4:41 am - Şənbə İyul 22, 2017

ANASIZLIQ DƏRDİ

Unuda bilmədiklərim …

İki gün əvvəl inəyimiz balalamışdı. Oyuncağa həsrət kənd uşaqları üçün “Təpəl” buzov tapıntı idi. Buzovun hər bir hərəkəti bizdə gülüş və təbəssüm doğururdu. Biri ona ot yolub aparır, digəri isə su verir, lakin “Təpəl” buzov onları saya salmır, ağzı köpüklənə-köpüklənə anasının şişman əmcəklərindən süd əmirdi. Çarəmiz olsaydı səhərdən-axşamacan onun yanında dayanıb hərəkətlərinə baxar, ona tamaşa edər, gülərdik.

Anamın dünən bişirdiyi ağuz südü hamımıza ləzzət vermişdi. Elə yenə səhər yeməyi üçün süfrə başına toplaşmış, ağuz südü ilə dolu çini qabı ortaya qoymuşduq. Anam bağa düşmüşdü, buzova baş çəkib qayıtmalı idi, lakin nədənsə gecikirdi.

Atamın narahatlıq keçirdiyi açıq-aşkar sezilirdi. Həmişə süfrənin ayağında-samavarın yanında oturan Süsən bacım dilləndi:

-Görəsən nə oldu? Anamın “beş dəqiqəsi” nə uzun çəkdi?

Günəş Bəyaz Qaya zirvəsini çoxdan aşmış, çaylarımız soyumuşdu, anamsa gəlib çıxmırdı ki, çıxmırdı. Dözə bilməyən atam bacım Süsənə:

-Dur bax, gör anan harda qaldı, – dedi.

Süsən bacım ayağa qalxan an anam içəri girdi və həyəcanla:

-İnək ölür, – dedi.

Hamımız ayağa qalxdıq. Bir göz qırpımında özümüzü inəyə yetirdik. İnək başını qabaq ayaqları üstünə qoyub çətinliklə nəfəs alırdı. ”Qonur Qafqaz” cinsindən olan bu iri gövdəli inəyin yelinindən süd damcı-damcı süzülüb axırdı. Heç nə olmamış kimi anasını əmmək istəyən bir günlük buzov isə cid-cəhdlə südlə dolu əmcəyi ağzına almaq istəyir, lakin heç cür buna nail ola bilmirdi.

– Deyəsən “lazerin”in gözü inəyi vurdu, – deyə rəngi qaralan atam öz-özünə deyindi, – qurban olduğum Allah bu arvadı öldürmür ki, bu məhəllənin canı qurtarsın. Belə iş olar?! Nəyə baxır, yandırır… Kimin üzünə diqqətlə baxsa, həmən adam on dəqiqədən sonra xəstədir. Saglam adamın qızdırması on dəqiqəyə çıxacaq otuz doqquz dərəcəyə… Ənvər müəllim elə-belə demir ki, göz deyil, lazer şuası buraxan qurgudur.

Bilirdim… Gözü çıxmış dünən mənə dedi ki, inək balalasa,südü bütün qonşulara bəs edəcək. Abrını bükdüm ətəyinə… Amma nə faydası? Kimə deyirsən?! Səksən beş yaşı var, sual işarəsinə dönüb, yenə qapı-qapı gəzməkdən yorulmur. İnək öləcək, buna zərrə qədər şübhəm yoxdur, amma bu buzova neyləyəcəyəm, onu bilmirəm…

– Ay kişi, deyə anam söhbətə qoşuldu, – Paşa toxtur kənddədir, uşaq göndər, gəlsin, göz görə-görə inəyi öldürəcəyik…

Bu ara bir neçə qonşu həyətə girdi. Həyəcanla inəyə baxdılar. Atam:

– Paşa doxturu görəniniz olubmu? – deyə onlara müraciət etdi.

– Bir “Vodka” qoltuğunda evə getdi, – deyə onlardan biri cavab verdi.

– Tez get, – deyə atam mənə tapşırıq verdi, – nə qədər ki, ayaq üstə dayana bilir, denən bizə gəlsin.

Mən var gücümlə götürüldüm. Səkkizinci sinifdə oxuyan bir uşaq üçün iki kilometr yolu qaça-qaça getmək o qədər də çətin məsələ deyildi. Özümü onlara çatdırdım.

-Paşa doxtur, ay Paşa doxtur, – deyə kəndimizin baytar həkimini səslədim, cavab verən olmadı. Bir də, bir də səslədim. Axır ki, Paşa doxturun səsi eşidildi:

-Kimsən, ay uşaq, nə istəyirsən?

-Paşa dayı, – dedim, – inəyimiz ölür, atam xahiş etdi ki, tez bizə gələsən.

-Ay uşaq, bir az yaxın gəl, tanıya bilmədim səni. Kimin oğlusan?

-Rəcəb kişinin oğluyam.

-Hə, hə… Rəcəb babaya canım qurban… Amma mən bir azca “boğazımı islatmışam”, bu vəziyətdə Babanın yanına getsəm ayıb olmazmı?

-Eyib eləməz, – dedim, – atam xahiş etdi ki, bir az tez gəlsin, yoxsa inək öləcək.

-Ay uşaq, gəl qolumdan tut, ayaqqabımı geyinim, – deyə o kiməsə müraciət etdi. Tanımadığım bir qadın dodaqaltı deyinə-deyinə ona ayaqqabısını geyinməyə köməklik etdi və sonra üzünü mənə tutub:

-Ay bala, bu bədbaxt oğlu düz bir şüşə araq içib, – onu hara aparırsan, – dedi, – ayaq üstə dayana bilmir, onun elə özünə doxtur lazımdır.

-Az danış, – deyə o zorla müvazinətini düzəltdi, – bu arvad tayfasının tumunu Allah kəssin, ”dır-dır”dan savayı əllərindən bir iş gəlməz. Babanın inəyi ölür, ora necə getməyim?!

-Get, sən Allah, sənin yerinə mən utanıram, bir belə içmək olar?!

-Ə, bircə şüşə araq içmişəm, sən məni tamam piyaniskə etdin ki… Ay uşaq, gör oralardan nə tapa bilərsən, maşın, at, eşşək… Təki ayağım yerdən götürülsün…

-Doxtur, sən yola çıxana kimi mən sənə maşın gətirəcəyəm, – deyib geri çevrildim. Var gücümlə evimizə tərəf qaçmağa başladım. Bayaq qonşumuz şofer Hümbət “Bodovoz”unu silib-təmizləyirdi, kaş ki, elə bayaq deyəydim…

Getdiyim yolu çox qısa bir vaxtda geri qayıtdım. Şofer Hümbət naxışımdan hələ də maşınının yanında idi. Başqa şoferlərdən fərqli olaraq mülayim təbiətli Hümbət heç nə demədən gülümsündü və mənimlə bərabər Paşa doxturu gətirməyə getdi.

Paşa doxtur çəpərə söykənərək dayanmışdı. Hümbətlə mən köməkləşib onu kabinaya mindirdik. Yola düşdük. Hümbət maşının sürətini artırdı. Özünü tarazlayan Paşa doxtur Hümbətə irad tutdu:

-Camaat olan yerdə bu sürətlə maşın sürməzlər.

Gülümsünən Hümbət:

-Babanın inəyi ölür, səhərdən səni gözləyir, mən nə etməliyəm? – dedi.

-Qabağına bir uşaq çıxsa və sən onun “alığını aşırsan” yerinə kim cavab verəcək? Baba, yoxsa sən?

-Əlbəttə ki, mən…

-Elə isə maşını adam kimi sür, yoxsa mən düşürəm.

Şofer Hümbət şaqqanaq çəkib güldü:

-Ağ eləmə də, doxtur, ikimiz səni köməkləşib zorla maşına mindirmişik, sən özün maşından necə düşə bilərsən?

-Mən öz etirazımı sənə bildirdim, mənim maşından düşməyim əsas şərt deyil. Bir də ki, maşına minə bilməməyim səni narahat eləməsin. Araq zəhrimar hərəyə bir cür təsir edir – biri açarını itirir, digəri ağılını, bir başqası isə məni kimi yerişini… Əlqərəz… Mən sözümü dedim. Qalanı sənlikdir… Can sənin, cəhənnəm Tanrının, özün bilərsən.

