4:09 am - Bazar ertəsi May 29, 2017

Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə

Çox-çox illər bundan qabaq mən də yaşıdlarım kimi orta məktəbi bitirib sənədlərimi universitetlərdən birinə təqdim etdim. Onda sovet dövrünün qanunları qüvvədə idi və məndən iki il iş stajı tələb olundu. Yaşadığım rayona qayıtdım və xalçaçılıq üzrə peşə məktəbində oxuyub, sonra da işləməyə başladım. Bu sahəni təsadüfi seçməmişdim. Mahiyyətini dərk etməsəm də, uşaqlıqdan xalçalar məni həmişə özünə cəzb edər, sanki sehirli bir dünyaya aparardı.

Qadın barmaqlarının yaratdığı sehirli dünya

XALÇA

                                                           XALÇA

Üç nəfər idik. İndiyə kimi xatırlayıram həmin iki rəfiqəmi (onlardan biri yəhudi qızı idi). Daha çox ceyran, xırda balıq, ağ gül təsvirli xalçalar toxuyurduq. Gülçin və Solmaz müəllim bizə xalçaçılığın sirlərini öyrədir və çox böyük qayğı ilə yanaşırdılar. Hətta bacım və qardaşımın toyunda kiçik ölçülü «Leyli və Məcnun» adlı əl işimi onlara hədiyyə etdiyim də bu günə qədər hafizəmdən silinməyib.

Və … xəyal etməzdim ki, bir gün Universitetə daxil olacaq, sonralar isə jurnalist peşəsi məni özünə çəkəcək, nəhayət xalçaçılıq mövzusunda müsabiqə yazısı hazırlayacağam.

Tarixin qədim qatları nə deyir?

«Bayandır Xan ildə bir dəfə yığnaq edər, yerə min ipək xalça döşətdirərdi»

(«Dədə Qorqud» dastanından)

Tarixi faktlar və alimlərin araşdırmaları sübut edir ki, xalçalar haqqında ilkin mükəmməl məlumat məhz «Dədə Qorqud» dastanında verilir, ipək xalçaların adı çəkilir. Nəzərə alaq ki, ilkin yazılar daş kəsəcəklə mixi yazılar olmuşsa, ilkin saplar da diş və dırnaqla əyrilib və bunlar təbii ki, tarixin ən qədim qatlarından xəbər verir. Məsələn, Makedoniyalı İsgəndər dövründə Yunanıstanda xalça, palazların olmadığı çoxdan sübuta yetirilib. O vaxt döşənəcək kimi sadəcə vəhşi hevanların dərisindən istifadə edilib.

Azərbaycan xalçaçılığını dərindən tədqiq edən Şakir Qabıssanlı özünün «Azərbaycan xalçalarının açılmamış sirləri» dəyərli əsərində elmi əsaslarla sübut edir ki, dünyanın ilkin xalçaları məhz Qabıssanda (yəni Qobustanda) toxunub. Yəni müəllif haqlı olaraq qeyd edir ki, yeddi min işarəsi olan Qabıssan (Qobustan) qayaüstü rəsm və işarələrin sivill davamı kimi dünyanın ilk toxumaları xurcun, heybə, çul, tuman bağı və başqa məmulatlar olmuş, bunlardan xalçalara keçid baş vermişdir. Elə buradaca qeyd edək ki, indiyə qədər də dünyanın bir çox ölkələri və alimləri öz vətənlərini xalçaçılığın beşiyi sayırlar. Əlbəttə, həmin tarixçilərin mühakimələri səthi və elmi əsaslara söykənmədiyindən heç də inandırıcı görünmür. Yuxarıda adını çəkdiyimiz alim həmyerlimiz isə əsl həqiqəti ortaya qoymaq üçün ideoloji, fəlsəfi, tarixi tənliklərə əsaslanır və konkret sübutlar ortaya qoyur.

