4:40 am - Şənbə İyul 22, 2017

Viktor Hüqonun Fantina obrazı haqqında düşüncələrim

Dahi fransız yazıçısı Viktor Hüqonun dünyaca məşhur “Səfillər” romanının əsas surətlərindən biri də ictimai zülmətin dibi görünməyən dərinliklərindən çıxan, adı “Sarışın” mənası kəsb edən Fantina obrazıdır. Monreyl-Sür-Mer şəhərində dünyaya gələn, ailəsini tanımaq xoşbəxtliyi nəsib olmayan, nə adı, nə də soyadı olan, sadəcə təsadüfi bir yolçunun çağırdığı adla adlandırılan Fantina erkən yaşlarından həyatın ən kəskin, ən sərt qayda-qanunları ilə üz-üzə gəlir. İctimai ədalətsizlik hökm sürən bir cəmiyyətin içərisində yaşamaq üçün çalışmağın zərurət olduğunu anlayan 10 yaşlı qızcığaz – Fantina doğulduğu şəhəri tərk edərək şəhər ətrafında bir fermerin evində qulluq etməyə başlayır. İctimai çətinliklər girdabından qurtulmağa çalışan, 15 yaşında ikən Parisə “səadət” axtarmağa gələn Fantinanın onsuz da xoş olmayan həyatının faciəli sonluğunun ssenarisini bu şəhər hazırlayır. Həyatda heç nəyi olmasa da, yazıçı onun iki cehizi (qızılı və mirvarisi) olduğunu qeyd edir. Qızılı başında, mirvarisi isə ağzında idi. Belə ki çox gözəl, abırlı, ismətli qız olan Fantinanın qızılı saçları və mirvari kimi parlaq ağ dişləri ona hədsiz gözəllik bəxş edirdi. O artıq gəncliyinin ən gözəl çağında, yəni 18 yaşında idi.

Fantina

Fantina

18 yaş. 18 yaş-insan həyatının elə bir dönəmidir ki,insan hər şeyi şüurlu olaraq dərk edib nəyin doğru,nəyin yanlış olduğunu müəyyən edə bilmir,yəni ürəyin,hissin gücü ağılın üzərində hökm edir və bunun nəticəsində də insan bəzi səhvlər buraxır, hansı ki o səhvlər həmin insanın gələcək həyatını tamamilə məhv edir. Bəzən insan bəzi səhvlərin acısını bütün ömrü boyu dadmalı olur. Və bu səhvin acı fəsadları onu hər bir yerdə, hər bir məkanda qarabaqara izləyir, ona rahatlıq və dinclik vermir və nəticədə insan tamamilə, yəni ruhən və cismən məhv olur.Fantina da ilk və son səhvini 18 yaşında parisli tələbə tuluzlu Feliks Tolomesə bəslədiyi məhəbbət sayəsində buraxır.Kübar cəmiyyətin üzvü olan Feliks Tolomes yaşca özündən çox kiçik olan gənc qızın qəlbini oğurlamaq üçün dünya malı ilə yetərincə onun gözünü qamaşdıra bilmişdi. Nəticədə Fantinanın məhəbbəti ilk məhəbbət, yeganə və sadiq məhəbbət olduğu halda, tuluzlu Tolomes üçün bu əyləncə və gənclik həvəsindən başqa bir şey deyildi. Fantina kimi uşaqlıqdan yalnız həyatın nahamar tərəfləri ilə qarşılaşan qızların səhv buraxmasında çox zaman böyük rolu olan yazıçı V.Hüqonun qeyd etdiyi kimi, yoxsulluq və nasazlıq oynayırdı.Yazıçı özü bu haqda belə yazır: ”Yoxsulluq və nasazlıq–pis məsləhətçilərdir: birisi deyinir,o birisi yaltaqlanır, yoxsul, lakin gözəl qızların qulağına hər ikisi nə isə pıçıldayır.Nəzarətsiz qəlblər bu səslərə qulaq asırlar.Nəticədə qızlar məhv olur, sonra da məhv olanlara daş atırlar. Günahsız və əlçatmaz olan şeylərin parıltısı ilə yazıqların gözünü qamaşdırırlar.”

