4:01 am - Bazar ertəsi May 29, 2017

TƏHSİL İŞÇİLƏRİNİN 2015-Cİ İL SENTYABR KONFRANSLARI ÜÇÜN T Ö V S İ Y Ə L Ə R Biologiya

   Məlum olduğu kimi, biologiya fənninin yeni məzmunu yaradılmışdır. Artıq I-VII siniflərdə bu məzmun tətbiq olunmaqdadır. Bu ildən etibarən isə yeni məzmun VIII siniflərdə də tətbiq ediləcəkdir.

Biologiyanın tədrisi yeniyetməlik yaş dövrünü əhatə edir. Araşdırmalar göstərir ki, yeniyetmələr ətrafda baş verən hər bir hadisəylə maraqlanırlar, heç bir hadisəyə biganə qala bilmirlər. Hər şey onları həyəcanlandırır. Tədqiqatçılıq bacarıqlarının formalaşması, yeni materialın mənimsənilməsində məntiqi sübutlara ehtiyacın yaranması şagirdlərin dərsə olan marağını, müstəqillik dərəcəsini yüksəldir.

Biologiyanın yeni məzmunu hazırlanarkən bu cəhətlər nəzərə alınmış, yeni bilik sahələrinin müstəqil surətdə mənimsənilməsinə imkan yaradılması ön plana çəkilmişdir.

Təlimin həm məzmununda, həm də təlim metodlarında edilən bir sıra köklü dəyişikliklər müəllimin qarşısına yeni öhdəliklər və tələblər qoyur. Bu baxımdan sentyabr konfranslarında biologiya müəllimlərinin diqqətinə aşağıdakı istiqamətlərdə məsələlərin çatdırılması məqsədəuyğun hesab olunur:

1. Respublikanın ümumtəhsil məktəblərinin VIII siniflərində bu ildən etibarən biologiya fənni müasir proqram (kurikulum) əsasında tədris olunacaq və yeni dərsliklərdən istifadə ediləcəkdir. Lakin IX-XI siniflərdə biologiya fənni hələ də qüvvədə olan ənənəvi biologiya proqramı əsasında tədris olunacaqdır.

2. VIII sinif biologiya fənn kurikulumunun məzmunu ənənəvi biologiya fənn proqramının məzmunundan tamamilə fərqlənir. Belə ki, VIII sinif ənənəvi biologiya proqramının məzmunu sırf heyvanlar aləmini əhatə edirdisə, yeni fənn proqramının əsas məzmunu insan orqanizminin digər canlılarla müqayisəli şəkildə öyrənilməsinə yönəlmişdir. Biologiya kurikulumunun məzmununu təşkil edən “İnsan və onun sağlamlığı” adlı məzmun xətti VI sinifdən XI sinifə qədər davam etdiyindən şagird öz orqanizmi haqqında aşağı siniflərdən (VI-VII siniflərdən) müəyyən bilik və bacarıqlara malikdir. VIII sinifdə isə bu bilik və bacarıqların daha da dərinləşdirilməsi nəzərdə tutulur.

3. İstifadəyə veriləcək “Biologiya-8” dərslik komplektinə daxil olan Müəllim üçün metodik vəsaitdə illik planlaşdırma nümunəsi verilmişdir. Bu nümunə əsasında hər bir məktəbin yerləşdiyi regiondan, onun infrastrukturundan, maddi-texniki bazasından və s. asılı olaraq biologiya fənn proqramında (kurikulumunda) nəzərdə tutulmuş məzmun standartları müxtəlif cür reallaşdırıla bilər. Planlaşdırma aparılarkən yuxarıda qeyd olunanlarla yanaşı, şagirdlərin fərdi xüsusiyyətlərinin, öyrənmə tərzlərinin də nəzərə alınması olduqca vacib hesab edilir. Eyni bir regionda, eyni bir məktəbdə çalışan VIII sinifdə dərs deyən biologiya müəllimlərinin illik planlaşdırmalarında müxtəliflik ola bilər.

4. Hər bir müəllim təlim prosesinə sistemli yanaşmalı, fəaliyyətini düzgün istiqamətləndirməlidir.

Fəaliyyətin düzgün istiqamətləndirilməsi üçün atılacaq hər bir addım əvvəlcədən düşünülməli, sistemlilik və ardıcıllıq gözlənilməlidir. Gündəlik dərs planı tərtib edilərkən lazımi standartlar seçilməklə, məqsədlərin düzgün müəyyənləşdirilməsinə diqqət yetirilməlidir. Elə təlim forma və üsullarından istifadə olunmalıdır ki, onlar həm dərsin məqsədinə, məzmununa müvafiq olsun, həm də şagirdlərin idraki inkişafını təmin etsin. Nəticəyönümlü standartlarla müəyyənləşən təlim prosesində fəndaxili və fənlərarası inteqrasiyaya, müxtəlif resurslardan məqsədyönlü istifadəyə, birgəfəaliyyət bacarıqlarının inkişafına da geniş yer verilməlidir.

5. VIII sinif biologiya fənn proqramının məzmunu riyazi hesablama aparma, təqdimat hazırlama, laboratoriya işlərinin müstəqil icrası, ilkin yardım tədbirlərinin həyata keçirilməsi və s. bu kimi bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Biologiyanın məhz həyati bir fənn olduğunu nəzərə alaraq şagirdlərin müstəqil tədqiqat aparmalarına xüsusi şərait yaradılmalı, praktik metodlardan (ekskursiya, praktik iş, laboratoriya işi) istifadəyə yer verilməlidir. Praktik metodlardan istifadə şagirdlərin əldə etdikləri bilik və bacarıqları uzun müddət unutmamalarına, öyrəndiklərini həyatda tətbiq etmələrinə səbəb olur.

6. Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn və onu idarə edən vacib amildir. Bu fəaliyyət, ilk növbədə, şagirddə müsbət emosiyalar yaratmalıdır. Hər bir müəllim daha çox şagirdin səhvlərini deyil, nailiyyətlərini vurğulamalı, ona dəstək verməyə çalışmalıdır. Əfsuslar olsun ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi müəllimlərin çətinlik çəkdikləri məsələlərdəndir.

Məktəbdaxili qiymətləndirmənin müxtəlif üsul və vasitələri müəllim üçün metodik vəsaitlərdə, “Müvəqqəti təlimat” da, təlim kurslarında öz geniş şərhini tapmışdır. Bu üsul və vasitələrdən düzgün istifadə müəllimlərin öz təlim strategiyalarini müəyyənləşdirmələrinə, standartların reallaşmasına istiqamətlənən irəliləyişlərinin monitorinqini uğurla həyata keçirmələrinə kömək edir. Summativ qiymətləndirmənin aparılması üçün yalnız test üsuluna üstünlük verilməməlidir.

Şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsinə dair vasitələrin hazırlanması zamanı aşağıdakı amillərin nəzərə alınması məqsədəuyğun hesab edilir:

– yarımil və ya il ərzində reallaşdırılmış məzmun standartlarında nəzərdə tutulmuş bütün bacarıqların yoxlanılmasına imkan yaradılmalı, eyni zamanda maraqlı olmalı;

– qiymətləndirmə səviyyələrinin nəzərə alınması;

– açiq sualların konkret cavabının olması;

– bir neçə düzgün cavabın seçilməsi tələb olunduğu halda, bu cavabların qruplaşdırılması;

– hazırlanmış tapşırıqların nəzərdə tutulan vaxt çərçivəsində icrasının mümkünlüyü;

– nəticələrin sxem və şəkillərlə təqdim olunmasına imkan yaradılması;

– tapşırığın şərtinin dəqiqliyi;

– nəticələriin konkret şəkildə göstərilməsi;

– məlumatların (məsələn, tarix, sinif, şagirdlərin adı və s.) qeyd olunmasına imkanın yaradılması və s.

IX-XI siniflərdə illik planlasdirma movcud proqram əsasında tərtib olunmalıdir. Növbəti dərs ilindən tədris həftəsinin artırılması proqram materiallarının planlaşdırılması zamanı nəzərə alınmalıdir. Bu məqsədlə təxmini illik planlaşdırma apararkən əvvəlki illərdən fərqli olaraq IX siniflərdə 4 saat test sınaq yoxlamalarına, X sinifdə 3 saat “Sitologiyanin əsasları” bölməsinə, 1 saat “Huceyrədə enerji ve maddələr mübadiləsi” bölməsinə, XI sinifdə isə 1 saat “Genetika” və “Seleksiya” bölmələrinin hər birinə aid məsələ həllinə verilməsi hesabına artırıla bilər.

Nəzərə alınmalıdır ki, bu saatlar sagirdlər tərəfindən çətin qavranılan mövzuların tədrisinə də ayıra bilər.

Könül MAHMUDOVA,
Böyük elmi işçi

Filed in: DƏRS NÜMUNƏLƏRİ - BİOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın