3:11 pm - Cümə axşamı Noyabr 24, 1864

AMEA-NIN ÜMUMİ YIĞINCAĞINDA PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ VƏ QARŞIMIZDA DURAN VƏZİFƏLƏR

Əsrimiz intellekt əsridir, möcüzələr əsridir. Bu dövrdə yaşayan adamlardan daha çox fikri fəallıq, dərin düşüncə, həyat hadisələrinə fəal müdaxilə tələb olunur. Ümumi inkişafla ayaqlaşma zərurətindən yaranan bu tələb başqa sahələrdə olduğu kimi, təhsil sahəsində çalışan insanların qarşısında da mühüm vəzifələr qoyur. Hər bir adamın təhsil illəri, xüsusi ilə orta ümumtəhsil illəri elmlərin əsasını öyrənmə, bir vətəndaş kimi formalaşma dövrüdür. Bu illərdə insan təkcə elmi bilik qazanmaqla məhdudlaşmır, eyni zamanda tərbiyə olunur, yaxşını yamandan seçir, ən əsası xalq, vətən, dövlət, dövlətçilik, xalqın amal uğrunda apardığı mübarizə yolu, yaranan adət-ənənənin mahiyyəti, milli-mənəvi dəyərlər və sair haqqında həyati məlumat əldə edir, bir sözlə, şəxsiyyət kimi formalaşır. Bu mühüm işdə ümumtəhsil müəssisələrinin üzərinə daha ciddi məsuliyyət düşür. Belə ki, xalqın ayrı-ayrı dövrlərdə yaratdığı ənənəni, mənəvi dəyərləri böyüməkdə olan nəsillərə ötürmək, əsasən məktəb illərinə təsadüf edir desək, səhv etmərik.

Xalqımızın keçdiyi mübarizə yolunun, elmi biliklərin böyüməkdə olan gənclərə çatdırılmasında ziyalıların-alimlərin əməyi – hər sahədə həyat hadisələrinin öyrənilməsi, təhlil edilərək ümumiləşdirilməsi və elmi nəticələr çıxarılmasında alim axtarışları mühüm rol oynayır. Təhsil sahəsində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olanlar da alimlərin özləri, yaxud da yetirmələridir.

Azərbaycan Respublikasının prezidenti hörmətli cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışında deyir:

“Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.”

Göründüyü kimi, hörmətli prezident cənab İlham Əliyev ölkəmizin ümumi inkişafında alimlərin elmi araşdırmalarından alınan nəticələrin mühüm əhəmiyyətə malik olduğunu qeyd edir. Cənab prezident sözünə davam edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin zənginliyini fəxarətlə qeyd edir və onun qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsini bir vəzifə kimi alimlər qarşısında qoyur.

Hörmətli prezident cənab İlham Əliyev deyir: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur.

Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik, Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da, narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusi ilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə öz ana dilini bilməlidirlər. Digər tərəfdən imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görmüşük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir.

Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bu zənginliyi qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim həmin sahədəki ən boyük nailiyyətimiz olacaqdır.”

Hörmətli prezidentimiz cənab İlham Əliyevin proqram məzmunlu bu çıxışı alimlərin, təhsil işçilərinin, eləcə də hər bir azərbaycanlı ziyalının qarşısına milli-mənəvi dəyərləri qorumaq, onlara hörmətlə yanaşmaq kimi mühüm vəzifə qoyur. Verilən iqtibasdan göründüyü kimi, cənab prezident alimlərin elmi araşdırmalarını yüksək qiymətləndirir. Araşdırma olmadan xalqın keçdiyi yol, ayrı-ayrı dövrlərdə yaranan və getdikcə milli-mənəvi dəyər kimi formalaşan adət-ənənə haqqında doğru-düzgün təsəvvürə malik olmaq mümkün deyil.

Əsrlər boyu Azərbaycan xalqının milli varlığının qorunub-saxlanmasında mədəniyyətimizin, incəsənətimizin, musiqimiz və s. bunların əsasında Azərbaycan dilinin dayandığı fikrinin dövlət rəhbərimiz tərəfindən qeyd olunması oxucunun qəlbini iftixar hissi ilə doldurur və bu sahədə daha böyük həvəslə işləməyə ruhlandırır. Hörmətli cənab prezident elm adamlarına özünün inamını ifadə edərək deyir: “… alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişafını sürətləndirirlər.”

Azərbaycan böyük imperiyalar tərkibində olduğu dövrlərdə də özünün varlığını, mənəvi dəyərlərini qoruyub saxladığını məmnunluqla deyən cənab prezidentimiz İlham Əliyev alimlərin gələcək elmi fəaliyyətlərinə istiqamət verərək qeyd edir: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialının səviyyəsi ilə bilavsitə bağlıdır. Hörmətli prezident alimlərə inamı ifadə etməklə yanaşı, müşahidə etdiyi, gələcəkdə mənəvi dəyərlərimizin qorunub sonrakı nəsillərə ötürülməsinə mane ola biləcək məsələləri də alimlərin nəzərinə çatdırır. Cənab prezident Azərbaycan dilinin saflığının qorunmasını bir vəzifə kimi qarşıya qoyur və həmin vəzifənin yerinə yetirilməsini bir tələb kimi irəli sürür: “Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”. Bu tələbdə ciddi bir uzaqgörənlik var. Belə ki, bəşəriyyətin inkişafı qloballaşma istiqamətindədir, bu prosesdə bəzi milli-mənəvi dəyərlərin əriyib sıradan çıxması qaçılmazdır. Buna məruz qalmamaq üçün əsrlər boyu xalqımızın yaratdığı mənəvi dəyərlər qorunaraq gələcək nəsillərə təhvil verilməlidir. Bu, dövlət siyasətimizin tərkib hissəsidir. Bu da aydındır ki, bütün sahələr üzrə yaranıb formalaşan milli dəyərlərimizin əsa.1sında Azərbaycan dili dayanır, əsrlər, illər keçdikcə nəsildən-nəslə bu dildə ötürülməli, qorunub saxlanılmalıdır. İndi bu məsuliyyətli, müqəddəs iş bizim-indiki nəslin, xüsusilə ziyalıların üzərinə düşür. Biz ana dilimizin – Azərbaycan dilinin saflığının, ahəngdarlığının keşiyində durub xarici təsirlərdən qorumalıyıq. Lakin AMEA-nın yığıncağında, haqlı olaraq deyildiyi kimi, bəzən dilimizə zərurət yaranmadan xarici təsir olur. Biz də bir azərbaycanlı olaraq dilimizdə xarici sözün qarşılığı varikən yad sözə müqavimət göstərmək əvəzinə, onun yayılmasına imkan veririk. Lakin “…buna imkan verilməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun.” Təəssüflər olsun ki, bəzən ehtiyac yaranmadıqda belə, danışıq zamanı yad kəlmələrin işlədilməsinə yol verilir. Məsələn, ana dilində keyfiyyət bildirən “yaxşı”, “çox yaxşı”, “lap yaxşı”, “əla”, “əliyül əla” sözləri olduğu halda, dilimizə yad ünsür kimi daxil olan “super”; “afərin”, “əhsən”, “sağ ol”, “bəyənilsin” kimi təqdiredici sözlər varkən, “bravo”; “görüntü”, “görmə bucağı” əvəzinə “rakurs”; “sərbəst yazı”, “müstəqil yazı”, “inşa” kimi işlək sözlərin əvəzinə, “esse”; dilimizdə hamının başa düşdüyü “dükan”, “mağaza” sözləri varikən “market”, “super market” kimi kəlmələr işlədilir. Əlbəttə, müxtəlif sahələr üzrə bəzi hallarda işlədilən belə sözlərin sayını artırmaq olar. Həm də belə sözlər əksəriyyət tərəfindən başa düşülmür. Təəssüf doğuran budur ki, belə kəlmələrin dilimizə daxil olmasına təşəbbüs göstərənlər ziyalı zümrəsinə daxil olan adamlardır. Elə təsəvvür yaranmasın ki, biz xarici dil bilməyin əleyhinəyik, onu qüsur hesab edirik, əksinə bu, hünərdir, ziyalını, şəxsiyyəti başqalarından fərqləndirən keyfiyyətdir, bir bacarıqdır. Tədqiqatlardan aydın olur ki, Mirzə Fətəli Axundzadə elmi-bədii yaradıcılıq nümunələrini əsasən öz ana dilində -Azərbaycan dilində yaratdığı halda, “A.S.Puşkinin ölümünə dair “Şərq poeması”nı fars dilində yazmış, özü rus dilinə tərcümə etmiş, gürcü dilini bilmişdir. Özbəkistanın Səmərqənd şəhərində yaşamış Səid Rza Əlizadə 14 dil bilmişdir. Yaxud, bizimlə bir əsrdə yaşamış yazıçı-publisist Mikayıl Rzaquluzadə Homerin “İliada” əsərini rus dilindən, Nizaminin “İskəndərnamə”sini fars dilindən Azərbaycan dilinə tərcümə etmiş, başqa hansı dildə yazmışsa, bildiyi digər dildən kəlmə işlətməmişlər. Bu, hünərdir, qibtə olunmalıdır, başucalığıdır.

Lakin nitqlə (yazılı, yaxud şifahi) mükalimədə varvarizmdən istifadə etmək- danışığa yad kəlmə daxil etmək nöqsandır, qəbuledilməzdir, dilin ahəngini korlamaqdır. Təəssüflə demək lazımdır ki, indi bəzi ziyalıların, televiziya əməkdaşlarının nitqində yad sözlərə əsas fikirlə bağlı olmayan, tamaşaçını (dinləyicini) yoran “belə deyək da”, “deməli belə” və s. kimi bir məna bildirməyən ifadələr tez-tez təkrar olunur, dinləyici belə sözləri dinləməkdən bezir, eşitmək istəmir. Bunlar onu göstərir ki, danışan dinləyiciyə (tamaşaçıya) çatdırmaq istədiyi fikri ifadə edən münasib söz tapmaqda çətinlik çəkir. Yaxud da, çox işlək olan Azərbaycan sözləri dügün tələffüz olunmur. Məsələn, “fəhlə” sözü “fəhləçilik”, “narahatlıq” sözü “narahatçılıq” şəklində deyilir, tələffüz edilir.

Hörmətli prezident cənab İlham Əliyevin “Biz Azərbaycan dilinin saflığını təmin etməliyik” tələbi alimlərin, xüsusilə təhsil sahəsində çalışan metodist alimlərin və müəllimlərin üzərində ciddi məsuliyyət olduğunu xatırladır. Onu da etiraf edək ki, bu məsuliyyətdə biz pedaqoqların payı daha çoxdur. Belə ki, dilə- ana dilinə sevgi əsasən məktəbdə yaradılır.

Müxtəlif məzmunlu mənbələrdən alınan informasiyalardan belə nəticəyə gəlinir ki,ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi dövrün tələblərinə tam cavab vermir. Bunun səbəbləri haqqında düşündükdə aşağıdakıları demək lazım gəlir:

– 1. Ümumi təhsil məktəblərinin tədris planında Azərbaycan dilinin tədrisinə ayrılan saatların miqdarına yenidən nəzər salmaq lazımdır. Sovet hakimiyyəti dövründə hansı fənnin, məsələn, rus dilinin tədrisinə verilən saatın (vaxtın) miqdarını artırmaq tələb olunduqda, Azərbaycan dili və ədəbiyyatın tədrisinə ayrılan vaxtdan kəsib rus dilinə verilən vaxta əlavə etmişlər. Fikir aydınlığı üçün kiçik bir müqayisə aparmaq olar: 1938-ci ildə nəşr olunmuş “Orta məktəb proqramı (Azərbaycan dili) V sinifdə birinci yarımillik 97 saat, ikinci yarımillik 103 saat-cəmi 200 saat olduğu halda, hazırda V sinifdə 160 saat vaxt nəzərdə tutulur. Fərq aydındır, bu azalmanın tədrisin keyfiyyətinə mənfi təsir göstərməsini təsəvvür etmək çətin deyil. Sovet dövründə Azərbaycan dilinin tədrisinə ayrılan vaxtın tədricən azalması ona qarşı az da olsa, laqeyd münasibətin yaratması dil materialları, xüsusilə nitq inkişafı üzərində çalışmaların azalmasına, hətta aradan qalxmasına səbəb oldu. Bu laqeyd münasibət aradan qaldırılmalı, şagirdlər dilıimizin xüsusiyyətləri üzərində praktik işlədilməli, onların lüğət ehtiyatı zənginləşdirilməlidir.

2. Danışıqda varvarizmə meyl-nitqə- başqa dilə məxsus olan tək-tək kəlmələrə müraciət etmək biliyin çoxluğundan deyil, ana dilini yaxşı bilməməkdən yaranır. Bu da bədii ədəbiyyatı mütaliə etməməkdən irəli gəlir. Son zamanlar hamı, bütün mətbuat orqanları adamların, xüsusilə məktəblilərin mütaliələrinin zəifliyindən, əlavə kitab oxumamalarından danışırlar. Əlbəttə, narazılıq edənlər haqlıdırlar. Mütaliə olmadan sərbəst düşüncədən, fikir aydınlığından, gözəl nitqdən danışmaq çətindir.

İnsanlarda bu keyfiyyətlərin inkişafına təkan verən, qüvvətli təsir göstərən bədii ədəbiyyatdır. Xalqımızın əsrlər boyu əldə etdiyi bütün nailiyyətlər sözlə ifadəsini bədii ədəbiyyatda tapır. Ədəbiyyatımızın qədim tarixə malik olması dilimizin zənginliyindən, ahəngdarlığından xəbər verən amildir. Təmiz, gözəl danışığa sahib olmaq isə ardıcıl mütaliə tələb edir. Təəssüflə demək lazım gəlir ki, məktəblilərin mütaliəsi zəifdir. Təhsil naziri hörmətli cənab Mikayıl Cabbarovun 16 dekabr 2014-cü il tarixli əmrində deyilir: “… son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləmişdir. Bununla əlaqədar şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.”

Hörmətli nazirin əmrində qeyd və tələb edilir ki, təcrübədə sınaqdan çıxmış ənənə bərpa edilməlidir.

Əlbəttə, hər sahədə olduğu kimi, təhsil sahəsində uzun illər boyu yaranmış yaxşı ənənə formalaşmışdır.

Uzun illərin elmi-pedaqoji təcrübəsinə əsasən deyirik: bəli, belə ənənə-kitab oxumaq, aramsız mütaliə etmək ənənəsi var idi. Tədris materiallarından əlavə, kitab oxumağa, mütaliə etməyə əvvəlki onilliklərdə olan maraq indiki məktəblilərdə yoxdur. Doğrudur, lazım olan informasiyanı kompyuter vasitəsi ilə əldə edirlər. Onu da deyək ki, kompyuter çox böyük imkanlara malikdir, ondan istifadə etmək həyati zərurətdir, özü də bir bacarıqdır, təqdirəlayiqdir, lakin kompyuterdən istifadə kitabı oxumağa-mtaliəyə mane olmamalıdır. Təcrübə göstərir ki, kompyuterdən istifadə şagirdlərin nitqinin inkişafına təkan vermir, ona xidmət etmir. Bu baxımdan bədii ədəbiyyatın, mütaliənin əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir. Belə ki, dilin zənginliyi, söz çalarları, nitqin əlvanlığı öz ifadəsini bədii əsərdə tapır. Ona görə də kompyuterə aludə olub, mütaliəni nəzərdən qaçırmaq yolverilməzdir. Bir daha təkrar edirik ki, dilin zənginliyini başa düşüb mənimsəmək, nitqdə hər sözdən yerli-yerində, ifadə olunan fikrin məzmununa uyğun istifadə üçün mütaliə lazımdır. Belə olduqda, nitq gözəlləşər, saflaşar, dinləyicinin diqqətini cəlb edər.

