3:11 pm - Bazar ertəsi Noyabr 24, 2549

“Uşaq ötürən”, yoxsa “lələ” ?

                                                                                 Müzakirə edirik!

Pedaqogika müstəqil bir elm sahəsi kimi əsasən orta əsrlərdə formalaşsa da onun ayrı-ayrı anlayışlarınnın meydana gəlməsi tarixi çox qədimdir. Bu anlayışlar insan cəmiyyətinin yaranması və inkişafı ilə əlaqədar yaranmış və get-gedə inkişaf etmişdir. Başqa sözlə desək, ailədə uşağın meydana gəlməsi ilk növbədə onun tərbiyəsinin də meydana gəlməsinə zəmin hazırlamışdır.

Tərbiyə ictimai kateqoriya olub, yalniz insan cəmiyyətinə məxsusdur. Deməli, insan cəmiyyətinin meydana gəlməsi ilə əlaqədar olaraq, tərbiyə də meydana gəlmişdir. Əmək fəaliyyəti prosesində, insanların maddi nemətlər istehsal etmək təcrübəsi yaranmış, get-gedə əməyə münasibət dəyişmiş və inkişaf etmişdir. İnsanların ictimai-tarixi həyatı prosesində tədricən onların təbiət və cəmiyyət haqqındakı təsəvvürləri də yaranmış və genişlənmişdir. Beləliklə, maddi həyat nemətlərinin istehsalı prosesində cəmiyyətdə əmələ gələn müəyyən təcrübənin cəmiyyətin inkişafı üçün gənc nəslə verilməsi lazım gəlmişdir. Yaşlı nəsil toplanmış olduğu təcrübəni gənc nəslə verməklə onu ictimai həyata hazırlamışdır ki, bu fəaliyyət tərbiyə sahəsidir. Deməli, tərbiyə – insan cəmiyyətinin həyatı tələbinin obyektiv zərurilindən irəli gəlmişdir. Qədim dövlətlərdə, ilk növbədə qədim Yunanıstanda qul sahiblərinin uşaqlarına baxan, onları himayə edən, onların tərbiyəsi ilə məşğul olan, onları məktəbə ötürüb, məktəbdən gətirən adamlara pedaqoq deyərlərmiş.

Mövcud pedaqoji ədəbiyyatda bu sözün mənası müxtəlif cür izah edilir. Yunan sözü olan “pedaqogika” mövcud ədəbiyyatda bəzən “uşaq ötürən”, bəzən isə “uşaq himayə edən” və yaxud “yünəldirəm”, “tərbiyə edirəm” mənasında işlədilir.

“Pedaqogika” sözü, termini ilə bağlı olan məsələyə, daha dəqiq desək bu sözün tərcüməsi və ya onun ifadə etdiyi məna ilə əlaqədar rast gəldiyimiz fikirlərə diqqəti cəlb etmək istərdik. Qeyd edək ki, istər Azərbaycan, istərsə də rus dilində olan pedaqoji mətbuatda, xüsusilə də, “Pedaqogika” dərsliklərində “pedaqogika” sözü müxtəlif mənada və formada işlədilir. Məsələn uzun illər Azərbaycan ali pedaqoji məktəblərində tədris edilən və Azərbaycan müəllimlərinin bütöv bir nəslinin dərs aldığı professor Mərdan Muradxanovun redaktəsi ilə 1964-cü ildə Bakıda Azərbaycan Tədris Pedaqoji Ədəbiyyatı tərəfindən çap edilmiş 500 səhifəlik “Pedaqogika” adlı dərs vəsaitində oxuyuruq: “Pedaqogika- yunanca “paydaqoqos” sözündən götürülmüşdür. Hərfi mənası “uşaq ötürən” deməkdir. Qədim Yunanıstanda qul sa- hiblərinin uşaqlarına baxan, onları məktəbə ötürüb və məktəbdən gətirən adamlara pedaqoq deyərmişlər”. (səh.5)

1973- cü ildə dos. Hüseyn Əhmədovun redaktorluğu ilə V.İ.Lenin adına APİ-nin nəşriyyatında çap edilmiş “Pedaqogikaya giriş” adlı tədris vəsaitində müəlliflər bu məsələyə bir qədər fərqli yanaşırlar. Orada deyilir: “Pedaqogika” yunan sözü olub, uşaq himayə edən deməkdir. Bu sözün meydana gəlməsi quldarlıq dövrünə təsadüf edir. (səh. 34)

1983- cü ildə nəşr edilmiş “Azərbaycan Sovet Ensiklopediyası”nın VII cildində oxuyuruq: Pedaqogika yunanca paidaqogike: pais, paidos- uşaq+ago- yönəldirəm, tərbiyə edirəm” deməkdir. Tərbiyə, təhsil və təlimin məzmunu, forma və metodlarını öyrənən çox sahəli elmdir. (səh. 491)

Keçən əsrin sonlarından başlayaraq Azərbaycanda “Pedaqogika” adlı yeni və orijinal dərslik və dərs vəsaitləri meydana gəlməyə başladı. Müstəqillik əldə etdikdən sonra isə bu iş daha yeni məzmun kəsb etdi. Bu kitablardan bəzilərinə nəzər salaq. Prof. N.Kazımov ilə Ə.Həşimovun 1996- cı ildə “Maarif” nəşriyyatı tərəfindən çap edilən “Pedaqogika” dərsliyində deyilir: “Pedaqogika iki yunan sözünün (payda və qoqos) birləşməsindən əmələ gəlmişdir, mənası uşaq ötürəndir. Qədim Yunanıstanda varlıların uşaqlarını məktəbə müşayiət edən şəxsi pedaqoqos adlan- dırırdılar. Zaman keçdikcə həmin sözün mənası dəyişmişdir: Pedaqogika uşaqların tərbiyəsi haqqında fikir, söz, nəzəriyyə, elm kimi təşəkkül tapıb inkişaf etmişdir (səh.5)

Əsrimizin əvvəllərində nəşr edilən dərs vəsaitlərindən biri pedaqoji elmlət doktoru Hümeyir Əhmədovun 2006-cı ildə orta ixtisas məktəblərinin pedaqoji fakültələri üçün eksperimental dərs vəsaiti kimi nəşr etdirdiyi “Pedaqogika” adlı dərs vəsaitidir. Müəllif pedaqogika sözünün mənası barədə belə yazır: pedaqogika termini öz mənşəyini antik Yunanıstanda tapır. “Qədim Yunanıstanda aristokratlar qullara uşaqlara baxmağı, onları məktəbə aparıb-gətirməyi həvalə edirdilər.Yunan sözü olan “Paydaqoqos” (peyda uşaq, qoqos-aparmaq) uşaq müşayət edən deməkdir”. Fikrini davam etdirən və əsaslandıran müəllif yazır: “Sonralar uşaqların təlimi və tərbiyəsi ilə məşğul olan insanları pedaqoq adlandırmaga başladılar. Elə bu sözdən də tərbiyə haqqında elm-pedaqogika öz adını götürmüşdür” (səh.4)

Prof. Ə.Paşayev ilə prof. F.Rüstəmovun “Pedaqogika. Yeni kurs” adlı dərs vəsaitində (Nurlan, 2007) deyilir: “Pedaqogika bir elm kimi öz adını yunan sözü olan “paidaqoqos (“paidos”-uşaq”, “aqo”-ötürən) sözündən götürmüşdür.(səh.8)

A.Həsənov ilə Ə.Ağayevin 2007-ci ildə “Nasir” nəşriyyatında çap etdirdikləri “Pedaqogika” adlı dərslikdə oxuyuruq: “Payda-qoqos”yunan sözü olub, mənası “uşaq ötürən”, “uşağı məktəbə aparıb-gətirən” şəxs deməkdir. Quldarlıq dövründə qul sahibinin uşağını məktəbə aparıb-gətirən qula “payda-qoqos” deyirlərmiş (səh.8)

Fərahim Sadıqovun 2006-cı ildə Bakı Biznes Universiterinin nəşriyyatında çap etdirdiyi 556 səhifəlik “Pedaqogika” (Təlim, təhsil,tərbiyə) adlı köməkçi tədris vəsaitində, prdaqogika üzrə elmlər doktoru professor A.N.Abbasovun 2013-ci ildə Bakıda “Mütərcim” nəşriyyatı tərəfindən nəşr edilmiş orta ixtisas məktəbləri üçün dərs vəsaitində, həmçinin F.N.İbrahimov ilə R.L.Hüseynzadənin 2013-cü ildə “Mütərcim” nəşriyyatında çap etdirdikləri 2 cilddən ibarət “Pedaqogika” adlı dərsliyin 780 səhifəlik I cildində müəlliflərin bu məsələyə münasibətlərinə rast gəlmirik.

Rus dilində olan bəzi mənbələrə də nəzər salaq. Keçən əsrin 60-cı illərində, 1966-cı ildə Moskvada “Sovet ensiklopediyası” nəşriyyatı tərəfindən nəşr edilmiş 4 cildlik “Pedaqoji ensiklopediya”adlı əsərin 3-cü cildinin 281-ci səhifəsində deyilir: “Pedaqogika” yunan sözü olub “ditya i vedu, vospitaniya” – tərcüməsi “uşaq və aparan, tərbiyə edirəm”. Orada bu sözün bir neçə mənada işləndiyi də izah edilir. 1-ci məna: müəllimlik və tərbiyəçilik işini yerinə yetirən şəxs, məktəb müəllimi, məktəbəqədər tərbiyə müəssisəsinin, uşaq evinin, internat məktəbinin, tərbiyəedici koloniyanın tərbiyəçisi və s. və i.a.

1980-ci ildə yenə də Moskvada həmin nəşriyyatda çap edilmiş “Sovet ensiklopedik lüğət” adlı kitabın 990-cı səhifəsində də “prdaqogika” sözünün hərfi mənası təxminən yuxarıdakı kimi “tərbiyəçi”, uşaq və gənclərin tərbiyəsi, təhsili və təlim ilə təcrübi iş aparan mənasında izah edilir.

Bu qəbilədən olan vəsaitlərin, dərsliklərin, lüğətlərin sayını artırmaq da olar. Lakin fikrimizcə, deyilənlərdən görünən ümumi nəticə belədir ki, “Pedaqogika” sözü hərfi mənada uşaq tərbiyəçisi anlamını verir. Rast gəldiyimiz digər mənbələrdə bu terminin, yəni uşaq tərbiyəçisi anlamını verən sözün, daha başqa anlamını verən sözə, terminə də rast gəlirik, onlara da nəzər salmağa dəyər. İlk öncə məşhur Azərbaycan pedaqoqu S.M.Qənizadənin fikirlərinə diqqət yetirək: S.M.Qənizadə 1906-cı ildə “Rəhbər” jurnalında dərc etdirdiyi “Körpə uşaqlar tərbiyəsi” adlı silsilə məqalələrindən birində yuxarıda adları çəkilən müəlliflərdən fərqli olaraq bu sözü “lələ” adlandırır. O yazır “Pedaqogika ləfzi yunan dilində “lələ” deməkdir ki, ibarətən tərbiyə elmi zəmnində istemal olunur”.

“Lələ” termini digər mənbələrdə də işlədilir. Onlardan bəzilərinə də nəzər salmaq maraqlıdır: Araşdırmalar göstərir ki, “lələ” sözünə, “lələ” termininə qardaş türk pedaqoji ədəbiyyatında, həmçinin Azərbaycan aşıq dastanlarında, şairlərin şerlərində də rast gəlirik. Məsələn, məşhur türk maarifçisi, Ankara universitetinin professoru Dr.Yəhya Akyüzü 1989-cu ildə Ankarada nəşr edilmiş 543 səhifədən ibarət olan “Türk Egitim tarihi” (Başlanğıçtan 1988-ci ilə qədər) adlı çox dəyərli əsərinin “Osmanlı hökmdarları neçə yetişdirilirdi?” adlanan bölməsində deyilir:

“Osmanlı şahzadələrini lələlər yetişdirərdi. Osmanlı şahzadələrinin tərbiyə edilməsi, yetişməsi haqqında ən çox bəhs olunanları II Məhəmməd, II Bəyazid və başqaları idi”.

“Lələ” sözünə – ifadəsinə Azərbaycan aşıq dastanlarında da rast gəlirik. Dastanlardan birində deyilir:

“Ərzurumun gədiyindən aşanda,
Onda gördüm birər – birər qar gəlir.
Dedi: – Lələ, gəl bu yoldan qayıdaq,
Dedi:- Namusuma, qeyrətimə ar gəlir”.

Başqa bir misal. Hal-hazırda Sumqayıtda yaşayan şair Məhəmməd İlqarın “Şərq” qəzetinin 5 may 2012-ci il sayının 15 -ci səhifəsində “Eh, düzün anası ölsün” ümumi başlığı altında dərc edilmiş şerlər silsiləsində, “A baş redaktor” adlı şerində “lələ” sözünü işlədilir. Orada deyilir:

“Dünyadı, gəlirik, gedirik – belə,
Mənə ehram tanıt, daş göstər lələ”

Başqa bir misala da nəzər salaq. Tanınmış şair, pedaqoji elmlər doktoru Elbəyi Maqsudov “Poetik-praktik Azərbaycan dili” adlı dərs vəsaitinin 27-ci səhifəsində yazır:

“Fələk əyəmməsə, kələk əyəmməz,

Şələ əyəmməsə, lələ əyəmməz”.

Professor Zahid Qaralov 2008-ci ildə “Hüquq ədəbiyyatı” nəşriyyatında çap etdirdiyi 484 səhifəlik “İdeologiya və mənəviyyat” adlı əsərində Pedaqogika sözünü “uşaqgötürmə” ustalığı, uşaq haqqında elm sahəsi kimi: mənalandırır. (səh. 48)

Başqa bir mənbəyə də nəzər salaq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2014-cü ildə nəşr edilmiş “pedaqoji universitet xəbərləri”- nin 3-cü sayında yer almış filologiya üzrə fəlsəfə doktoru Hüseynova Mahirə xanımın “XIX-XX əsr Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında atalar sözləri və məsəllərdən istifadə” adlı məqaləsində Rəhman Mustafayevin “lələ” rədifli qoşmasından bəhs edilir. Orada deyilir:

“Mən sənə üz verdim, sənsə qudurdun,
Quduran qırxca gün yaşar, lələ!
Ləpirin yerinə baş qoyurdun,
Tarix hər cür yükü daşıyır, lələ! (səh.265)

Belə misalların, nümunələrin sayını artırmaq da olar.

Fikrimizcə, yuxarıda gətirdiyimiz mənbələrdə işlədilən, həm də çox yerində işlədilən və öz mənasını tamamilə ifadə edən “lələ” sözü yunanca “paydaqoqos” sözünü ( uşaq tərbiyə edən və ya uşaq himayə edən) tam dolğunluğu ilə ifadə edir.

Beləliklə, böyük maarifçi, yazıçı və pedaqoq S.M.Qənizadənin məqaləsində işlədilən “lələ” sözünün bugünkü elmi pedaqoji ədəbiyyatda bir termin kimi işlədilməsi çox yerinə düşərdi.

Buyurun, hörmətli pedaqogika müəllimləri, ömrünü bu elmin tədqiqinə, tədrisinə və təbliğinə həsr etmiş çoxsaylı alimləırimiz, son söz Sizindi, Sizlərindi!

Mehriban Şİrzadova,
Təhsil Problemləri İnstitutunun doktorantı,
pedaqogika üzrə fəlsəfə doktoru

Filed in: ARAŞDIRMA

Hələ şərh yoxdur

Şərh yazın