3:11 pm - Çərşənbə Noyabr 24, 2460

Qəbələ Peşə Məktəbində İKT proqramları fənnindən keçirilən “açıq dərs”in icmalı

Mövzu: “Klaviatura”

Məqsəd:

1. Klaviaturanın quruluşu, əsas funksiyası haqqında məlumat vermək.

2. Şagirdlərlə birgə iş üsulu əsasında mövzunu araşdırmaq.

3. Kompüterdə işləyərkən klaviaturada “On barmaq” metodu ilə işləməyi şagirdlərə öyrətmək.

İnteqrasiya: İnformatika, Azərbaycan dili, elektrotexnika.

İş üsulu: Müzakirə, beyin həmləsi, BİBÖ

İş forması: Qruplarla iş.

Resurslar: İnternet, iş vərəqləri, kompüter, dərslik, paylayıcı vərəqlər.
Dərsin gedişi

Motivasiya: Problemin qoyuluşu.

Müəllim beyin həmləsi ilə sorğu aparır.

Kompüter klaviaturalarının əsasını nə təşkil edir?

Klaviaturada yığılan informasiyaya hansı qurğu nəzarət edir?

Klaviaturaların hansı növləri var?

Standart klaviatura neçə klavişdən ibarətdir?

Klavişlər düzülüşünə və funksional təyinatına görə neçə qrupa bölünür?

Müəllim motivasiya mərhələsində şagirdlərin nəyi bildiklərinə əmin olduqdan sonra, onların nəyi bilmək istədiklərini araşdırır, informasiya mübadiləsi və müzakirəsi mərhələsində isə bunu nəzərə alır.

Tədqiqat sualı:

Standart klaviaturanın quruluşunu (klaviş qrupunu) araşdırmaq.

Tədqiqatın aparılması:

Şagirdlər qruplara bölünür və qruplara iş vərəqləri paylanır.

Qrup Uran

Qrup Səma

Qrup Mars

Qrup Neptun

Qrup Şəfəq
GİRİŞ (Bütün qruplar üçün)

Kompüterin başlıca daxiletmə, həm də idarə qurğusu klaviaturadır. Onun köməyi ilə mətn və ədədi informasiyalar, müxtəlif cür verilənlər kompüterə daxil edilir. Klaviaturada yığılan informasiyaya nəzarət olunmaq üçün monitorun ekranında göstərilir. Yeni daxil edilən simvolun yeri ekranda xüsusi işarə ilə kursor vasitəsi ilə göstərilir. Kompüter klaviaturalarının əsasında yazı makinaları dayanır. Məhz buna görə də klaviaturada klavişlər QWERTY düzülüşündə yerləşib. Onun adı klaviaturanın üçüncü sırasındakı ilk altı klavişdən yaranıb.

Kompüterdə standart klaviatura 101/105 klavişdən ibarətdir. Funksional təyinatına görə bu klavişlər 4 qrupa bölünür. (Windowsun əlavə klaviş qrupu da vardır ki, onlar istənilən proqramda eyni funksiyaları yerinə yetirə bilər.)

Şəkil

Şəkil

Tədqiqatın dəqiq aparılması üçün qruplara paylama materialı verilir.

Paylayıcı material № 1

Funksional klavişlər. Bu klavişlər klaviaturanın yuxarı sırasında yerləşdirilib və < F1>, < F2>, < F3>,
< F4>, < F12> kimi işarələnir. Bu klavişlər hər hansı bir funksiyanı yerinə yetirir. Funksiyalar proqramdan, iş rejimindən asılı olaraq dəyişə bilər. Ancaq ümumi təyinatlı funksiyalı klavişlər də var. Məsələn, < F1> klavişi həmişə yardım (arayış) almaq üçün istifadə olunur.

Paylayıcı material № 2

Hərf-rəqəm klavişləri – Kompüterə informasiyanı daxil etmək üçündür. Bu klavişlərdən hər birinin 1 dəfə istifadə olunması hərf və ya rəqəmi ekrana çıxartmaq üçün kompüterə əmr verir. Kompüterdə hansı proqramın buraxılmasından asılı olmayaraq, bu klavişlərin “qiyməti” sabit qalır. Hərf klavişləri həm latın, həm də rus hərfləri rejimində işləyə bilirlər. Onların yerləşmə sxemi ənənəvi yazı makinasındakı klavişlərin yerləşmə sxeminə uyğundur. Sağ tərəfdə yerləşən rəqəm düymələri əsasən rəqəmləri daxil etmək üçündür. Bəzi hallarda ondan hərfin kodunu bilərək, hərfləri də daxil etmək üçün istifadə olunur. Hərf-rəqəm klavişləri klaviaturanın ortasında yerləşir.

Paylayıcı material № 3

İdərəedici klavişlər. Bu klvişlərin dördünə çox vaxt ox klavişləri də deyilir. Onlar mətn kursorunun klavişin üzərində göstərilmiş ox istiqamətində hərəkət etdirilməsi üçün nəzərdə tutulmuşdur. Həmin 4 klavişdən yuxarıda bu kateqoriyalı daha 6 klaviş yerləşir.

İnsert

Delete

Şəkil

Şəkil

Home

End

Page Up

Page Dn

İNSERT klavişi ilə klaviatura simvol əlavə etmə rejiminə keçir və ya həmin rejimdən çıxır.

1-ci halda klaviaturadan daxil edilən simvol kursorun dayandığı yerdə yazılır və ondan sonra gələn simvollar sağa sürüşür. İkinci halda isə simvol kursorun üzərində durduğu simvolun yerinə yazılır, yəni onu əvəz edir.

DELETE – Kursorun üzərində dayandığı simvolu silmək üçündür və ayrılmış mətni, faylı və s. ləğv etmək üçün istifadə edilir.

HOME – Kursoru cari sətrin başlanğıcına gətirir.

END – Kursoru cari sətrin başlanğıcına gətirir.

Page Up – Əvvəlki səhifəni ekrana çıxarır. Kursorun ekrandakı nisbi yeri dəyişmir.

Page Dn – Sonrakı səhifənin məzmunu ekrana çıxarır. Kursorun yeri dəyişmir. Ctrl klavişi Page Up düyməsi ilə vurulduqda kursor faylın (mətnin) başlanğıcına, Page Dn düyməsi ilə birgə vurulduqda faylın sonuna keçir.

Paylayıcı material № 4

Rəqəm klaviaturası. Kalkulyatorun klavişlərini xatırladan bu klavişlər dəsti klaviaturanın sağında yerləşir və əsasən bank, mühasibatlıq işçiləri arasında populyardır. Bu və ya başqa simvolun daxil olunması “Num Lock” klavişi tərəfindən müəyyən olunur. “Num Lock” indikatorunun yanması rəqəm klaviaturasından rəqəmlərin daxil olmasını göstərir. Əks halda həmin klavişlər kursorun idarə olunması klavişlərini təkrarlayır.

Paylayıcı material № 5

Klaviaturada elə klavişlər var ki, onlar haqqında ayrıca danışmağa dəyər.

<Pusk Start > əsas menyunu açır.

<ENTER > klavişi. Kompüterdə başlıca idarəedici klavişdir. Bu klaviş çox zaman əmrlərin kompüterə daxil olunmasını bitirmək, mətn yığarkən yeni sətrə keçmək üçün istifadə olunur.

<Esc > klavişi Standart klaviaturanın sol yuxarı küncündə yerləşən bu klavişdən tətbiqi proqramlarda və əməliyyat sistemlərində, adətən, hər hansı əməliyyatı ləğv etmək üçün istifadə olunur.

<Tab > klavişi (→) (←) Mətn prosessorlarında <Tab > klavişi yazı makinalarında olduğu kimi abzas boşluqlarını qoymaq üçün istifadə olunur, kursoru 8 mövqe sağa və ya sola sürüşdürür.

<Caps Lock > klavişi böyük hərflər rejimini qoşur. Basılı olduqda bütün mətn böyük hərflərlə yığılır.

<Shift > klavişi Mətn rejimində işlədikdə, bu düymə hərflə birgə sıxıldıqda böyük hərf alınır və % @ # ^ & kimi simvollar yığılır.

<Ctrl > (Control – idarəetmə) klavişi. Bu klavişdən <Shift > klavişi kimi istifadə olunur.

<Alt > klavişi (Alternate – əvəz etmə) <Shift > klavişi kimi başqa klavişlərlə birgə işlədilir.

<Backspace> (←) klavişi (Geri qaytarma) kursoru bir möqe geri qaytarır, kursordan əvvəlki simvolu silir.

<Space> (Boşluq) Sözlər, simvollar arasında məsafəni müəyyən edir. Qruplarla iş vərəqlərini işləməyə başlayırlar. Onlar qrupda öz liderlərini seçirlər. Tədqiqat prosesi başlayır.

Qrup URAN – İş vərəqi № 1

Funksional klavişlərlərin təyinatı ilə istifadə olunan proqram arasında asılılıq anlayışını izah etməli və ümumi qəbul olunmuş təyinatları qeyd etməli.

Qrup Səma – İş vərəqi № 2

Hərf-rəqəm klavişlərinin iş rejimini və yerləşmə sxemini izah etməli, klavişlərin QWERTY düzülüşündə yerləşməsinin nəyə əsaslandığını və F, J hərfləri və 5 rəqəmi üzərindəki (_) (.) işarələrinin mahiyyətini aydınlaşdırmalı.

Qrup Mars – İş vərəqi № 3

İdarəedici klavişlərin həm təklikdə, bir çox hallarda isə iki və ya üç klaviş birlikdə müəyyən idarəetmə funksiyasının yerinə yetirilməsi prosesinin necə qurulduğunu izah etməli .

Məsələn, (Ctrl ↑), ( Ctrl← ), (Ctrl↑ ), ( Ctrl↓ ) Ctrl+Alt+Del, CTRL+ALT +PAGE UP və.s (+) işarəsi klavişlərin eyni anda vurulduğunu göstərir.

Qrup Neptun – İş vərəqi 4

Yardımçı Rəqəm klaviaturasında bu və ya başqa simvolun daxil edilməsi necə müəyyən olunur, “Num Lock”klavişinin əsas rolu nədən ibarətdir. Bu klaviş aktiv olmasa rəqəm klavişləri klaviaturada hansı klavişlərin funksiyasını yerinə yetirər?

Qrup Şəfəq – İş vərəqi № 5

Yardımçı klavişlər qrupu <ENTER >, <Esc >, <Tab >, <Caps Lock > , <Shift > , <Ctrl > , <Alt > , <Backspace > , < Space > və s. dəyişdirici, çevirici, idarəedici, sürətləndirici klavişlər kimi yerinə yetitdikləri funksiyaları araşdırmalı.

Qrupların iş vərəqləri lövhədən asılır. Hər qrupun lideri görülən işi təqdim edir.

Mübadilə: Bu prosesdə qruplar paylama vərəqlərini bir-birinə verərək verilmiş mövzunu yenidən müzakirə edərək mübadilə prosesinə başlayırlar. Nəticədə aşağıdakı suallar müzakirə olunur.

Müzakirə sualları.

Klaviaturanın hansı növləri var və onun ilkin variantı hansı qurğulardır?

Əsas klaviş qrupları hansılardır?

Dəyişdirici klaviş qrupuna daxil olan klavişlər hansı funksiyanı yerinə yetirir?

“QWERTY” düzülüşü nədir? Standart klaviatura nə üçün rus (ru) və yaxud İngilis (en) əlifbasının əlifba sırası ilə düzülməyib?

Nasaz elektrik cərəyanından istifadə etməməli.

Kompüterdə standart klaviaturada işləyərkən iş otağını necə qurmalı, kompüterin düzgün istismar qaydalarına necə riayət etməli, klaviaturanın və işçi masanın qarşısında necə oturmalı, kompüterlə gözlər arasında məsafəni necə tənzimləməli?

Nəticə və ümumiləşdirmə:

Şagirdlərin cavabları ümumiləşdirilir, qruplar bir-birinin cavablarını qiymətləndirirlər, onlar kompüterin əsas qurğularını işlətməyi, xırda qüsurları aradan qaldırmağı bacarır, klaviaturanın kompüterdə əsas daxiletmə qurğusu olduğunu dərk edir və kompüterdə işləyərkən texniki təhlükəsizlik qaydalarına hökmən riayət etməyin vacib olduğunu başa düşürlər.

Yaradıcı tətbiqetmə:

Bu hissədə qruplar standart klaviaturada praktik olaraq işləmək üçün verilmiş bir mətndən fraqment götürüb, qısa müddət ərzində həmin hissəni həm ingilis, həm rus, həm də Azərbaycan dilində yazmalıdır.

Sonra isə müəllim mövzunun daha dərindən başa düşülməsi üçün qruplara test tapşırıqları işlədir.

I Qrup

Verilənlərdən hansı aktiv səhifəni bağlayır?

A. LT F 6 B. SHİFT F3 C. ALT F4

Aşağıdakılardan hansı növbəti mövqeyə keçid klavişidir?

A. F12 B. CTRL F12 C. F11

Axırıncı yazılmış sözü kopyalayan klaviş hansıdır?

A. F3 B. F4 C. CTRL F2 D. F5

II Qrup

Hərf klavişləri hansı rejimdə işləyir?

A. Dəyişkən rejimdə B. Latın və Rus hərfi rejimində

C. İngilis dili rejimində

QWERTY nədir?

A. Fayldır B. Simvoldur. C. Klaviş adıdır D. Rejimdir.

Nə üçün klaviaturada hərflər Latın və yaxud Rus əlifbasının əlifba sırası ilə başlamayıb?

A. Hərfləri sayı çoxdur. B. Orfoqrafik qayda pozulur. C. Yazı makinalarında düzülüşə əsasən

III Qrup

Ekranda dili dəyişmək üçün hansı klaviş qrupundan istifadə edilir?

A. ALT Şift B. ENTER C. CTRL HOME

Meyunu aktiv edən klaviş hansıdır?

A. HOME B. PAGE UP C. ALT D. PAGE DOWN

PROBEL düyməsi nə üçündür?

A. Səhifəni bağlamaq üçün B. Səhifədən-səhifəyə keçid C. Qrammatik səhfləri tapmaq üçün D. Sözlər arasında boş məsafə qoyur.

IV Qrup

Rəqəm klaviaturasını aktiv edən klaviş hansıdır?

NUM LOCK B. ENTER C.DELETE D. (+)

(:) işarəsi rəqəm klaviaturasında hansı funksiyanı yerinə yetirir? Bölmə əməlini B. Heç birini C. Belə işarə yoxdur.
NUM LOCK indikatorunun işığı yanmasa klavişlər hansı funksiyanı yerinə yetirərdi?

A. Riyazi əməliyyatları yerinə yetirərdi. B. Kursorun idarəolunması klavişlərini təkrarlayardı. C. Simvolları daxil edərdi.

Qrup 1.

Hansı klaviş qrupu yuxarı indeksi göstərir?

A. CTRL D B.CTRL SHİFT + C. CTRL V CTRL F

2 ALT klavişi hansı funksiyanı yerinə yetirir?

A. Kursoru sözün əvvəlinə gətirir. B. Kontekst menyunu açır. C. Ekrandakı dili dəyişir. D. Menyuları aktiv edir.

3. Ekranda əməlyyatı ləğv edən klaviş hansıdır?

A. ESC B. ENTER C. DELETE D. SHİFT

Qiymətləndirmə: Hər qrup üçün meyar cədvəli tərtib olunur, dərsin bütün mərhələləri tədqiq olunur və

iymətləndirmə hər bir mərhələdə “+”, ”-“ işarəsi ilə göstərilir.

Cədvəl

Cədvəl

Ev tapşırığı: Klaviaturada mətn yazmaq, onu redaktə etmək, formatlamaq, orfoqrafik qaydalara düzgün riayət etmək, durğu işarələrini düzgün tənzimləmək.

Rübabə Məmmədova,
Qəbələ Peşə Məktəbinin İKT proqramları müəllimi,
Metodiki komissiyanın sədri

Filed in: DƏRS NÜMUNELERİ İNFORMATİKA

2s şərh var: to “Qəbələ Peşə Məktəbində İKT proqramları fənnindən keçirilən “açıq dərs”in icmalı”

  1. Celana
    2 May 2016 at 23:03 #

    Cox maraqli melumatdi.cox sagolun.

  2. Qənirə
    16 May 2016 at 10:54 #

    Rwbabə müəllimə əladır. Qəbələyə gələ bilsəydim mən də sizin dərsinizə qulaq asardım.

Şərh yazın