Şofer Hümbət cavab verməyə nə söz tapdı, nə də ki, vaxt. Evə çatdıq və tez də Paşa doxtura maşından düşməyə köməklik etdik.

-Salam, Rəcəb baba, – Paşa doxtur atama müraciət etdi, – üzürlü səbəbə görə yaxına gəlib görüşmürəm. İcazənizlə mən işə başlayım.

-Buyur, Paşa doxtur, – dedi atam, – çalış uşaqlar ilin bu vaxtında ağartısız qalmasın, hələ o körpə buzovu demirəm, inəyə bir şey olsa, onu necə saxlayacam… bilmirəm.

-Başardığım hər şeyi edəcəyəm, baba.

Paşa doxtur çox diqqətlə inəyin gözlərinə baxdı. Sonra cibindən saniyə ölçəni çıxardıb diqqətlə baxdı. O tərəfə – bu tərəfə çevirdi, lakin bir şey alınmadı.

-Ay uşaq, görə bilmirəm, burda əqrəb olmalıdır, görün fırlanırmı?

Eyni vaxtda üç-dörd nəfər cavab verdi:

-Fırlanır, doxtur, fırlanır.

-Mən deyən an əqrəbə baxın, əstafür, düyməni basın. Mən təkrar deyəndə, düyməni təkrar basın, anladız?
Şofer Hümbət saniyəölçəni əlinə götürdü. Bir neçə dəfə prosesi təkrar edən Paşa doxtur dərindən nəfəs alıb bir “Avrora” yandırdı:

-Heç ürəkaçan nəticə olmadı…

-Nə ürəkaçan olmadı, ay doxtur? – deyə şofer Hümbət soruşdu.

-Səni necə başa salım, şofer adamsan, gərək “medisinanı” “mexanikaya” çevirim ki, sən başa düşəsən. ”Aritmiya”, yəni benzin nasos yanacaq əvəzinə hava çəkir. Motor işləyir, amma maşın çəkmir. Gücə düşən kimi mühərrik sönür. Bu heyvanda vəziyyət daha mürəkkəbdir. Ürəyi arterial qanla təhciz edən damarın içində ziyilə oxşar çıxıntılar əmələ gəlib ki, buda qanın normal axmasına mane olur. Yəni bakdan nasosa gedən trubanın içinə nə isə düşüb. Maşın olsaydı, nasosla hava vurub yad cismi baka sala bilərdik, amma bu canlıdır, Allahın yaratdığı mükəmməl mexanizmdir, insan onu dəyişməyə qadir deyil. Yəni Baba bu yay ayran içməyəcək…

– Paşa doxtur, – deyə dözməyən atam söhbətə müdaxilə etdi, – deyəsən arağın dozası yuxarı olub, sən də Bəhərçin doxtur kimi birbaşa keçdin ürəyə. Necə yəni damarın içi dolub?! Ürəyə gedən damar peç trubası zaddır bəyəm tutulsun?!

– Eh, ay Baba, Paşanın canı üçün,dediklərim həqiqətdir. Sən elə düşünmə ki, Paşa keflidir. Yox … Ayıq başla diaqnoz qoya bilmirəm, bax bir az şübhə yerim qalıb, bu inəyi ayaga qaldırıb üç-dörd addım hərəkət etdirə bilsək, mən daha ürəkli qərar qəbul edə bilərəm.

Dörd-beş nəfər kişi çox çətinliklə inəyi ayaq üstə qaldırdılar. Ağır çəkili inək çox çətinliklə dörd-beş addım ataraq dayandı və tez də yerə yatdı.

– Baba, buzovu doyunca əmizdirin, – deyə Paşa doxtur son diaqnozunu qoydu, – inəyin iki-üç saatlıq ömrü qalıb, öləcək. Hümbət, sən mənim canım, məni evə apar…

Paşa doxtur getdi, lakin onun qoyduğu diagnoz və verdiyi hökm elə ağır idi ki, hamı çaş-baş qalmışdı. Hərə situasiyanı öz arşını ilə ölçüb qiymətləndirirdi; kimisi inəyi kəsməyi məsləhət bilir, digəri onun sağalacağını deyir, bir başqası isə buzova görə narahat oldugunu söyləyirdi. Son qərarı atam verməli idi, o isə susurdu…

Uşaqların böyük əksəriyyəti atılıb düşən buzovla oynayır, iki-üç saatdan sonra nə olacağını ağıllarına belə gətirmirdilər. Anam çox kədərli halda oturub fikrə dalmışdı. Atam gərginliyini büruzə verməməyə çalışır, lakin buna nail ola bilmirdi. Elə arada bir zorla nəfəs alan inəyin başını sığallayır: – Yazıq heyvan… – deməklə kifayətlənirdi.

Bu ara kimsə qulağıma pıçıldadı ki, qəssab Mayıl kişi səni çağırır. Tələsik küçəyə çıxdım. Mayıl kişi mənimlə çox mehribanlıqla görüşdü. Sözün açıgı çaş-baş qaldım; o mənimlə heç vaxt bu qədər mehribanlıqla danışmamışdı.

-Hə, bacoğlu, – deyə o mətləbə keçdi, – mən deyərəm, sözüm yerə düşər, sən yaxşısan, evin böyük oğlusan, özün də ağıllı oğlansan, get kişini razı sal, inək onsuz da ölür, kəsək, beş yüz manat pul verəcəyəm kişiyə, əlli manat da ayrıca sənə. Heç kəs bilməyəcək, xərcləyərsən özün üçün…

Bir anlığa beş dənə “diri” yüzlük pul gözümün qabağına gəldi… Sevindiyimdən nə vaxt geri çevrildiyimi bilmədim:

– Bu saat, – deyib götürüldüm. Ağıllı təklifdir, inək onsuz da ölür, niyə də kəsməyək!?

Atama çatdım və ağzımı açıb Qəssab Mayılın təklifini demək istəyirdim ki, dayandım – axı o özü niyə bunu demir?

Geri çevrilib anama yaxınlaşdım:

-Anacan, bazarda yanı balalı inək neçəyə olur?

-Üç yüzə-dörd yüzə… Baxır da inəyə…

-Bəlkə bunu kəsib sataq, o pula bazardan başqa inək alaq? Hə?

-Dəli olmusan? – dedi anam. Yanı balalı inəyin boğazına pıçaq çəkmək olar?!

-Axı inək onsuz da ölür… Nə fərqi?! Ya kəsdin öldü, ya da ki, öz-özünə öldü …

-Fərqi çoxdur, sən qanmırsan. Get bir vedrə su gətir qoy qabağına, qoy içsin… Siz ağlamayın, – deyə o qonşunun iki həftə əvvəl yetim qalmış qızlarına ürək-dirək verdi, – bax burda, yanımda oturun. Sizin ananız ölməyib, Allah onu bir quşa döndərib, bu saat göylərdə uçur. Biz insanlar ona görə bilmirik, o isə bizi görür.

O hər an sizi görür, sizə baxır, çalışın ağlamayın. Buzova görə narahat olmayın… Mən hər gün qonşulardan süd alıb ona əmziklə içirdəcəyəm. Heç qoyaram o acından ölsün?! Su da verəcəyəm… Dogrudur, o istədiyi hər şeyi bizə deyə bilməyəcək, amma nə edə bilərik? Görünür qismət beləymiş … Siz də nə istəsəniz mənə deyin. Heç kəsdən qorxmayın, oturun yanımda.

Anam üç-dörd yaşları olan bu iki qızcıgaza son vaxtlar çox diqqət yetirirdi. İki ay əvvəl onların anaları qəflətən dünyasını dəyişmiş, bu iki körpə qızcığaz yetim qalmışdı. O vaxtdan bəri baxımsız qalmış bu uşaqlar çörək istəyəndə gəlib anama deyirdilər. Hamıdan qorxub-çəkinən bu iki yetim məhəllədə yalnız anama pənah gətirirdi. Biz bunun səbəbini anlamasaq da artıq alışmışdıq, hətta bəzən anamıza xatırladırdıq da “… yetimlərə yemək göndərmədin …”

Gözüm uzaqdan mənə göz-qaş eləyən Mayıl kişiyə sataşdı. Tez ona yaxınlaşdım:

-Mayıl əmi, atama sən özün desən yaxşıdır, o mənim sözümə qulaq asmaz.

-Get anana de, altı yüz manat pul verəcəm. Zalım uşağı, bu inəyin təmiz üç yüz kilo əti var. Nə ağılla onu murdar edirsiz?

… Həyətimizdəki adamların sayı çoxalmışdı. Cavad əmioğlu səs-küy salan uşaqlara çımxırdı:

-Adam balası olun! Ya da çıxın küçəyə, nə qədər istəyirsiniz, atılıb-düşün. Əl-ayağa dolaşmayın.

Qızğın mübahisələr gedirdi; kimsə Paşa doxturun diaqnozunu təhlil edir, digəri bu iri gövdəli inəyin artıq çəkidən əziiyət çəkdiyini iddia edirdi. Danışmayan təkcə atam idi…

Kişiləşib Qəssab Mayıl kişinin təklifini xəlvətdə atama dedim. Onun altı yüz manat pul vermək istədiyini xüsusi olaraq vurğuladım.

-Oğlum, – dedi atam, – yanı balalı heyvanı kəsmək çox günah işdir. Tanrı məsləhət bilsəydi, yəqin başqa cür olardı. Pul gözünü heç vaxt qamaşdırmasın! O qismətdən çıxmış ruzidir. Onu daha heç kəs geri qaytara bilməz. Qoy xata-balamız onunla getsin. Mayıla da de ki, gedib işi ilə məşğul olsun.

İnək çabalayırdı. Kişilər həyəcanla süd əmmək istəyən buzova baxırdılar. Heç kəs buzovu inəkdən aralamaq istəmirdi…

-Ölür, inək ölür! – kimsə həyəcanla dilləndi. Bu xəbər ildırım sürəti ilə ötürüldü. Qonşunun iki yetim qızı hönkürtü ilə ağlamağa başladı. Onlara baxan anam da kövrəldi və gözündə yaş gilələndi.

-Anacan, – dedim, – bir inək nədir ki, ondan ötəri ağlayırsan. İnşallah, dağ boyda atam var, sabah başqa inək alacaq, ağlama …

-Mənim nə üçün ağladıgımı sən dərk edə bilmirsən, – dedi anam, – ora bax, səni çağırırlar…

Mayıl kişi idi … Çox əsəbi görünürdü.

-A bala, ə, nə cür adamlarsız, başım çıxmır. Ə, bu inək onsuz da ölür də… Niyə bunu kəsmək istəmirsiz? Hayıf deyil?! Ə, onun ən azı üç yüz kilo “vışsiy sort” əti var, hayıf deyil? Nəqd pulunuzu verirəm, o pula iki inək ala bilərsiz. Başqa nə lazımdır sizə?!

-Ay Mayıl dayı, mənə niyə qışqırırsan? O atam, bu da sən … Get özün de də…

-Mən deyə bilmirəm da… Atan qəliz adamdır, elə bir söz deyəcək ki, dəymişim dura-dura kalım töküləcək … Sən yaxşısan, bacıoğlu, özün də evin böyük oğlusan. Get, bir də cəhd elə, sənə “şax” bir əllilik verəcəyəm, fərasətli ol.

Geri qayıtdım. Kişilər Paşa doxturun fərziyyəsinə görə mərcə girirdilər. Uduzan tərəf yüz manat pul, yaxud bir qoç verəcəkdi.

Atamın rəngi qap-qara idi. Tərəddüdlə:

-Ata, Mayıl kişi yenə xahiş etdi, dedi ki, Baba icazə versə, inəyi kəsərəm,murdar olmaz. Altı yüz manat da nəqd pul verir. Məndən cavab gözləyir. Nə deyim?

-Get ona de ki, küçəyə çıxıb onu qapıda dayanan görsəm, məndən inciməsin, bütün hirsimi ona tökəcəyəm. Orda dayanmasın, onun verəcəyi pul mənə lazım deyil! Çıxıb işinə getsin! Mən pula görə yanı balalı inəyin boğazına pıçaq çəkdirə bilmərəm!

