlisi, müəllim adını şərəflə, qürurla, iftixarla daşıyan, yüksək insani keyfiyyətləri ilə qəlblərə yol tapan Təranə müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, gənc nəslin təlim-tərbiyəsində yeni-yeni uğurlar arzulayırlar.

Valideynlərin ona ünvanladıqları ikinci bir təbrik də var: Nənə adın mübarək, Təranə xanım! Nahaq yerə demirlər ki, ana insaniyyətin məşəl aparanıdır. Ad gününüz ərəfəsində oğul nəvəniz dünyaya gəldi. Sizin adınızla çağırıldı: Təranə! Uca Yaradan ona sevinclərlə dolu bir ömür bəxş etsin, Sizə, ata-anasına layiq bir övlad olsun. Yenə də Ulu Öndərin sözləri yada düşür: «Hər bir insan, hər ana, hər ata öz xoşbəxtliyini birinci növbədə öz uşaqlığında, öz övladında görür. Ailədə yeni uşağın dünyaya gəlməsi ailə üçün bütün sevinclərdən üstündür».

İncəsənət Gimnaziyasında Təranə Əliyevanın adı həmişə böyük hörmətlə, iftixarla çəkilir. Yetirmələri onu – ilk dəfə yazıb-oxumağı öyrədən müəllimlərini unutmur, hər dəfə məktəbə gələndə onunla görüşür, öz səmimi minnətdarlıqlarını ifadə edir, uşaqların təlim-tərbiyəsi yolunda ömrünü şam kimi əridən bu fədakar insanın əməyini, çəkdiyi zəhməti yüksək dəyərləndirirlər.

Ulu öndər Heydər Əliyev də hər zaman, dəfələrlə müəllimlərin fəaliyyətini layiqincə qiymətləndirmişdir: «Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam».

Təranə Əliyeva da müəllim adını uca tutur, bu adla fəxr edir, qürurlanır. Deyir ki, hikmət xəzinəsində belə bir kəlam var: «Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: – Müəllimlik!» Görkəmli pedaqoq Sultan Məcid Qənizadə yazırdı ki, müəllimlik dünyanın ən nəcib peşələrindən biri, bəlkə də birincisidir. Bağbağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz keçinə bilməz. Bu gün də müəllimlərin ən ümdə vəzifəsi bilikli, bacarıqlı, hərtərəfli inkişaf etmiş əsil vətənpərvər vətəndaşlar hazırlamaqdır. Uşaqların gələcəyi biz valideyn və müəllimlərin verdiyi təlim-tərbiyədən asılıdır. Onları vətən üçün layiqincə böyütmək bizim borcumuzdur.

Bu günlərdə Milli Konservatoriyanın tərkibindəki İncəsənət Gimnaziyasında çalışan ibtidai sinif müəllimi Təranə Əliyevanın sevinci aşıb-daşır, yerə-göyə sığmır. Həmkarları, valideynlər, sevimli şagirdləri, daim xoş sədasını eşitdiyi yetirmələri, yaxın-uzaq qohumları onu həm ad günü, həm də nənə olması münasibətilə ürəkdən təbrik edirlər. Təbii ki, o da bundan çox şad olur, onlara öz minnətdarlığını bildirir.

Bir həmkar kimi, mən də Təranə müəllimi təbrik edənlərə qoşulur, ona doğmalarının əhatəsində xoşbəxt yaşamağı, ilk dəfə məktəbə qədəm qoyan uşaqlara yazıb-oxumağı öyrətmək yolunda daha əzmlə çalışmağı arzulayıram.

Zarema Əliyeva,
Bakıdakı 189-190 nömrəli
tam orta məktəbin müəllimi

Filed in: TƏBRİKLƏR, YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın