3:11 pm - Çərşənbə axşamı Noyabr 24, 2612

TƏHSİL İŞÇİLƏRİNİN 2015-Cİ İL SENTYABR KONFRANSLARI ÜÇÜN T Ö V S İ Y Ə L Ə R  Həyat bilgisi

 

Həyat bilgisi fənninin şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi bacarıqların formalaşdırılmasında, onlarda mühakimə yürütmək, öz nöqteyi-nəzərlərini sərbəst ifadə etmək, öz hüquqlarını qorumaq və başqalarının hüquqlarını müdafiə etmək vərdişlərinin yaranmasında mühüm rolu vardır. Bu baxımdan şagirdlərin həyat bilgisi fənnindən əldə olunmuş nəticələri müzakirə olunmalı, təhlillər aparılmalı, fəaliyyət zamanı buraxılmış səhvlər müəyyən edilməli, səhvlər üzərində işin aparılmalı, nailiyyətlər vurğulanmalı və səmərəli nəticələrin tətbiqinin həyata keçirilməsi barədə müzakirə aparılmalıdır.

Qeyd olunmalıdır ki, həyat bilgisi konkret bir elmin əsaslarını öyrətmir. Bu fənn ümumtəhsil məktəblərində tədris olunan təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir. Bununla yanaşı, şagirdlər təbiətdə və cəmiyyətdə müşahidə etdikləri hadisələri, dəyişiklikləri və bunlar arasındakı əlaqələri araşdırmaq, təhlil etmək, nəticələr çıxarmaq, proqnoz vermək, fikir və istəklərini düzgün ifadə etmək bacarıqlarına yiyələnirlər. İstehsal, istehlak, vergi, sığorta, ailə və dövlət büdcəsi haqqında bilgilərin sistemli şəkildə mənimsənilməsi nəticəsində şagirdlərin iqtisadi təfəkkürü formalaşır. Onlar resurslara qənaətlə yanaşmaq, kiçik iqtisadi layihələr qurub reallaşdırmaq, şəxsi və ailə büdcələrini idarə etmək bacarıqlarına yiyələnirlər. Mənəviyyat, sağlamlıq, həyat fəaliyyətinin təhlükəsizliyi, fövqəladə hallar və təbii fəlakətlər zamanı düzgün davranış qaydaları, vətəndaşlıq, insan hüquqları və azadlıqları, ekoloji tərbiyə məsələləri üzrə zəruri bilik və bacarıqlar şagirdlərdə sistemli şəkildə formalaşdırılır. Bu fənnin vasitəsi ilə saflıq, düzlük, əqidəlilik, ədalətlilik, dözümlülük, tolerantlıq, izzəti-nəfs, özünə və başqalarına hörmət kimi yüksək mənəvi dəyərlər əldə olunur.

Carı dərs ilində Həyat bilgisi fənni ümumtəhsil məktəblərinin VIII siniflərində də tədris olunacaqdır. Bu sinifdə həyat bilgisi fənnində əsas yük humanitaryönlü materiallara üstünlük verildiyi üçün bu fənnin tədisi ilə humanitar fənn müəllimlərinin, əsasən də, tarix müəllimlərinin məşğul olması daha səmərli hesab edilir. Uzun illər insan və cəmiyyət fənninin tədrisi ilə məşğul olan tarix müllimləri həyat bilgisi fənninin məzmununa aid bilik və bacarıqları daha asanlıqla mənimsədə bilərlər.

Müşahidələr və monitorinqin nəticələriinə əsasən müəyyən edilmişdir ki, bu fənnin tədrisində əsas problem fənni tədris edən müəllimin özünün belə bu fənnin məzmunu ilə bağlı bilik və bacarıqlarının lazımı səviyyədə olmaması ilə bağlıdır. Bilmədiyi mözunu tədris edən müəllim standartların reallaşdırılmasında çətinlik çəkir, məqsədə nail ola bilmir. Çox vaxt biologiya və kimiya müəllimləri bu fənnin məzmununa aid olan tibbi və ya bu kimi bacarıqları biologiya və ya kimya fənninin üzərinə düşən vəzifə ilə eyniləşdirib şagirdin yükünü daha da artırır, onlarda həyatı bacarıqlar aşılamaq əvəzinə, dərinləşdirilmiş biliklər verməyə meyl göstərirlər. Qanunlar, hüquqlarımız, beynəlxaq səviyyədə qorunacaq hüquqlarımız, dövlət idarəçiliyi, iqtisadiyyat və s. istiqamətdə standartların tələb kimi qarşıya qoduğu bilik, bacarıq və səriştələr unudulmuş olur. Müzakirələrdə bu məsələlərə də xüsusi yer ayrılması işin məqsədəuyğun formada qurulması baxımından əhəmiyyətli hesab edilir.

