7:50 pm - Bazar Noyabr 19, 2017

“Azərbaycan ədəbiyyatı tarixi ” dərsliyi və ya orta əsrlər Azərbaycan ədəbiyyatı tarixinin istedadlı tədqiqatçısı professor Yaqub Babayev

“Ey oğul! Bütün dünyanı elmlə, gözəlliklə dolu kuzə bil…”

M. C. Rumi

Fərrux Rüstəmov, ADPU-nun Pedaqoji fakültəsinin dekanı, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor

Fərrux Rüstəmov,
ADPU-nun Pedaqoji fakültəsinin dekanı, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor

Son dövrlərdə ədəbi-mədəni mühitimizdə müxtəlif istiqamətli araşdırmaların, təhlillərin bolluğu ilə qarşılaşırıq. Bu, müsbət haldır və həm ədəbiyyatımızın, həm də ədəbiyyatşünaslığımızın boy artımına xidmət edən uğurlu tendensiyadır. Müasir ədəbi mühit bütün müstəvilərdə rəngarəngliklə, düşüncə tipləri, imza müxtəliflikləri ilə maraq doğurmaqdadır. Poeziyada, nəsrdə, dramaturgiyada, publisistikada olan canlanma Azərbaycanın müstəqilliyindən sonarkı dövrdə mərhələ səciyyəsi ilə seçilir və daha çox milli düşüncəyə, etnos təsəvvürlərinin, genetik yaddaşın açılışına hesablanır. Klassik ədəbiyyatın öyrənilməsi, bu yönümdə təhlillərin aparılması həmin zənginlikdə ayrıca bir istiqamətdir. Həm də digər sahələrdən, dövrlərdən fərqli olaraq ağır və böyük zəhmət, məsuliyyət tələb edən istiqamətdir. Məhz bu səbəblərə görə də, klassik ədəbiyyatın öyrənilməsi, bu sahədə monoqrafik araşdırmaların aparılması sahəsində bir qədər kasadlıq nəzərə çarpır. Ancaq onu da etiraf edək ki, klassik ədəbiyyatımızın, ərəbdilli, farsdilli Azərbaycan poeziyasının öyrənilməsi istiqamətində olduqca ciddi və əhəmiyyətli işlər görülmüşdür və bu gün də görülməkdədir. Görülən işlərin məsuliyyəti, xidmətin şərəflə aparılması xətti sevindiricidir. Bizlərdən əvvəlki nəslin elm və qələm sahibləri gediləcək yolu müəyyənləşdiriblər. Bu istiqamətdə lazım olan ənənəni və elmi məktəbi yaradıblar. Bu gün də ədəbi-mədəni mühitdə həmin ənənənin lazımi qədər uğurlu nümayəndələri və nümunələri görünməkdədir. Anadilli poeziyanın orta əsrlər mərhələsinin tədqiqatları da bura daxildir.

Orta əsrlər Azərbaycan ədəbiyyatının istedadlı tədqiqatçısı, ədəbi-mədəni sferada lazımı qədər ciddi və orijinal söz sahibi, filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayevin elmi yaradıcılığı məhz bu baxımdan daha çox maraq doğurur. Alimin “Pedaqoji mühit və uşaq ədəbiyyatı” (Məmməd Məmmədov, Təyyar Cavadovla birlikdə, 1992), “Təriqət ədəbiyyatı: sufizm, hürufizm” (2011), “Anadilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII-XIV əsrlər)” (2008), “XIII-XIV əsrlər anadilli lirik şeirimizin inkişaf yolu” (2009) və s. kimi elmi kitabları onun ədəbiyyatşünaslığımızda yerini və nə qədər gərəkli işlər gördüyünü təsəvvür etməyə əsas verir.

Azərbaycanın müstəqilliyindən sonra ədəbi-mədəni və elmi mühitdə bir kitab bolluğu hökm sürməkdədir. Bu müsbət haldır, ancaq onun doğurduğu mənfi fəsadlar, kitab yazmanın məsuliyyəti və necə gəldi kitab xatirinə kitab çıxarmaq tendensiyası bir qədər narahatlıqlar doğurur. Ədəbi tənqidin loyallığından, öz funksiyasını lazımi qədər yerinə yetirə bilməməsindən doğan bir məyusluq da hökm sürməkdədir.

ədənsə elə bir dövrə gəlib çıxmışıq ki, ədəbi tənqid hətta lazımi qədər gərəkli olanın, uğurlu araşdırmaların nümunəsinə çevrilən kitabların da dəyərini verməkdə gözləmə mövqeyi tutur. Təhlillərin böyük bir qismi şəxsi meyarlara, subyektiv münasibət səviyyəsinə dayanır. Ona görə də, biz bir sıra məsələlərdə, elmi-nəzəri fikrin irəliyə doğru hərəkətində və yüksəlişində bir qədər gecikirik. Klassik ədəbiyyatın öyrənilməsində də bu hallar müşahidə olunur. Ancaq sevindirici odur ki, fərqli tendensiyalara baxmayaraq, ədəbiyyata lazımi qədər ciddi, məsuliyyətlə yanaşan, hər sözün, cümlənin, fikrin qədrini bilən, onun keşiyində dayanan cəfakeş bir nəsil də formalaşmaqdadır. Və hətta mən deyərdim ki, formalaşmışdır. Ədəbiyyatşünaslıq elmimizin mövcud ağırlıq mərkəzi onların üzərindədir. Yaqub Babayev də məhz belə alimlərimizdəndir. Onun son dövrlərdə çıxan “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” (Bakı, Elm və təhsil, 2014) dərsliyi bunun parlaq nümunəsidir. Deyəcəklərim də məhz daha çox bu dərsliklə bağlıdır.

Son dövrlərdə ən çox mübahisə, söz-söhbət predmeti olan dərsliklərdir. Orta məktəb dərslikləri üzərində gedən mübahisələr, mətbuat səhifələrində, televiziya ekranlarında, internet saytlarında gedən yazışmalar, fikir ayrılıqları buna nümunədir. Bunun da köklü, narazılıqlara gətirib çıxaran ciddi səbəbləri və tərəfləri vardır. Bu fikir ayrılıqları, mübahisələr, heç şübhəsiz ki, özlüyündə məsuliyyəti artırır. Daha yaxşı olanı, dərsliyin prinsiplərinə cavab verən kitabların yazılmasını aktuallaşdırır. Burada həm obyektiv, həm də subyektiv səbəblər və meyillər də özünü büruzə verə bilər. Bu səbəb və meyillərin mövcudluğunu da danmaq mümkün deyil. Ancaq bütün bunlara baxmayaraq dərslik yazmağın məsuliyyəti və gərəklilik səviyyəsi daha böyükdür. Dərslik yazmaq iddiasına düşən hər bir kəs ilk öncə bunları nəzərə almalıdır.

Bilməlidir ki, dərslik həm elmi, həm də pedaqoji problemdir. Onun uğurlu alınması müəllifin həm elmi, həm də pedaqoji-psixoloji hazırlığından asılıdır. Elmi tutumla yanaşı dərsliyin hansı auditoriyaya hesablandığının, ondan istifadə edənlərin yaş və fərdi xüsusiyyətlərinin, dərsliyin funksiyalarının və onun tərtibinə verilən pedaqoji-psixoloji, valeoloji tələblərin nəzərə alınması onun uzunömürlüyünü təmin edən əsas şərtlərdəndir. Dərsliyə daxil edilən hər bir bədii nümunə, mətləb, oçerk yüz ölçülüb, bir biçilməlidir.Həmin mətnin tələbələrdə hansı kompetensiyanı formalaşdıra biləcəyi öncədən bilinməlidir.

Yaqub Babayevin pedaqoji təhsilli olması, pedaqogika və psixologiyanı yaxşı bilməsi, pedaqoji mətbuatımızı və klassik məktəb dərsliklərimizi dərindən araşdırması onun dərslik yazmaq kimi çox çətin və məsuliyyətli bir işdə uğur qazanmasının başlıca səbəblərindən olmuşdur. Doğrudur, bizim klassik ədəbiyyatla bağlı dərslik yaratmaq ənənəmiz olubdur. Sırf ədəbiyyata, xalqımızın övladlarının maariflənməsinə xidmət edən dərsliklərimiz vardır. Prof. Yaqub Babayevin də dərsliyi məhz bu ənənəyə əsaslanaraq yazılmışdır.

Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixinin ən zəngin, həm də kifayət qədər orijinallıqlarla dolu olan məxsusi bir mərhələsidir. Bu mərhələdə bir-birindən böyük, istedadlı sənətkarlarımız olmuş və onlar bütün varlıqları ilə ədəbiyyata xidmət etmişlər. S.Z.Şirvani, H.Təbrizi, N.Tusi, M.Şəbustəri, İ.Həsənoğlu, M.Əvhədi, Ə.Təbrizi, F.Nəimi, İ.Nəsimi, A.Ərdəbili, Q.Bürhanəddin, Bəsiri, Süruri, Fəzli, B.Şirvani, Ş.Q.Ənvar, M.C.Həqiqi, Xəlili, Kişvəri, H.İsfahani, Ş.İ.Xətai, M.Füzuli, Fədai, M.Əmani, S.Təbrizi, Q.Təbrizi, N.Şirvani, Ş.Şirvani, M.Şirvani, M.V.Vidadi, M.P.Vaqif və s. sənətkarlar öz zamanında ədəbiyyata şərəflə xidmət etmiş, layiqli töhfələr vermişlər. Müasir ədəbiyyatımız məhz bu böyük sənətkarların ideallarına, amallarına xidmət etməklə həmin zənginliyi yaşatmaq, gələcəyə daşımaq yolunu tutmuşdur. Bu özlüyündə ən vacib, həm də alqışlanmalı məsələdir. İstedadlı ədəbiyyatşünas alimi- miz Yaqub Babayev məhz bu böyük simaların həyat və yaradıcılıqlarını öyrən məklə, həm də onların müqəddəs amallarını geniş elmi, pedaqoji ictimaiyyətə tanıtmaq missiyasını yerinə yetirir. O, eyni zaman- da ədəbi ictimaiyyə- timizə, geniş oxucu kütləsinə vaxtaşırı onlarla bağlı araşdır-malarını, təhlil-oçerk-lərini, elmi məqalə- lərini təqdim edir. Mətbuat səhifələrində bir-birindən maraqlı yazılarla çıxış edir. Yuxarıda adını çəkdiyimiz monoqrafiyalar uzun illərin araşdırmasının, zəngin və çoxsaylı materialların izlənilməsinin nəticəsidir.

Azərbaycan xalqının ictimai, siyasi, mədəni həyatında orta əsrlər ziddiyyətlər, feodal çəkişmələri, müharibələr, xarici və daxili gərginliklərlə dolu olan keşməkeşli bir dövrdür. Bu mərhələdə tiranlığın, fironluğun meydan suladığı da tarixin daş yaddaşından silinməmişdir. Belə bir zamanda bütün ziddiyyətlərə, gərginliklərə, qılınc toqquşmalarına cavab verəcək, onun qarşısında duruş gətirəcək ədəbiyyat vardır. Poeziya həmin mərhələdə bütün qələbələrin, milli yaddaşı qorumağın, etnos varlığının mühafizəsinin və gələcəyə gedişin, qurtuluşun enerji qaynağı idi. Həmin böyük sənətkarlar öz qələmlərinə sarılmaqla bir növ ideallarına sədaqət göstərmiş, geniş kütləni arxasınca aparmaq, milli etnos yaddaşına, milli mənsubluğa sahiblik missiyasını yerinə yetirmişlər. Bir növ öz əsərləri ilə şahlardan, tiranlardan fərqli olaraq xalqın həqiqi tarixini yazmışlar. Ona görə də, klassiklərin yaradıcılığı milliliyin, mənəvi-əxlaqi dəyərlərin, genetik yaddaşın qorunuşu müstəvisində əvəzsiz mənbədir. Ədəbiyyatşünas Yaqub Babayev də öz mülahizələrini təkcə mətn müstəvisində poetik nitq aktları, janr tipləri kontekstində qurmur. Geniş ümumiləşdirmələr aparır, dövrün xülasəsini verməklə sənətkar və mühit məsələlərinə də diqqət yetirir.

Ümumiyyətlə, XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının ağırlıq mərkəzini özündə ehtiva edən ciddi bir mərhələdir. Burada İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, S.Təbrizi, M.V.Vidadi, M.P.Vaqif kimi nəhənglər vardır. Onu da əlavə edək ki, bu sənətkarlar təkcə Azərbaycan ədəbiyyatı çərçivəsində deyil, dünya ədəbiyyatı sferasında tanına bilən nəhəng ədəbi simalardır. Onların auditoriyada sistemli şəkildə tələbələrə öyrədilməsi, mühit səviyyəsində tipoloji araşdırmalarla təhlil olunmaları ən ümdə məsələlərdir.

Müasir dövr üçün başlıca və birinci dərəcəli məsələ obyektiv qiymətləndirmələrin aparılmasıdır. Son illərin ədəbi mühiti, demokratiya təsəvvürləri bəzən sərhədlərin açılmasını, əndazələrin pozulmasını ortaya qoyur. Fakta, bədii nümunəyə, tarixi prosesə tendensiyalı, iddialı yanaşmalar çoxluq təşkil edir. Bu, ədəbiyyat adamlarına, sözün həqiqi mənasında ədəbiyyatla yaşayanlara, Yaqub Babayev kimi ciddi tədqiqatçılara aid edilə bilməz. Bir də müasir mühitdə bu sənətkarların sahibi olmadığı üçün daha məqsədli tendensiyalara, münasibətli yanaşmalara yer qalmır.Təəssüf ki, son dövrün orta məktəb dərsliklərində şedevrlərin, klassiklərin sıxışdırılması, bəzi təsadüfi ədəbi şəxsiyyətlərin dərsliklərə salınması hadisəsi özünü göstərməkdədir.

Bu qorxulu, həm də təəssüflənməli tendensiyadır. Azərbaycan balalarına gərəkli olanı öyrətmək lazımdır. Bütün münasibətlərdən ucada xalq, milli mənafe, klassika dayanır. Məhz bu baxımdan Yaqub Babayevin dərsliyi son onilliklərin dərslikləri arasında ən uğurlu nümunədir.

Azərbaycan ədəbiyyatı müstəvisində dərslik yazmanın H.Araslı, F.Qasımzadə, P.Əfəndiyev, Ə.Səfərli, X.Yusifli, M.Cəlal, F.Hüseynov, P.Xəlilov, A.Hacıyev və s. kimi ədəbiyyatşünaslara məxsus ənənəsi vardır.

Təkcə bir nümunəni misal çəkək ki, prof. P.Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyi 45 ildir ki, tələbələrin, müəllimlərin stolüstü kitabıdır. Son dövrlərdə “Azərbaycan şifahi xalq ədəbiyyatı” adında bir neçə dərslik yazılmışdır. Lakin onların heç birisi auditoriyada özünə yer tapa bilməmişdir. Dərslik yazmaq iddiasında olan kəs gərək auditoriyanı və predmeti kifayət qədər bilsin. Nəyi və necə deməyi yaxşı anlasın.

Ədəbiyyatşünas Yaqub Babayev orta əsrlər ədəbiyyatının tədqiqatçısıdır. Mənbələrə, faktlara, sənətkarların həyat yoluna lazımı qədər bələddir. Ədəbi sferada orta əsrlərin layiqli mütəxəssisi, o dövrün həqiqi söz sahibi kimi tanınmışdır. “Təriqət ədəbiyyatı: sufizm, hürufizm”, “Anadilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII-XIV əsrlər)”, “XIII-XIV əsrlər anadilli lirik şeirimizin inkişaf yolu” monoqrafiyaları klassik ədəbiyyatımızın tədqiqinə həsr olunmuş monumental tədqiqat əsərləridir. Bu kitabların hər birisi özlüyündə ciddi araşdırmaların, uzunmüddətli zəhmətin, mənbələri diqqətlə öyrənməyin nəticəsidir.

Məlum olduğu kimi, orta əsrlər Azərbaycan ədəbiyyatının mahiyyətində özül təşkil edəcək qaynaqlar və istiqamətlər vardır. Bunlardan biri və bəlkə də, birincisi ədəbiyyatda boy göstərən təriqət ideyalarıdır. Bir növ milli düşüncənin, mənəvi zənginliyin hadisəsi kimi böyük sənətkarlar təriqət ideyaları ilə xalqın, etnosun mənəvi dəyərlərini zənginləşdirmək, qoruyub gələcək nəsillərə çatdırmaq yolunu tutublar.

Ədəbiyyat, daha doğrusu, orta əsrlərin poeziyası özlüyündə bu missiyanın, amalın daşıyıcısı funksiyasında çıxış etmişdir. Z.Şirvani, H.Təbrizi, N.Tusi, M.Şəbustəri, İ.Həsənoğlu, M.Əvhədi, Ə.Təbrizi, F.Nəimi, İ.Nəsimi, A.Ərdəbili, Q.Bürhanəddin, Bəsiri, Süruri, Fəzli, B.Şirvani, Ş.Q.Ənvar, M.C.Həqiqi, Xəlili, Kişvəri, H.İsfahani, Ş.İ.Xətai, M.Füzuli və digərlərinin yaradıcılığı bunun bariz nümunəsidir. Bu sənətkarlar təkcə Azərbaycan ədəbi məkanında tanınmış ədəbi şəxsiyyətlər deyillər. Bütünlükdə Şərq və dünya ədəbiyyatı xəzinəsinə öz töhfələrini vermiş, adlarını böyük ədəbiyyata yazdırmış simalardır. Yaqub Babayevin müasir ədəbi-nəzəri düşüncənin prinsipləri əsasında apardığı təhlillər özünün funksional xarakteri, filoloji təhlil mexanizmi ilə yeni və maraqlı görünür.

Bir məsələni xüsusi olaraq vurğulayaq ki, ədəbiyyatşünas alim, prof.Yaqub Babayev Azərbaycan ədəbi-nəzəri fikrinin görkəmli nümayəndəsi prof.Məmməd Məmmədov elmi məktəbinin yetirməsidir. Ondakı bir sıra keyfiyyətlər, ciddilik, məsuliyyət, hadisə və faktların dəqiqliklə öyrənilməsi, sinxron və diaxron müstəvidə ən kiçik məsələləri izləyib mahiyyətinə varmaq və s. hamısı həmin məktəbdən irəli gəlir. Onun elmə məhz ilk addımlarını görkəmli ədəbiyyatşünas Məmməd Məmmədovun rəhbərliyi ilə atması sonrakı dövrlərdə öz töhfələrini verdi. Elmi və pedaqoji fəaliyyəti ciddilik, xeyirxahlıq və məsuliyyət üzərində qurulmuşdur. Məhz bu günlərdə nəşr olunan möhtəşəm “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər” dərsliyi də bunun bariz nümunəsidir. Yeri gəlmişkən bir məsələni də qeyd edək ki, aspirant yoldaşım Yaqub Babayev zəngin, şərəfli, həm də olduqca maraqlı ömür yolu keçmişdir. O, 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində anadan olmuş və həmin kənddə səkkizillik məktəbi bitirmişdir. Böyük Qarabulaq (indiki Miskinli) kəndində orta təhsil almışdır. Gəncə Dövlət Universitetində ali təhsilə yiyələnmışdır. 1985-1988-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında oxumuşdur. Elə sonrakı həyatı da Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olmuşdur. Və indi də orada fəaliyyət göstərir. Filologiya üzrə elmlər doktoru, professordur. İlk tədqiqatı XX əsr uşaq nəsri ilə bağlıdır. Bu xarakter və keyfiyyətlərin formalaşmasında onun boya-başa çatdığı Gədəbəyin əsrarəngiz təbiəti, dağların əzəməti, füsunkar gözəllikləri, heç şübhəsiz ki, müstəsna rol oynamışdır.

Ədəbiyyatşünas alim, prof.Yaqub Babayevin yazdığı dərsliyin kifayət qədər uğurlu keyfiyyətləri vardır.

Onu da etiraf edək ki, bu dərslik yoxdan yaranmamışdır. Yaqub Babayevə qədər görkəmli ədəbiyyatşünas alimlər Ə.Səfərli və X.Yusifli tərəfindən “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” adlı dərslik yazılmışdır. Bu gün də bu dərslik auditoriyalarda istifadə olunmaqdadır. Belə olan tərzdə Yaqub Babayevin XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatına aid dərslik yazması xeyli çətin idi. İlk anda belə təsəvvür yaranırdı ki, Yaqub Babayev burada təsirə, təkrarçılığa qapılacaqdır. Ancaq müəllifin auditoriyanı dərindən bilməsi, özünə qədərkilərdə nələrin çatışmadığnı həssas duyumla fəhm etməsi onu uğurlu bir dərslik yazmağa gətirib çıxarmışdır. Söhbətlərimizdə, mətbuat səhifələrində çıxan yazılarında da bu araşdırmaların son olaraq dərsliyə gəlib çıxacağını düşünürdüm. Təxminən keçən əsrin doxsanıncı illərindən mənbələri, arxiv materiallarını, yeni yazılan məqalə və monoqrafiyaları izləyən Yaqub müəllim auditoriya üçün zəruri olan faktların, şəxsiyyətlərin ədəbi və elmi-ictimai mühitə çatdırılması sahəsində də araşdırmalar aparırdı. Onun müxtəlif illərdə mətbuat orqanlarında çıxan məqalələri, portret oçerkləri, eləcə də anadilli ədəbiyyatın təşəkkülü ilə bağlı tədqiqatları ciddi marağa səbəb olurdu. Yaqub Babayevin dərsliyinin uğurunun bir istiqaməti də məhz bununla bağlıdır.

İkinci bir istiqamət yeni əlavələrlə, portret oçerklərlə dərsliyin zənginləşdirilməsidir. Yaqub Babayevin dərsliyi Rami Təbrizi, Şeyx Səfiəddin Ərdəbili, Nəsir Bakuyi, Əbdülqadir Marağayi, Hinduşah Naxçivani və Hüsaməddin Xoyi, Yusif Məddah, Salman Savəçi, Cahanmələk Xatın İncəvi, Sadəddin Həriri, Puriya Vəli, Nəsirəddin Tusi, Fəzli, Ruhi Bağdadi, Əfsəhəddin Hidayətullah, Əşrəf Marağayi, Şeyx Vəli Şirazi, Tərzi Əfşar, Təsir Təbrizi, Baba Şirvani, Şəkili Nəbi və s. sənətkarlar barədə gərəkli elmi məlumatları özündə ehtiva etməsi ilə də diqqəti cəlb edir.

Dərslikdə digər müsbət cəhət müəllifin sosioloji və ideoloji təhlillərdən imkan daxilində qaçmağa çalışmasıdır. Əlbəttə, yüzə-yüz sosioloji təhlillərdən yan keçmək mümkün də deyildir. Bunu etmək özü də son olaraq bir başqa istiqamətdə qüsur kimi görünərdi. Yaqub Babayev məhz təhlillərdə daha çox poetik mahiyyəti, mətn informasiyasını, sənətkarlıq məsələlərini açmağa və auditoriyaya çatdırmağa üstünlük vermişdir. Əslində son dövrlərə qədər yaranan bütün dərsliklərdə sosioloji, ideoloji təhlillər üstünlük təşkil edirdi. Yaqub Babayev öz yeni dərsliyi ilə sovet dönəmində müəyyənləşmiş bu ənənəvi prinsipləri pozmuş və daha uğurlu yol seçmişdir.

Ali məktəb auditoriyaları zaman-zaman yeni dərsliklərə, ayrı-ayrı problemlərin fərqli baxış müstəvisində təhlilinə ehtiyaclıdır. Azərbaycan ədəbiyyatının ən maraqlı mərhələsini təşkil edən orta əsrlər mərhələsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki bu mərhələdə ərəbdilli, farsdilli və anadilli ədəbiyyatın özünəməxsus inkişaf tendensiyası, sufizm və hürufizm kimi təriqət cərəyanlarının özünəməxsus ideyalarının hakim olduğu ədəbi-məfkurəvi proses vardır. Təriqət ideyaları bu əsrlərdə ədəbiyyatın, ədəbi-mədəni mühitin canına, qanına hopmuşdu. Bütünlükdə Şərq düşüncə tərzi bu ideyalara yüklənmişdi. Onun Azərbaycan ədəbiyyatı müstəvisində təhlili, auditoriyaya gətirilməsi, ümumiyyətlə, təriqət görüşlərinin ədəbiyyatda hansı məqsədi daşıması və s. məsələlər son dövr dərslikləri üçün zəruri görünürdü. Yaqub Babayev öz kitabında bunları reallaşdırdı.

Son olaraq ədəbiyyatşünas alimin bu uğurlarının mahiyyətində auditoriya ilə bağlılığı dayanır. Yaqub Babayev həm də gözəl müəllimdir. Onun bütün davranışları, hərəkətləri nümunə olmağa, müəllim adına hesablanmışdır. Prof. Yaqub Babayevin auditoriyanı gözəl bilməsi, uzun illər Orta əsrlər Azərbaycan ədəbiyyatını tələbələrə öyrətməsi onun araşdırmalarına əlavə dəyər gətirmişdir. Bütün bunlar bir şəxsiyyət kimi Yaqub Babayevi tamamlayır, ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizdə yerini müəyyənləşdirir.

Filed in: ARAŞDIRMA

Hələ şərh yoxdur

Şərh yazın