7:56 am - Çərşənbə Noyabr 22, 2017

“Təcrübədən Səriştəyə” layihəsinə start verildi

Müəllim daima təlim-tərbiyə prosesini təkmilləşdirmək, yüksək nəticələr əldə etmək üçün pedaqoji fəaliyyətini təkmilləşdirir, yaradıcılıq qabiliyyətini inkişaf etdirir, nəticədə həm öyrənir, həm də öyrədir. Lakin yüksək inkişafa müəllim o vaxt nail olur ki, onun özünəməxsus pedaqoji fəaliyyət təfəkkürü, şəxsi yanaşma üsulları, təcrübə əsaslı yaradıcılıq nümunələri və liderlik xüsusiyyətləri olsun. Azərbaycanımızın müəllimləri ona görə peşəkarlaşmaq iqtidarındadırlar ki, onlar pedaqoji səriştələrə, tarixi tədris ənənələrinə, mənəvi dəyərlərə və tərbiyə edə bilmək istedadına sahibdirlər! Bu bizim devizimizdir!

Layihənin məqsədi: “Təcrübədən Səriştəyə” layihəsi səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununu pedaqoji prosesdə tətbiq edən pedaqoji heyəti stimullaşdırmaq, qabaqcıl pedaqoji fəaliyyətləri özündə əks etdirən iş təcrübəsi metodikasını aşkara çıxartmaq və valideynləri maarifləndirməkdir.

Təhsilin cəmiyyətin inkişafında mütərəqqi rola malik olması sirr deyildir. Təhsilin inkişafında iştirakçı olan tərəflər dövlət, elmi-pedaqoji heyət, təhsilalanlar, təhsilverənlər və valideynlərdir. Respublikamızda da təhsilin məqsəd və vəzifələri cəmiyyətin hərtərəfli inkişafını təmin etməkdir. Məhz bu sahədə islahatların aparılması, təhsilin məqsəd və vəzifələrinə yeni baxışın müəyyənləşdirilməsi, milli və ümumbəşəri dəyərlərə sahib vətəndaşların hazırlanması, habelə XXI əsrin tələblərinə cavab verə biləcək “səriştəli insan” kapitalının formalaşdırılması əsas prioritet məsələlərdən birinə çevrilmişdir. Hədəflər yalnız bilikli və bacarıqlı deyil, qabiliyyətli, səriştəli, istedadlı və dəyərlərə sahib şəxsiyyət hazırlamaqla cəmiyyətimizin inkişafını təmin etməkdir. Bu baxımdan bir sıra istiqamətlərdə yeni təhsil proqramlarının (kurikulumların) tətbiqinin müsbət nəticələrini əyani şəkildə görürük. Pedaqoji qabiliyyətləri üstün olan, səriştəli, XXI əsrin xüsusiyyətlərinə sahib pedaqoji heyətin, istedadlı şagirdlərin stimullaşdırılması, onların gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, topladıqları kompetansiyaların həyati əhəmiyyətliliyi və bundan cəmiyyətin yararlanması üçün təhsil sahəsində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzləri, rəsmi qurumlar, institutlar bir sıra inkişafetdirici tədbirlər planlaşdırır və gələcəkdə bu istiqamətdə belə layihələrin tətbiqini düşünürlər.

Çoxsaylı oxucularımızın böyük maraq və rəğbətlə dəyərləndirdikləri “Təhsil problemləri” qəzeti olaraq Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın strateji hədəflərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri əsasları əldə rəhbər tutaraq “Təcrübədən Səriştəyə” layihəsinin icrasına başlamağı qərara aldıq.

Layihənin iştirakçıları:
 1. Məktəbəqədər təhsil.
 2. Ümumi təhsil.
 3. İlk peşə-iхtisas təhsili.
 4. Orta iхtisas təhsili.

Ali təhsil müəssilərinin rəhbərləri, müəllimləri, psixoloqları, kitabxanaçılar, hərbi rəhbərlər, fiziki tərbiyə müəllimləri, bir sözlə, pedaqoji sahədə çalışan hər kəs layihənin iştirakçısı ola bilər.

Layihənin əhatə dairəsi: Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələri.

Layihənin əhəmiyyəti: Təhsil işçilərinin stimullaşdırılması, onların cəmiyyətə inteqrasiyası pedaqoji fəaliyyətlərinin daha da yüksəldilməsinə səbəb olacaqdır. Nəticə etibarı ilə təlim nəticələrinin yüksəldilməsi təhsildə keyfiyyətin artmasına səbəb olacaqdır.
Layihə iştirakçılarına “Təcrübədən Səriştəyə” sertifikatı və reytinq sıralamasına görə nümunəvi “Fəxri Səriştəli Müəllim” diplomu veriləcəkdir.
Layihənin icra prosesi: İştirakçılar layihənin rəhbəri və koordinatoru Nizami Məmmədliyə (əlaqə telefonları: 051-512-11-88; 070 263-30-00) müraciət edərək layihəyə qoşulmaq istəyini bildirir. Layihə rəhbəri müracətə əsasən iştirakçının “Nümunəvi təcrübə” dərsində iştirak edir. Bu haqda məzmun hazırlanır və media vasitəsi ilə cəmiyyətə ötürülür. Layihənin mərhələlərinə uyğun olaraq toplanmış yaradıcılıq nümunələri “Səriştəli müəllim və təcrübə dərsləri” adlı kitabda nəşr olunuraq kitabxanalara paylanılır.

Layihənin icraçısı: “Təhsil problemləri” qəzeti,

Layihənin nəzarət şurası və onun sədri: “Təhsil problemləri” qəzetinin redaksiya heyəti və baş redaktoru Malik Rəcəb,

Layihə rəhbəri və koordinator: ARTPİ-nin baş mütəxəssisi Nizami Məmmədli,

Layihə meneceri: Nizami Məmmədli
Layihənin təşkilatı dəstəyi: tehsil-press.az və
faktor.az saytları

Filed in: ELANLAR

Hələ şərh yoxdur

Şərh yazın