11:28 am - Şənbə Sentyabr 23, 2017

Əsl paradoks

Paradoks

Paradoks

Dan yeri yavaş-yavaş sökülürdü. Kəndin xoruzları sanki sözləşibmiş kimi eyni vaxtda banlayırdılar. Quşların cəh-cəh səsləri təbiətin alatoranlığına xüsusi yaraşıq verirdi. İnsan bir anlıq oxunu valeh olduğu aləmdə quş kimi yüngül hiss edir və bu məftunluqdan ayılmaq istəmir. Hər tərəf yaşıllıq içərisində olduğundan havada çox qeyri-adi qoxu var idi. Kənddə elə bir ev yox idi ki, onun həyəti meyvə ağacları ilə əhatə olunmasın.

Bu kəndin adı Salahlı kəndi idi. Kənddə yalnız 1 orta məktəb və 1 xəstəxana var idi, amma buna rəğmən kəndin mənzərəsi çox gözəl idi. Kəndin bir eybi var idi, bu da kəndin yolları idi. Yollar çox dolanbac və bərbad idi. Kəndə yağış yağanda cöngələr belə çamurda batıb qalırdılar. Kəndə getmək istəyən hər bir şəxs bir az əziyyət çəkməli olurdu, çünki bu yollar maşın sürməyə çox yararsız idi. Maşın adamı o qədər atıb-tuturdu ki, adama elə gəlirdi ki, orqanlar yerlərini dəyişib.

Mənsurə xala yuxudan erkən oyandı. Yerində bir az qurcalandı. Elə yataqdan qalxmaq istəyirdi ki, belindən əcayib ağrı qopdu.

– Ah, – deyib ufuldadı, – Zəhrimara qalasan. Bu belimin ağrısı çəkilmir ki, çəkilmir. Gərək ozümü həkimə göstərim. Belə getsə lap yararsız vəziyyətə düşəcəyəm, – deyə o, öz-özünə deyindi.

Səhər saat 10 idi. Salahlı kəndinin sakinləri artıq iş başında idilər. İşə gedən kim, heyvanları örüşə aparan kim, təndir qalayıb çörək yapan kim. Kənddə həyat qaynara düşmüşdü. Sizə xəbər verim kəndin xəstəxanasından.

Xəstəxana Salahlı kəndinin lap yuxarı başında, ən səfalı guşəsində yerləşirdi. Kəndin tibbi personalı elə kəndin öz alababat təhsilli sakinlərindən ibarət idi. Baş həkim isə bir vaxtlar kəndə təyinatla işləməyə gəlmiş, sonradan isə burada məskunlaşmış Ənvər həkim idi. Kəndlilər öz aralarında ona «əhli-kef Ənvər» deyirdilər.

Baş həkim öz iş otağında tibbi personala qısa müddətli iclas keçirdi, onlara bəzi tapşırıqlar verdi.

İclas elə təzəcə başa çatmışdı ki, şəhər telefonuna zəng gəldi.

-Bəli, baş həkimdir. Doğrudan? Bu bizim kəndimizə böyük şərəfdir. Buyurub gəlsinlər. Gözümüzün üstündə yerləri var. Baş üstə, gözləyirik … səbirsizliklə. Sağ olun.

Ənvər həkim tibbi personalı yenidən otağa çağırdı:

-Əziz həmkarlar, kəndimizdə çox gözəl bir hadisə baş verib. Kəndə ta ABŞ-dan qonaqlar gəlirlər. İçərimizdə ingiliscə bilən varmı? -Hamı bir-birinin üzünə mat-mat baxdı.

Həkim vəziyyəti başa düşdü:

-Eybi yox. Mən məktəbin direktorundan xahiş edərəm. İngilis dili müəlliminə 1 günlük icazə versin. Onsuz heç nə danışa bilmərik.

Kəndə gələn qonaq ABŞ-ınn Ohayo ştatında yaşayan Azərbaycan əsilli Cefri Sallah – əslində Cəfər Salahlı idi. Bu kənd ta qədim zamanlarda onun ulu babaları tərəfindən salınmışdı və ona görə də onun babalarının soyadını daşıyırdı.

