8:59 pm - Cümə axşamı Yanvar 19, 2017

Biologiya dərslərində oyunlardan istifadənin əhəmiyyəti

Necə etmək lazımdır ki, dərs daha məzmunlu, daha maraqlı və cəlbedici olsun. Şagirdləri düşünməyə, bilik və bacarıqlara daha aktiv, çevik cəlb etmək üçün dərslərimizi necə qurmalı və necə aparmalıyıq ki, standartlara uyğun məqsədlərə nail olaq. Sinfi işləməyə, daha çevik düşünməyə cəlb etmək üçün müəllim kimi dərslərimdə müxtəlif interaktiv usul və oyunlardan istifadə edirəm. Təcrübə göstərir ki, dərslərin belə aparılması şagirdləri yormur, əksinə, dərsdə daha fəal və həvəslə iştirak etməklə, bilikləri mənimsəyir, onlarda bacarıqlar formalaşır.

Şəkil

Şəkil

Dərslərimdə istifadə olunan oyunlardan bir neçəsini təqdim edirəm:
“Fikrimdə tutduğum heyvanı (bitkini) tap” oyunu.

Bir nəfər şagird sinifdən çıxaraq qapının arxasında gözləyir. Digər şagirdlər hər hansı bir heyvanı (bitkini) seçirlər. Şagird sinfə çağırılır. Həmin şagird sinfə sualla müraciət edir. Sinifdəki şagirdlər isə onun suallarına ya “hə”, ya da “yox” cavabı verirlər. Şagird tərəfindən verilən suallar tapılacaq heyvanın və ya bitkinin morfoloji xüsusiyyətlərinə aid olmalı, onun sistematikasını əks etdirməlidir. Məsələn, “Yastı qurdlar tipi” mövzusu öyrənilirsə, dərslikdə olan qaraciyər sorucusu seçilibsə, çağırılan şagird sinfə belə suallarla müraciət edə bilər:

– Bu heyvan bağırsaq boşluqlar tipinə aiddir?

– Xeyr.

– Bu heyvan suda yaşayır?

– Xeyr.

– Bu heyvan parazitdir?

– Bəli, bədən simmetriyası ikiyandır.

– Bəli.

– Ağız sormacı var?

– Bəli, bu qaraciyər sorucusudur.

Bitkilər aləmi öyrənilirsə, “Badımcançiçəklilər fəsiləsi”ndən olan dəlibəng bitkisi seçilibsə, şagird sinfə belə sualla müraciət edir:

– Bu bitki gülçiçəklilər fəsiləsinə aiddir?

– Xeyr.

– Çiçək qrupu salxımdır?

– Xeyr.

– Meyvəsi giləmeyvədir?

– Xeyr.

– Qutucuq meyvədir?

– Bəli.

– Zəhərlidir?

– Bəli, bu bitki dəlibəngdir

Yaxşı olar ki, bu oyundan biologiya dərslərində ümumiləşdirici, bitkilərin və heyvanların sistematikası bölmələri tədris olunarkən istifadə olunsun. Suallar beşdən çox olmamalıdır. Bu oyun tapmaca xarakterli olmaqla, şagirdlərdən hərtərəfli hazırlıq tələb edir. Şagirdlərin bitkilərdə öyrəndikləri bütün fəsilələrin – sistematik və morfoloji xüsusiyyətlərini daha dərindən analiz etməyə, ümumiləşmə aparmağa, onları fəqləndirməyə, eyni zamanda hər şöbəyə (tipə) daxil olan vahidləri tanımağı və təsnif etməyi formalaşdırır, müəllimə dərs materialının necə mənimsənilməsini müəyyən etməyə imkan yaradır. Bu oyun zamanı şagird böyük sistematik vahidlərdən, daha kiçiklərinə doğru və ya əksinə, alqoritmi bacarır, növləri müqayisə edə bilir.

Rollu oyunlar zamanı məsələn, “Cücülərin müxtəlifliyi və əhəmiyyəti” mövzusu öyrədilərkən şagirdlər cücülərin nümayəndəsi kimi çıxış etməklə, həmin cücüyə xas xüsusiyyətləri göstərir, hətta təsərrüfatlara və sağlamlığa zərərli təsiri olan cücülərin də qida zəncirində rolunu qiymətləndirirlər. Çəyirtkələrin kütləvi surətdə kənd təsərrüfatı bitkilərini məhv etməsi ilə yanaşı, quşlar üçün çox qidalı yem olduğunu, onlar olmazsa bir çox heyvanların ac qala biləcəklərini də qeyd edirlər. Hər hansı bir cücünün rolunda çıxış etməklə, həmin cücünün bütün xarakter xüsusiyyətlərini verməyə çalışırlar. Bu zaman dərs canlı və şagirdlərin aktivliyi şəraitində keçir. Belə rollu oyunların tətbiqi şagirdlərdə tənqidi və yaradıcı təfəkkürün inkişafına səbəb olur.

Yaqut İsmayılova,
Şamaxı rayonu THTFT internat tipli liseyin biologiya müəllimi

Filed in: DƏRS NÜMUNƏLƏRİ - BİOLOGİYA

1 şərh var: to “Biologiya dərslərində oyunlardan istifadənin əhəmiyyəti”

  1. Əliyeva Leyli.İmişli şəhər 7 saylı məktəb
    11 May 2016 at 23:32 #

    Yaqut xanım çox maraqlı yanaşmadır.Təşəkkür edirəm.

Şərh yazın