4:45 am - Şənbə İyul 22, 2017

TƏHSİL İŞÇİLƏRİNİN 2015-Cİ İL SENTYABR KONFRANSLARI ÜÇÜN T Ö V S İ Y Ə L Ə R Təsviri incəsənət

     Həyatı həyatın özündən də daha canlı, daha təsirli, cazibədar şəkildə təsvir və tərənnüm edən təsviri incəsənət irqindən, millətindən, təhsil-peşə səviyyəsindən asılı olmayaraq insanın mənəvi-estetik hisslərini ani zaman keşiyində oyadıb hərəkətə gətirir. Cəmi aləm rənglər, boyalar, ritmlər, ahəngdar lövhələr fonunda, lövhələr donunda daha canlı görünür.

Bölmə iclaslarının ümumi təhsil məktəblərinin I-IX siniflərində tədris olunan «Təsviri incəsənət» fənninin tədrisinin müasir problemlərindən bəhs olunarkən öncə bu fənnin sosial-ictimai mahiyyəti üzərində – dayanılmalıdır. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda probleminin həmin cəhəti də xüsusi olaraq diqqət mərkəzinə gətirilir. «Milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq» təhsil sisteminin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilir.

Qarşıya qoyulan bu mühüm, təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsində təsviri incəsənət fənninin və bu fənni tədris edən müəllimlərin rolu böyükdür. Çünki sivilizasiyanın ən dəyərli incəsənət növü kimi xarakterizə olunan bu sənətin ictimai mahiyyəti ümumtəhsil məktəblərində bu fənn və onu tədris edən müəllimlər vasitəsilə indiki və gələcək nəsillərə çatdırılır. Deməli, təsviri incəsənət fənnini həm ibtidai, həm də ümumi orta təhsil səviyyəsində tədris edən müəllimlər nəzəri biliklərini, təcrübi qabiliyyətlərini daima artırmaq qayğısına qalmalı, necə deyərlər, biganəlik, ətalət buzunu əritməlidirlər.

Dilinin dünyəviliyinə görə diqqəti cəlb edən, tərcüməsiz-filansız qəlbləri ehtizara gətirən təsviri incəsənətin ifadə vasitələri, ayrı-ayrı növ və janrları haqqında dərs dediyi şagirdlərdə aydın təsəvvür yarada bilən müəllimlər eyni zamanda mənəvi zənginliyə malik vətənpərvər ziyalılar kimi dəyərləndirilirlər. Buna görə də təsviri incəsənəti tədris edən müəllimlər ümumitəhsil prosesində bu sənətin ictimai mahiyyəti, ədəbiyyat, musiqi ilə qarşılıqlı əlaqəsi haqqında zəruri biliyə malik olmalı, bir sıra başlıca cəhətləri də öz yetirmələrinə çatdırmağa xüsusi səy göstərməlidirlər. Dahi italyan rəssamı Leonardo da Vinçinin sözlərini yada salaq:

«Rəssamlıq tamaşa etməklə anlaşılan poeziyadır, poeziya isə dinləməklə aşılanan rəssamlıqdır».

Görkəmli fransız filosofu və yazıçısı Deni Didro deyəndə ki, «rəsm etməyin əhəmiyyətini savad öyrətmək qədər vacib səviyyəyə qaldıra bilən ölkə incəsənətin bütün növləri üzrə əksər məmləkətləri ötüb keçə bilər», – əlbəttə, problemlə əlaqədar çox böyük məna-dəyər tutumunu nəzərə çatdırırdı.

Problemliyi ilə diqqəti cəlb edən həmin fikirlərə təsviri incəsənətin tədrisi məsələlərinə həsr olunan elmi-metodik konfranslarda, seminarlarda istinad edilməsi bu fənnə ögey münasibət bəsləyənlərə, «ikinci dərəcəli fənn» sayanlara istiqamətverici, tutarlı dəlildir.

Bölmə iclaslarında bır daha xatırlatmaq lazımdır ki, bu möhtəşəm, zəngin mənbədən düzgün faydalanmaq, onu düzgün qiymətləndirmək, təbliğ etmək, indiki və gələcək nəsillərə ötürmək təsviri incəsənət tədrisinin milli və ümumbəşəri dəyər istıqamətidir.

Məhz belə bir mövqeyin nəticəsidir ki, təsviri incəsənət üzrə təhsil proqramında (kurikulumda) təsviri incəsənət fənninin əhəmiyyəti, məqsəd və vəzifələri müasir tələblər baxımından inandırıcı fikir və müddəlarla nəzərə çatdırılır. Buna görə də I-IX siniflərdə təsviri incəsənət fənnini tədris edən müəllimlər problem xarakterli həmin məsələlərlə qabaqcadan tanıs olmalıdırlar.

Təsviri incəsənət üzrə təhsil proqramında (kurikulumda) fənnin-mənəvi, idrakı təsir imkanları ilə bağlı olan aşağıdakı cəhətlər diqqət mərkəzinə gətirilməlidir:

«Tarixən yaradılmış təsviri sənət əsərləri cəmiyyətin mənzərəsini şagirdlərə daha dolğun və obyektiv çatdırmaq imkanlarına malikdir. Təsviri incəsənətdə obyektivliklə bərabər, subyektivliyin mövcudluğu şagirdə fərd-cəmiyyət münasibətlərini dərk edib qiymətləndirməyə köməklik göstərir.

Təsviri fəaliyyət şagirdləri həm əqli, həm də estetik cəhətdən inkişaf etdirir, onları ətraf mühiti dərk etməyə yönəldir, təbiətin və əşyaların formasını, rəngini və materialını, onların vəhdətini, gözəlliyini hiss etməyə və bu hissiyatı təsvirlərdə əks etdirməyə imkanlar yaradır».

Bu deyilənlər təsviri incəsənətin fəlsəfi-estetik mahiyyətini bir daha diqqət mərkəzinə gətirir. Bölmə iclaslarında müəllimlərin nəzərinə çatdırmaq lazımdır ki, təsviri incəsənətin şagird-məktəbli şəxsiyyətinə göstərdiyi təsir imkanları uzun müddət aparılan müşahidələrin, təcrübi məşğələlərin nəticəsində meydana çıxarılmışdır. Buna görə də ibtidai siniflərdən başlayaraq hər bir dərsin tərbiyəvi təsir imkanlarının genişlənməsinə, bu ecazkar sənət üzrə şagirdlərin nəzəri biliklərinin, praktik, bacarıq və qabiliyyətlərinin inkişafına, formalaşmasına xüsusi diqqət yetirilməlidir.

Problemlə əlaqədar Respublika Təhsil Nazirliyinin diqqət və qayğısı sayəsində təsviri incəsənət üzrə tədris kompleksinin, o cümlədən dərsliklərin, müəllimlər üçün metodik vəsaitlərin hazırlanaraq çap edilməsi, məktəblərə göndərilməsi öz növbəsində ümumtəhsil məktəbi şagirdlərinin təsviri incəsənət üzrə savadını, dünyagörüşünü artırmaq, estetik mədəniyyətini yüksəltmək zərurətini qarşıya qoyur.

