4:42 am - Şənbə İyul 22, 2017

COĞRAFİYA DƏRSLƏRİ VƏ POEZİYA

Coğrafiya dərslərini maraqlı və əyani qurmaq məqsədilə coğrafi məzmunlu, kiçik həcmli şeir parçalarından istifadə etməyin əhəmiyyəti böyükdür. Dərslərdə poeziyadan istifadə edilməsi şagirdlərin yorğunluğunu aradan qaldırır, mövzunun asan qavranılmasına kömək edir, dərsin emosional təsirini xeyli gücləndirir.

Müxtəlif siniflərdə təbiətin gözəlliklərindən, onun qorunmasından danışarkən R.Zəkanın “Gözəllik” şeirindən aşağıdakı misraları misal gətirərəm:

Təbiət şairdir çələnglərilə,
Şairdir, rəngləri, ahənglərilə.
Zirvələr, ormanlar çaylar onundur,
Günəşlər, ulduzlar, aylar onundur

Bu misralar şagirdlərdə təbiətə məhəbbət hissinin daha çox artmasına səbəb olur. Dağlar mövzusunu keçərkən xalq şairi S.Vurğunun “Dağlar” şeirindən:

Üstündən karvan yeriməz
Sıxdır dumanların, dağlar.
Yayda, yazda heç əriməz
Quzeylərdə qarın, dağlar.

misraları şagirdləri sanki dağlara səyahətə aparır, dərslərin canlı keçməsinə səbəb olur. VI, VIII siniflərdə duman və buludlardan danışarkən XVI əsrdə yaşamış aşıq Qurbaninin:

Alçaq yerdən duman qalxır,
Dağı dolana, dolana.
Göy üzünü alır bulud
Mahı dolana-dolana.

şeirini deyirəm. Beləcə şagirdlər müstəqil olaraq dumanın yer səthinə yaxın, buludların isə daha yuxarıda olması fərqini asanlıqla müəyyən edirlər. Yeri gəlmişkən, aşıq şeirlərindən dərslərdə istifadə olunması həm də qədim Dədə Qorqud sənətinə marağın artmasına səbəb olur. Meşələrin əhəmiyyətindən danışarkən S.Vurğunun:

Meşələr, meşələr doğrudanda siz,
Yayda da, qışda da bir baharsınız.
Yelin qabağını dağ kimi kəsən
Sizsiniz, nə qədər lütfükarsınız
misraları sinfə sanki meşə ətri gətirir.

Burada qeyd edim ki, dünyanın 35%-i, Azərbaycan ərzisinin 11%-i meşələrlə örtülüdür.

Təbiətin dəhşətli hadisələrindən, zəlzələlər və vulkanlardan söhbət düşəndə N.Gəncəvinin:

Göyləri dağıdan o zəlzələdən,
Nə qədər şəhərlər yox oldu birdən.

M.Rahimin:

Vezuvi zirvən qarlıdır,
Hanı alovların sənin.
Belədirmi aqibəti
Göylərə od püskürənin

misralarını misal çəkirəm. Şagirdlər bu misralarla o dəhşətləri gözləri önünə gətirir, mövzu haqqında geniş təsəvvürə malik olurlar. Respublikamızın səth quruluşunun – relyefinin bugünkü mənzərəsi insanda qəribə hislər yaradır. Elə bil təbiət Böyük və Kiçik Qafqaz dağlarını, bu dağ sıraları arasında yerləşən geniş Kür-Araz ovalığını, bizim üçün belə “sığallamış”, belə qurmuşdur. S.Vurğun bunu nə gözəl yazmışdır:

Şair! Bu yerləri yaxından tanı!
Təbiət quranda Azərbaycanı.
Onu sığallamış qüdrətin əli,
Bir böyük ürəkli qüvvətin əli.

Coğrafiya dərslərində biz tez-tez təbiətin qorunması məsələlərindən danışmalı oluruq. Respublikamızda ceyranların azlığından narahat olan M.Arazın:

Bu düzləri düz keçin,
Haraysız, səssiz keçin.
Şirvanda ov gəzməyin,
Əli tüfəngsiz keçin.

Ceyran azalıb,
Yaman azalıb.

Belə gedərsə ancaq
Gələn nəsillər sabah
Ceyranı çöldə deyil
Muzeydə axtaracaq.

Ceyran azalıb,
Yaman azalıb

misraları müəllimə mövzunu daha yaxşı izah etməkdə böyük köməklik göstərir. Bu misralar insan qəlbində təbiətə qarşı mərhəmət hissi oyadır. Qeyd etmək lazımdır ki, indi ceyranların qorunması üçün respublikamızda Cənub-Şərqi Şirvan düzündə Şirvan Milli Parkı və Şirvan qoruğu yaradılmışdır. Respublikamızın xəritəsindən danışarkən, ustad Aşıq Ələsgərin yaradıcılığına müraciət edirəm:

Var olsun Qarabağ əcəb səfadır,
Başa Xaçın axır, ayağa Qarqar.
Göyçə qar əlindən zara gəlibdir,
Muğan həsəd çəkir a yağa qar-qar.

Bu misralar respublikamızın ab-havasını sanki sinfə gətirir, dərsin emosional təsirini xeyli artırır.

Mingəçevir su anbarı tikiləndən sonra iki böyük suvarma – Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları çəkildi. Susuz qalan bu boz çöllərə həyat gəldi. S.Vurğun necə də poetik deyib:

Muğana su gəlir, Milə su gəlir,
Axışıb öz eli – ulu su gəlir.
Torpağa insanın arzusu gəlir,
Bağrıma basıram ana Vətəni,
Bu ülfət ilhama çağırır məni.

Bu gün Kür-Araz ovalığı respublikamızın böyük kənd təsərrüfatı bölgəsidir. Çaylardan, onun üstündəki şəlalələrdən danışarkən H.Kürdoğlunun:

Şəlalə zirvənin ağ gülüşüdür,
Ürəkdən kükrəyən haqq gülüşüdür.
Qızıl qayaların çiynindən uçan,
Bir bəyaz qanadlı dağ gülüşüdür.

misralarından sonra şagirdlərin şəlalələr haqqında təsəvvürləri çoxalır, onu görməyə həvəsləri artır.
Respublikamızda hələlik yeganə qızıl zavodu olan Gədəbəy haqqında danışanda:

Zamanlar bilmədi Adəmdən bəri,
Dağları qaldırar elin hünəri.
Yerin ürəyinin ləli, gövhəri,
Zəngin xəzinəsi Gədəbəydədir.

Borsunlu Məzahirin bu misralarını söyləyəndə bu yerlərin zəngin sərvətlərə malik olmasını şagirdlər asanlıqla dərk edirlər. Coğrafiya dərslərində istifadə edilmiş qısa şeirlərdə dərsin ab-havası dəyişir, şagirdlərin diqqətini dərsə yönəlir.

Naftalan neftindən, onun müalicəvi əhəmiyyətindən danışarkən:

Bir axşamüstü gəl Naftalana
Bura şəfa verir milyon insana.

(Borsunlu Məzahir)

Mineral sularımızdan danışarkən
Ey təbib bulaqlar, loğman bulaqlar,
Suları dərdlərə dərman bulaqlar.

(M.Dilbazi)

Daşkəsənin dəmir, alunit yataqlarından söz düşəndə:

Şəmkirdə şərab iç, çıx Daşkəsənə,
Nə istəsən verər bu mədən sənə.

Düşmənlərimiz tərəfindən Azərbaycanla əlaqəsi kəsilən Naxçıvandan danışanda:

Mənim ürəyimin bir parçasıdır,
Doğma Şahbuzum da, Naxçıvanım da.

(M.Araz)

Sonda onu qeyd edim ki, tək coğrafiya dərsləri deyil, bütün fənlər Məmməd Arazın:

Onda Vətən sanar məni,
Bir balaca Vətən daşı.
Vətən daşı olmayandan,
Olmaz ölkə vətəndaşı

misraları ilə başlamalı və qurtarmalıdır.

Nəriman Hüseynli,
BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru

Filed in: DERS-COĞRAFİYA

Hələ şərh yoxdur

Şərh yazın