6:01 pm - Çərşənbə axşamı Dekabr 12, 2017

Yaradıcı xarakterli ev tapşırıqları

Riyaziyyat ümumtəhsil məktəblərində tədris olunan ən mühüm fənlərdən biridir. İbtidai siniflərdə riyaziyyat fənninin öyrədilməsi düşüncə, məntiqi mühakimə, ümumiləşdirmə və s. qabiliyyətləri əhəmiyyətli dərəcədə inkişaf etdirir. Riyazi biliklər sisteminin mənimsənilməsi şagirdlərə hadisələri hərtərəfli müşahidə etməyə, mühüm əlamətləri ayırmağa, onları daha dərindən başa düşməyə imkan verir. Bu biliklər əsasında şagirdlərdə bacarıqlar formalaşır. Hər bir ibtidai sinif müəllimi şagirdlərdə riyaziyyat fənninə maraq oyatmaq üçün yaradıcı olmalıdır. Şagirdlərə yeni bacarıqları müstəqil əldə etmək, mühakimələr yürütmək, hadisələrin mahiyyətini açıb göstərmək, bir sözlə, axtarıb, araşdırıb nə isə tapa bilmək bacarığının aşılanmasına ibtidai siniflərdən başlamaq lazımdır. Bu həm də onların yuxarı siniflərdə təhsillərini müvəffəqiyyətlə davam etdirmələrinə müsbət təsir göstərir.

Ev tapşırığı – müəllim tərəfindən şagirdə dərsdən sonra müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıqdır.

Ev tapşırıqları təlimin fərdi təşkili formasıdır. Tapşırıqlar dərsdə keçirilən materialları möhkəmlətmək, dərinləşdirmək, nəzəri biliyi tətbiq etmək, növbəti mövzunu mənimsəməyə hazırlamaq və s. vəzifələri yerinə yetirir. Mövzudan asılı olaraq ev tapşırıqları şifahi, yazılı və əməli şəkildə ola bilər.

Ev tapşırıqları fərdi, kollektiv və qrup halında ola bilər. Müəllim ümumi sinfə aid olan tapşırığı qrup üzvləri arasında bölür. Hər qrup verilən tapşırığı evdə yerinə yetirir. Məsələn, bir qrupa ərzaqların qiymətini öyrənmək, digər qrupa oyuncaqların qiymətini öyrənmək və s. tapşırılır. Qrup üzvlərinə verilən tapşırıqlar yaradıcı xarakter daşıyır və şagirdlərdə məsuliyyət hissini formalaşdırır.

Ev tapşırıqları şagirdlərin yeni biliklər əldə etməsini, məntiqini inkişaf etdirməsini, təxminetmə, müqayisəetmə, hesablama, məsələləri həlletmə, təsəvvüretmə bacarıqlarını formalaşdırır. Ona görə də müəllimlər ev tapşırıqlarını düzgün seçməli, şagirdlərdə həmin dərsə maraq oyatmalıdır. Dərslikdə verilmiş tapşırıqlar şagirdlər üçün cansıxıcı olur. Buna görə də müəllimlərin bu çalışmalardan istifadə etməməsi və daha çox yaradıcı xarakterli tapşırıqlar verməsi məqsədəuyğun olardı.

Yaradıcı xarakterli tapşırıqlar şagirdləri daha da həvəsləndirməli, onlarda dərsə maraq oyatmalıdır. Müəllim tapşırıqları əsasən həyatla əlaqələndirməli, şagirdin dünyagörüşünü inkişaf etdirməlidir. Bu zaman şagird axtarışa sövq edilir. Onda müxtəlif bacarıqlar formalaşır. Həmçinin yaradıcı tapşırıqların verilməsi fənlərarası və fəndaxili inteqrasiyanın həyata keçirilməsində mühüm rol oynayır.

Ev tapşırıqlarının həlli zamanı ətraf mühit də nəzərə alınmalıdır. Dərs oxumaq üçün nəzərdə tutulan otaq təmiz olmalı, yazı stolunun üstündə yalnız dərs vəsaiti qoyulmalıdır. Ən əsası isə yazı masası üzü divara doğru döndərilsin. Bu vəziyyətdə otaqdakı başqa əşyalar arxa planda qalacaq və bu da uşağınızın diqqətini cəmləməsinə kömək edəcək.

Ev tapşırıqlarının həcmi şagirdlərin yaş səviyyəsinə uyğunlaşdırılmalıdır. Çox vaxt bu hal nəzərə alınmır və şagirdlər yüklənilir. Bu yüklənmə iki cür olur:

a) evə verilən tapşırıq həcminə görə həddindən artıq böyük olur;

b) tapşırıqlar şagirdlər üçün çətin olur və böyüklərin köməyi olmadan yerinə yetirilmir.

Buna görə də ev tapşırıqlarının həcmi çox böyük olmamalı və şagirdlər heç bir köməklik almadan çalışmaları yerinə yetirməlidir. Müəllim evə elə tapşırıq verməlidir ki, bu müəyyən olunmuş normaya uyğun gəlsin. Verilən tapşırığa şagird I-IV siniflərdə 1-2 saatadək vaxt sərf etməlidir.

Ümumtəhsil məktəblərində şagirdlərə verilən ev tapşırıqlarının müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə əks olunub. Bu sənədə görə, ev tapşırıqları verildikdə, şagirdlərin onları hansı müddətlərdə yerinə yetirməsi imkanları nəzərə alınmalıdır. Belə ki, bu müddətlər 1-ci sinifdə (dərs ilinin ikinci yarısından etibarən) -1saata qədər, 2-ci sinifdə -1,5 saata qədər, 3-cü və 4-cü siniflərdə -2 saata qədər təşkil etməlidir.

Müəllim “Ədədlər və əməllər”, “Cəbr və funksiyalar”, “Həndəsə”, “Ölçmə” və “Statistika və ehtimal” məzmun xətləri üzrə 1.1.1., 1.1.2., 1.1.3., 1.1.4., 1.1.5., 1.1.6., 1.1.8., 1.2.1., 1.2.2., 1.2.3., 1.2.7., 1.3.2, 1.3.3., 1.3.4., 1.3.5. 1.3.6., 1.3.7., 2.1.2., 2.1.4., 2.2.1., 2.2.3., 2.3.1., 3.1.1., 3.2.1., 3.2.2., 4.1.1., 4.1.3., 4.1.4., 4.2.1., 4.2.2., 4.2.3., 4.2.4., 4.2.5., 5.1.1., 5.1.2. və s. məzmun standartlarından istifadə edərək yaradıcı xarakterli ev tapşırıqları verə bilər.

Məzmun xətləri üzrə standartlarda ədədləri oxuyur və yazır, sayır, onluq tərkibə ayırır, müqayisə edir, toplama və çıxma, vurma və bölmə əməllərini tanıyır, modelləşdirir, təxmin edir, ədədin hissəsini tapır, kəsrləri tanıyır, məsələ həll edir, ədədi ifadələri oxuyur və yazır, sadə tənlikləri həll edir, bərabərsizliklərlə bağlı mühakimələr yürüdür, sabit və dəyişən kəmiyyətləri fərqləndirir, mötərizəli və mötərizəsiz ədədi ifadələri hesablayır, ədədi ifadə ilə ədədi müqayisə edir, məsələyə uyğun ifadə qurur, sadə asılılıqları başa düşür, müxtəlif kəmiyyətləri arasında funksional asılılıqları ifadə edir, əşyaları əlamətlərinə görə fərqləndirir, sadə həndəsi fiqurları tanıyır, məsələlərin həllində həndəsi fiqurlardan istifadə edir, sadə müstəvi fiqurları tanıyır, əşyanın fəzada vəziyyətini müəyyənləşdirir, istiqamət və məsafə haqqında sadə məsələlər həll edir, müxtəlif əlamətlərə görə həndəsi fiqurların təsnifatını aparır, sadə müstəvi fiqurları tanıyır, əşyaların kütləsini, uzunluğunu, qabların tutumunu, hadisələrin vaxtını müqayisə edir, pul vahidlərindən hesablamalarda istifadə edir, kəmiyyətlərin ölçülməsinə aid məsələlər həll edir, sürət anlayışını başa düşür, sahə və perimetrin tapılmasına aid məsələlər tərtib edir, əşya, şəkil, diaqrama aid suallar tərtib edir, suallar əsasında topladığı məlumatı təqdim edir, məlumatlar əsasında proqnozlar verir, müşahidə, ölçmə və təcrübə yolu ilə məlumatlar toplayır və s. bacarıqlar öz əksini tapır.

I sinif

“Ədədlər və əməllər”, “Cəbr və funksiyalar”, “Həndəsə”, “Ölçmə” və “Statistika və ehtimal” məzmun xətləri üzrə 1.1.1., 1.2.2., 1.2.3., 1.3.2, 1.3.4., 1.3.5., 2.1.2., 2.3.1., 3.1.1., 3.2.1., 3.2.2., 4.1.1., 4.1.3., 4.1.4., 4.2.1., 4.2.4., 4.2.5., 5.1.1. və s. məzmun standartlarından istifadə edilərək aşağıdakı kimi yaradıcı tapşırıqlardan istifadə edilə bilər:

1. Rəngli kağızlardan müxtəlif fiqurlar düzəldin və toplama əməlinin köməyi ilə həmin fiqurları cəmləşdirin.

Şəkil

Şəkil

2. 1 manata bərabər 1, 5, 10, 20 və 50 qəpikləri toplayın.

Şəkil

Şəkil

3. Müxtəlif sadə fiqurları əlamətlərinə (rənginə, formasına, ölçüsünə) görə müqayisə edin.

II sinif

“Ədədlər və əməllər”, “Cəbr və funksiyalar”, “Həndəsə”, “Ölçmə” və “Statistika və ehtimal” məzmun xətləri üzrə 1.1.2., 1.1.6., 1.2.1., 1.2.7., 1.3.6., 2.1.4., 2.3.1., 3.2.1., 3.2.2., 4.1.3., 4.2.1., 4.2.2., 4.2.3., 5.1.1. və s. məzmun standartlarından istifadə edilərək aşağıdakı kimi yaradıcı tapşırıqlardan istifadə edilə bilər:

1. Masanın üzərinə çoxlu sayda çöpləri və ya karandaşları qoymaqla on-on ayırıb sayın.

2.Gün ərzində gördüyünüz işi sıra ilə yazın.

3. İstifadə olunan müxtəlif əşyaları tutumlarına görə müqayisə edin.

III sinif

“Ədədlər və əməllər”, “Cəbr və funksiyalar”, “Həndəsə”, “Ölçmə” və “Statistika və ehtimal” məzmun xətləri üzrə 1.1.2., 1.1.3., 1.1.5., 1.3.3., 1.3.6., 1.3.7., 2.2.1., 2.2.3., 3.2.1., 3.2.2., 4.1.1., 4.2.3., 4.2.5., 5.1.1., 5.1.2. və s. məzmun standartlarından istifadə edilərək aşağıdakı kimi yaradıcı tapşırıqlardan istifadə edilə bilər:

1. Tortun, piroqun bərabər hissələrə bölünməsinə dair şəkillər çəkin və ona uyğun misal qurun.

Şəkil

Şəkil

2. Mağazada satılan ərzaqların miqdarı, əşyaların sayı, qiyməti ilə ifadə olunan böyük ədədlərin iştirak etdiyi məsələlər qurun.

Şəkil

Şəkil

3. Ətrafınızdakı binaların formaları ilə həndəsi fiqurlar arasında oxşarlığı tapın.

Şəkil

Şəkil

IV sinif

“Ədədlər və əməllər”, “Cəbr və funksiyalar”, “Həndəsə”, “Ölçmə” və “Statistika və ehtimal” məzmun xətləri üzrə 1.1.3., 1.1.4., 1.1.5., 1.1.8., 1.3.2., 1.3.5., 2.2.1., 2.2.3., 3.2.1., 3.2.2., 4.1.1., 4.2.5., 5.1.1. və s. məzmun standartlarından istifadə edilərək aşağıdakı kimi yaradıcı tapşırıqlardan istifadə edilə bilər:

1. Evdə tək sayda olan əşyaları müəyyənləşdirin və onların cəmini 2-ə bölün.

Şəkil

Şəkil

2. Orta aylıq hava proqnozunu ölçün.

Şəkil

Şəkil

3. Azərbaycan Respublikasının ən böyük və ən kiçik çaylarının uzunluğunu tapın və hesablayın.

Şəkil

Şəkil

Verilmiş tapşırıqlar əsasında şagirdlərdə ritmik sayma, araşdırma, müqa- yisəetmə, təsviretmə, modelləşdirmə, müşa- hidəetmə, nəticələr çıxarma, məlumat toplama, yeni biliklər əldəetmə, müəyyənetmə, məsələ həlletmə, tədqiqatçılıq, təsəvvüretmə, təqdimetmə, hesablama, göz yaddaşını artırma, tətbiqetmə, təxmin- etmə, ölçmə, ədədin strukturun anlama, hesablama, nümayişetdirmə, planqurma bacarıqları formalaşır.

Şagirdlərə ev tapşırıqları verərkən onların ağırlıq səviyyəsinə diqqət yetirilməsi tövsiyə olunur.

Humay Cəbİyeva,
Ümumi təhsilin və məktəbdənkənar təhsilin
kurikulumu şöbəsinin elmi işçisi

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın