7:56 am - Çərşənbə Noyabr 22, 2017

TƏHSİL İŞÇİLƏRİNİN 2015-Cİ İL SENTYABR KONFRANSLARI ÜÇÜN T Ö V S İ Y Ə L Ə R Texnologiya və rəsmxət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 24 oktyabr 2013-cü ildə imzalanmış «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyasının təsdiq edilməsi haqqında» Sərəncamda təhsilin keyfiyyəti, iqtisadiyyata daha yaxın olması fikri xüsusi olaraq vurğulanır.

u baxımdan orta məktəblərdə tədris olunan texnologiya fənninin aktuallığı durmadan artır və Sentyabr bölmə iclaslarında bu fənn üzrə məsələlərin müzakirəsinə xüsusi diqqət yetirilməsi vacib hesab edilir.

Ümumtəhsil məktəblərində texnologiya fənninin tədris olunması, ilk növbədə, şagirdlərdə texnoloji mədəniyyətin, texnoloji bilik və bacarıqların inkişaf etdirilməsi, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri zərurətindən irəli gəlir və şagirdlərdə həyati bacarıqların formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu baxımdan şagirdlərdə texnoloji bilik və bacarıqlara marağı artırmaq, əməyə məhəbbət hissini gücləndirmək müəllimlərin daim diqqət mərkəzində olmalıdır.

Müəllimlərin diqqətinə çatdırılmalıdır ki, 2008/2009-cu tədris ilindən başlayaraq ümumtəhsil məktəblərində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur.Bu proqramlar Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli, 923 nömrəli əmri ilə umumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər), 02 iyun 2011-ci il tarixli, 963 nömrəli əmri ilə umumtəhsil məktəblərinin ümumi orta (V-IX siniflər) və tam orta (X-IX siniflər) təhsil səviyyələri üçün fənlər üzrə təhsil proqramları (kurikulumlar) və tədris planları təsdiq edilmişdir.

Təhsil Nazirliyinin 22 iyun 2015-ci il tarixli, 690 nömrəli əmrinə 6 nömrəli əlavədə 2015-2016-cı dərs ilində umumtəhsil məktəblərinin I-VIII sinifləri üçün tədris plani təsdiq olunmuşdur. Texnologiya fənninin tədrisi I siniflərdə həftədə 1 saat olmaqla 33 saat, II siniflərdə həftədə 1 saat olmaqla 34 saat, III- IV siniflərdə həftədə 2 saat olmaqla 68 saat, V-VIII siniflərdə də həftədə 1 saat olmaqla 34 saat nəzərdə tutulur.

Bölmə iclaslarında keçirilən müzakirələrdə Texnologiya fənninin məzmun xətləri üzrə verilmiş standartların məğzi və orada ifadə olunmuş bilik və fəaliyyətlər öyrədilməsi məsələləri müzakirə obyektinə çevrilməlidir. Bütün siniflər üzrə nəticələrin emal texnologiyaları, texnika elementləri, məişət mədəniyyəti və qrafika məzmun xətləri üzrə ümumiləşdirilməsi didaktik cəhətdən əhəmiyyətli olan məsələlər kimi nəzərdə tutulduğu qeyd edilməlidir.

Qeyd etmək lazımdır ki, texnologiya fənnindən yeni məzmunun hazırlanmasında şagirdyönümlülük, nəticəyönümlük və inteqrativlik əsas prinsip kimi diqqət mərkəzində saxlanılmışdır. Nəticələrin əvvəlcədən müəyyən olunması onlara doğru yönəlmiş fəaliyyətlərin inkişafını izləmək və istiqamətləndirmək üçün ardıcıl qiymətləndirmə aparılmasına imkan yaradır. Məzmun standartları hazırlanarkən şagirdlərin intellektual və estetik inkişafı, dövrə uyğun texnoloji bacarıqlar əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmaları və psixomotor bacarıqlarının inkişaf etdirilməsi vacib hesab edilmişdir. Bütün standartlar fəaliyyətlərə aid bacarıqlar şəklində ifadə olunmuş, şagirdlərin bilik və bacarıqları ilə bağlı nailiyyətlərini müəyyənləşdirmək, texnoloji mədəniyyətin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Bölmə iclaslarında qeyd olunmalıdır ki, ümumtəhsil məktəblərində texnologiya fənninin tədrisi şagirdlərin emal texnologiyalarından müstəqil həyatda istifadə etmələrinə, onlarda yaradıcılıq qabiliyyətinin formalaşdırılmasına, texniki sahələr üzrə təhsillərini davam etdirmələrinə hərtərəfli şərait yaradır. Təlim prosesində şagirdlər texniki fəaliyyət imkanlarını müəyyənləşdirir, problemlərin həlli üçün ideyalar irəli sürür, sadə texnoloji işləri yerinə yetirir və nəticələri qiymətləndirmək imkanı əldə edirlər.

