3:11 pm - Bazar ertəsi Noyabr 24, 1823

TƏLƏBƏ İDMANÇININ UĞURLARI

2012-ci ili yeniyetmə Fail İsgəndorov üçün (hələ ki) epogey (qızıl) dövr hesab etmək olar.

İsgəndərov Fail Rəfail oğlu 1994-cü ildə Hacıqabul şəhərində anadan olub. 2011-ci ildə Hacıqabul şəhər 2 nömrəli tam orta məktəbi bitirib. 2012-ci dərs ilində Şirvan şəhər Humanitar Kollecin tələbəsi olub.

* * *

Bir neçə il əvvəl Failə verdiyimiz sual xatirimizə gəlir: “İdman sənin üçün nə deməkdir?”

“Hər şeydən əvvəl əməkdir, zəhmətdir, işdir” deyə cavab vermişdi. Ömrünün yeniyetməlik yaşını yaşayan Failin bu ciddi, məntiqli, inandırıcı və müdrik yaş dövrünü yaşayan birisinin düşüncəsi təsiri bağışlayan cavabı ürəyimizi dağa döndərmişdi. Bu o demək idi ki, Fail hansı ciddi, qərarlı işlə üz-üzə dayandığının məsuliyyətini dərk edirdi. Odur ki, bütün asudə saatlarını idman zalında keçirir, üzvü olduğu Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan idman zalının şərəfini qorumağa və daha da ucaltmağa borclu olduğunu yaxşı dərk edirdi.

Nisbətən kuçik yaşlarında idmanla fasilələrlə məşğul olsa da, böyük idmana gəlişini 2010-cu ildən götürür. Daha doğrusu, 2010-cu ildən həyatını bütünlüklə idmana həsr edib və bir gün belə özünü idmansız təsəvvür etmir. Həmin il respublika çempionatının iştirakçısı olması Failin idman uğurları üçün tramplin rolunu oynayıb. 2010-cu ildə zona seminarında, 2011 və 2012-ci illərdə respublika seminarında iştirak edib, 2011-ci ildə imtahan verib Dördüncü Dan Yaşıl Kəmər ustası, 2012-ci ildə isə Beşinci Dan Yaşıl Kəmər ustası titulu alıb.

Fail 2012-ci ilin son aylarında iki ciddi sınaq qarşısında qalmışdı: KATA imtahanı və respublika yarışlarına qatılmaq!

Deyir: “KATA-lar üzrə imtahan həm nəzəri, həm də fiziki cəhətdən sınaq meydanıdır, neçə illər ərzində çəkdiyin zəhmətin bəhrəsi bu imtahanda əldə etdiyin nəticələrdə özünü göstərir.

2012-ci il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “İdman ili” elan edilmişdi. Dövlət başçımızın bu çağırışına cavab olaraq fəallığımı daha da artırmış, “İdman ili”nə layiqli töhfələrimi vermişəm. Şirvan şəhər, Sabirabad və Hacıqabul rayon idmançılarının qatıldığı 2012-ci il zona idman yarışlarında 65 kq çəkidə ikinci olub diplom, medal və hədiyyələrlə mükafatlandırılmışam. Beşinci Dan Yaşıl Kəmər ustası normasını ödəməyim və Qaradağ Rayon Açıq Birinciliyində qızıl medala layiq görülməyim də 2012-ci ilin hesabatına düşür. Perspektivli məşqlər edir, idman ustalığımı artırmaq üçün səylə çalışıram. QOÇYU-RYU OKİNAVA KARATE-DO-nun prezidenti Tanrıverdi Allahverdiyev idmanın bu sahəsi üzrə ən son yeniliklərlə bizi tanış edir, öyrədir. Mən bunu özümün inkişafımda mühüm amillərdən hesab edirəm”.

Fail 2010 və 2011-ci ildə böyük idmanda atdığı bütün addımları üçün məşqçisi olmuş Samir Əliyevlə Əliqulu Abbasova, 2012-ci ildə qazandığı müvəffəqiyyətlərinə görə isə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş çempionatın qızıl medalçısı, Açıq Qafqaz Çempionatının qızıl mükafatçısı, ikiqat Dünya Çempionu, dəfələrlə beynəlxalq yarışlara lisenziya qazanmış Birinci Dan Qara Kəmər Ustası, AQOKKNF və BJKKF-in Hacıqabul rayon təlimatçısı Elnur Şəfiyevə minnətdardır. Məşqçisinin ona göstərdiyi diqqət və qayğı Faili 2013-cü ildə daha böyük uğurlara imza atmağa ruhlandırır. Hazırda Elnur Şəfiyevin yetirmələri Hacıqabul şəhərində Həmid Həmidov küçəsində yerləşən məişət evinin II mərtəbəsində məşq edirlər. Ancaq hər birinin arzusudur ki, Hacıqabul rayonunda da idman qurğuları, idman meydançaları, idman zalları inşa edilsin, doğma Hacıqabulda da zona və respublika yarışları keçirilsin. Axı Hacıqabul ötən əsrin 60-80-ci illərində nəinki respublikamızda, keçmiş SSRİ məkanında tanınan güləşçiləri ilə həmişə qürur duyub.

“Biz bu ənənələri qaytarmağa, yenidən yaşatmağa çalışırıq. Başlıcası isə buna olan inamdır. İnam varsa – uğur da olar, inşaallah! Qazandığımız hər bir qələbə bizi bu inamımıza daha da yaxınlaşdırır”, deyir Fail.

Failə, onun məşqçisi Elnur Şəfiyevə və Elnur müəllimin digər yetirmələrinə daha yüksək qələbələr arzusu ilə,

Ayətxan ZİYAD

Filed in: ŞAGİRDLƏR

Şərhlər qapalıdır.