Cəfərin atası vəfat edərkən onu yanına çağırıb xahiş etmişdi ki, gedib onun doğma kəndini ziyarət etsin. Oradan bir ovuc torpaq gətirib onun məzarı üstə səpsin. Cəfər məhz elə buna görə doğma Azərbaycana gəlmişdi. Salahlılar nəsillikcə həkim idilər, Cəfər-Cefri həm kəndi ziyarət etmək, həm də xəstəxanaya yardım etmək niyyətində idi.

Kəndin girəcəyindən xəstəxanaya qədər yol piyada 15 dəq. məsafə olsa da Cəfəri gətirən maşın yolu düz 1 saata qət etdi.

Cəfər fikrə getdi. Görəsən burada təcili yardım xəstələrə necə yetişir?

Maşın xəstəxananın qarşısında dayandı. Təkərlərin altından uçuşan xırda daşlar ətrafa səpələndi. Toz göyə qalxdı. Cefri-Cəfər maşından düşdü və qapıya doğru getdi. Elə bu dəmdə baş həkim Ənvər qapının astanasında peyda oldu.

-Helo! Qardaş sən bizim kəndə xoş gəlib, səfa gətirmisən.- Ondan kəskin spirt qoxusu gəlirdi. Deyəsən, onun «tini» yenə «düz» idi.

-Tez olun, ingilis dili müəllimini çağırın qonağımızı salamlasın.

Qonaq xəfif gülümsədi:

– No problem. Ehtiyac yoxdur. Mən Azərbaycan dilini bilirəm. Axı, mən əslən azərbaycanlıyam. – deyə Cəfər məğrur görkəm aldı və gözünü xəstəxananın giriş qapısında sancılmış Azərbaycan bayrağına dikdi. Necə də gözəl rəngləri var. Mən Azərbaycan bayrağını çox sevirəm.

Doğrudan da həyəcanlı anlar idi. Bütün tibbi personalın gözü sevinc göz yaşı ilə doldu. Hamını qürur hissi bürüdü. Hamı bır ağızdan – Afərin! – dedi. Minlərlə kilometr uzaqdan gəlmiş bir insan öz doğma ana-ata dilində sərbəst danışır və bəzi gözdən iraq adamlar kimi ana dilində danışa bilməməsi ilə fəxr etmirdi.

Qonağı çay süfrəsinə dəvət etdilər. Yalnız o, çayı bir tikə paxlava ilə içdi. Onu paxlavanın dadı məftun etdi və o, gedərkən ona bir qutu paxlava alınmasını xahiş etdi.

Çay süfrəsi başa çatdıqdan sonra qonaq xəstəxananı gəzmək niyyətində olduğunu bildirdi.

Qonaq köhnə təmirli palataları gəzirdi. Birdən onun gözünə maraqlı bir şey sataşdı. Laboratoriyada pəncərənin altında iki iri plastik çən var idi.

Bunlar nədir? – deyə o, soruşdu. O, sualına veriləcək cavabı gözləmədən çənlərdən birinin qapağını qaldırdı. Çənin içərisi duza qoyulmuş xiyarla dolu idi. Digər çənin içrəisində qarışıq tərəvəz şorabası var idi. Cəfər gülümsədi və otağı tərk etdi. Növbəti otağın qapısı bağlı idi. Qapını açanda Cəfər arada iki yaşlı qadının nə isə toxuduğunu gördü və qapını örtdü. Qapının üzərində «Texniki personal» yazılmışdı.

Növbəti otağın üstündə «Reanimasiya yazılmışdı. Qonaq qapını açanda ildırım vurmuş kimi yerindəcə donub qaldı. Çarpayılar qoşa-qoşa qoyulmuşdu. Hər bir çarpayıda hamilə qadın və 1 təqaüdçü kişi uzanmışdı.

-Bu nədir, doktor? – deyə sorusdu,- Burada heç havalandırma sistemi belə yoxdur.

