11:33 am - Şənbə Sentyabr 23, 2017

Proqramlaşdırma dillərindən biri — Turbo Paskal

Müxtəlif təyinatlı məsələlərin müasir kompüterlərdə həll olunması üçün standart proqramlar və tətbiqi proqramlar paketlərinin tətbiqi ilə yanaşı, hazırda istifadəçi tərəfindən hazırlanmış proqramlardan istifadə də xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, orta məktəbin 9-cu sinifində tədris olunan “Paskal” proqramlaşdırma dili şagirdlər tərəfindən çətin mənimsənildiyi üçün mən onlara proqramın istifadəçisi kimi operatorların icrası, alt proqramlar və prosedurların, massivlərin qurulmasını həyata keçirmələri və məsələləri həll etmələri üçün sadə dildə izah verirəm.

Proqram – proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi ilə tərtib olunmuş xüsusi yazılışlar ardıcıllığıdır.

Kompüterə daxil ediləcək əmrlər danışıq dilinə yaxın xüsusi dillərdə yazılır. Belə dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dillərinin də adi dillərdə olduğu kimi, əlifbası, lüğəti, tərkibi və sintaksisi var. Adi dillərdən fərqli olaraq, proqramlaşdırma dilində ən çoxu bir neçə yüz söz olur, sözlərin çoxmənalılığına yol verilmir, yalnız bir məna daşıyır.

Proqramlaşdırma dilləri çoxdur. Onlar aşağı və yüksək səviyyəli dillərə bölünür. Aşağı səviyyəli dillərə maşın dili və assembler dili aiddir. Bu dillər istifadə edildiyi maşının tipindən asılı olduğundan maşın yönümlü dillər adlanır.

Hazırda maşın kodundan istifadə olunmur və kompüter üçün proqram hər hansı proqramlaşdırma dillərinin birində tərtib olunur. Proqramlaşdırma dilləri bir qayda olaraq, verilənlərin təsviri, hesabi operatorlar, dövrün təşkili və idarəedici vasitələr, informasiyanın daxil və xaric olunma vasitələri ilə təmin olunub. Dillərin çoxunun proqramın tərtibində oxşar prinsipdən istifadə etməsinə baxmayaraq, onların sintaksisi müxtəlifdir.

Yüksək səviyyəli proqramlaşdırma dilləri (alqoritmik dillər) isə müxtəlif tipli maşınlarda istifadə edilə bilər. Alqoritmik dillər maşın dillərinə nisbətən daha sadə olub, geniş istifadəçi kütləsini əhatə edir. Proqramlaşdırma dillərində əmrlər operatorlar və ya təlimat adlanır. Hər hansı alqoritm üçün tərtib olunan bu cür əmrlər ardıcıllığı ilkin proqram və ya sadəcə ilkin mətn adlanır. İlkin mətn çevirici proqram (translyator) vasitəsi ilə çevriləndən sonra icra olunur. Proqramlaşdırma dilləri də öz növbəsində interpretator və kompilyatorla işləyən dillərə bölünürlər.

İnterpretatorla işləyən dillərdə proqram tərtib edildikdə hər yeni proqram sətrinin daxil edilməsi zamanı həmin sətirdə səhvin olub-olmadığı yoxlanılır və əgər səhv olarsa, yerinə yetirmə avtomatik olaraq dayandırılır.

Kompilyatorla işləyən dillərdə isə proqram mətni tam daxil edildikdən sonra mövcud səhvlər haqqında məlumat verilir. Səhvlərin göstərilən nömrə və izahatlarına əsasən onlar uyğun şəkildə aradan qaldırılır.

Alqoritmik dillərə Fortran, PL, Ada, C, Modula-2, Cobol, Bazik, Pascal və s. dillərini aid etmək olar. Maşın dillərinə isə ASSEMBLER tipli dilləri aid etmək mümkündür. Biz alqoritmik dillərdən biri olan Paskal dilinin Turbo Paskal 7.0 versiyası ilə tanış olacağıq. Bu dil 1984-cü ildə Borland İnternational şirkəti tərəfindən yaradılmışdır. Dilin Turbo Paskal 5.0 variantı 1988-ci ildə, Turbo Paskal 7.0 variantı isə 1992-ci ildən istifadə edilir.

Turbo Paskal dilinin əlifbası:

İndi isə Turbo Paskal 7.0 dilinin əlifbası ilə tanış olaq. Turbo Paskal dilinin əlifbasına hərflər, onluq say sisteminin rəqəmləri, onaltılıq say sisteminin rəqəmləri, xüsusi simvollar, açar sözlər və s. daxildir.

Əlifbanın tərkib hissəsi aşağıdakı kimidir:

1. 0-dan 9-a qədər ərəb rəqəmləri;

2. 0…9, A, B, C, D, E, F – onaltılıq say sisteminin rəqəmləri və onlardan düzəldilmiş ədədlər;

3. Xüsusi işarələr: +, -, *, /, =, ., ,, ;, :, <, >, [ ], ( ), { }, ^, @, $, #, &, (* *), (. .).

4. Münasibət işarələri:

< – kiçikdir;

– böyükdür;

<= – kiçikdir bərabərdir;

= – böyükdür bərabərdir;

= – bərabərdir

: = – mənimsətmə operatoru.

5. Hesabi əməllər:

+ – toplama;

– – çıxma;

*- vurma;

/ – bölmə;

div – tam bölmə

mod – bölmə əməlindən alınan qalıq

6. Məntiqi əməllər:

and- iki tam ədədin bitləri üzrə məntiqi və əməliyyatı;

or – iki tam ədədin bitləri üzrə məntiqi və ya əməliyyatı;

not – tam ədədin bütün bitləri üzrə unar inversiya əməliyyatı;

xor – iki tam ədədin bitləri üzrə istisnalı məntiqi və ya əməliyyatı.

Turbo Paskal dilində bir sıra açar sözlərdən istifadə edilir. Bu dildə xidməti sözlər öz vəzifəsinə görə dəqiq təyin edilərək, dəyişdirilə bilməz. Ona görə də identifikatorların yazılışında açar sözlərdən istifadə edilə bilməz. Yəni bu sözlərdən dəyişən və ya sabitlərin adlandırılmasında istifadə edilməməlidir. Bu sözlərdən bəzilərini qeyd edək: case, absolute, begin, const, div, do, downto, else, end, external, file, for, forward, function, goto, if, in, implemation, inline, interface, interrupt, label, mod, nil, not, of, packed, procedure, set, shl, shr, string, program, record, repeat, then, to, type, unit, until, uses, var, while, with və s.

Turbo Paskal dilində sabit, dəyişən, nişan, tip, prosedur, funksiya, modul, proqram və yazı sahələrinin adlandırılması məqsədilə identfikatorlardan istifadə edilir. İdentifikator ixtiyari uzunluğa malik, ilk simvolu hərf olan simvollar ardıcıllığıdır. Proqram daxilində identifikatorun yalnız ilk 63 simvolu nəzərə alınır.

Turbo Paskal dilinin standart funksiyaları:

Bu dildə digər alqoritmik dillərdə olduğu kimi, standart funksiyalar da mövcuddur. Bu standart funksiyalar aşağıdakılardır:

Cədvəl

Cədvəl

Digər riyazi funksiyaların hesablanması məqsədi ilə riyazi çevirmələrdən istifadə edilir. Bunlardan bir neçəsini göstərək:

Cədvəl

Cədvəl

Turbo Paskal dilində sabit və dəyişənlər, onların tipləri

Turbo Paskal dilində sabit və dəyişənlərin proqramda istifadəyə qədər tipləri müəyyən olunmalıdır. Verilənlər, başqa sözlə sabit və dəyişənlər 5 əsas tipə bölünürlər:

1. sadə tiplər;

2. struktur tipi;

3. göstərici tipi;

4. sətir tipi;

5. prosedura tipi.

Öz növbəsində sadə tiplər: nizami tiplərə və həqiqi tipə bölünürlər.

Nizami tiplər aşağıdakılardır:

– tam tip;

– məntiqi tip;

– simvol tipi;

– sadalanan tip;

– diapazon tipi.

Struktur tipli verilənlərin isə aşağıdakı növləri mövcuddur: massivlər, yazılar, çoxluqlar, fayllar.

Tam tiplərdə tam dəyişən və sabitləri təsvir etmək üçün beş tip mövcuddur ki, onlar aşağıdakılardır: işarəli qısa tam (shortint), işarəli tam (integer), işarəli uzun tam (longint), işarəsiz qısa tam (Byte), işarəsiz tam (Word)

Məsələn, A, B, C, D dəyişənləri var:

A, B: integer;

C, D: byte: kimi elan edilibsə, onda A və B dəyişənləri yaddaşda 2 baytlıq yer tutaraq -32768-dən +32768-ə qədərki aralıqda qiymət ala bilərlər, C və D dəyişənləri isə yaddaşda 1 baytlıq yer tutaraq 0-dan 255-ə qədərki aralıqda qiymət ala bilərlər.

Məntiqi tipli verilənlər Boolean kimi elan edilir və onların ala biləcəyi qiymətlər False(yalan) və ya True (doğru) ola bilər.

Sadalanan tip elan edilərkən, dəyişənin ala biləcəyi qiymətlər mötərizədə göstərilməlidir. Məsələn, Type İxtisaslar – menecment, marketinq, mühasibat uçotu, informasiya sistemləri, iqtisadçı-mühəndis;

Bu o deməkdir ki, ixtisaslar adlı identfikator proqram daxilində mötərizədəki 5 ixtisasın adlarından birini ala bilər.

Simvol tipli verilənlər Char tipi kimi göstərilir. Bu tipə aid olan sabit və dəyişənlərin qiymətləri dırnaq arasında verilir: məsələn X=’a’. Qeyd etmək lazımdır ki, hər bir simvola 0..255 arasında bir ədəd kod kimi uyğundur. 0..31 arasındakı kodlar xidməti kodlardır. Əsas simvollara (klaviaturaya uyğun simvollara) uyğun kodlar 32-127 aralığında yerləşir. Məsələn, 4 rəqəminin simvol kodu 52, A hərfinin simvol kodu 65, a hərfinin (kiçik və baş hərflərin kodları fərqlidir) simvol kodu 97-dir.

Şagird istifadəçi olaraq özü də yeni tiplər müəyyənləşdirə bilər. Yəni əvvəldə tipi verilən sabit və ya dəyişəni, sonra isə yeni dəyişənin tipi kimi göstərə bilər. Bu halda mütləq Type sözü yazılır, sonra isə dəyişənlərin siyahısı və tip kimi qəbul edilən artıq elan olunmuş dəyişən ümumi qaydalara uyğun verilir.

Aytac RZAYEVA,
Xətai rayonu 24 nömrəli orta məktəbin informatika müəllimi

Filed in: DƏRS NÜMUNELERİ İNFORMATİKA

Hələ şərh yoxdur

Şərh yazın