4:30 pm - Çərşənbə İyul 26, 2017

“Daha təkmil statistika – daha yaxşı həyat!”

“Sıfırlara bənzər insanlar var, həmişə onların qabağında rəqəmlərin olması zərurətdir”.

O.Balzak (1799-1850), fransız yazıçısı

 

Rəqəmlərdən yaranan statistika

Qədim zamanlarda insanlar say üçün xırda daşlardan, muncuqlardan və başqa nəsnələrdən istifadə ediblər. Onlar sonralar bu problemləri həll etmək üçün “abak” (yunan sözüdür və mənası “stol” deməkdir) adlanan çox sadə, lakin olduqca əhəmiyyətli hesablama vasitəsi tapıblar. Hətta belə bir fərziyyə də var ki, Pifaqor hesabın və həndəsənin öyrənilməsini abakla şərh etməyə çalışıb. Deyilənlərə görə, Çində və Yaponiyada işlədilən abaklar beşlik say sistemi əsasında yaradılıb.

Hazırda istifadə etdiyimiz rəqəmlər isə (0,1,2,3.4,5,6,7,8,9) ərəblərin sayılır. Əslində Hindistanda yaradılan onluq nömrələmə sistemi sonralar ərəblər tərəfindən Avropaya köçürüldüyü üçün ona “ərəb sistemi” adı verilib.

Bunları niyə xatırlatdıq? Məqsədimiz bir daha rəqəmlərsiz həyatın qeyri-mümkün olmasını yada salmaqdır. O rəqəmlər ki, keçmişdə də, indi də, gələcəkdə də insanları daim “müşayiət” edib və edəcəklər. Sadəcə, nəzərə almalıyıq ki, zaman keçdikcə hər şey təkmilləşir. Abak, çotka, kalkulyator və daha nələr, nələr…

Adətən belə deyirlər: statistikanın dili qurudur. Təbii ki, statistika da rəqəmlərdən yaranır. Ancaq bir qədər dərindən düşünəndə heç də bu fikirlə razılaşmaq olmur. Gəlin, yada salaq: İkinci Dünya müharibəsi 2194 gün çəkib. 6 il sürən bu müharibə yaddaşlarda ən dağıdıcı müharibə kimi qalıb. 72 dövlətin (Azərbaycan Sovet Ensiklopediyasında nədənsə 61 dövlət göstərilib) qatıldığı bu cahan savaşına Yer kürəsi əhalisinin 80 faizi cəlb edilib. Hərbi əməliyyatlar 40 dövlətin ərazisində aparılıb. Təxmini hesablamalara görə, bu müharibədə 55 milyondan çox insan həlak olub. O dövrün hesablamalarına görə, təkcə Avropaya 260 milyard dollar zərər dəyib.

Yuxarıda sadalanan bu rəqəmlərə, bu statistikaya “quru” demək olarmı? Bu dəhşətli statistika düşündürücü deyilmi?

Yaxşısı budur, mövzudan uzaqlaşmayaq və “daha təkmil statistika – daha yaxşı həyat!” barədə söhbət açaq.

Öz statistikamızın tarixi

Tarixi araşdırmalar bizi ən azından 160 il bundan qabaqkı dövrə aparır. Rəsmi statistikamız isə yavaş-yavaş 100 yaş həddinə yaxınlaşmaqdadır. Məsələn, 1923-cü ildə Mərkəzi Statistika İdarəsində cəmi 52 nəfər çalışıb. Yerli orqanlarda isə bu rəqəm təxminən 200 olub. Müqayisə üçün deyək ki, hazırda Azərbaycanın statistika sistemində 1490 nəfər işləyir və onlardan da 174-ü Dövlət Statistika Komitəsinin mərkəzi aparatında, 1040 nəfəri isə rayon (şəhər) bölmələrində çalışırlar.

Sovet dövrünün öz tələbləri vardı və Moskvanın bütün göstərişləri yerinə yetirilməli idi. Təbii ki, o illərdə rəqəmlər də sovet ideologiyasına “tabe etdirilmişdi”. Sözsüz ki, belə mövcud siyasətin içində statistika işçilərimiz üçün heç də asan keçmirdi. Buna baxmayaraq, Azərbaycanın qeyrətli və peşəkar statistikləri fədakar əməkləri ilə fərqlənir, hətta dövlət tərəfindən mükafatlandırılırdılar. Belələri uğurlu işlərinə görə orden, medallarla, fəxri fərmanlarla təltif olunmuş, respublikanın “Əməkdar iqtisadçısı” adına layiq görülmüşdü.

Xatırladaq ki, 1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilib.

1991-ci ildə Azərbaycan özünü suveren dövlət elan etdi və öz idarəetmə orqanlarını yaratdı. Onların arasında Dövlət Statistika Komitəsi də var idi.

Heç şübhəsiz ki, ölkəmizdə statistikanın əsl inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət bu sahənin nə qədər vacib və önəmli olmasını bildiyindən, hələ sovet dövründə Bakının görməli yerlərindən birində sözügedən qurum üçün bu gün də gözəl arxitektura nümunəsi sayıla biləcək möhtəşəm bir bina tikdirmişdi. Ümummilli lider çıxışlarının birində deyirdi: “Statistika Komitəsi əsas dövlət orqanlarından biridir, o, çox düzgün statistika aparır”.

                        1994-cü il: “qızıl il”

Azərbaycan statistikasının tarixində 1994-cü ili “qızıl il” də adlandırmaq olar. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra çox keçmədi ki, ölkə statistikası üçün vacib olan bir sərəncam imzaladı. “Statistika haqqında” Qanun Milli Məclis tərəfindən qəbul olundu. Mühüm cəhətlərdən biri o idi ki, Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilən “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin bütün tələbləri nəzərə alınmışdı. Sözsüz ki, belə bir Qanunun qəbul olunması müstəqil ölkə kimi Azərbaycan üçün çox əhəmiyyətli idi. Ona görə də bu, statistik fəaliyyətin qanuniləşdirilməsinin təmin olunmasında böyük rol oynadı. Məhz bundan sonra ölkə tarixində ilk dəfə olaraq qanunvericiliklə statistika sahəsində əsas anlayışlar, onun subyektlərinin hüquq və vəzifələri, fəaliyyətinin əsas parametrləri müəyyənləşdirildi. Qanunda müntəzəm olaraq ölkədə həyata keçirilən islahatlar və statistikaya dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlara uyğun müvafiq dəyişikliklər aparılır. Yeri gəlmişkən, sənədə mühüm dəyişikliklərdən biri Milli Məclis tərəfindən 23 dekabr 2005-ci ildə edilib. Həmin əlavədən sonra sözügedən Qanun Avropa İttifaqı ölkələrinin statistika orqanlarının qanunlarına və Avropa Statistika Bürosunun tövsiyələrinə uyğunlaşdırılıb.

Əlbəttə, müstəqillik illərində statistika sahəsinə dair dəfələrlə mühüm dövlət qərarları qəbul edilib və bütün bunlar barədə ətraflı söhbət açmaq təbii ki, imkan xaricindədir.

Müasir dövrdə statistika işçilərinin üzərinə çox çətin və məsul vəzifələr düşür. Bu mənada Azərbaycan Dövlət Statistika Komitəsinin gördüyü işləri dəyərləndirməmək olmaz. Təkcə onu yada salmaq istərdik ki, 1990-cı ildən bəri, yəni 1999-cu və 2009-cu illərdə əhalinin, 2004-cü ildə başa çatdırılmayan istehsal və qeyri-istehsal təyinatlı tikililərin və turizm obyektlərinin, 2005-ci ildə kənd təsərrüfatının, 2006-cı ildə elmi təşkilatların, habelə 2007-ci ildə fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmaları keçirilib. Əldə olunan məlumatlardan isə ölkənin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasında geniş istifadə edilib.

  Avropa sisteminə keçid və uğurlarımız

Artıq Azərbaycan Avropa İttifaqında istifadə olunan və “Birləşmiş iqtisadi hesabların Avropa sistemi” kimi məşhur olan BMT variantından yararlanır. Ümumi daxili məhsul (VDM) göstəricisinin milli hesablar sistemində əsas makroiqtisadi göstərici hesab edildiyini nəzərə alaraq, Dövlət Statistika Komitəsi cari və müqayisəli qiymətlərlə sahə və bölmələr üzrə VDM-nin illik, rüblük və aylıq hesablamalarını həyata keçirir.

Doğrudan da daha təkmil statistika – daha yaxşı həyat deməkdir. Bunu yaşadığımız və işlədiyimiz müstəqil Azərbaycanın timsalında çox aydın görmək olar. Fürsətdən istifadə edib bəzi statistik məlumatlara nəzər salaq.

Hər şeydən əvvəl onu qeyd edək ki, Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında gənc Azərbaycan dövləti 40-cı yerdə qərarlaşıb ki, bununla da respublikamız MDB ölkələri arasında öz birinciliyini hələ də qoruyub saxlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə həyata keçirilən və milli mənafeyə söykənən siyasət, dünyadakı yeni çağırışlara adekvat olan islahatlar kursu respublikamızı qlobal risklərdən sığortalayaraq daha böyük nailiyyətlərin qazanılmasına real zəmin yaradır. Son 12 ildə dünya miqyasında VDM istehsalında ən yaxşı göstərici məhz bizim ölkədə qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı üç dəfədən çox artıb. 2014-cü ildə VDM istehsalında üç dəfə artıma nail olunub ki, bu da dünya miqyasında rekord göstəricidir.

Cari ilin ilk yarısı da sevindirici fakt və rəqəmlərlə zəngindir. Məsələn, bu dövrdə iqtisadiyyatda 5,7 faiz artım baş verib. Konkret istiqamətlər üzrə göstəricilər isə daha yüksəkdir. Belə ki, 2015-ci ilin 6 ayı ərzində qeyri-neft sektorunda 9,2 faiz, kənd təsərrüfatında 7,3 faiz, sənaye istehsalında 4 faiz, qeyri-neft sənayesində 14 faiz artıma nail olunub. Bundan əlavə, bu ilin altı ayı ərzində ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub. Sərmayələrin strukturunda xarici investisiyaların üstünlüyü bir daha beynəlxalq aləmdə ölkəmizə olan inamın göstəricisidir.  Budur, təkmil statistika, budur daha yaxşı həyat!

Bir məsələni də vurğulayaq ki, hazırda respublikanın istehlak bölməsində inflyasiyanın səviyyəsi Beynəlxalq Valyuta Fondu ilə razılaşdırılan proqram üzrə istehlak qiymətləri indeksi əsasında müəyyənləşdirilir və keçirilən monitorinqlə 112 ərzaq, 264 qeyri-ərzaq və xidmət növü əhatə olunur. Orta qiymət barədə məlumatlarla yanaşı, hər ay istehlak bazarında əmtəə və xidmətlərin indeksi hesablanır. Oxşar iş sənaye, kənd təsərrüfatı və tikinti məhsulları istehsalçılarının, nəqliyyat, poçt, telekommunikasiya sahəsində xidmət tariflərinin, idxal və ixrac olunan mallar üzrə qiymət indeksinin hesablanmasında da yerinə yetirilir.

Azərbaycanda rəsmi statistikanı daha da təkmilləşdirmək məqsədilə beynəlxalq statistika təşkilatları və müxtəlif ölkələrin milli statistika idarələri ilə əməkdaşlıq daim davam etdirilir.  Təkcə bunu göstərmək kifayətdir ki, 1992-2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Türkiyə, Almaniya, Bolqarıstan, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Rusiya, Macarıstan, Moldova, İran və digər ölkələrin statistika orqanları ilə əməkdaşlığa dair sazişlər imzalanıb. Bundan əlavə, Dövlət Statistika Komitəsi BMT və onun regional iqtisadi komissiyaları, Avropa Birliyi, BVF, Dünya Bankı, Asiya İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNESKO, UNİSEF və onlarla digər Beynəlxalq təşkilatlarla, habelə dünyanın 40-dan çox ölkəsinin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.

Gələcəyə nikbin baxışlar

Hazırda dünyada qlobal miqyasda bir-birinin ardınca siyasi və sosial-iqtisadi kataklizmlər yaşanır. Maliyyə-iqtisadi böhranlar, mal və xidmətlərə istehlakın kəskin azalması, siyasi-hərbi müstəvidə qarşıdurmalar səngimək bilmir. Azərbaycan isə dünya üçün çətin keçən illərdə də sabitlik, inkişaf adası kimi öz iqtisadi potensialını artırmaqda davam edir.

Heç şübhəsiz ki, Azərbaycan statistikləri də qarşılarında duran məsul vəzifələri dərindən dərk edirlər. Onlar inanırlar ki, dünya standartlarına uyğunlaşdırılan, bütün ölkə əhalisi tərəfindən dəstəklənən keyfiyyətli və obyektiv statistikanın yaradılması işi yaxın gələcəkdə başa çatdırılacaq. Bu işdə istiqamətverici sənəd 1999-cu il iyulun 1-də qüvvəyə minmiş “Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında razılıq”ın 68-ci, “Statistika sahəsində əməkdaşlıq maddəsi, Azərbaycan hökuməti tərəfindən 2006-cı il noyabrın 14-də qəbul olunan Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında Fəaliyyət Planının statistikaya həsr olunan bölməsi, statistikanın inkişafına dair hər 5 ildən bir qəbul edilən Dövlət Proqramları və digər mühüm konsepsiyalar olacaq.

Qeyd: yazı  “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” hazırlanmışdır.

Hüsniyyə Zülfüqarqızı,

“Təhsil problemləri”

Filed in: MÜSABİQE

Hələ şərh yoxdur

Şərh yazın