11:27 am - Şənbə Sentyabr 23, 2017

AZƏRBAYCAN DİLİNDƏN “GÜZGÜ” MÖVZUSUNDA “AÇIQ DƏRS”İN İCMALI

Zülfiyyə Süleymanova, Bərdə şəhəri T.İsmayılov adına  1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Zülfiyyə Süleymanova,
Bərdə şəhəri T.İsmayılov adına
1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Mən Zülfiyyə Süleymanova 1993-cü ildə Bərdə şəhəri 2 nömrəli tam orta məktəbi bitirmiş, 1993-cü ildə ADPU-nun İbtidai metodika və pedaqoqikası fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni bitirmişəm.

1998-ci ildən Bərdə şəhəri 1 nömrəli orta məktəbdə ixtisasım üzrə müəllim işləyirəm. Çalışdığım müddətdə dərslərimi qoyulan tələblər əsasında aparmış, şagirdlərimin dünyagörüşünün, məntiqi düşüncələrinin formalaşmasında, elmi biliklərə yiyələnməsində səmərəli fəaliyyət göstərmişəm. Kurikulum islahatı baxımından dərslərimi bu tələblər əsasında qurur, müasir təlim üsullarından, İKT vasitələrindən yaradıcı tətbiqetmədən daha da geniş istifadə etməklə bütün dərslərimdə məntiqi pedaqoji tamlığa nail oluram. Dəfələrlə keçirdiyim açıq dərslər geniş müzakirə mövzusu olmuş, qabaqcıl təcrübəmin yayılıb ümumiləşrilməsi üçün Pedaqoji şurada qərar qəbul edilmişdir. Məktəb və rayonumuzun tarixində ilk dəfə olaraq rəsm qaleriyasında çoxsaylı əl işlərimin fərdi sərgisi keçirilmişdir. Təhsil sistemində aparılmış islahatlar baxımından dərslərimi hər zaman müasir üsullar əsasında qurmağı, bilik və bacarıqlarımı şagirdlərimin hərtərəfli formalaşdırılmasında sərf etməyi özümün müqəddəs və şərəfli borcum hesab etmişəm. Bütün bunları nəzərə alaraq, Azərbaycan dilindən hazırladığım elektron dərsi sizlərlə bölüşmək istəyirəm.

Mövzu: “Güzgü”

Standart:

2.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır.

4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır

və fərqləndirir.

Məqsəd:

1. Təxəyyülünə uyğun dialoq qurub təqdim edir.

2. Gördüyü varlığı səciyyələndirmək üçün əlamət bildirən sözlərdən istifadə edir.

Dərsin tipi: İnduktiv.

İş forması: Kiçik qruplarla iş.

İş üsulları: Beyin həmləsi, müzakirə.

İnteqrasiya: Həyat bilgisi, təsviri incəsənət.

Resurslar: Dərslik, iş vərəqləri, kompüter, proyektor.

Qiymətləndirmə üsulu: Şifahi və yazılı təqdimat.

Qiymətləndirmə vasitəsi: Rəngli ulduzlar və meyar cədvəli.

DƏRSİN GEDİŞİ:

Sinifə daxil olub, şagirdlərlə salamlaşıram.

Motivasiya:

Şagirdlərə güzgünü göstərib deyirəm:

– Elə təsəvvür edin ki, güzgünü ilk dəfə görürsünüz. Özünüz haqqında nə deyə bilərsiniz? Güzgüyə baxıb deyirəm:
– Səbirli insana oxşayır, boyu bəstədi, saçları qısadır və s.

Şagirdlərin fikirləri dinlənilir.

Müəllim: – Heyvanlar güzgüyə baxsalar özləri haqqında nə deyərdilər?

Proyektor vasitəsilə “Güzgü” cizgi filmi göstərilir. Yenidən sinifə müraciət edirəm:

– Cizgi filmində hansı heyvanları gördünüz?

Şagirdlər: – Dovşan, ceyran, ayı, canavar və s.

Müəllim: – Heyvanlar meşədə nə tapırlar?

Şagirdlər: – Güzgü.

Tədqiqat sualı:

Güzgünü sındırmaqla görünüşünüzü dəyişdirə bilərsinizmi? Eybinizi gizlədə bilərsinizmi?

Tədqiqatın aparılması:

Dərsliklə iş aparılır.

Şagirdlər 4 qrupa bölünür, iş vərəqləri paylanılır. Hər qrupa tapşırıq və yazılmış iş vərəqi verilir.

Canavar qrupu:

Şəkil

Şəkil

1. Canavar güzgüdə özünün hansı əlamətlərini gördü?

2. Ev heyvanları ilə çöl heyvanlarının fərqi nədir?

3. Şəkli rənglə (maral şəkli).

Dovşan qrupu:

Şəkil

Şəkil

1. Tıq-tıq xanım güzgüyə baxıb nə deyir?

2. Lovğa kimə deyirlər?

3. Sizə gözəl deyən şəxsə nitq etiketi ilə necə cavab verərdiniz?

Ceyran qrupu:

Şəkil

Şəkil

1. Fil güzgüyə baxaraq özü haqqında nə deyərdi?

2. Əlamət bildirən sözlər hansı suala cavab verir? Nümunə yazın.

Şəkli rənglə (fil şəkli).

Meymun qrupu:

Şəkil

Şəkil

1. Zürafə güzgüyə baxaraq özü haqqında nə deyərdi?

2. Meymun nə üçün güzgünü dərəyə tulladı?

3. Şəkli rənglə (zürafə şəkli).

İnformasiya mübadiləsi:

Qruplar öz işlərini təqdim edirlər.

İnformasiya müzakirəsi və təşkili:

Qrupların işi müzakirə olunur.

Müzakirə sualları:

1. Hansı heyvan daha gözəldir?

2. Bəs nə üçün canavar güzgüyə xeyli baxıb özünə “gözəl” dedi?

3. Güzgüyə baxıb ən çox qəzəblənən heyvan hansı oldu?

4. Meymun nə üçün güzgünü dərəyə tulladı?

5. Sizcə, güzgünü sındırmaqla görünüşü dəyişmək olarmı?

Nəticə:

Güzgü hər kəsi olduğu kimi əks etdirir.

Onu sındırmaqla görünüşünüzü dəyişdirə bilməzsiniz.

Yaradıcı tətbiqetmə:

1) Heyvanların əlamətlərini deyin:

Dovşan ——————————

Ceyran ——————————

Canavar —————————-

Meymun —————————-

2) “Meymun baxar güzgüyə, adını qoyar özgəyə” atalar sözünü izah edin.

Qiymətləndirmə:

Qrupların işi meyarlar əsasında qiymətləndirilir. Fərdi şəkildə isə şagirdlər müşahidə əsasında fəallığına, sual-cavabda iştirakına əsasən qiymətləndirilir (ulduzlarla).

Ev tapşırığı:

Sizcə, başqa heyvanlar və ya quşlar güzgüyə baxsalar nə düşünərdilər?

Onların fikirlərini dəftərinizə yazın. (dərslik səh.116)

Filed in: DƏRS ANA DİLİ

1 şərh var: to “AZƏRBAYCAN DİLİNDƏN “GÜZGÜ” MÖVZUSUNDA “AÇIQ DƏRS”İN İCMALI”

  1. Aytekin
    4 Yanvar 2017 at 23:00 #

    Salam Zülfiyye xanim. Cox sag olun ki, tecürbenizi bölüsürsünüz.Ders haqqinda demek isterdim ki, vaxt bölgüsü nece olub, mence cox vaxt serf olunar. Usaqlar metni oxumasi gösterilmeyib. Elamet bildiren sözlerin suali sorusulur. Bu keçilen dersin sorgusuna oxsayir, tapsiriga yox. Siz evvel by barede melumat vermisiniz? Menim sagirdlerim bunda çetnlik çekerler. Onlara tapmaca xaraterli tapsiriq verirem çalsiram özleri suali meydana çixara bilsinler.Amma sorussam element bildiren sözlerin suali nedir?Cavab vere bilmezler.Cox sag olun ki kömek edirsiniz

Şərh yazın