Bölmə iclaslarında təsviri incəsənət fənninə hələ də «ikinci dərəcəli» fənn kimi baxılması, digər fənlərlə əvəz edilməsi halları da pislənilməlidir. Doğrudur, müşahidələr göstərir ki, ibtidai siniflərdən başlayaraq təsviri incəsənətin tədrisinə maraq musiqiyə nisbətən xeyli artıb. Bu, hər şeydən əvvəl, müəllimlərin müvafiq bilik və bacarıqlara malik olması, «Təsviri incəsənət» dərsliklərinin və digər vəsaitlərin onlara müəyyən istiqamət verməsi ilə əlaqədardır. Azərbaycanın və dünyanın tanınmış rəssamlarının, heykəltəraşlarının məşhur əsərlərinin, təsviri incəsənətin daha geniş yayılan janr və formaları üzrə müvafiq nümunələrin II-VII siniflərin dərsiliklərində əks etdirilməsi, təsviri fəaliyyət qaydalarının əyani-illüstrativ əsaslarda göstərilməsi həm şagirdlərə, həm hə müəllimlərə düzgün istiqamət verir. Daha aydın olmaq üçün 2-ci və 5-ci siniflərin «Təsviri incəsənət» dərsliklərində əyani təsvir vasitəsilə verilən və təsviri fəaliyyətdə mühüm əhəmiyyət kəsb edən mövzulara diqqəti cəlb etmək yerinə düşər:

2-ci sinif üçün «Təsviri incəsənət» dərsliyində (müəlliflər Yeganə Cəlilova, Kəmalə Cəfərzadə. “Yaznəşr”, Bakı, 2014, səh. 10) “Əsas və qarışıq rənglər” mövzusu üzrə şərh aşağıdakı şəkildə nəzərə çatdırılır:

Dünyanı rəngsiz təsəvvür etmək mümkün deyildir. Ətraf aləmdə o qədər müxtəlif rənglər var ki!

1. Qırmızı, sarı, göy – əsas rənglərdir.

2. Bənövşəyi, yaşıl və narıncını isə – qarışıq rənglərə aid edirlər.

3. Əsas rəngləri qarışdırarkən qarışıq rəngləri almaq olar.

4. Qırmızı və sarı rəngin qarışığından – narıncı rəng alınır.

5. Sarı və göy rəngin qarışığından – yaşıl rəng alınır.

Göründüyü kimi, 2-ci sinfin dərsliyində rənglər haqqında verilən həmin məlumatlar akvareldən, quaşdan, yağlı boyalardan istifadə edərək müxtəlif mövzularda rəsmlər çəkənlər, təsviri fəaliyyətdə olanlar üçün çox vacibdir.

Lakin müşahidələr göstərir ki, sinif müəllimlərinin bəziləri həmin cəhətlər, habelə isti rənglərdən sayılan sarı, qırmızı, narıncı və onlardan alınan rəng çalarları, soyuq rənglərdən sayılan göy, bənövşəyi, yaşıl və onlardan alınan rəng çalarları haqqında zəruri məlumatlara malik olmadıqları üçün tədris prosesində müəyyən çətinliklərlə üzləşirlər.

İstər ibtidai, istərsə də V-IX siniflərdə təsviri incəsənət fənnini tədris edən müəllimlərin təsviri incəsənətin ən geniş yayılan dekorativ-tətbiqi sənətin əsas növləri haqqında mükəmməl nəzəri məlumatlara malik olmaları da zəruridir. Bu istiqamətdə 5-ci sinfin «Təsviri incəsənət» dərsliyində (müəlliflər: Məhsəti Məmmədova. Bənövşə Mirzəveva, Nəzakət Əliyeva. Bakı, 2014, səh. 32, 33) dekorativ-tətbiqı sənət növləri ilə bağlı verilən məlumatlar nəzəri-praktik əhəmiyyətinə görə xüsusi maraq doğurur. Təqdirəlayiq haldır ki. həmin mətndə dekorativ-tətbiqi sənətin növləri, müvafiq nümunələrin şəkilləri, istifadə olunan materiallar, alətlər müəyyən bir sistemlə aşağıdakı şəkildə göstərilmişdir. Mötərizədə göstərilənlər isə həmin növlər üzrə istifadə olunan materialları nəzərə çatdırır.

Ağac üzərində oyma, həkkarlıq (qoz, fısdıq, cökə, tut, şam və s ), xalçaçılıq – kilim, palaz, cecim (yun, ipək, pambıq və s.); bədii tikmə (saplar, pambıq, ipək, qızıl, gümüş, muncuq, pilək, qiyməli daşlar və s.): parça (pambıq, yun, ipək, kətan, qızıl-gümüş saplar və s.), misgərlik (əlvan metallar – qızıl, gümüş, latun, mis, sink, alüminium və s.); zərgərlik ( əlvan metallar

– qızıl, gümüş, latun, qiymətli daşlar və s.); keramika (kaolin, gil, kvars, şamot və s.); milli geyimlər (məxmər, ipək, zərxara, zərbafta, gülməxmər, bədii tikmələr və s.).

Kəmalə Cəfərzadə, Məhsəti Məmmədovanın müəllifliyi ilə keçən tədris ilində 7-ci sinif üçün nəşr olunan «Təsviri incəsənət» («Yaznəşr», Bakı, 2014) dərsliyində də şagirdlərin bədii-estetik görüşlərini, bu sahə üzrə zəruri sayılan təcrüb qabiliyyətlərini inkişaf etdirən mövzulara, didaktik təmrinlərə lazımi yer verilmişdir. Dərsliyin «Təsviri sənət orta əsrlərdə»,

«Təsviri sənətdə janrlar», «Dövr, xalq və geyimlər», «Dekorativ-tətbiqi sənət və bədii dizayn» bölmələrinin hər birində şagirdlərin nəzəri biliklərini artıran mövzulara geniş yer verilmişdir. Ayrı-ayrı mövzuların mahiyyəti nəzərə çatdıran şərhlərlə bağlı verilən suallar və tapşırıqlar şagirdlərin müstəqil fikir-mühakimə yürütmə bacarıqlarının inkişafına zəmin yaradır. Heç şübhəsiz, sinif-dərs prosesində bu imkanlar daha da genişləndirilməli, sözün həqiqi mənasında sehrkar incəsənət aləminin ecazkar anlarına çevrilməlidir.

Bölmə iclaslarında təsviri incəsənət üzrə sinifdənxaric işlərin forma və yollarına da xüsusi diqqət yetirilməlidir. Şagirdlərin zövqünü, təsviri fəaliyyətini inkişaf etdirən əlverişli iş formaları (dərnək, klub, studiya və s.) üzərində dayanılmalı, qabaqcıl iş təcrübəsi nümunələrinə istinad olunmalıdır. Təsvir dilinin, ifadə vasitələrinin dünyəviliyinə, ümumbəşəri mahiyyətinə görə bir sıra incəsənət növlərindən əsaslı şəkildə fərqlənən bu sənət nümunələrilə təmaslıq orta ümumi təhsil illərində daha parlaq şəkildə nəzərə çarpmalıdır.

Vidadi Xəlİlov,
Baş elmi məsləhətçi, pedaqogika üzrə
elmlər doktoru, professor

Filed in: DƏRS NÜMUNƏSİ TƏSVİRİ İNCƏSƏNƏT

1 şərh var: to “TƏHSİL İŞÇİLƏRİNİN 2015-Cİ İL SENTYABR KONFRANSLARI ÜÇÜN T Ö V S İ Y Ə L Ə R Təsviri incəsənət”

  1. 13 Sentyabr 2015 at 11:53 #

    Təsviri incəsənət fənni çox istərdimki ibtidai sinifdən fənn müəllimlərinə həvalə edilsin,çünki əks təqdirdə sinif müəllimləri bu fənni keçmirlər əvəzində riyaziyyat və ana dili fənnlərini tədris edirlər.Nəzərə almırlarki bizə gərəkli ola bilər gələcəkdə hansısa şagird özünü rəssam kimi və yaxutda dizayner kimi görmək istər. Ona görədə bütün bunlar nəzərə alınmalıdır və mən belə düşünürəmki bu məsələ öz həllini tapacaqdır.

Şərh yazın