Ayrı düşən sevginin nisgili

Yun xalçaların üzərində iməkləyən, gəzən körpənin

gözləri nurlu olar. Qızıl camda su içənlərin isə ürəyi qüvvətli olar»

Nəsirəddin Tusi

Bir türk rəvayətində deyilir: «Bir gün sultan bazarı gəzə-gəzə xalı, kilim satılan dükana yetişir. Gözünə bir xalça dəyir. Satıcıdan onu kimin toxuduğunu və toxuyanın harada yaşadığını soruşur. Dükan sahibi bu xalçanı gənc bir qızın toxuduğunu və sultanı onun evinə apara biləcəyini söyləyir. Gəlib çıxırlar həmin evə. Sultan xalçanı toxuyan qızın valideynlərindən soruşur: «Niyə qızınızı sevdiyindən ayırdınız? Necə qıydınız ona?»

Valideynlər çox təəccüblə sultandan soruşurlar: «Bu ailə sirri idi, onu sizə kim söylədi?» Sultan deyir: «Bunu qızınız toxuyan xalçadan öyrəndim. Bu xalçanın hər ilməsi, hər naxışı ayrı düşən sevginin nisgilini söyləyir, fəryad edir». Gerçəkdən xalça onu toxuyanın min bir arzusunu, əzabını özündə cəm edir, əsrlərlə özündə saxladığı gizli mətləbləri keçmişdən bizə çatdırır. Xalçalarda nəsillərin bir-birinə ötürdüyü kodlaşmış ornamentlər, xalqın təfəkkürü və itmiş tarixi gizlənir. Ədəbiyyatşünas-tənqidçi, professor Qurban Bayramov bu mənada məqalələrinin birində haqlı olaraq qeyd edir ki, əgər bu gün qədim xalçaların üzərindəki ornamentləri insanlar oxuyub başa düşsəydi, tariximizə daha dərindən bağlanardılar…»

Yeri gəlmişkən, qədim oğuzların həyat tərzində xalçaçılıq əsas sənətlərdən biri olub. «Qurani-Kərim»in «Əl-Rəhman» surəsində belə bir ayə var: «Onlar yaşıl balışlara, incə ilməli, gözəl naxışlı xovlu xalılara söykənmiş olacaqlar…» Bu, bir daha onu göstərir ki, xalça sənəti müqəddəs sənətlərdən biridir və eyni zamanda göylərdən gələn bir sənətdir. Hətta bu gün də çoxları belə hesab edirlər ki, xalça sənətinin himayəçiləri peyğəmbərlərdir. Çünki İbrahim peyğəmbər Allah yolunda oğlunu qurban kəsərkən Tanrı bu qurbanı qoyun qurbanı ilə əvəz edir. Xalça isə bu heyvanın yunundan toxunur.

Mütəxəssislər Azərbaycan xalçasının 28 kompozisiya quruluşuna malik olduğunu irəli sürürlər. Bu da öz növbəsində 28 hissəyə, hər hissə də sağ və sol qanada ayrılır. Hər qanad 28 məfhumu, onlar isə 28 rəmzi ifadə edir. Hər rəmz də xüsusiyyətinə görə dörd ünsürü – od, hava, torpaq, su ünsürünü tamamlayır. Deməli, belə nəticə çıxarmaq olar ki, bizim xalçaların elementləri məna və mahiyyətlə yüklüdür, yəni kodludur.

Dünyaya səs salan xalçalarımız
Vardı qədim dövrə can mübtədası,
Daşlara həkk olmuş Xəlli-xalçası

Bilal Şirvani

Azərbaycanda xalçaçılığın inkişafı çox qədim dövrlərə gedib çıxır. Bu barədə qədim dünya tarixçiləri Heredot, Klavdi Elian, Ksenefont və başqaları öz əsərlərində az da olsa məlumat veriblər. Sasanilər dövründə isə (III-VI əsrlər) Azərbaycanda xalça sənəti sanki intibah dövrünü yaşadı. Həmin yüzilliklərdə ipəkdən, qızıl-gümüş saplardan xeyli sayda nəfis xalçalar toxundu. Bu da danılmaz faktlardan biridir ki, orta əsrlərdə qızıl-gümüş canlardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri məhz Təbriz, Şamaxı və Bərdə şəhərləri olub. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Genkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunmuş xalça haqqında məlumat verir. XVII əsr holland səyahətçisi VanStreyts isə Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli daş-qaşlarla bəzədildiyini bildirir. Elə buradaca vurğulamaq yerinə düşər ki, Azərbaycandan xarici ölkələrə çoxlu sayda xalça və xalça məmulatının ixracı məhz XIII-XIV əsrlərə təsadüf edir. Neçə yüzilliklərdir ki, bizim xalçalar Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Parisin Luvr, İstanbulun Topqapı, Romanın, Berlinin, Tehranın, Qahirənin, Moskvanın və Vyananın məşhur muzeylərində nümayiş etdirilir.

Daha bir mühüm faktlardan biri də odur ki, Azərbaycan xalçaçılıq tarixinin mühüm bir mərhələsi xanlıqlar dövrünə düşür. Belə ki, XVIII əsrin ikinci yarısında Azərbaycanın şimalı kiçik feodal – Şəki, Bakı, Quba, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan, Şirvan, Təbriz, Ərdəbil və s. xanlıqlara bölünmüşdü. Məhz xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş və sanki xanlıqlar arasında bir rəqabət yaranmışdı.

Azərbaycan xalçaları zaman-zaman dünyanın tanınmış rəssamlarının da diqqətini özünə çəkmiş və onlar əsərlərində bizim milli ornamentlərdən, naxışlardan kifayət qədər istifadə etmişlər. Məsələn, XV əsr Niderland rəssamları Hans Memlinq və An Ban Ekin, alman rəssamı (XV əsr) Hans Holbeyn, italiyalı rəssamlar (XIV-XVI) Karlo Krivello, Domoniko Morolen və digərləri Azərbaycan xalça məktəbindən xeyli dərəcədə faydalanıblar.

Bir neçə kəlmə də xalçalarımızın dünya miqyaslı sərgilərdə qazandığı nailiyyətlər barədə. Qısaca desək, hələ 1872-ci ildə Moskvada keçirilən sərgidə, 1882-ci ildə isə «Ümumrusiya sənaye və incəsənət sərgisi»ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və digər yerlərdən gətirilən xalçalarımız və xalça məmulatlarımızın ən yaxşı nümunələri qızıl və gümüş medallara layiq görülüb. Onu da vurğulamaq yerinə düşər ki, 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil olunan beynəlxalq səpgilərdə nümayiş etdirilən eksponatların da əsas hissəsi Azərbaycan xalçaları və xalça məmulatları olub.

Bu günümüzə bir nəzər
«Dünyada Qafqaz adı ilə şöhrətlənən xalça və
xalça məmulatları, xüsusilə xovsuz xalçaların 90 faizini Azərbaycan xalçaları təşkil edir»

Lətif Kərimov

İstər ulu öndər Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı imzaladıqları sərəncam və fərmanlar həmişə milli-mənəvi dəyərlərimizin və xalq sənəti növlərinin inkişafında mühüm rol oynayıb. Xatırladaq ki, Milli Məclis tərəfindən 7 dekabr 2004-cü ildə «Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanun Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanı ilə qüvvəyə minib.

Xalçalarımız – Şərq xalçaçılıq sənətinin bir qolu kimi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə 2010-cu ilin noyabr ayından UNESCO-nun «Qeyri-maddi mədəni irs» siyahısına salınıb. Beləliklə, dünya muzeylərində çox zaman Qafqaz, İran, bəzən hətta erməni xalçaları adı ilə nümayiş etdirilən bizim eksponatların mənimsənilməsi yolunda çox böyük hüquqi addım atılıb.