Yüngül əxlaqlı bir qız kimi yaşayan, ilk məhəbbəti olan Tolomeslə əyləncələrdə şənlənən Fantinanın “sakitlik anlarında onun üzündə bir bəkarət ifadəsi olurdu: bəzən onda birdən-birə nə isə ciddi və demək olar ki, sərt bir ləyaqət görünürdü və bu üzdəki şənliyin sürətlə yox olaraq sakit aydınlığın birdən dərin fikirlərlə əvəz olunduğuna heyrət və həyəcansız baxmaq olmurdu.” Buradan da biz onun əslində göründüyü kimi yox,olduğu kimi, yəni ləyaqətli və ismətli biri olduğunu dərk etmiş oluruq.Hətta Tolomes əyləncələrin birində onu belə səciyyələndirmişdi:”O,xəyalpərvər, fikirli, dalğın və həssas bir qızdır. O,pəri şəklində bir xəyaldır, o yolunu azan və yüngül əxlaqlı bir qız kimi yaşayan, lakin xəyal aləmində təsəlli axtaran, nə gördüyünü, nə etdiyini düşünmədən oxuyan, dua edən və göyləri seyrə dalan bakir bir rahibə donuna girmişdir. O,nəzərlərini göylərə zilləmiş bir xəyaldır, o elə bir bağda gəzir ki,oradakı quşların sayı bütün həqiqi aləmdə olan quşların sayından qat-qat çoxdur”. Nitqinin sonunda isə o gerçək simasını bu sözlərlə göstərərək: ”Ey Fantina, bil ki, mən-Tolomes yalnız bir xəyalam. Lakin bu sarışın mələk məni heç dinləmir”, – demişdi.

Bəli, ilk və yeganə məhəbbətinin sehrilə xəyallar aləminə qapılan Fantina da ayıldıqda Tolomes artıq getmiş və o işlədiyi günahla baş-başa qalmışdı. Əsərdə də qeyd edildiyi kimi, ”Günah bir iş görmüş olsa da, həyalı və əxlaqlı idi”. Səhvini gec də olsa, anlayan Fantina artıq nə edə bilərdi??? Əlbəttə, heç nə. Bu bir illik əyləncə nəticəsində o, öz tikişçi işini arxa plana atdığından onun müştəriləri də dağılmışdı. Günahının meyvəsi olan qızı Efrazi, yəni Kozetta ilə təkbaşına qalan Fantina çətinliklərə sinə gərərək öz analıq ləyaqətini yerinə yetirirdi. Qızını təkbaşına böyüdən bu gənc ana bir çox çətinliklərdən keçməli oldu. Günlərlə ac qalan, lakin gecə-gündüz işləməkdən yorulmayan Fantina qızını yaxşı həyatla təmin etmək istəyirdi. Özü yemir, körpəsini yedirir, özü geymir körpəsini geydirirdi. Parisdə baş çıxara bilməyəcəyini görən Fantina öz doğulduğu şəhərə üz tutmağı qərara alır. Lakin cəmiyyətin həmişə öndə olan rəyinin bu günah işlətmiş qadını doğma şəhərində də rahat buraxmayacağını anlayan Fantina yolüstü Monfermeyldə dayanarkən Tenardye ailəsinin xoşbəxt ailə mənzərəsi bəxş edən görüntüsü ilə qarşılaşır. O, Kozettanı bu ailədə saxlatdırmaq və onun işləyərək hər bir ehtiyacını ödəmək qərarına gəlir. Qızının bu başdan 6 aylıq hər bir ehtiyacını qarşılayan ana göz yaşları içərisində ordan ayrılıb doğma şəhəri Monreyl-Sür-Merə gəlir. O, burda cənab Madlenin fabrikasında işə düzəlir. O fabrika, bildiyimiz kimi, ehtiyac üzündən ora üz tutan hər bir şəxsin üzünə açıq idi. Aylıq məvacibini müəyyənləşdirən Fantina hər ay söz verdiyi kimi qızı Kozettanı saxlatdırmaq xərcini Tenardye ailəsinə göndərir, özü üçün kirayə ev və bu evi təmin edəcək əşyalar kirayələyir. Lakin bu xoşbəxtlik çox çəkmir, cəmiyyətimizin içərisindən olan, özü üçün yaşamayıb, ancaq onun bunun haqqında gizli məlumat toplamaqla məşğul olan insanların nəzərindən Fantinanın fabrikada bir küncə çəkilərək qızı üçün gizli axıtdığı göz yaşları, əlindən düşməyən kağız parçası qaçmır. Madam Viktürnen gecəsini-gündüzünə qataraq arayıb-araşdırır. Fantina haqqında lazım olan hər şeyi öyrənir, amansızcasına cənab Madlenin adından istifadə edərək onu işdən azad edir. Həyatının daha məşəqqətli günləri məhz bundan sonra başlayan Fantina çətinliklər qarşısında sınmır, hətatdakı mübarizəsini davam etdirir. Ancaq doğru-dürüst qidalanmamaqdan günü-gündən zəifləyən və nəhayətdə ölümcül xəstəliyə tutulan Fantina özündə həyat gücünün azlığını hiss edir.

Lakin onu bütün bu çətinliklərlə dişi canavar kimi didişməyə vadar edən məhz qızı Kozettaya qovuşmaq arzusu olur. Fantina fədakar ana idi. O, Tenardyelərin qızı Kozettanın xəstəliyə tutulması barədə yazdıqları məktubdan çox sarsılır. Özünü oda-közə vuraraq etdiyi cəhdlərə baxmayaraq, harınlamış Tenardyelərin istəklərini tam mənası ilə qarşılamaq imkanından məhrum olduğunu görən Fantina ən dəyərli xəzinəsinə qızılı saçlarına əl atmalı olur. O, saçlarını kəsdirərək aldığı pulu Tenardyelərə göndərir.

Göndərir ki,təki qızı Kozetta bu xəstəlikdən qurtulsun.Ancaq heç bir vəchlə sakitləşmək istəməyən Tenardyelər hər gün bir yeni bəhanə ilə Fantinadan pul istəyir və ən pisi isə həqiqət olmadığı təqdirdə qızı Kozettanın səhhəti ilə onu hədələyirdilər. Fantina isə daha çox var gücü ilə çalışıb nə isə etmək istəsə də, bu onun imkanları xaricində idi.Axı işsiz və səhhətən zəif bir qadın nə edə bilərdi bu acımasız həyatda?! Və nəhayətdə, Fantina qızını qurtarmaq ümidilə ən dəhşətli ağrıya əl atır!!!! Ağrımayan, sağlam ilk iki qabaq dişini çıxartdırıb (hamımız bilirik ki, bu necə dəhşətli bir ağrıdır, dərmansız, iynəsiz sağlam dişi çıxartmaq!!!!) satmaqla, alınan pulu qızına göndərməklə o, öz aləmində qızını birdəfəlik bu yırtıcı xəstəlikdən qurtardığını zənn edirdi. Ancaq əslində isə əsl yırtıcılardan – Tenardyelərdən qurtulmaq isə çox mümkünsüz idi. Gündən – günə çox, daha çox artan Tenardyelərin bu pul hərislikləri nəhayətdə Fantinanı tamamilə məhv edir və o, qızı Kozettanı qurtarmaq naminə, ona qovuşmaq naminə olan pula ehtiyacı təmin etmək üçün əxlaqsızlar yuvasına yuvarlanır. Bununla da cismən və ruhən əzilən Fantinanın mənəvi ölümü baş verir. Düzdür, o sonralar cənab Madlenin sayəsində düşdüyü o girdabdan qurtulur, ancaq yenə də qızı Kozettaya qovuşa bilmir. Kozetta uğrunda çəkdiyi əzab-əziyyətlərə baxmayaraq, körpə yaşında onu Tenardyelərə tərk etdiyi vaxtdan sonra nə qədər çalışsa da, nə qədər ona qovuşmağa can atsa da, o, bu həyatı vaxtsız, vərəm xəstəliyindən burnunda övlad həsrəti tütərək dəyişir. Bununla da dahi Hüqonun dünyaca məşhur “Səfillər” romanında Fantina surətinin mövqeyi tamamlanır. Fantina surətinin insana təsir qüvvəsi isə bütün roman boyu qorunub qalır.

Biz 15 yaşında ikən şəhərə xoşbəxtlik axtarışına gələn gənc qızın faciəli sonluğunun şahidi olduq.Onun keçdiyi çətinliklərin, çəkdiyi əzab-əziyyətlərin şahidi olduq. O əsərdəki mövqeyinin sonuna yaxın əxlaqsızlar yuvasına yuvarlansa da, düşdüyü o çirkab, o mühit ona qarşı bizdə ikrah hissi doğurmadı, Fantina surəti gözümüzdən düşmək əvəzinə daha da yüksəldi. Düzdür, bu onun hərəkətinə haqq qazandırmaq demək deyil. Sadəcə bir fədakar ana kimi Fantinanın çarəsizliyi göz önündə idi. Bu əsərdə, əlbəttə, nə qədər günahkar olsa da, Fantinanın fədakarlığı alqışlanmalı,mühitin doğurduğu fəlakətlərsə qılınclanmalıdır. Onu məhv edən məhz yaşadığı cəmiyyət və o cəmiyyətin Madam Viktürnen kimi üzvləri oldu. Onun sayəsində Fantina o mühitə sürükləndi.

Həyatda səhvsiz insan yoxdur. Bəzən insanlar özləri günahkar olduğu halda, öz səhvlərini unudur, ancaq Fantina kimi digər insanların səhvini görüncə ona üstdən aşağı baxır və onun gələcək həyatını məhv edirlər, madam Viktürnen Fantinanın həyatını məhv etdiyi kimi…Nə isə. Ancaq burda yaxşı olardı ki, onun həyatını məhv etmək əvəzinə, ona yardım edib düz yolla yaşamağı öyrədəydilər, ona səhvini unutduraydılar və bir daha səhv etməsinə imkan verməyəydilər.

Fantina surətini təhlil etməkdə məqsəd məhz bugünkü həyatımızda nəzarətsiz qəlblərə sahib olan gənc qızlarımıza öyüd-nəsihət verməkdir.Ədəbiyyat bildiyimiz kimi həyat məktəbidir, tərbiyə obyektidir. Yaşadığımız müasir dövrdə bədii ədəbiyyata maraq nədənsə azalıb və gənclərimiz mütaliə etməkdən uzaqdırlar. Lakin bu böyük səhvdir. Bugün yaşadığımız cəmiyyətin içərisində Fantina kimi hər sözə inanan sadəlöhv qızlar minlərlədir. Üzümü həmin gənc qızlara tutub demək istəyirəm: “Qorunun insan gözünü dünya malı ilə qamaşdıran Feliks Tolomes kimilərdən. Oxuyun, öyrənin həyatda Fantina kimi bir səhvə görə bütün həyatı məhv olan insanları tanıyın! Saqının səhv buraxmaqdan, aldanmayın! Dünya malı dünyada qalacaq, öz gözəl, gələcək xoşbəxt həyatınızı məhv etməyin! Hər hansı bir addımı atmamış onu yüz dəfə-min dəfə fikirləşin. Qoy bu sizin gələcək həyatınızda Fantinanın həyatında şahidi olduğumuz kimi acı fəsadlar verməsin!”

Təranə Vəlİyeva,
Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Filed in: BƏDİİ, YAZILAR

1 şərh var: to “Viktor Hüqonun Fantina obrazı haqqında düşüncələrim”

  1. adil
    26 Mart 2016 at 21:27 #

    Bu elə bir əsərdirki ürəyi dəlib keçir və ürək həmişə yaralı qalır.

Şərh yazın