Kurikulumun tələblərinə uyğun olaraq hər bir fənnin gözlənilən nəticələri müəyyənləşdirilir. “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda Həyat bilgisi fənni üzrə əsas təhsil səviyyəsi üçün də təlim nəticələri müəyyənləşdirilmişdir. Bu nəticələrə çatmaq üçün isə qarşıya bir çox tələblər qoymaq lazim gəlir. XX əsrdə başlamış və getdikcə sürətlənməkdə olan elmi-texniki inkişaf insanlar üçün rifah və rahatlıq gətirməklə yanaşı, həm də təhlükə mənbəyinə çevrilməkdədir. Artıq texnogen xarakterli qəzalar ekoloji tarazlığı yalnız regional deyil, həm də qlobal miqyasda pozmaqdadır. Bu isə yoluxucu xəstəliklərin artması və təbii fəlakətlərin intensivləşməsi ilə müşayiət olunur. Ona görə də şagirdlərin hələ ibtidai məktəb səviyyəsindən başlayaraq öz sağlamlıqları və təhlükəsizlikləri ilə bağlı bilik və bacarıqlara sistemli şəkildə yiyələnməsi zəruri həyati tələbat kimi meydana çıxır.

Bu məzmun xətti sağlamlığı təmin edən və ona təhlükə törədən amillər barədə biliklərin əldə olunmasını, bacarıqların formalaşdırılmasını təmin etməyə xidmət edir. Bununla da sağlamlıq xəstəliklərin və fiziki qüsurların olmaması kimi yox, həm də fiziki, mənəvi və sosial rifahın əsası kimi dərk olunmalıdır.

Bölmədə o da qeyd olunmalıdır ki, hər bir şagird föv- qəladə və təhlükəli hadisələr zamanı düzgün davranmağı, özünü və yaxınlarını mühafizə etməyi bacarmalıdır. Ona görə də bu məzmun xəttində diqqət yetirilən əsas məsələlərdən biri də şagirdlərin öz həyat və fəaliyyətində təhlükəsizlik məsələlərinin rolunu dərk etmələri, bu problemlə üzləşdikdə onu şəxsi və cəmiyyət mənafeyinə uyğun şəkildə həll etməyi bacarmalıdırlar.

2015-2016-ci tədris ilində Həyat bilgisi fənni üzrə VIII siniflərdəilk dəfə yeni dərslikdən istifadə olunacaqdır. Bu dərslik yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış, orada təhsil alanın tələb və maraqları əsas götürülmüşdür. Bölmədə bu dərslik, ondan istifadə qaydaları, şagirdlərin düzgün istiqamətləndirilməsi, əsas tələb kimi götürülən nəticəyönümlü yanaşma ətrafında müzakirələr aparılmalı, təkcə biliklərin qazanılmasına deyil, həyat bilgisi fənni əsasında həyatı bacarıq və vərdişlərə yiyələnməyə yönəldilməlidir. Burada əsas diqqət müəyyən olunan alt-standartların düzgün reallaşdırlmasına, sistemli planlaşdırılmanın aparılmasına istiqamətləndirilməlidir. Yeni proqram və dərsliklər, problem doğuran məsələlər müzakirə olunmalı dərslik və metodik vəsaitdən səmərəli istifadə üçüm təcrübə mübadiləsinin aparılması barədə müzakirələr diqqət mərkəzində saxlanılmalıdır.

Həyat bilgisi fənnin VIII sinifdə həftədə bir saat olmaqla tədrisi nəzərdə tutulmuşdur. Bir neçə fənnin elementlərini özündə birləşdirən bu fənnin tədrisində praktik məşğələlərə geniş yer ayrılması bölmədə iştirak edən müəllimlərin müzakirəsinə verilməlidir. Məktəblərdə bu inteqrativ fənnin tədrisi üçün fənn kabinetlərinin yaradılması da müzakirə obyektinə çevrilməlidir. Bundan əlavə, maliyyə, ilkin tibbi yardım, eləcə də fövqəladə hallarla bağlı praktiki bacarıqların formalaşdırılması məqsədi ilə müzakirələrin aparılması da tövsiyə olunur.

Bu fənnin tədrisi zamanı xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün daha səmərəli yolların müəyyən edilməsi bölmə iclasında müzakirə edilə bilər.

Bölmədə vurğulanan əsas məqamlardan biri də həyat bilgisi fənninin tədrisi zamanı aparılacaq qiymətləndirmədir. Şagird nailiyyətlərinin qiymətləndirilməsində aşağıdakı tələblərin nəzərə alınması didaktik cəhətdən faydalı hesab edilir:

– məqsədəuyğunluq;

– və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;

– toplanmış məmulatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin olunması;

– qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq;

– təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.

Şagirdlər nailiyyətlərinin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi zamanı qiymətin iki əsas funksiyasını nəzərə alması məqsədəuyğun hesab edilir:

– öz nailiyyətlərini yüksəltmək həvəsini saxlamaq məqsədilə bu və ya digər bilik sahəsində irəliləyiş dərəcəsi barədə şagirdlərə, onun müəlliminə və valideynlərə bildirmək (formativ);

– valideynlərə şagirdlərin tədris proqramında qoyulmuş təlim məqsədlərinə/nəticələrinə nail olması dərəcəsi haqqında məlumat vermək (summativ).

Təəssüf ki, qiymətləndirmənin ənənəvi praktikası ancaq cəmləyici qiymətə əsaslanır. Həm yekun qiyməti, həm də cari qiymət cəmləyici xarakter daşıyır. Bundan başqa qiymətləndirmənin əsas problemlərindən biri yekun qiymətin cari qiymətdən asılılığıdır. Yekun qiymətinin verilməsi praktikası şagirdin bütün cari qiymətlərinin ortalanmasından ibarətdir. Bu halda cari qiymət özünün biliklərə doğru hərəkətdə yeni məqsəd və vəzifələrin formalaşdırılması funksiyasını itirir, çünki biliklərin əsl səviyyəsini əks etdirmir. Cari qiymət dəyişməz xarakter alır və şagirdlərin nailiyyətlərinin gələcək qeyri-obyektiv mənzərəsini «formalaşdırmağa» başlayır.

Şagirdin uğursuz öyrənilmiş materiala yenidən cavab verməyə (bununla da əvvəlki cari qiyməti ləğv etməyə) imkanının olmaması aşağıdakılara gətirib çıxarır:

– keçilmiş kurs üzrə bilik, bacarıq və dəyərlərin təkmilləşdirilməsinə meyilin əvvəlcədən azalmasına;

– dərs materialının uzunmüddətli deyil, operativ yaddaşa arxalanmaq vərdişinə (biliklərin ümumi, tam mənzərəsini yaratmaq yox, ancaq yaxın dərsə hazırlaşmaq vərdişinə) əsaslanan hissə-hissə mənimsənilməsinə.

Bütün bu çatışmazlıqlar cari dərs ilində dəyişən olub təkrar cavabla düzələ bilən formalaşdırıcı (formativ) qiymət vasitəsilə aradan götürülür.

Bölmə iclasında müəllimlərin diqqətinə onu da çatdırmaq lazımdır ki, əgər şagirdin onu qane etməyən qiyməti düzəltməyə təşəbbüs göstərirsə, bu onda aşağıdakı psixoloji cəhətlərin olmasına dəlalət edir.

1. Təsadüfi xoşagəlməz hallardan qorunma hissi;

2. Daha yaxşı nəticələr əldə etmək imkanı;

3. Özünütəkmilləşdirməyə cəhd;

4. Nailiyyətlərini yaxşılaşdırmağa olan həvəsi;

5. Özünə sabit müsbət münasibəti;

6. Seçim azadlığı və öz hərəkətlərinə görə məsuliyyət hissi;

Bölmədə müzakirə ediləcək məsələlərdən biri kimi şagirdin həyatı bacarıqlara yiyələnməsini təmin edən həyat bilgisi fənninin spesifik xüsusiyyətlərini nəzərə almaqla yanaşı, bu istiqamətdə müəyyən təkmilləşmə kursundan keçməklə daha səmərəli tədris mühitinin yaradılması əhəmiyyətli hesab edilir.

Sevil Bəhrəmova,
Böyük elmi işçi

Könül Mahmudova,
Böyük elmi işçi

Filed in: DƏRS NÜMUNESİ HƏYAT BİLGİSİ

Hələ şərh yoxdur

Şərh yazın