Ümumiyyətlə, xalçaçılığımızın bu günündən danışarkən Azərbaycanın görkəmli xalçaçı rəssamları Lətif Kərimov və Kamil Əliyevin adlarını çəkməmək qeyri-mümkündür. Maraqlıdır ki, dünyada ilk dəfə olaraq professor Lətif Kərimovun təşəbbüsü ilə məhz Azərbaycanda Xalça Muzeyi yaradılıb (hazırda muzey mərhum sənətkarın adını daşıyır). Milli Parkda isə Xalça Muzeyinin yeni binası inşa edilir.

Bu gün də xalçalarımız dünyanın ən böyük muzeylərini bəzəyir. Azərbaycan xalçaları beynəlxalq sərgilərdə «Azərxalça» adı ilə nümayiş etdirilir. Təkcə bir faktı vurğulayaq ki, xalçalarımız 1952 və 1998-ci illərdə dünya sərgilərində birinci yeri tutub və qızıl medala layiq görülüb.

Bu yazını hazırlayarkən daha bir dəyərli kitabla tanış oldum. Səidə Səlimzadə və Əlisəfa Nuriyevin «Xalçaçılıq texnologiyası» kitabında qeyd olunur ki, Lətif Kərimov xalçalarımızı toxuma texnikasına görə iki əsas qrupa bölüb:

Birinci qrup xovsuz xalçalardır. Bu qrupa çətən, həsir, palaz, kilim, seçim, vərni, şəddə, zili və sumax toxunuşlu xalçalar daxildir.

İkinci qrup xovlu xalçalardır. Bu qrupa xalı və xalçalar daxildir. Ümumiyyətlə, Azərbaycan xalçalarının 250-dən çox növü və 600-dən artıq çeşnisi var.

Rəngli məktublar və «Uçan xalçalarımız»
«İstər Qafqazda, istər Yaxın və Uzaq Şərqdə, istərsə də dünyanın başqa ölkələrində türk soylu xalqlara məxsus xalçaların tayı-bərabəri yoxdur»

Kamil Əliyev

Bu gün iqtisadiyyatımız sürətlə inkişaf edir. Deməli, mədəniyyətimizin də gələcəyinə inanmaq olar. Bunlar varsa – xalq sənətimiz də əsrlər boyu yaşayacaq.

Bəli, qürurla deyə bilərik ki, bizim elin dürlü-dürlü xalçaları var. Hərəsinin də öz naxışı, öz gözəlliyi: Qarabağ xalçası, Şirvan xalçası, Naxçıvan xalçası, Təbriz xalçası, Quba xalçası… Xalçadan danışıb butadan yan keçmək olmaz. Xalçanın iqlimi var, başlığı var, xətəbəsi var, küncü var, gölü var. Bu bəzək çeşidlərindən biri də butadır. Butaların hər biri xalçaya bir cür gözəllik gətirib həmişə…

Mən bu yazını tanınmış filoloq, professor Kamil Vəliyevin «Elin yaddaşı, dilin yaddaşı» kitabından bir sitatla bitirmək istərdim: «Xalça mənim üçün keçmişdən gələcəyə göndərilmiş rəngli məktublardır. Onu yazanda bütün yaşlar və bütün zamanlar üçün yazıblar … Gələcək ünvanlı bu məktubları biz də oxumağa can atırıqsa, burada bir qəbahət yoxdur. Çünki biz özümüz də keçmişdən gələcəyə gedənlərik.

Xalça sənətdir. Buna şübhə edən yoxdur. Xalça elmdir. Dünyagörüşüdür. Buna da çətin ki, şübhə etsinlər. Amma xalça yazı sənətidir, mədəniyyət daşıyan böyük bir dəvə karvanıdır desəm, hələ buna çox şübhə edənlər tapılar. İşarələrin, naxışların, butaların, boyaların dilində söz və cümlə görəndə mətn aramaq, əhvalat axtarmaq, genetik kodun romanını oxumaq arzusunu boğa bilmirəm…»

Qeyd: Yazı “Azər-ilmə” Xalçaçılıq Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” hazırlanmışdır.

Hüsniyyə Zülfüqarqızı,
“Təhsil problemləri”

Filed in: MÜSABİQE

Hələ şərh yoxdur

Şərh yazın