Eyni zamanda bu fənnin tədrisi şagirdlərin xarakterinin formalaşdırılmasına, onların mənəvi, intellektual və estetik inkişafına, dövrə uyğun texnoloji bacarıqlar əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmalarına zəmin yaradır.

Bunlarla yanaşı, həmin fənn vasitəsilə şagirdlər ayrı-ayrı xidmət sahələri üzrə məhsuldar əməyə hazırlanır, onların politexnik dünyagörüşü genişlənir və şüurlu peşə seçmələri təmin olunur.

Artıq 2008-ci ildən etibarən məktəblərimiz yeni fənn kurikulumları əsasında hazırlanmış “Texnologiya” dərslik komplektlərindən istifadə olunur. Artıq 2015-2016-cı dərs ilində umumtəhsil məktəblərinin VIII sinifləri üçün kurikulumun tələblərinə cavab verən yeni dərslik komplekti çap olunaraq məktəblərimizin ixtiyarına verilmişdir.

Ənənəvi dərsliklərlə müqayisədə yeni dərslik komplektinin məzmun və dizayn baxımdan bir çox müsbət cəhətləri özünü biruzə verir. Bu vəsaitlərdə məzmun standartlarının reallaşmasına xidmət edən müxtəlif çətinlik səviyyəsində nəzəri və praktiki materiallar təqdim edilmişdir. Müəllim üçün vəsaitdə verilmiş inteqrasiya cədvəli, illik və cari planlaşdırma nümunələri fənnin tədrisinin əlverişli təşkilinə geniş imkanlar yaradır. Dərslikdə verilmiş tapşırıqlar şagirdlərdə həmin bacarıqların üzə çıxarılmasına, həm də onların fəal təlim mühitinə qoşulmasına şərait yaradır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi müəllimlərin çətinlik çəkdikləri sahə olduğu üçün bunun müzakirəsinə də diqqət yetirilməlidir. Müəllimlərin nəzərinə çatdırılmalıdır ki, fənlər üzrə məzmun standartlarının müəyyən olunmasında əsas məqsəd həmin standartların hər bir şagird tərəfindən mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir. Qəbul edilmiş standartlara uyğun bilik və bacarıqlara nail olmaq üçün hər bir şagirdin fəaliyyəti stimullaşdırılmalı, onların daha yüksək səviyyəli standartları mənimsəməsi üçün zəruri şərait yaradılmalıdır. Optimal vəziyyətdə heç bir şagirdin tədris ili boyunca geri qalmasına imkan verilməməli, əksinə, hər bir şagirdin irəliləməsi diqqət mərkəzində olmalıdır. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və bir çox hallarda rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin işləri və ev tapşırıqlarını yerinə yetirmələri, yazılı və şifahi cavabları əhəmiyyətlilik baxımından eyni dərəcədə vacibdir.

Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir.

Qiymətləndirmə, ilk növbədə, şagirdlərdə stimul yaratmalıdır. Müasir qiymətləndirmənin xüsusiyyətlərinə görə, müəllim şagirdin səhvlərini deyil, nailiyyətlərini qeyd etməli, cəzadan çox dəstək verməyə çalışmalıdır. Qiymətləndirmə zamanı müəllim şagirdin səhv cavabına “Sən düz demirsən” demək əvəzinə, “Bu maraqlı fikirdir, lakin sualımız başqadır”, “Bir daha cəht et, səndə alınacaq”, “Bir az da fikirləş, məqsədə yaxınsan” kimi həvəsləndirici fikirlərlə dəstək verməlidir. Bu zaman qiymətləndirmədə əks-əlaqə təmin olunar, şagirdin təlimə marağı yüksələr.

Bölmə iclaslarında kurikulumların tətbiqi ilə bağlı aparılan islahatlara, texnologiya fənn kurikulumunun tətbiqi məsələlərinə, ayrı-ayrı siniflərdə təlimin təşkilinə, siniflər üzrə mövzuların tədrisində yeni yanaşmalara, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi qaydalarına xüsusi diqqət yetirilməlidir. Eləcə də görüləcək işlər və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, müzakirəsi, həmin istiqamətdə təcrübə mübadiləsinin aparılması diqqət mərkəzində olmalıdır.

Texnologiya fənnindən I-IV siniflər üçün təlim materiallarının təxmini planlaşdırılması TPİ-də yaradılmış işçi qrupu tərəfindən hazırlanmış və ayrıca kitabça kimi çap olunmuşdur. V-VIII siniflər üçün təlim materiallarının təxmini planlaşdırılması isə “Təhsil problemləri” qəzetində çap olunaraq yerlərə çatdırılacaqdır.

Texnologiya fənninin tədrisini maddi-texniki bazasız, xammalsız (taxta, dəmir, parça və s.) və öz ixtisasını yaxşı bilən müəllimsiz təsəvvür etmək çətindir. Maddi-texniki bazanı gücləndirmək üçün hər bir məktəb səy göstərməli, tədris emalatxanaları (dəzgahlar, alət dəstləri) və kabinetləri yaratmalıdır.

Texnologiya fənninin metodik təminatı da mühüm problemdir. Metodik cəhətdən düzgün təşkil edilməyən texnologiya dərsində bilik, bacarıq və vərdişlərin şüurlu formalaşacağına zəmanət vermək olmaz. Təlimdə «Yeni yanaşmalar» da məhz texnologiya dərsinin metodik cəhətdən yüksək səviyyədə təşkilini, bilik, bacarıq və vərdişlərin şüurlu mənimsənilməsini təmin etmək məqsədi daşıyır. Texnologiya fənni geniş inteqrativ bir fənn olduğundan burada didaktikanın bütün metod və priyomlarını tətbiq etməyə, şagirdlərin müstəqil işlərinin təşkilinə və biliklərin tətbiqinə üstünlük verməyə, möhkəm praktik bacarıq və vərdişlər aşılamağa hər cür imkan vardır. Bu imkanlardan düzgün, yaradıcılıqla istifadə etmək barədə bölmə iclaslarında geniş müzakirələrin aparılması məqsədəmüvafiqdir.

Təhsil Nazirliyinin 22 iyun 2015-ci il tarixli, 690 nömrəli əmrinə 6 nömrəli əlavədə 2015-2016-cı dərs ilində umumtəhsil məktəblərinin I-VIII sinifləri üçün tədris planinda rəsmxət fənninin tədrisi nəzərdə tutulmamışdır. Bu Təhsil Nazirliyinin yuxarıda göstərilən təhsil səviyyələri üçün fənlər üzrə təhsil proqramları (kurikulumlar) və tədris planlarına tam uygundur.

Rəsmxət fənni ayrıca fənn kimi yox, texnologiya fənninin məzmununa daxil edilmişdir. Texnologiya fənninin “Qrafika” məzmun xətti üzrə fəaliyyətlər şagirdlərdə məmulatın təsvirini, sxemini, texniki rəsmini, çertyojunu, forma və ölçülərini müəyyənləşdirmək, təlimat xəritəsini çəkmək və oxumaq, hazırlanacaq məmulatlara dizayn vermək bacarıqlarının formalaşdırılmasına yönəldilmişdir.

Təhsil Nazirliyinin 22 iyun 2015-ci il tarixli, 690 nömrəli əmrinə 6 nömrəli əlavədə 2015-2016-cı dərs ilində umumtəhsil məktəblərinin IX-XI sinifləri üçün tədris planinda rəsmxət fənninin tədrisi ancaq IX sinifdə nəzərdə tutulmuşdur. Həftədə 1 saat olmaqla nəzərdə tutulan bu fənn ənənəvi proqramla tədris olunacaqdır.

İlham CAVADOV,
Şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Natiq AXUNDOV,
Aparıcı elmi işçi, pedaqogika üzrə
fəlsəfə doktoru, dosent

Xuraman SƏLİMOVA,
Böyük elmi işçi

Filed in: DƏRS NÜMUNƏLƏRİ TEXNOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın