4:42 am - Şənbə İyul 22, 2017

K E Ç S Ə D Ə Z A M A N…

Atama ithaf edirəm

Yoldayam, telefon susub mənim tək,
Anamdan savayı axtarmır bir kəs.
Zəng edərdin tez- tez mən çatanadək:
-Ay qız, gəl çıx görüm!
Harada qaldın bəs?
Mən gəlirəm deyə bazarlıq edib
Çıxırdın baxmağa tez- tez sən yola
O anın ləzzəti səninlə gedib
Görən layiq idim o cür qəbula?
Elə bilmə yoxsan, mən yaşayıram,
Sənsiz günlərimi verirəm yola,
Həyat eşqim sönüb, mən yaşayıram,
Bəlkə oyadaram,- deyə bu yolla
Hər güldə, ləçəkdə, süzülən balda
Hər addımda, canım, görünür yerin
Əvvəlki dadını itirib bal da,
Meyvələr də dadsız, şirəsiz tamsız.
Nə bağ həminkidir, nə həyat həmin,
Gəlib su səpərdin bağa xəbərsiz
Elə bir toxunub, sonra gedərdin.
Ocağımız söndü. Üşüyürəm tək
Kiçicik qığılcım yarada bilsək
Səndən qalan közü əlləşdirərək
Əllərim alışır, ürəyim buz tək
Sən getdin. Heç bir şey əvvəlki deyil!
Zaman bu ağrını sağaltmır. Yalan!
Bu ağrı çoxalır, özgəsi deyil
Kök salır içimdə, axsa da zaman.

Afət Mirbala qızı,
43 nömrəli Məktəb – Lisey Kompleksi

Filed in: ŞEİR

Hələ şərh yoxdur

Şərh yazın