… Mayıl kişi deyinə-deyinə çıxıb getdi. Mən həyətə qayıtdım. İnək gah titrəyir, gah da çabalayırdı. Kişilər ehtiyatla buzovun boğazına çatı salıb bağladılar. İnək var gücü ilə çabalayıb hərəkətsiz düşdü.

– Öldü, – deyə kimsə dilləndi.

… Cavad əmioğlu bir neçə kişi ilə inəyin ölüsünü maşına qoşub dərənin kənarına apardı. Mərcə girənlər inəyin ölüsünü yarmağa başladılar. Bu ara anam yadıma düşdü və mən tələsik evə qayıtdım.

Anam qonşunun iki yetim qızı ilə atamın bir vaxtlar düzəltdiyi taxta stulda oturub sakitcə ağlayırdı. O biri uşaqlar bayaqkı kimi atılıb-düşür, səs-küylə oynayırdılar.

Çevrilib artıq anasız qalmış buzova baxdım, gözlərimə inanmadım; dünyaya gələn andan bir yerdə qərar tutmayan buzov başını aşağı dikib sanki nəyisə götür-qoy edirdi. Nə atılıb-düşür, nə də ki, onun başına fırlanan uşaqlara əhəmiyyət verirdi…

– Paşa doxtur düz deyirmiş, – şofer Hümbət maşından düşüb özü ilə gətirdiyi ürəyi atama göstərdi, – Baba,damarın içinə bax, gör necə də daralıb. Burdan qan necə keçsin?! Sanki damarın içi ziyillə doldurulub.

Atam könülsüz-könülsüz ürəyə baxdı. Mərcdə qalib gəlmiş Şofer Hümbət heç nə olmamış kimi sevinə-sevinə çıxıb getdi. Özümdən asılı olmayaraq ətrafımdakı adamlara diqqətlə baxdım; atamın rəngi qaralmışdı, anamla iki yetim uşaq hələ də ağlayırdı, digərlərinin isə vecinə deyildi.

Anama yaxınlaşdım:

-Anacan, sənə qurban olum, axı nə üçün ağlayırsan? – dedim. İnəkdir ölən, iraq olsun, adam ha deyil, bu qədər ağlamaq olar?

-Gəl burda otur, – deyə anam mənə yanında yer göstərdi. Oturdum.

-Bunları görürsənmi, – deyə anam yanında oturub hələ də gözlərindən yaş axan iki yetim qızı mənə göstərdi, – sən bilən bunlar da bizim inəkdən ötrü ağlayırlar?

-Bilmirəm, – dedim. Doğurdan, anacan, bunlar nəyə aglayırlar?

-Anam öləndə mən, bax bu boyda idim, – deyə anam yanındakı balaca qızcığazı göstərdi və kövrəlib hönkürdü. Handan-hana özünü ələ alıb sözünə davam etdi: – Anam dedi ki, qardaşlarına muğayat ol, məni zəhərləyiblər, mən öləcəm. Sizi qoyub getmək istəmirəm, amma tükəndiyimi də hiss edirəm…

Sənin sonbeşik dayın dünyaya gələnin səhəri günü anam öldü, daha doğrusu, onu zəhərləyib öldürdülər. Mən anasızlığın nə olduğunu çox yaxşı bilirəm … Bu məhəllədə dörd yaşından yetim qalan bir mənəm, bir də ki, qonşunun bu iki uşağı… Görürsənmi, bacın Rəfiqə də bunlarla yaşıddır, amma heç vecinə deyil. Bu uşaqlara da ağladıqları üçün gülür, onları “dəli” adlandırır. Amma bu uşaqlar dəlidirlər? Yox! Sadəcə olaraq Rəfidə onların keçirdikləri hissləri anlaya bilmir.

Diqqətlə həyətdə oynayan uşaqlara baxdım; onlar danışıb-gülürdülər, dünya veclərinə deyildi. Yalnız iki yetim qızcığaz, bir də anam ağlayırdı … Anamı indi başa düşdüm – analılar anasızlığın nə oldugunu dərk etmirlər!

Malik Rəcəb

Filed in: BƏDİİ

Hələ şərh yoxdur

Şərh yazın