4:46 am - Şənbə İyul 22, 2017

TƏHSİL İŞÇİLƏRİNİN 2015-Cİ İL SENTYABR KONFRANSLARI ÜÇÜN T Ö V S İ Y Ə L Ə R Musiqi

Ümumtəhsil məktəblərində incəsənət sahəsini təmsil edən fənlərdən sayılan musiqi çox qüvvətli təhsilverici və tərbiyəvi təsir imkanlarına malikdir. Musiqi müxtəlif yaş qruplarına aid olan uşaqları mənən zənginləşdirir, onların əqli-idrakı qabiliyyətini, bədii-estetik hisslərini inkişaf etdirir. Bəşəri mədəniyyət aləminə qovuşdurur. Musiqi fənninin I-IX siniflərdə tədrisi, bu istiqamətdə müasir dərsliklərin, tədris vasitələrinin hazırlanması da məhz problem xarakterli həmin cəhətlərlə sıx bağlıdır.

Bölmə iclaslarında problemin əsas mahiyyətindən bəhs edilərkən «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»ında «Təhsil sisteminin başlıca vəzifələri» bölməsində öz əksini tapan və şagirdlərin nəzəri-praktik, bilik, bacarıq vərdişlər sisteminin çox mühüm tərkib hissələlirndən sayılan aşağıdakı cəhətlər diqqət mərkəzinə gətirilməlidir:

«Milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq».

Mənəvi dəyəri, xüsusi çəkisi ilə diqqəti cəlb edən bacarıq və qabiliyyətlərin aşılanması üzrə qarşıya qoyulan həmin vəzifələr öz növbəsində mühüm dövlət əhəmiyyətli kəsb edir. Unutmaq olmaz ki, göstərilən bacarıq və qabiliyyətlərin inkişafında, formalaşmasında musiqi fənninin də özünəməxsus yeri, rolu var. Təqdirəlayiq haldır ki, şagirdlərin mənəvi zənginliyi ilə bağlı olan həmin keyfiyyətlər təhsil proqramının (kurikulumun) müvafiq bölməsində daha anlaşıqlı və əhatəli şəkildə diqqət mərkəzinə gətirilmişdir. Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri inandırıcı fikir və müddəalarla nəzərə çatdırılır:

«Milli musiqi və mədəniyyət tariximizin, incəsənət sahəsində qədim köklərə malik ənənələrimizin öyrənilməsi, böyüyən nəsildə estetik, hissi-emossional tərbiyənin güclən-dirilməsi, ümumi intellektual səviyyənin inkişafı, istedadlı, şagirdlərin aşkara çıxarılması kimi əsas tələblərin yerinə yetirilməsində musiqi təlimi mühüm əhəmiyyət kəsb edir.

Mənəvi estetik təsirinə, didaktik mahiyyətinə, vətənpər- vərlik, humanizm, dostluq ruhunda tərbiyəedici təsir qüvvəsinə görə müstəsna əhəmiyyət kəsb edən bu fənn çox böyük inkişafetdirici imkanlara malikdir. Musiqi təlimi prosesində istinad edilən müxtəlif janrlara aid nümunələr şagird şəxsiyyətinin idrakı, psixomotor cəhətdən inkişafına, mənəvi emossional cəhətdən zənginləşməsinə zəmin yaradır».

Çox böyük təhsil və tərbiyəvi əhəmiyyətə malik olan fikirlər bölmə iclaslarında bir daha müəllimlərin nəzərinə çatdırılmalı, mövcud vəziyyətlə, faktik materiallarla əlaqələndirilməlidir.

Bölmə iclaslarında dinlənilən məruzə və çıxışlar «Ümumi təhsilin fənn standartlarının ibtidai təhsil və ümumi orta təhsil səviyyəsi üzrə göstərilən bilik, bacarıq və qabiliyyətlərin aşılanması imkanları və yolları ilə əlaqələndirilməlidir. Müasir dövrün başlıca tələbləri əsasında hazırlanan həmin sənəddə ibtidai təhsil səviyyəsi üzrə göstərilən bilik, bacarıq və qabiliyyətlər aşağıdakı səkildə nəzərə çatdırılır.

I-IV siniflərdə oxuyan şagirdlər:

– mahnı oxumaq qaydalarından istifadə edir, mahnıların mətnlərini məzmununa görə səhnələşdirir;

– musiqi alətlərini səslənməsinə, musiqi əsərlərini xarak- terinə görə fərqləndirir və onlara münasibət bildirir;

– musiqinin emosional qavramasını onun xarakterinə uyğun ritmik hərəkətlər etməklə nümayiş etdirir;

– musiqi notlarını adlandırır və oxuyur, onları sadə musiqi alətlərində ifa edir.

Heç şübhəsiz, ibtidai siniflər üzrə göstərilən bilik, bacarıq və vərdişlər I-IX siniflərdə müvafiq bədii-estetik prinsiplər nəzərə alınmaqla daha da genişləndirilməlidir. «Umumi təhsilin fənn standartları»nda problemin bu cəhətinə də xüsusi fikir verilməlidir:

V-IX siniflərdə təhsil alan şagirdlər:

– Azərbaycanın görkəmli klassik və müasir musiqi xa- dimləri, dünya musiqi sənətinin tanınmış nümayəndələri, onların geniş yayılmış məşhur əsərləri haqqında təqdimatlar edir;

– folklor musiqi nümunələrini, muğamları, aşıq havalarını və onların tərkib hissələrini tanıyır, musiqi əsərlərini ifadə vasitələrinə görə müqayisə edir;

– musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir;

– musiqi melodiyalarını notla oxuyur;

– fərdi, qrup və kollektiv daxilində ifaçılıq bacarığını nü- mayiş etdirir.

Göründüyü kimi, istər ibtidai təhsil, istərsə də ümumi orta təhsil səviyyələri üzrə göstərilən bilik, bacarıq və vərdişlərin zəruri tələblər əsasında öz məqamında aşılanması, eyni zamanda şagirdlərin bədii qabiliyyətlərini, estetik görüşlərini, estetik mədəniyyətini inkişaf etdirir. Əlbəttə, bu fikirlər problemə nəzəri cəhətdən yanaşmağımız sayəsində meydana çıxır. Bəs real vəziyyət haqqında nə demək olar?

Birinci sinifdən başlayaraq şagirdlər ifa etdiyi və dinlədiyi uşaq mahnılarının müəlliflərini tanıyırlarmı?

Əsas musiqi janrlarından sayılan mahnı, rəqs melodiyası, marşlar, habelə musiqi ifadə vasitələri, ayrı-ayrı bəstəkarlar, onların məşhur əsərləri haqqında zəruri biliklərə yiyələnirlərmi?

Sadə melodiya parçalarını notla oxumaq, habelə solfecio məşğələləri üçün vacib olan not işarələrini tanımaq bacarıqları necədir?

Bölmə iclaslarında musiqi fənninin tədrisi ilə bağlı olan həmin suallar ətrafında fikir-rəy mübadiləsi aparılmalı, qabaqcıl müəllimlərin iş təcrübələrinə istinad olunmalı, konkret nümunələr nəzərə çatdırılmalıdır.

Problemin belə bir cəhətini də unutmaq olmaz ki, ibtidai siniflərdə musiqi fənninin zəruri tələblər səviyyəsində tədris olunmaması V-IX siniflərdə bu fənnin səmərəli tədrisinə əngəl törədir. Təsəvvür edin, ibtidai siniflərdə əlifba (o cümlədən musiqi əlifbası) öyrədilməyib. Müəllim isə şagirdlərdən proqram tələbinə müvafiq oxumağı, yazmağı tələb edir.

Mövcud vəziyyət 5-ci sinifdən musiqi fənnini tədris etməyə başlayan ixtisaslı, təcrübəli müəllimləri də gərgin vəziyyətə salır. Çünki musiqi aləmində açar rolunu oynayan anlayışlar əvvəlki siniflərdə mənimsənilməyib. Bu sahədə təsəvvürə gəlməz boşluq yaranıb. Müxtəlif xarakterli səylər, fəaliyyət istiqamətləri də səmərəsiz qalır. Daha aydın olmaq üçün «Ümumi təhsilin fənn standartları”nın 5-ci sinfə aid bölməsinin şagirdlərə aşılanması lazım gələn bilik, bacarıq və vərdişlərlə bağlı hissəsinə diqqət edək:
V sinfin sonunda şagird:

– Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, V.A.Motsart, M.İ.Qlinka, L.V.Bethoven, P.İ.Çaykovski) və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.

– Azərbaycan musiqi folklor nümunələri mahnı, rəqs, muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir;

– musiqi əsərlərinin melodiyası, ritmi və onlarda istifadə edilmiş bədii nümunələr haqqında fikrini nəzərə çatdırır;

– musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir;

– dinlədiyi musiqidən yaranan təəssüratlarını müxtəlif formada ifadə edir ;
– mahnını not və mətni ilə oxuyur;

– fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.

Bölmə iclaslarında müəllimlərin nəzərinə çatdırılmalıdır ki, beşinci sinif üzrə göstərilən bilik, bacarıq və vərdişlər çox mühüm nəzəri-praktik əhəmiyyətə malikdir. Bununla belə, etiraf etmək lazımdır ki, həmin bilik, bacarıq və vərdişlərin inkişafı, formalaşması ibtidai siniflərdə zəruri tələblər səviyyəsində tədrisi sayəsində mümkün olur.

Bölmə iclaslarında tədris resursları üzərində dayanmaq, faydalı və unudulan cəhətləri diqqət mərkəzinə gətirmək məqsədəmüvafiq olar. Belə bir cəhət tam aşkarlığı ilə nəzərə çatdırılmalıdır ki, 2009-cu ildən başlayaraq müasir tələblərə cavab verən dərsliklər, müəllimlər üçün metodik vəsaitlər nəşr olunur. Bunlar ibtidai və yuxarı siniflərdə musiqi fənninin səmərəli tədrisi üçün zəmin yaradır. Buna görə də I-IV və V-IX siniflərdə musiqi fənnini tədris edən müəllimlər əvvəlcədən həmin dərsliklər və metodik vəsaitlərlə yaxından tanış olmalı, səmərəliliyə zəmin yaradan əlverişli imkanlar müəyyənləşdirməlidirlər. Daha aydın olmaq üçün keçən tədris ilinin əvvəlində 7-ci sinif şagirdlərinin istifadəsinə verilmiş «Musiqi» dərsliyində (müəlliflər: Oqtay Rəcəbov, Nazim Kazımov, Ofeliya İmanova, Bakı, 2014) öz əksini tapan «Azərbaycan mahnılarında məkan obrazı» mövzusu ilə bağlı izah və şərhlərə diqqət yetirmək yerinə düşər:

«Mahnı xalqın ən çox sevdiyi musiqi janrıdır. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim janrlarından olan mahnılarda xalqın pak, yüksək mənəviyyatı, zəngin daxili aləmi, arzuları, gələcəyə ümidləri parlaq şəkildə əks olunur. Qədim zamanlardan mahnıları xalqın istedadlı adamları, musiqi ifaçıları yaratdığı üçün onları xalq mahnıları adlandırırlar. Lakin mahnıları həm də bəstəkarlar yaradırlar.

Mahnılar müxtəlif mövzuları əhatə edir. Onların arasında məkan, yer mövzusunda olan mahnılar üstünlük təşkil edir. Belə mahnılarda təsvir edilən məkanın iqlimi, maddi-mədəni irsi, təbii sərvətləri, adət-ənənələri, fauna və florası tərənnüm edilir».

Maraqlı cəhət budur ki, həmin mövzu ilə əlaqədar həmişə təravətli, vətən ruhlu mahnılarımızın mahir ifaçıları, görkəmli xalq sənətkarlarımız Seyid Şuşinski, Xan Şuşinski, Hacıbaba Hüseynov, Zeynəb Xanlarova və Arif Babayevin də şəkilləri dərsliyin 14-cü səhifəsində nəzərə çatdırılmış, əyani nümunələr vasitəsilə təsəvvürlərin möhkəmlənməsinə zəmin yaradılmışdır.

Dərsin musiqi dinlənilmə mərhələsində «Şuşanın dağları» mahnısına istinad edilməsi və bununla əlaqədar diqqətə çatdırılan şərh də yerinə düşür və şagirdlərin vətənpərvərlik hisslərini qüvvətləndirir:

«Şuşanın dağları» xalq mahnısını dinlədikcə zəngin və şanlı tarixi keçmişə malik Qədim Şuşamızın uca dağları, yaşıl meşələri, bir sözlə, Qarabağ təbiətinin bütün gözəlliklərini özündə əks etdirən məkan göz önündə canlanır. Şuşa təkcə gözəlliyi ilə deyil, həm də strateji əhəmiyyəti ilə Vətənin alınmaz qalası idi. Lakin təəssüflər olsun ki, bu gün Şuşamız erməni faşistlərinin tapdağı altındadır və düşmən bu gözəl məkanı darmadağın etmiş, tarixi abidələrimizi, maddi və mədəni sərvətimizi vəhşicəsinə dağıtmışdır. «Naxçıvan», «Mən gedirəm Zəngilana», «Qubanın ağ alması», «Dağıstan dağ yeridir», «Tiflisin yolları», «Qarabağın yollarına düşəydim», «Aranda qaldım», «Qarabağda bir dənəsən», «Şuşanın ceyranı» və s.

Xalq mahnıları ilə yanaşı, məkan, yer mövzusunda Azərbaycan bəstəkarları da çoxlu sayda mahnılar bəstələyiblər. Bunlardan Rauf Hacıyevin «Azərbaycan», «Tofiq Quliyevin

«Bakı», «Naxçıvan», Səid Rüstəmovun «Sumqayıt», Telman Hacıyevin «Gəncə», Süleyman Ələsgərovun «Şuşam», Oqtay Rəcəbovun «Gəncə» və «Şuşa», Vasif Adıgözəlovun «Şuşam, layla» və s. mahnılarını göstərmək olar.

Belə bir cəhət də xüsusi maraq doğurur ki, şagirdləri xalq və bəstəkar mahnıları ilə daha yaxından tanış etmək məqsədilə həmin şərhdən sonra «Qubanın ağ alması» xalq mahnısının və görkəmli bəstəkar Səid Rüstəmovun məşhur «Sumqayıt» mahnısının (sözləri Nəsib Cəfəroğlunundur) not yazıları diqqətə çatdırılmışdır.
Bölmə iclaslarında yeri gəldikcə xarakterik nümunələrə istinad edilməsi, fikir-rəy mübadiləsinin aparılması, ayrı-ayrı dərsliklərdəki əlverişli tədris materiallarından istifadə olunması öz növbəsində müəllimlərin nəzəri-metodik hazırlığının artmasına zəmin yaradır.

Bölmə iclaslarında yeni texnologiyalardan istifadə mə- sələsi də müzakirə obyektinə çevrilməlidir. Belə bir məlum həqiqəti unutmaq olmaz ki, ümumitəhsil məktəblərində yaranan kompyuter, internet şəbəkələrinin, müxtəlif janrlı musiqi nümunələri yazılmış disklərin sayı ildən-ilə artır. Tədris prosesinin səmərəliliyinə əhəmiyyətli təsir göstərən həmin vasitələrdən müntəzəm, sistemlə istifadə olunmalıdır.

Əgər mövzusundan, janrından asılı olmayaraq hər hansı sinifdə musiqi səslənmirsə, estetik reaksiyadan, emosionallıqdan, emosional dəyərləndirmədən söhbət gedə bilməz. Problem xarakterli bu məsələlər bölmə iclaslarında dönə-dönə diqqət mərkəzinə gətirilməli, real imkanlar üzə çıxarılmalı, «musiqisiz-musiqi dərsləri»nə yox deyilməlidir.

Bölmə iclaslarında musiqi üzrə sinifdənxaric işlərin forma və yolları, bu sahədə yaranmış qabaqcıl iş təcrübəsindən də bəhs olunmalıdır. Nəzəri və praktik əhəmiyyət ilə diqqəti cəlb edən musiqi klublarının, özfəaliyyət musiqi dərnəklərinin təhsilverici və tərbiyəedici imkanları üzərində dayanılmalıdır.

Vidadi Xəlİlov,
Baş elmi məsləhətçisi, pedaqogika
üzrə elmlər doktoru, professor

Filed in: DƏRS NÜMUNƏLƏRİ MUSİQİ

Hələ şərh yoxdur

Şərh yazın