7:43 pm - Bazar Noyabr 19, 2017

Şagirdlərinin nailiyyəti onu Yaşadır

Nailə Əsgərova, Xətai rayonu 261 nömrəli məktəb-liseyin coğrafiya müəllimi

Nailə Əsgərova,
Xətai rayonu 261 nömrəli məktəb-liseyin coğrafiya müəllimi

Nailə müəllim ötən günləri xatırladıqca xəyalı onu gənclik illərinə aparırdı. Qayğısız, tükənməz enerjili o günlərdə Nailə Əsgərova peşəkar müəllim kimi ad-san qazanmaq haqqında düşünürdü. O zaman onun ağlına da gəlməzdi ki, o coğrafiya müəllimi olacaqdır.

Orta təhsilini Bakıdakı 36 nömrəli tam orta məktəbdə aldıqdan sonra Nailə ali məktəbə daxil olmaq arzusunda idi.

Bunun üçün gecəsini gündüzünə qatıb öyrənir, yorulmaq bilmirdi. Ailələrində də onların təhsilinə ciddi yanaşılırdı.

Doğrudur, Nailə Əsgərova zəhmətkeş ailədə böyümüş, tərbiyə almışdır. Atası Manaf Manafov sürücü işləyirdi, anası isə evdar qadın idi. Onlar ailədə 4 uşaq idilər. Bir qız, üç oğlan olmaqla valideynləri onların hər birini ali təhsil almağa istiqamətləndirir, gələcəkdə övladlarını ali təhsilli mütəxəssis kimi görmək istəyirdilər. Məhz buna görə də ailənin uşaqlarından üçü instituta daxil oldu. Qardaşlarından biri isə dərzilik peşəsini seçdi. Onun incəliklərinə yiyələnib, yaxşı dərzi kimi tanındı.

Nailə Əsgərova həmin illəri belə xatırlayır:

– 70-ci illərdə hər kəs ali təhsil almağa can atırdı. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq arzusu ilə yaşayırdım. Pyeslər yazmaq, jurnalistika ilə məşğul olmaq istəyirdim. Coğrafiya fakültəsinə daxil olmağım isə bir təsadüf oldu. O dövrdə bir il universitetin nəzdində hazırlıq kursunda oxudum. Həmin vaxt tarix müəllimimiz məndə tarixə böyük maraq oyatdı. Sənədlərimi Tarix fakültəsinə verdim. Lakin konkursa düşdüm. Bu zaman Coğrafiya fakültəsinə əlavə qəbul elan olundu. Mən elə həmin günü ərizəmi təqdim etdim. Səhəri gün isə imtahan verib, özümü sınadım. Bu dəfə bəxtim gətirdi…

Tələbəlik illərində də yaxşı oxuyurdum. Bəzən isə lap əlaçılarla bir sırada olurdum. Artıq bilirdim ki, coğrafiyaçı olacam, coğrafiya fənnini tədris edəcəyəm. Ona görə də yaxşı oxuyurdum. İnstituta daxil olanda isə elmin bu sahəsinə heç marağım da yox idi. Hərdən sinif yoldaşlarımla görüşdüyüm zaman onlardan soruşuram: – Bizim coğrafiya müəllimimiz kim olub? Xatırlamırlar. Çünki bizə coğrafiyanı digər fənlərin müəllimləri tədris edibdir. Coğrafiya müəllimimiz isə olmayıbdır. Yalnız biz 9-cu sinifdə oxuyanda məktəbimizə Cavanşir müəllimi gəldi. Həmin müəllim bizi sanki oyatdı.

Nailə Əsgərova pedaqoji fəaliyyətinə Abşeron rayonunda başlayır. Abşeronun Vadakaçka deyilən kiçik bir kəndində (bu Masazırın filialı idi. D.X.) coğrafiya fənninin tədrisi ilə məşğul olur. Bu qəsəbə Bakıdan az bir məsafədə yerləşməsinə baxmayaraq, ona elə gəlirdi ki, uzaq bir kənddə işləyir. İlk dəfə sinif otağına gəldiyi gün də xatirindədir: – Kiçik sinif otağında iki parta və bir müəllim stolu qoyulmuşdur. İçəridə bir nəfər şagird partada əyləşmişdir. Mən soruşdum: – Bəs uşaqlar haradadır? Şagirdim sualıma cavab olaraq bildirdi ki, hələ yaylaqdan gəlməyiblər. O vaxtı Müşviqabad qəsəbəsi yox idi. Ətraf böyük bir çöllük idi. Bu ərazidə zabitlərin idarəsi yerləşirdi. Biz çox vaxt onların avtobusu ilə məktəbə gedirdik. Həmin illərdə mən çox maraqlı bir kənd həyatı yaşayırdım. Qızları o kənddə məktəbə qoymurdular. Biz isə evlərə gedir, ailələrdə maarifləndirici söhbətlər aparır, valideynlərə qız uşaqlarının təhsilinə önəm vermələrini tövsiyə edirdik. Həmin günlərdə biz özümüzü Cəfər Cabbarlının yaşadığı dövrdə təsəvvür edirdik.

Onun «Almaz» əsəri o dövrlə çox səsləşirdi. Bu məktəbdə mən çox çətinliklərlə üzləşdim. Artıq ikinci il mən Xırdalan 2 nömrəli orta məktəbinə işə düzəldim. Bu məktəb əvvəlkindən xeyli fərqlənirdi. Hər sinifdə 30-40 nəfər şagirdin təhsil aldığı məktəbdə mən əsl müəllimliyin nə olduğunu hiss edirdim. Həvəslə işləyirdim.

Nailə Əsgərova məktəbin ictimai işlərində də fəallıq göstərirdi. O şagirdlərinin dünyagörüşünün formalaşmasında müstəsna əhəmiyyəti olan tədbirlərə böyük yer verirdi. Təsadüfi deyildir ki, o şagirdləri ilə hər il dekabrın 31-də «SSRİ mənim vətənimdir» mövzusunda tədbir keçirirdi. Geniş miqyaslı tədbirdə RTŞ-dən və başqa məktəblərdən qonaqlar da iştirak edirlər. Bu zaman sinfin şagirdləri komandalara bölünürdü. Hətta belə tədbirin musiqilərinin mətnlərini də Nailə müəllim özü hazırlayırdı. Onun coğrafiya dərsi haqqında hazırladığı musiqinin sözləri diqqətçəkəndir:

Coğ-ra-fi-ya, coğ-ra-fi-ya
Nə gö-zəl fən-ni-miz.
Bəh-bəh nə gö-zəl fən-ni-miz.
Ta-nı-dır bü-tün dün-yanı bi-zə
Ta-nı-dır bü-tün dün-yanı bi-zə …

Onlar aprelin 28-də isə “Çiçəklənən, Azərbaycan!” adlı tədbir keçirirdilər. Bir sözlə, Nailə Əsgərova məktəbin bütün şagirdlərinə coğrafiyanı sevdirirdi…

Ötən günə gün çatmaz, günü calasan günə, Nailə Əsgərova həmin illəri xoş xatirələrlə yada salır: – Bir il çörək qıtlığı oldu. Biz çörəklə bağlı tədbir hazırlamaq qərarına gəldik. Təhsil ocaqlarından birində də bu mövzuda tədbir keçirilmişdir. Biz də hazırlamaq arzusunda idik. Ssenari ətrafında düşündük. Nəticədə çox gözəl tədbir ərsəyə gəldi. Bilirsiniz, tədbirlər təlim prosesini yaddaqalan edir. Şagirdlərin yaddaşından uzun müddət silinmir. Məhz buna görə də biz bu amili diqqətimizdə saxlayır, maraqlı tədbirləri qeyd etməyə çalışırdıq.

Nailə Əsgərova Xırdalan məktəbində 20 il işləyir. 1994-cü ildə isə ailə vəziyyəti ilə əlaqədar yaşayış yerini dəyişir. Fəaliyyətini Xətai rayonundakı 261 nömrəli məktəb-liseydə davam etdirməli olur.

Nailə müəllimi yaşadan onun şagirdləridir. O, təhsildə uğur qazanan şagirdlərinin nailiyyətlərindən enerji alır, peşəsinin gözəlliyinə valeh olur. Onun şagirdlərindən Nigar Eyvazova coğrafiya fənni üzrə olimpiadada uğur qazanaraq şəhər turunda iştirak edərək, I turda I yerə, II turda isə 90 balla fərqləndirici diploma layiq görülüb.

Sevindirici haldır ki, şagirdləri Nailə müəllimin yolunun davamçılarıdır. Natəvan Qəhrəmanova (1979), Vüsalə Məmmədova (1999), Şəlalə Məmmədova (2002), Lalə Bayramova (2002), Elmira Məmmədova (2014), Aminə Muradlı Coğrafiya fakültəsinə daxil olmuşlar. Hazırda onlar coğrafiya fənnini sevə-sevə tədris edirlər. Nailə müəllim bizimlə söhbətində onu da bildirdi ki, şagirdlərindən Aminə Muradlı, hətta hazırlıqsız ali məktəbə daxil olmuşdur.

Nailə Əsgərovanın pedaqoji mətbuatda yazıları dərc olunmuşdur. O öz pedaqoji təcrübəsini müəllim həmkarları ilə bölüşmüşdür. Öz işinə can yandıran Nailə Əsgərovanın əməyi hər zaman RTŞ-nin diqqətini çəkmişdir. O fəaliyyətinin ayrı-ayrı illərində diplom və fəxri fərmanlara layiq görülmüşdür. Zəhmətinin bəhrəsini şagirdlərinin uğurlarında tapan müəllim özünü bu gün çox xoşbəxt hesab edir. Çalışdığı 261 nömrəli məktəb-liseydə də onun fəaliyyəti qiymətləndirilib. Məktəbin direktoru Abuzər müəllim şagirdlərinin olimpiadadakı uğurlarına görə onu Fəxri Fərmanla mükafatlandırıb.

Nailə Əsgərova heç vaxt müəllimlik peşəsini seçdiyinə görə peşimançılıq hissi keçirməyib. Əkinə hər zaman peşəsi ilə qürur duyduğunu hər yerdə qeyd edib. Şagirdlərinin uğurları isə peşəsinə məhəbbətini günbəgün artırıb. Məhz buna görə Nailə müəllim minlərlə şagirdin gələcəyinə işıq, nur saçan bayraqdara çevrilib.

Son olaraq biz də çətin və şərəfli işində Nailə Əsgərovaya uğurlar, nailiyyətlər arzu edirik.

Dilşad Xaqaniqızı,
“Təhsil problemləri”

Filed in: DERS-COĞRAFİYA

Hələ şərh yoxdur

Şərh yazın