4:45 am - Şənbə İyul 22, 2017

“Pedaqoji proses” haqqında pedaqoji düşüncələrim

Pedaqogikaya dair dərslik və ya dərs vəsaitlərində təlim və tərbiyə pedaqoji prosesin tərkib hissələri kimi qəbul edilir. Ümumi şəkildə götürsək, belə bir qənaət vardır ki, təlim prosesində əsas etibarilə təbiət, cəmiyyət və təfəkkürə dair fakt və hadisələr öyrədilir, tərbiyə isə əsasən fərdi keyfiyyətlər aşılanması və davranış normalarına yiyələndirmə məsələlərini əhatə edir. Başqa sözlə, pedaqoji prosesin tərkib hissələri kimi, tərbiyədən kənarda təlim və təlimdən kənarda isə ayrıca tərbiyə prosesi haqda danışmaq olar.

Müasir Azərbaycan pedaqoji elmində nəzəri pedaqogika sahəsində, bizim fikrimizcə, ən mükəmməl tədqiqatın müəllifi olan professor Nurəddin Kazımovun bu haqda yazdıqlarını tamamilə doğru hesab edirik:

“Milli pedaqogika təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqoriyalarının reallıqda bir-birini tamamladığını və bir-birindən ayrılmaz olduğunu nəzərə alır: sübut edir ki, bu kateqoriyaları daha geniş həcmli digər kateqoriyada istifadə etmək mümkündür. Başqa sözlə desək, təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdəti, onların tamlığı pedaqoji prosesdir”. (N.Kazımov. Məktəb pedaqogikası. “Çaşıoğlu” nəşriyyatı, Bakı, 2005, səh.10)

Pedaqogika elminin predmetini aydınlaşdıran həmin fikirlərdən çıxış edərək, bu yazıda “pedaqoji proses” və “onun tərkib hissələri” anlayışlarına münasibət bildirmək istəyirik.

Məlumdur ki, cəmiyyətin möv- cudluğu iki mühüm prosesdən asılıdır: təbiət, cəmiyyət və təfəkkürdə olan fakt və hadisələrin öyrənilməsi; öyrənilmişlərin böyü- yən nəslə öyrədilməsi. Öyrənil- mişlərin böyüyən nəslə öyrədil- məsinin ən optimal və səmərəli yolu pedaqoji prosesdir. Pedaqoji proses – öyrədənlə öyrənən arasında xüsusi olaraq təşkil edilmiş elə bir qarşılıqlı təsir prosesidir ki, bu zaman həyat üçün zəruri olan bilik, bacarıq və təcrübənin mənimsənilməsi nəticəsində insanın inkişafı təmin edilir. (İ.Əliyev. İbtidai təhsilin pedaqogikası. Naxçıvan, 2012, səh.15)

Tərifdən görünür ki, pedaqoji prosesdə iki tərəf iştirak edir: öyrədən və öyrənən. Bu anlayışları izah etməyə çalışaq:

“Öyrədən” müəyyən bilik, bacarıq və həyati təcrübəyə malik olub, öyrətmək funksiyasını yerinə yetirən, bir az da dəqiq desək, öyrətməyə borclu olan şəxsdir. Yəni müəyyən sahədə bilik, bacarıq və təcrübəyə malik insanların heç də hamısı öyrətmək fəaliyyəti ilə məşğul deyillər. Belə adamların “öyrədən” olması üçün “öyrətmək” vəzifələri daşımaları zəruridir. Bunlar müəllimlər və valideynlərdir. Müəllimlər və valideynlərin öyrətmələrində də oxşar və fərqli cəhətlər vardır.

Müəllimlər öyrətmək üçün xüsusi hazırlanmış, öyrətmək elminin (Pedaqogikanın) nəzəri və təcrübi əsaslarına yiyələnmiş və əsas fəaliyyət sahəsi öyrətmək olan şəxslərdir. Müasir dövrdə Y.A.Komenskinin dediyi “universal müəllimlər” yoxdur. Onlar ixtisaslaşdıqları bir və ya çox böyük ehtiyac olduqda iki fənn üzrə biliklər verməklə kifayətlənməli olurlar. Hətta hər fənnin təmsil etdiyi elm sahələri üzrə biliklərin ümumi əsaslarını tam öyrətmək belə getdikcə çətinləşir. Bu halda müəllimin öyrətmək funksiyasında fakt və hadisələr barədə biliklər vermək üstünlük təşkil edir. Öyrətmənin sosial məsələlərinə həsr olunacaq vəzifəsi isə getdikcə zəifləyir.

Müəllimin öyrətmə fəaliyyətinin bu deyilən cəhətlərini ümumi-ləşdirsək belə qənaətə gəlmək olar ki, müasir dövrdə müəllimin fəaliyyəti tədris etdiyi fənnə dair bilik, bacarıqlar öyrətmək və bu biliklərin mahiyyətində olan “tərbiyəvi” imkanların köməyi ilə böyüyən nəsli həyata hazırlamaqdır.

Valideynin öyrətməsi isə ailənin təbii funksiyasından irəli gələn borcdur. Müəllimin öyrətməsi ümumi qanunauyğunluqların tətbiqi nəticəsində, əsasən, elmi xarakter daşıyır. Valideynin öyrətməsi isə təbiidir. Müəllimin öyrətməsi xüsusi olaraq təşkil edilmiş proseslə müşayət olunur, valideynin öyrətməsi isə xüsusi fəaliyyət növü deyildir.

Müəllimin öyrətməsinin müddəti məhduddur; insan həyatının müəyyən dövründən başlayır və bəlli vaxtlarda əsasən başa çatır. Valideynin öyrətməsi isə uşağın dünyaya gəlməsi ilə başlayıb, fasiləsiz olaraq valideynlərin ömrü boyu davam edir.

Pedaqoji prosesin ikinci tərəfi “öyrənən”dir. Öyrənmə prosesində hər iki tərəfin məsuliyyəti, fəallığı, demək olar ki, eyni dərəcədədir. Yuxarıda deyildiyi kimi, həyat “maddi və mənəvi olanın öyrədilməsi və öyrənilməsi – tətbiqi – yenidən öyrənilməsi və s.” ardıcıllığını ehtiva edən düsturla müşayət olunan fəaliyyətdir. Bu, yaradılmışların məhkum olduğu təbii prosesdir. Öyrənən o mənada bu prosesin əsas fiquru ola bilər ki, o, öyrənmədən yaşaya bilməz. Ayrıca götürülmüş hər hansı “öyrədən” isə öyrətmək məcburiyyətində deyil, öyrətmədən də yaşaya bilər.

Beləliklə, “öyrənən” həyati tələbatlarını ödəməyin yollarını axtarıb tapmağa, mənimsəməyə məcbur olan şəxsdir. İnsanın həyati tələbatları onu ömrü boyu müşayət etdiyindən, öyrənmək də hər bir insan üçün ömürlükdür. Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.v.) məlum hədisinin mahiyyəti də “beşikdən qəbrə kimi” öyrənmənin zəruriliyini göstərməkdir.

Öyrənmənin iki yolu haqda danışmaq olar: düzənsiz, kortəbii yolla öyrənmək və mütəşəkkil – xüsusi olaraq təşkil edilmiş yolla öyrənmə. Kortəbii yolla öyrənmə prosesində əsas subyekt öyrənəndir. Prosesin digər tərəfini isə qeyri-ixtiyari iştirakla seçilən çoxsaylı subyektlər təşkil edə bilər. Yəni kortəbii yolla öyrənmə zamanı öyrənən təkcə öyrətmək üçün xüsusi bilik, bacarıqlara yiyələnmiş şəxsin yox, çoxsaylı digərlərinin də təsirinə məruz qalır. Bu halda öyrənmə qeyri-dəqiq, dağınıq, ziddiyyətli ola bilir və əksər hallarda proses uzun vaxt tələb edir.

Öyrənmənin ikinci yolu pedaqoji prosesin iştirakçısı olaraq öyrənməkdir. Pedaqoji proses xüsusi olaraq təşkil edildiyindən:

– öyrədən müəyyən zəruri biliklərə və öyrətmək qabiliyyətinə malikdir;

– proses ən optimal müddətdə həyata keçirilir;

– prosesin səmərəliliyi üçün zəruri vasitələrdən istifadə imkanları mövcuddur;

– prosesin gedişi və nəticələri izlənilə və təshih edilə bilər.

Beləliklə, buraya qədər deyilənləri ümumiləşdirərək, yekun qənaətimizi bu cür ifadə edə bilərik:

– pedaqoji prosesin əsas kateqoriyaları “öyrədən” və “öyrənən”dir;

– pedaqoji proses subyektlərin bir-birinə qarşılıqlı təsirinə əsaslansa da prosesin səmərəliliyini təmin etməkdə aparıcı tərəf öyrədəndir. Öyrədiləcək bilik və bacarıqların, formalaşdırılacaq keyfiyyətlərin məzmunu, öyrətmə və öyrənmə üsulları, prinsipləri, öyrənənin fəallıq və müstəqilliyinin təmin edilməsi, onların motivləşdirilməsi kimi məsələlər öyrədənin funksiyasına daxildir .

Pedaqoji prosesin digər kateqoriyaları hansılardır, onların bu prosesdə yeri və rolu nədən ibarətdir və bir birlərinə münasibətləri necədir?

Professor Nurəddin Kazımov pedaqogikanın kate- qoriyalarını müəyyənləşdirərkən bu suala qismən cavab vermişdir: “Milli pedaqogikada beş pedaqoji kateqoriya vardır: təlim, tərbiyə, təhsil, psixoloji inkişaf, habelə onları özündə birləşdirən pedaqoji proses.” (Göstərilən əsəri, səh.12)

İlk baxışda belə görünür ki, “pedaqoji proses” də digər dörd kateqoriya ilə bərabərhüquqlu, eyni səviyyəli götürülmüşdür. Lakin diqqət edildikdə aydın olur ki, “pedaqoji proses” digər dörd anlayışı özündə birləşdirən, yəni onlardan daha ümumi anlayışı ifadə edən kateqoriya kimi buraya daxil edilmişdir. Daha konkret mənada təlim, tərbiyə, təhsil və psixoloji inkişaf pedaqoji prosesin tərkib hissələri kimi təqdim edilir. Bu kateqoriyaların hər birinin öyrətmə və öyrənmə funksiyalarının, imkanlarının sistemi əslində bütövlükdə pedaqogika elminin mahiyyətini və məzmununu təşkil edir.

Beləliklə, təlim pedaqoji prosesin tərkib hissəsi kimi öyrətmə və öyrənmənin bilavasitə həyata keçirilmə prosesidir. Bu mənada o, pedaqoji proses məfhumu ilə eyniləşmiş olur. Buna görə də, pedaqogikada, adətən, təlim prosesi zamanı təbiət, cəmiyyət və təfəkkürdəki fakt və hadisələr haqqında olan, öyrənəndən asılı olmayaraq mövcud olan biliklər, bacarıq və vərdişlər öyrədilməsi nəzərdə tutulur. Təlim prosesi zamanı bəşəriyyətin hazırlamış olduğu, təcrübədə sınaqdan çıxıb doğruluğu təsdiq olunan və hamı tərəfindən eyni cür qəbul edilən biliklər öyrədilir. İnsanların bu biliklərə münasibəti daha çox ağılla, təfəkkürlə bağlı olub, onların inkişafına, daha da təkmilləşməsinə istiqamətlənmiş olur.

Tərbiyə də müəyyən ardıcıllıqla həyata keçirilən öyrətmə və öyrənmə prosesidir. “Tərbiyə” anlayışı altında insanın həyatı boyu gördüyü təsirlərin hamısı başa düşülməlidir. Təsadüfi deyildir ki, pedaqogikada “geniş mənada tərbiyə”anlayışı da vardır. Milli pedaqogikanın tələblərindən çıxış edərək şəxsi qənaətimiz kimi, bu anlayışın elmi pedaqogikada saxlanılmasını zəruri hesab edirik. Uzun müddət Şərqdə, o cümlədən, Azərbaycanda “insanın tərbiyə edilməsi” dedikdə, bu günkü mənada “pedaqoji proses”dən daha geniş məsələlər başa düşülmüşdür. Pedaqoji prosesin tərkib hissəsi kimi “tərbiyə” dedikdə isə “əsasən davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin adamlarda məqsədyönlü, planlı və mütəşəkkil sürətdə formalaşdırılması başa düşülür” (N.K) Yəni tərbiyə prosesində insana bilavasitə onun iradəsindən asılı olaraq reallaşan, hər bir insanın fərdi keyfiyyətini formalaşdıracaq bilik və vərdişlər öyrədilir.

Təlim və tərbiyə kateqoriyalarından fərqli olaraq təhsil kateqoriyası tam mənada proses xarakteri daşımır. Professor Əliheydər Həşimov əsas pedaqoji anlayışları xarakterizə edərkən yazırdı ki, “təhsil təlimin nəticəsi, təlim və təhsil almağın əsas yoludur.” (Pedaqogika. Bakı, Azərtədrisnəşr, 1964, səh.6) Doğrudan da, insanlar müəyyən təhsil səviyyəsinə daha çox təlim nəticəsində yiyələnirlər, lakin təlim təhsil almağın yeganə yolu deyildir. Müəyyən sahəyə dair bilik və bacarıqlara müstəqil də yiyələnmək olar. Bu halda təhsil kateqoriyası pedaqoji prosesin tərkib hissəsi olmaqdan çıxır. Çünki bu cür təhsil alma öyrədən və öyrənənin qarşılıqlı təsiri olmadan baş verir.

Təhsil kateqoriyası bu xüsusiyyətinə görə psixoloji inkişaf kateqoriyasına ( “fərdi inkişaf” kateqoriyası deyilərsə, daha düzgün olardı) yaxındır. Düzdür, “inkişaf” anlayışı müəyyən mənada proses ifadə edir.

Lakin pedaqoji prosesin kateqoriyası kimi götürüldükdə o daha çox öyrənmə prosesinin nəticəsi kimi başa düşülür. Təsadüfi deyildir ki, təhsilin daha düzgün hesab etdiyimiz tərifində də təhsillə inkişafın bu baxımdan oxşarlığı öz əksini tapmışdır. “Təhsil – bəşəriyyətin hazırlamış olduğu mədəni irsi cəmiyyət tərəfindən müəyyən edilmiş səviyyədə mənimsəmək və buna uyğun fərdi inkişafa malik olmaqdır.” (İ.Ə. Göstərilən əsər, səh.17)

Pedaqoji proseslə onun tərkib hissələri arasında olan nisbəti də, təxminən bu cür ifadə etmək olar:

Təlim – yalnız pedaqoji proses çərçivəsində müəyyən müddətdə baş verən mütəşəkkil prosesdir. Düzgün təşkil edildikdə tərbiyəvi məqsədlərin həyata keçməsinə, həmçinin fərdi və ümumi inkişafa səbəb olur.

Proses boyu mərhələlərlə, prosesin sonunda isə tam olaraq təhsil səviyyəsinə yiyələnməyi təmin edir.

Tərbiyə – əsasən pedaqoji prosesdə və təxminən eyni nisbətdə ondan kənarda baş verən, əsasən mütəşəkkil, ömür boyu davam edən prosesdir. Düzgün təşkil edildikdə təlimin səmərəliliyinə, təhsil məqsədlərinin həyata keçirilməsinə və fərdi inkişafa səbəb olur.

Təhsil – daha çox pedaqoji proses çərçivəsində, müəyyən ölçüdə isə ondan kənarda bəşəriyyətin hazırlamış olduğu mədəni irsi mənimsəmə səviyyəsidir. Bu mənimsəmə həm də təlim və tərbiyə proseslərində həyata keçirilsə də, təhsil pedaqoji prosesin bitmiş nəticələri ilə müəyyən olunur. Təhsil eyni zamanda fərdi və ümumi inkişafın da göstəricisidir.

Fərdi və ümumi inkişaf daha çox pedaqoji prosesin nəticələrini ehtiva edən kateqoriyadır. Fərdi və ümumi inkişaf son nəticədə pedaqoji prosesin və beləliklə də təlim, tərbiyə və təhsilin səmərəsini artırmağa və səviyyəsini yüksəltməyə səbəb ola bilir.

İsmayıl ƏLİYEV,
Pedaqogika üzrə elmlər doktoru, professor

Filed in: ARAŞDIRMA

Hələ şərh yoxdur

Şərh yazın