6:18 am - Cümə axşamı İyul 24, 2014

Fənn kurikulumlarında məzmun standartları

(əvvəli ötən saylarımızda)

KIV

KIV

Bu fənnin maddi-tədris bazasının yaradılması tamamilə unudulmuşdu.

Ölkə müstəqillik əldə etdikdən sonra Azərbaycan tarixi tədris planına daxil edilməklə müstəqil fənn kimi öyrənilməyə başlanılmış və bununla bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

Bu istiqamətdə görülən işlərdən və atılan uğurlu addımlardan biri ümumtəhsil məktəbləri üçün yeni “Azərbaycan tarixi” dərsliklərinin hazırlanması, nəşri və təhsil müəssisələrinin bu dərsliklərlə pulsuz təminatı olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan tarixinin tədqiqi, tədrisi və təbliği məsələlərini həmişə diqqət mərkəzində saxlayırdı.

Ulu öndər 31 yanvar 1997-ci ildə Azərbaycan MEA rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşündə milli tariximizə dair akademik nəşrlərin, dərslik və dərs vəsaitlərinin yaradılması sahəsində Azərbaycan elm və təhsili qarşısında böyük vəzifələr durduğunu qeyd etmiş, keçmiş Sovetlər Birliyinin tərkibində olduğumuz dövrdə milli tariximizin daha çox ideoloji təhriflərə, konyukturalara, tarixi saxtalaşdırmalara məruz qalmış XIX və XX əsrlər mərhələsinin müstəqil milli dövlətçilik, milli və bəşəri dəyərlər zəminində yenidən yaradılması zərurətini xüsusi vurğulamış, konkret tapşırıqlar vermişdir.

Ulu öndər 2000-ci ilin sentyabrında dərs ilinin başlanması münasibətilə Bakı şəhərindəki 82 nömrəli məktəbdə keçirilən toplantıda Azərbaycan tarixinin öyrənilməsinin vacibliyini bir daha diqqət mərkəzinə çəkmişdir: “Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin”.

Həmin fikri inkişaf etdirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yevlax şəhərindəki çıxışında uşaqlarımıza tariximizin daha dərindən öyrənilməsini bir daha tövsiyə etmişdir.

Bütün bu vəzifələri yerinə yetirmək üçün Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində ciddi iş aparılmışdır. Bu məqsədlə Azərbaycan Respublikası Təhsil Nazirinin 08.02.2006-cı il tarixli, 87 nömrəli əmri ilə AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, əməkdar elm xadimi, professor Yaqub Mahmudovun sədrliyi ilə tanınmış alim, metodist, yenilikçi müəllimlərdən təşkil edilmiş işçi qrupunun iştirakı ilə Azərbaycan tarixi fənni üzrə beynəlxalq tələblərə cavab verən kurikulum layihəsi hazırlanmışdır.

Azərbaycan tarixi kurikulumu ümumtəhsil məktəblərində fənnin fəlsəfəsini, bu fənnin təlimi sahəsində fəaliyyətləri əks etdirən konseptual sənəddir. Bu sənəddə fənnin məzmunu (məzmun standartları), fəndaxili və fənlərarası inteqrasiya, müəllim və şagird fəaliyyətinə dair texnologiyalar, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri əhatə olunmuşdur.

Bütün bunlar Azərbaycan tarixi üzrə biliklərin, ilk növbədə, tarixi xronoloji ardıcıllıqla müəyyən olunmasını və məzmun standartlarında nəzərə alınmasını tələb etmişdir. Həmin biliklər seçilib ümumiləşdirilərək tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət məzmun xətləri üzrə qruplaşdırılmışdır.

Kurikulumda fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında hazırlanmışdır. Burada əsas diqqət nəticəyə nail olduğunu göstərmək üçün şagirdin nümayiş etdirməli olduğu fəaliyyətə yönəldilmişdir. Bu, bacarıqlar şəklində müəyyən olunan standartlar və onların yerinə yetirilməsini təmin edən alt-standartlar sistemi vasitəsilə ifadə olunur. Belə sistem şagird fəaliyyətinin ardıcıl izlənilməsini, onun nailiyyətlərindəki irəliləyişlərin müntəzəm qiymətləndirilməsini təmin edir. Azərbaycan tarixi kurikulumu şagirdlərə gündəlik həyatda lazım olan zəruri bacarıqların aşılanmasını ön plana çəkir. Onların “nəyi bilməli” və “nəyi bacarmalı” olduğunu müəyyənləşdirmək üçün təlim prosesi ilə gözlənilən nəticələr arasında qarşılıqlı əlaqə yaranır.

Azərbaycan tarixinə dair məzmun standartları müəyyənləşdirilərkən şagirdlərin öyrənəcəkləri tarixi biliklərin, eləcə də bu fənn üzrə konkret təlim fəaliyyətlərinin (idraki, hissi, psixomotor) əhatə olunması diqqət mərkəzində saxlanılmışdır. Şagirdlərin təlim nailiyyətlərinin nəticələri müəyyən olunaraq kurikuluma daxil edilmişdir.

Məzmun standartlannda şagirdlərin praktik fəaliyyətə yönəldilməsi, xəritə üzrə işə, tədqiqatçılığa, qrafik və cədvəllər hazırlanmağa istiqamətləndirilməsi, onların yaradıcı işə cəlb olunması üçün imkan yaradılmışdır.

Məzmun standartları, təlim strategiyaları və qiymətləndirmə mexanizmləri hazırlanarkən şagird şəxsiyyətinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır. İlk növbədə, onların meyil və maraqları, əqli və fıziki imkanları mühüm tərəf kimi əsas götürülmüşdür.

Azərbaycan tarixi fənni kurikulumu hazırlanarkən cəmiyyətdə gedən sosial, iqtisadi və mədəni dəyişikliklər iqtisadiyyatda elm, təhsil və xidmətin üstün rol oynaması; iqtisadiyyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar texnoloji yeniliklərin fasiləsizliyi; cəmiyyətin gündəlik həyatında kütləvi informasiya vasitələrindən, videoməhsullardan, reklamlardan və s. asılılığm getdikcə artması; təhsil səviyyəsinin şəxsiyyətin, sosial təbəqələrin strukturunu müəyyən edən əsas amil rolu oynaması da nəzərə alınmışdır.

Bütün bunlara Azərbaycan tarixi fənni kurikulumunun xarakterik cəhətləri kimi diqqət yetirilmişdir.

Azərbaycan tarixi fənni kurikulumu hazırlanarkən həmçinin aşağıdakı istiqamətlər: əsas tarixi hadisələrin mühüm xronoloji çərçivədə öyrənilməsi; tarixi hadisə, proses və təzahürləri başa düşmək üçün şagirdlərin onların baş verdiyi coğrafi məkanı tanımaları; tədrisdə həmin dövrə aid ədəbiyyatdan, xüsusilə ilkin mənbələrdən istifadə olunması; bacarıq və dəyərlərin tədricən planlaşdırılmış şəkildə aşağı pillədən başlayaraq ən yuxarı pilləyə qədər artırılması və bir-birinə istinad olunması; şagirdlərdə insan ləyaqətinə və hüquqlarına hörmət bəsləmək hissinin inkişaf etdirilməsi; təlim prosesində şagirdlərin fəal iştirakını təmin etməyə yönəldən metodların tətbiqinin vacibliyi; fənnin tədrisində keçmiş hadisələrin mütləq müasir zamanla əlaqələndirilməsi və şagirdlərin cari hadisələrdən məlumatlı olmasının vacibliyi; tənqidi təfəkkürün bütün mərhələlərdə inkişaf etdirilməsi və s. gözlənilmişdir.

Məhz bütün bunlar fənnin əhəmiyyətini, məqsəd və vəzifələrini, bir fənn kimi ümumtəhsil məktəblərində öyrənilməsində yerini müəyyənləşdirməyə imkan vermişdir.

Azərbaycan tarixi ölkəmizin ərazisində uzaq və yaxın keçmişdə yaşamış insanların həyatını, onların həyatında baş verən hadisələri, həmin hadisələrin səbəb və nəticələrini öyrənən elmdir.

Azərbaycan tarixinin ümumtəhsil məktəblərində tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çahşan şəxsiyyət formalaşdırmağa, öz soykökünə, adət-ənənəsinə, milli-mənəvi dəyərlərə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə xidmət edir.

Azərbaycan tarixi fənni şagirdlərdə ünsiyyət qurmaq və əməkdaşlıq etmək kimi yüksək mənəvi keyfıyyətlər, öz nöqteyi-nəzərini əsaslandırmaq, qoyulmuş problemə fərqli baxış nümayiş etdirmək, dövlət, cəmiyyət və xalq qarşısında vəzifələrinə məsuliyyətlə yanaşmaq bacarığı formalaşdırır.

Azərbaycan tarixi fənni kurikulumunun əsas cəhətlərindən biri kimi nəticəyönümlülük şagird fəaliyyətinin ardıcıl izlənilməsi, onun nailiyyətlərindəki irəliləyişlərin müntəzəm qiymətləndirilməsini təmin edir.

Bütün bu və ya digər tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adlı sənəddə öz əksini aşağıdakı qaydada tapmışdır:

* təhsilin məzmununu təhsilalanların və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq;
* məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;
* təhsilalanların təhsil marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişafı təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ bacarıqların aşılanmasını təmin etmək;
* təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək.

Ümumtəhsil məktəblərində Azərbaycan tarixi fənninin əsas məqsədi məktəblilərdə vətənpərvərlik, fəal vətəndaş mövqeyi, digər xalqlara, ümumbəşəri humanist dəyərlərə hörmət, mənəvi və ınədəni nailiyyətlərə əsaslanan əqidə prinsipləri, dövlətçilik ənənələrinə sədaqət hissi formalaşdırmaq üçün onlara keçmiş və müasir dövr hadisələrini sərbəst təhlil etmək, faktları ümumiləşdirmək bacarıq və vərdişləri aşılamaqla informativ-kommunikativ və hüquqi mədəniyyət formalaşdırmaqdan ibarətdir.

Təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsiplər əsasında müəyyənləşdirilməsinin təmin olunması, şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılması məqsədi ilə Azərbaycan tarixi fənni kurikulumu hazırlanarkən aşağıdakı prinsiplər istinad olunmuşdur:

(ardı var)

Səhifəni həzırladı:
Malik Qurbanov,
ARTPİ-nin İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin böyük elmi işçisi

Filed in: KİV DF

Şərhlər qapalıdır.