Deyilənlərdən aydın olur ki, ayrı-ayrı sahələrdə çalışan bəzi ziyalıların nitqində müəyyən qüsurlar nəzərə çarpır. Bu da onu göstərir ki, son illərdə ümumtəhsil məktəblərində Azərbaycan dili fənninin tədrisində, onun təlimində bəzi cəhətlərə lazımi qədər diqqət verilmir. Azərbaycan dilinin ümumtəhsil məktəbində tədrisi keyfiyyətinin yüksəldilməsi zamanın tələbidir. Bu tələbin ödənilməsi üçün AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağındakı hörmətli Prezidentimiz cənab İlham Əliyevin nitqi qarşıya çox mühüm vəzifə qoyur.

Əlbəttə, Azərbaycan dilinin nəzəri-elmi xüsusiyyətləri dilçi-filoloq alimlər tərəfindən işlənmiş, işlənir və işlənəcəkdir. Onun məktəbdə öyrədilməsi dilçi metodist alimlərin və müəllimlərin şərəfli işidir.

Cənab prezident İlham Əliyev Azərbaycan dilinin gözəlliyinin qorunmasına qayğı göstərərək qazrşımıza “…Biz əsrlər boyu dili -mizi qorumuşuq. Bu gün də qorumalııyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik…” kimi vəzifə qoyur. Bu vəzifənin yerinə yetirilməsi hər bir azərbaycanlı ziyalı üçün şərəf işidir.
Ümumtəhsil pilləsində ən azı aşağıdakılar diqqət mərkəzində saxlanılmalıdır:

– Azərbaycan dili dərslikləri keyfiyyətcə yaxşılaşdırılmalı, sözlərin düzgün tələffüzü, vurğunun, fasilənin yaxşı nitq üçün əsas olduğu şagirdlərin hafizəsində möhkəmləndirilməlidir. Bu işdə müəllimlərə istiqamət verən metodik əsərlər yazılmalıdır;

– Azərbaycan dilinin zənginliyi barədə aydın təsəvvür yaratmaq və şagirdlərin hafizəsində möhkəmləndirmək məqsədilə onlar dilimizə zənginlik gətirən söz çalarları yazılış etibarilə müxtəlif olan eyni mənanı verən sinonimlər, yazılışı eyni olan, lakin müxtəlif mənada işlənən (omonimlər) və digər vahidlər üzərində ardıcıl işlədilməli, nəzərdə tutulan fikri ifadə etmək üçün həmin sözlərdən məqsədəmüvafiq söz seçilməsinin əhəmiyyəti anladılmalıdır;

– Nitqdə danışıqdan aydın müşahidə olunan nöqsanların bir qismi orfoepiya qaydalarını yaxşı bilməməkdən irəli gəlir. Azərbaycan dilində orfoepiyanın xüsusiyyətlərinin öyrədilməsinə dair sanballı metodik vəsaitin hazırlanmasına zəruri ehtiyac duyulur;

– Şagirdlərin mütaliə mədəniyyətinin yüksəldilməsi günümüzün ən aktual problemlərindəndir. Mütaliəyə marağın artırılmasının psixologiyası metodik baxımdan tədqiq olunmalıdır. Mütaliəsiz gözəl nitqdən danışmaq çətindir. Aydın danışıq, cəlbedici nitq, dil zənginliyi, söz ehtiyatı onun çalarları ilə bağlıdır, bu isə ardıcıl mütaliə tələb edir.

Biz ümumtəhsil məktəblərində dilimizin – Azərbaycan dilinin xüsusiyyətlərini, ahəngdarlığını mənimsətməklə, onlarda gözəl nitq vərdişi yaratmalıyıq və dilimizin zənginliyini gələcək nəsillərə təhvil verməliyik. Bu, dövlətimizin və dövlət başçımız cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığı”nın qorunmasına qayğısı və tələbidir.

Şəmistan Mİkayılov,
TPİ-nin elmi məsləhətçisi,
pedaqogika üzrə elmlər doktoru,
professor, prezident təqaüdçüsü

Asya Bəkİrova,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Filed in: ARAŞDIRMA

Hələ şərh yoxdur

Şərh yazın