11:35 am - Şənbə Sentyabr 23, 2017

FİZİKA FƏNNİNİN TƏDRİSİ ZAMANI MOTİVASİYANIN ROLU

“Şəxsiyyətin mənəvi keyfiyyətləri onun intellektual səviyyəsindən daha əhəmiyyətlidir”.

A.Eynşteyn

Azərbaycanda ümumi təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən onun əsas istiqamətlərindən olan kurikulum islahatı hər bir məktəb və müəllim qarşısında cəmiyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması kimi vacib məqsəd qoyur. Bu mənada şagirdlər məktəbdə vətənpərvər, ailəsinə və dövlətinə layiqli vətəndaş kimi tərbiyə olunmalı, nəticədə şagird gələcəkdə yaradıcı, qurucu, mənəvi təmizlik, gözəllik, xeyirxahlıq, ədalətlilik, əməksevərlilik kimi keyfiyyətlərə malik olmalıdır.

Mənəvi tərbiyə hər bir cəmiyyətin ən əsas məqsədlərindən biridir. Mənəvi tərbiyədə çatışmamazlıq və boşluq cəmiyyətə bu və digər formada öz təsirini göstərir. Uşaqlarda əsas həyati mənəvi dəyərlər məktəb yaşlarında formalaşır. Hər bir şəxsiyyətin mənəvi tərbiyəsi onun hərtərəfli inkişafı kontekstində mənəvi inkişafını təmin etməlidir. Xüsusilə, fizika fənn kurikulumu cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan gənc nəslin dövrün tələblərinə uyğun formalaşdırılması, qarşılaşdıqları problemləri müəyyənləşdirməsi və həll etməsi üçün zəruri bilik və bacarıqlara yiyələnməsi, politexnik təhsilini inkişaf etdirməklə praktik həyata hazırlanmaları, məntiqi və yaradıcı təfəkkürünün inkişaf etdirilməsi kimi vəzifələr təyin edir.

Rassel yazırdı: “Hər bir mən özündə qeyri-məni həzm etməyə can atır”. Bu canatma aşağı sinif şagirdlərində – fizika fənnini yenicə öyrənməyə başalayan şagirdlərdə daha çox hiss olunur. Onlar sanki təbiət hadisələrini bir gündə bir dəfəyə öyrənməyə can atırlar. Bu isə onların qazanacağı biliyin pərakəndəliyinə gətirib çıxarır, sistematikliyi pozur. Bu biliklərin sistemləşdirilməsi, həyatiləşdirilməsi dərsin necə qurulmasından asılıdır. Şagirdlərin hələ məktəb yaşlarından qanun və qanunauyğunluqlara, müxtəlif fiziki hadisələrə yaxından bələd olması onların həyat, təbiət haqqında dünyagörüşünü artırır.

Həyatın bir sıra qanunları, qanunauyğunluqları fizikada tədqiqat obyekti kimi araşdırılır. Fiziki anlayışları mənimsəməklə şsgirdlərdə idrak qabiliyyətinin inkişafına, elmi dünyagörüşün formalaşmasına, iradə və xarakterin tərbiyə edilməsinə, müşahidəetmə, məntiqi düşünmə, müəyyənləşdirmə, həlletmə və s. bacarıqların formalaşmasına zəmin yaradır. Şagirdlərdə dünyagörüşün formalaşdırılmasında fizikanın əsas rolu onlara təbiət və onun dərk olunması haqqında müəyyən biliklər sistemi verməkdir. Biliklərin formalaşdırılmasına təkcə fiziki biliklərin deyil, fəlsəfi biliklərin təsiri də danılmazdır. Əgər yeni əldə olunan konkret elmi bilik dialektikanın qanunları baxımdan ümumiləşdirilirsə, şagirdlər tərəfindən motivləşmiş və şüurlu şəkildə daha dərindən öyrənilir.

Fizikanın tədrisində elmi dünyagörüşün formalaşdırılması prosesi aşağıdakı elementlər üzrə inkişaf etdirilməlidir:

1. Öyrənilən fiziki hadisənin təbiətinin açılması.

2. Hadisələr arasındakı əlaqənin aşkarlanması və onun düzgün izahı.

a) İnsan və təbiət əlaqəsinin dialektikası.

3. Öyrənilən fiziki qanunların obyektiv xarakterinin açılması.

4. Şagirdlərdə təbiət qanunlarının dərk olunmasına inam yaratmaq.

a) Təbiətin və onun tərkib hissəsi olan özünün dərki.

b) Ətraf mühitdə insanın yeri.

Məktəb fizika kursunda fənnin tədrisinə bu cür yanaşma fəlsəfi anlayışların, kateqoriyaların və dialektika qanunlarının rolunu müəyyən edir.

Şagirdlərin dünyagörüşünün əsasını təbiətə dialektik baxış təşkil edir. Ona görə dünyagörüşün formalaşdırılmasının komponentlərindən biri kimi şagirdlərin dialektik təfəkkürünün inkişafını götürmək olar. Bu təfəkkür bir sıra xarakterik cizgiləri ilə fərqlənir. Dialektik təfəkkürün əsasını əksini fikirləşmək bacarığı təşkil edir. Beləliklə, fizika dərslərində şagirdlərə baş verən fiziki hadisələrdə əksiklərin vəhdəti və mübarizəsini aşkarlamaq və bunu dərketmə prosesində istifadə etməyi öyrətmək lazımdır. Ona görə də şagirdlərdə dialektik təfəkkürün inkişaf etdirilməsinə də qayğı göstərmək lazım gəlir.

Orta məktəb fizika kursunda şagirdlərdə dünyanın həqiqi elmi-təbii mənzərəsinin formalaşması hər şeydən əvvəl dünyanın maddiliyinə əsaslanan elementar biliklərlə, təbiətin və cəmiyyətin qanunauyğun inkişafının obyektiv xarakter daşıması, maddi aləmin dərk olunmasının mümkün olduğunu dialektik inkişaf yolunu göstərməklə başlanmalıdır.

Şagirdlərdə dünyanın elmi-təbii mənzərəsinin düzgün formalaşmasında hadisələrin öyrədilməsinə kompleks şəkildə yanaşmaq xüsusi didaktik əhəmiyyət kəsb edir. Məşhur Kanada alimi Selyenin qeyd etdiyi kimi, adi bir siçanın hər bir hüceyrəsini diqqətlə, ən güclü elektron mikroskopu ilə öyrənməklə onun bütün orqanizmi haqqında heç bir fikir söyləmək olmaz. Bu mənada dünyanın fiziki mənzərəsinin reallığını əks etdirən hadisə anlayışının tətbiq olunması ilə onun izahı verilməlidir. Hadisə dəyişiklik, hərəkət kimi izah olunduqda, həmin hadisənin mütləq müəyyən mənada və müəyyən zaman müddətində baş verdiyinin mütləqliyi şagirdə çatdırılmalıdır. Deməli VI sinifdən başlayaraq fizikanın tədrisi yaş səviyyələrinə uyğun olaraq aşağıdakı ardıcıllıqla aparılmalıdır:

OBYEKTLƏR DÜNYASINDAN HADİSƏLƏR DÜNYASINA

Şəkil

Şəkil

Şəkil

Şəkil

Lakin müəyyən hadisənin dərk edilməsi üçün şagirdləri ilk növbədə hadisəni törədən səbəbləri araşdırmağa alışdırmaq lazımdır. Səbəbdən nəticəyə doğru araşdırılmanın daha dolğun nəticələrə gətirəcəyinə və hadisənin gedişinə təsir etmək mümkün olduğuna inandırmaq lazımdır. Başqa sözlə, hadisənin səbəb-nəticə əlaqəsini açmağı aşılamaq lazımdır. Səbəb-nəticə əlaqəsi yalnız zaman əlaqəsi olmayıb, həmçinin səbəb və nəticənin qarşılıqlı asılılığını da əhatə edir. Bir tərəfdən nəticənin mahiyyəti əhəmiyyətli dərəcədə onu törədən səbəb ilə müəyyən olunduğu üçün baxılan hadisənin mahiyyətinin aydınlaşdırılması onun səbəbinin aydınlaşdırılmasından asılı olur. Digər tərəfdən səbəbin mahiyyəti ondan çıxarılan nəticənin xarakterini müəyyən etdiyindən baxılan hadisəni ondan törəyən nəticənin xarakterinə əsasən izah etmək olar. Məsələn, əgər şagird Nyutonun birinci və ikinci qanununun formulunu və qaydasını bilirsə bu onun fiziki biliyidir. Bununla bərabər o, Nyutonun birinci qanununun hərəkətin nisbiliyi ilə bağlı olduğunu, ikinci qanununun isə hadisənin səbəb-nəticə əlaqəsini əks etdirdiyini başa düşürsə, deməli, bu bilik dünyagörüş məzmunlu bilikdir. Bu mənada fizikanın tədrisində müəyyən dərsin cari planlaşdırması zamanı motivasiyaların qoyulmasına ciddi yanaşamaq lazımdır. Axı dərsin sonrakı inkişafı motivasiyanın qoyulmasından asılıdır. Digər sözlə, tədqiqat sualının dolğun alınması, şagirdlərdə tədqiqtçılıq meylinin artırılması motivasiyanın qoyuluşundan birbaşa asılıdır. Fizika müəllimi motivasiyanın çözülməsinə və tədqiqat sualının araşdırılmasına diqqətli olmalıdır. Aşağı siniflərdə motivasiyanı mətn şəklində və şəkillərlə vermək daha uğurlu sayılır. Müəyyən mətnlər verməklə şagirdlərin buraxılan səhvin tapılmasına cəlb etmək lazımdır. Bu prosesdə şagirdin müşahidə qabiliyyəti inkişaf etdirilir, həm də diqqət yayınıqlığının qarşısı alınır. Məsələn:

1) “Temperatur” mövzusunun tədrisində verilə biləcək mətnli motivasiya.

Xəstəxanada

“Dostum xəstələnmişdir. Həkimlər dedilər ki, möhkəm soyuqlayıb. Mən bir gecəlik onun yanında qalası oldum. Həkimlər tez-tez temperaturunu tez-tez ölçmək və qeyd etmək lazım olduğunu dedilər. Mən hər 20 dəqiqədən bir dostumun temperaturunu ölçürdüm. Müşahidə edirdim ki, termometrdə civənin səviyyəsi qalxdıqca dostumun temperaturu yüksəlir. Həkimə bu haqda məlumat verdim. Həkim növbəti dərmanın qəbul edilməsini məsləhət gördü…”

Şagirdlər mətndə olan səhvi ilk anda görə bilmirlər. Çünki səbəb-nəticə əlaqəsini görmürlər. Axtarışlara istiqamət vermək üçün termometrdə civənin səviyyəsini daha hansı üsulla yüksəltmək olar? sualını qoymaq olar və s. Artıq belə suallarla hadisənin səbəbi və nəticəsi aydınlaşır.

2) “Atmosfer təzyiqi” mövzusunun tədrisində verilə biləcək mətnli motivasiya:

Olpinistlər

“Bir qrup olpinist H.Əliyev zirvəsinə qalxmaq üçün qrup şəklində səyahətə çıxdılar. Zirvəyə qalxdıqca nəfəs almaq həm çətinləşirdi, həm də barometrin göstərişi artdıqca atmosfer təzyiqi artırdı, yerimək mümükünsüzləşirdi. Yorğunluq və başağrısı başlamışdır. Onlar dincəlməyə qərar verdilər…”

Bu motivasiyada da mətndəki səhv axtarılır və səbəb-nəticə əlaqəsi araşdırılır. Buna oxşar çoxlu sayda mətn motivasiyalar qoymaq olar və bu hər bir dərs üçün mümkündür. Belə motivasiyalarda şəkilli motivasiyalar qoymaq olar və ardıcıllığı axtarmaq tələb oluna bilər. Motivasiyaların bu cür qoyuluşu şagirdlərdə müstəqil düşünmə qabiliyyətini inkişaf etdirməyə imkan verəcək. Hər bir şagirdin müəyyən hadisəyə yanaşma metodu olacaq, hadisəyə özünün müstəqil münasibəti olacaq. Beləliklə, şagirdlərə hadisələrin mahiyyətinin daha asan açılmasına açar vermiş oluruq. Bu tipli motivasiyalar şagirdlərdə təbiəti dialektikcəsinə dərk eləmək yolunda atılan ən kiçik nümunələrdir və ya yaş səviyyəsinə uyğun olan motivasiyadır.

Əgər əldə olunan bilik daxili hislərlə zənginləşirsə, biliklərə şəxsi münasibət yaranır ki, bu şəxsiyyətin şəxsi baxışları adlanır. İnsan bir fərd olaraq müəyyən məsələlərdə öz baxışlarının doğruluğuna inanırsa, fikir və mülahizələrinin doğruluğunun arxasında dayana bilirsə onda inamın yarandığını demək olar. Deməli, dünyagörüşün digər komponent olaraq dialektika qanunları çərçivəsində təbiəti dərk etmə prosesinə uyğunlaşmış baxışlar sisteminin və onlarda dünyanın dərk olunmağına inamın yaradılmasına nail olmaq olar.

Vüsalə Hüseynova,
Xəzər rayonu 324 nömrəli məktəbin fizika müəllimi

Filed in: DƏRS NÜMUNƏLƏRİ - FİZİKA

Hələ şərh yoxdur

Şərh yazın