11:33 am - Şənbə Sentyabr 23, 2017

Gedirəm

Gedirəm

Çalxanıb, çaxıb gəlmişəm,
Süzülüb, axıb gəlmişəm,
Yönünə baxıb gəlmişəm,
Üzündə, üzüm gedirəm.

Yorulan yoxuşlar mənim,
Yozulan naxışlar mənim,
Əl-çatmaz baxışlar mənim,
Gözündə, gözüm gedirəm.

Ögeyin yadın axtarırdım,
Ağzımda dadın axtarırdım,
Odlanıb odun axtarırdım,
Közündə, közüm gedirəm.

Gecə-gündüz, an ayrıdı,
Oyandan bu yan ayrıdı,
Ruh birdirsə can ayrıdı,
Canımla özüm gedirəm.

Axtarım-tapım

Gəl, bu yaz bitirim səni,
Oxşayım, gətirim səni,
Qəlbimdə itirim səni,
Dərində axtarım-tapım.

İçdən gələn içim olur,
Olanda da biçim olur,
Gözdən-gözə seçim olur,
Birində axtarım-tapım.

Axtaran çox olur, çoxda,
İtirən yox olur, yoxda,
İkisi bir çıxmır taxta,
Yerində axtarım-tapım.

Oxşama
mənə

Baş-ayaqdı, ayaq başdı,
Qayadı daş, daşa-daşdı,
İki yana baxan çaşdı,
Oxşarım, oxşama mənə.

Odlanıb odda əridim,
Küllənib küldə kiridim.
Üstünə üstdən yeridim,
Oxşarım, oxşama mənə.

Mən varıydım, mənim oldu,
Dönəm döndü, dönüm oldu,
Dünəndi, bu günüm oldu,
Oxşarım, oxşama mənə.

Gözdən-gözə göz yolu var,
Əyri yolu, düz yolu var,
Hərəsinin öz yolu var,
Oxşarım, oxşama mənə.

Dəmir Çeşməli,
Bakı Qida
Sənayesi Kollecinin
müəllimi

Filed in: ŞEİR

Hələ şərh yoxdur

Şərh yazın