Ənvər həkim əcaib görkəm aldı:

– Bizim binanın təmirə ehtiyacı var. Rayon mərkəzi hələ təmirə pul ayırmayıb. Ona görə də, hələlik bu vəziyyətdə qalmağa məcburuq. Bir də xəstələr qohumdurlar. Narahatlığa səbəb yoxdur.

Qonaq gəzintidən sonra qısa müşavirə keçirdi. Kənddən bir ovuc torpaq götürüb kəndə gəldiyi yolla geri qayıtdı.

Sizə kimdən danışım, Mənsurə xaladan. Bax əsl məzə buradadır.

Mənsurə xala qonağın getdiyindən əmin olduğundan sonra xəstəxanaya müayinə olunmaq üçün getdi. Onun belindəki ağrılar artıq dözülməz idi. Odur ki, o, asta yerişlə xəstəxanaya üz tutdu.

Xəstəxananın qapısının girəcəyinin yaxınlığındakı ağacın altında xəstəxana gözətçisi çay dəstgahı qurmuşdu. O, ağzındakı qəndi xartıldadaraq nəlbəkidəki çayı hovuraraq içir və sanki bundan həzz alırmış kimi gözlərini bağlayırdı.

Mənsurə xala ona yaxınlaşdı. Qısa söhbətdən sonra o, onu 4-cü otağa göndərdi.

Mənsurə xala ehmalca qapını açdı: – Gəlmək olar? Cavab gəlmədi. Mənsurə xala təkrar soruşdu:

-Gələ bilərəm, ay həkim qardaş? -Həkim görünür kağızda nə isə yazırdı. O, gözlərini qıyaraq məchul nöqtəyə zilləmiş və əlindəki qələmi göyə doğru uzatmışdı. O, əlini qadına doğru uzadıb stulda oturmasını işarə etdi: – Ala gözlər, yox, qara qaşlar, yox, məftun baxışlar… Eeh, düz gəlmir. Canımı aldı sənin yaşıl gözlərin. Yox, yox, … gəlmir. Düz gəlmir.

-Oğlum, – deyə bayaqdan onu səssizcə dinləyən Mənsurə xala dilləndi, Mənim belimdə kəskin ağrılar var…

– Mənim ilham pərimi qaçırdırsan. Xala, görürsən şeir yazıram, – deyə həkim donquldandı.

-Nəyi qaçırdıram?

-İlhamımı.
-Bala ilham kimdir?

-Kim yox, nə… Sözünü de. Nə istəyirsən?

-Bala belim – deyə sözüm yarımçıq qaldı.

-Xala, siz səhv gəlibsiniz. 5-ci otağa gedin – deyə o, gözünü kağızdan ayırmadan cavab verdi.

Mənsurə xala ufuldaya-ufuldaya otağı tərk etdi və 5-ci otağa getdi.

Növbəti otaqda həkim masanın üstünə çıxmışdı. O, yuxarıdan aşağıya doğru əcayib hərəkətlər edərək masanın üzərindəki insan bədəni çəkilmiş şəkilə baxırdı.

Mənsurə xala həkimin bu hərəkətinə mat-məətəl baxırdı.

-Bala, mənim… – deyə sözü ağzında yarımçıq qaldı.

-Bu dəqiqə, – deyə həkim masanın üstündən yerə endi. – Xahiş edirəm dilinizi bayıra çıxarın və ağzınızı geniş açın.

-Bala, mənim belim ağrayır, boğazım yox.

-Onda siz səhv gəlmişsiniz. Səkkizinci otağa gedin, – deyə həkim yenidən masanın üstünə çıxdı.

Mənsurə xala otağı tərk edib 8-ci otağa getdi. Qapını döydü və ehmalca qapını açdı. Bu otaqdakı həkim qadın idi. Onun qarşısında balaca dua kitabı var idi. O, oradan nə isə oxuyur, əlini üzünə çəkir və təsbeh sadalayırdı.

Mənsurə xala ona mane olmamaq üçün qapının yanındakı stulda əyləşdi. Bir neçə dəqiqə sonra onun hövsələsi tamam daraldı:

Bala, mane olmaq istəmirəm, amma artıq dayana bilmirəm…

-Allahu Əkbər! – deyə həkim ucadan səsləndi.

Nəhayət, bu dini mərasim başa çatdıqdan sonra həkim mülayim səslə soruşdu:

– Xala haran ağrayır?

-Belim, qızım. -Həkim onu müayinə etdi və ona bir neçə dərman yazıb yola saldı. Beləcə Mənsurə xala evinə getdi.

Aradan düz bir ay keçdi. Cəfər Salahlı öz kəndinə həm böyük məbləğdə pul yardımı etdi, həm də reanimatik xəstəxana otağı üçün germetik avadanlıq gön- dərdi.

O, baş həkimlə dəfələrlə telefon əlaqəsi saxladı və baş həkim ona artıq problem olmadığını və xəstəxananın təmir olunduğunu söylədi. Cəfərin sevincinin həddi-hüdudu yox idi. O, ata-babalarının doğma yurduna yardım edə bildiyi üçün çox qürrələnirdi. O, öz dost-tanışlarına öz vətəni haqqında ağızdolusu danışırdı.

Cəfər Salahlı yenidən öz doğma yurduna qayıtdı. Yenə o, kəndin girəcəyindən xəstəxanaya qədər məsafəni 1 saata qət etdi. Xəstəxana təmir olunmuş və yenilənmişdi. Cəfər xəbərsiz gəldiyi üçün xəstəxanada onu heç kim qarşılamadı. O, xəstəxanaya daxil oldu. Köhnə qapılar dəyişdirilməmiş, lakin yeni rəngə boyanmışdı. Cəfər qapıları bir-bir açıb otaqların vəziyyəti ilə maraqlanırdı. Birdən onun qarşısına baş həkim çıxdı. Ondan yenə kəskin spirt qoxusu gəlirdi. Əlində də dişlənmiş duzlu xiyar vardı:

– Ooh. Əziz dostum, xoş gəlib, səfa gətirmisən.

O, boş-boş əlaqəsiz sözlər danışırdı, amma Cəfər ona məhəl qoymadan palataları bir-bir gəzirdi. Vəziyyət elə də ürəkaçan deyildi. Düzdür, çox şey yenilənmişdi, lakin daha da əla ola bilərdi. Cəfər laboratoriyanın qapısını açanda gözünə inanmadı.

Otağın ortasında 2 tibb bacısı kuşetkanın üstündə uzanmış yarıçılpaq zəncini o üzə, bu üzə çevirərək böyüdücü şüşə ilə onun dərisində nə isə axtarırdılar.

-Nə axtarırsınız?

-QİÇS! – deyə tibb bacıları bir ağızdan dilləndilər.

-Nə? – deyə Cəfər təkrar soruşdu.

-QİÇS!

-Nə oldu tapa bildiniz? – deyə Cəfər ironik tərzlə soruşdu.

-Xeyr, axtarırıq, amma mütləq tapacayıq.

-Uğurlar olsun! – deyə Cəfər qapını örtdü.

Cəfər koridor boyu gəzişirdi. Birdən onun qulağına ucadan gülüş səsləri gəldi. O, bir anlıq çaş-baş qaldı. O, bir az irəli getdi və səslərin aşağıdan gəldiyini duydu. O, pillələrlə aşağı endi və dəhşətə gəldi. Qapının üzərində «Cinema Club» yazılmışdı. O, qapını açanda köhnə mənzərə ilə qarşılaşdı. Yenə hamilə qadınlarla təqaüdçü qoca kişilər yanaşı çarpayıda uzanmışdılar. Germetik avadanlıqlar divarın qarşısına düzülmüşdü. Divarda iri həcmli televizor var idi. Xəstələr çarpayıda uzanaraq hansı isə bir gülməli kinoya baxırdılar. Qəhqəhə səsləri otağı bürümüşdü.

Cəfərin başı döndü. O, huşunu itirdi. Gözlərini açanda o, çarpayıda uzanmışdı. Hamilə qadın onun üzünə su səpərək xəfif gülümsəyirdi…

Hekayəni yazan:

Məlahət Şükuhi Pur,
«Qızıl qələm» mükafatı laureatı

Filed in: BƏDİİ

Hələ şərh yoxdur

Şərh yazın