3:03 pm - Şənbə Avqust 22, 3553

MÜQƏDDƏS PEŞƏNİN LAYİQLİ DAVAMÇISI

Aytac Əbülfət qızı Mirzəyeva

Aytac Əbülfət qızı Mirzəyeva

Bu gün müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Həmçinin müasir müəllimin məqsədi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, inttellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Hər şeydən əvvəl hər bir müəllim özü bu keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, ən əsası dərin biliyi, savadı ilə şagirdlərinə nümunə olmalıdır. Bütün bu keyfiyyətləri özündə birləşdirən insanlardan biri Bakının Nizami rayonundakı 62 nömrəli məktəb-liseyin biologiya müəllimi Aytac Əbülfət qızı Mirzəyevadır.

A.Mirzəyeva 2001-ci ildə Xətai rayonu 194 nömrəli tam orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinə daxil olmuşdur. 2004-cü ildən Nizami rayonu 62 nömrəli məktəb-liseydə ixtisası üzrə işləyir.

Aytac müəllim işlədiyi müddətdə bilik-bacarığını və bütün fəaliyyətini şagirdlərinin dünyagörüşünün formalaşmasına, onların məntiqi düşüncələrinin inkişaf etdirilməsinə sərf etmişdir. Gənc müəllim dərslərini kurikulum islahatlarının tələbləri üzərində qurur, təlimin müasir forma və üsullarından istifadə edir, İKT və yaradıcı tətbiqetmədən faydalandığı üçün dərslərində pedaqoji-məntiqi tamlığa nail olur. Buna görə də A.Mirzəyeva hər zaman Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər təhsil mərkəzlərinin diplom və sertifikatlarına layiq görülür.

Açıq dərslər keçirməyi sevən Aytac müəllimin VII sinfə verdiyi “açıq dərs” nümunəsini sizinlə paylaşmaq istəyirik.

Mövzu: “Quşların ekoloji qrupları”

Standart: 1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.

Məqsəd: 1. Quşların ekoloji qrupları haqqında mülahizələrini şərh edir.

2. Cansız və canlı təbiətin quşların həyat tərzinə təsirini izah edir.

İnteqrasiya: həyat bilgisi-1.2.1.

İş forması: qruplarla iş, kollektivlə iş.

İş üsulu: venn diaqramı, frontal sorğu.

Resurslar:dərslik, İKT avadanlıqları.

Dərsin gedişi

Motivasiya:Proyektorla quş təsvirləri olan slaydlar verilir. Sonrakı slaydda ölçülərinə və rənglərinə görə müxtəlif quşlar göstərilir. Bu quşların bir-birindən nə ilə fərqləndikləri soruşulur. Şagidlərin fikirləri dinlənilir. Həyati biliklərə və şəkillərə əsaslanaraq şagirdlər quşları müxtəlif əlamətlərinə görə təsnif edirlər.

Şəkil

Şəkil

Tədqiqat sualı: Qidalanma tipinə və yaşadığı mühitə görə quşlar hansı xüsusiyyətlərə malikdir?

Tədqiqatın aparılması: Bu mərhələdə qrup işindən istifadə edilir. Elektron lövhədə qruplara tapşırıqlar verilir. Vaxt tamam olduqdan sonra şagirdlər qrup işini təqdim edirlər.

İnformasiya mübadiləsi və müzakirəsi: Hər bir qrup öz cavablarını yazdıqdan sonra tapşırıqlar müzakirə olunur. Bu mərhələdə inteqrasiya etməyə şərait yaradılır. Odur ki, qruplara həyat bilgisi fənnindən inteqrasiya etmək üçün tapşırıq verilir. Bu zaman onlara əvvəlcədən yararlandıqları internet məlumatlarından istifadə etməyə imkan yaradılır. İş prosesində şagirdlərin əməkdaşlığı və fəallığı izlənilir. Təqdimatlar müzakirə olunur.

Şəkil

Şəkil

Yaradıcı tətbiqetmə: Şəkildə müxtəlif quş növləri göstərilir. “Qutudan” quşlara xas olan müxtəlif əlamətlər çıxarılır və uyğun quş növünün altında yerləşdirilir.

Şəkil

Şəkil

Nəticə və ümümiləşdirmə: Bütün bu mərhələlər icra olunduqdan sonra deyilənləri ümumiləşdirərək şagirdlər nəticə çıxarırlar ki, canlı orqanizmləri, o cümlədən quşları müxtəlif əlamətlərinə görə təsnif etmək olar.

Qiymətləndirmə: Sonda şagirdlərin bu dərsdəki fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə zamanı tapşırıqların icrası, fikir ifadə etmə, əməkdaşlıq kimi meyarlardan istifadə edilir. Qrupların işi meyarlara uyğun olaraq elektron lövhədə qiymətləndirilir.

Ev tapşırığı: Sonra dərslikdən və əlavə vasaitdən çalışmalar həll edilir. Həll olunmamış çalışmalar ev tapşırığı kimi verilir.

Sonda qeyd etmək istəyirəm ki, bütün peşələr gözəldir, lakin müəllimin yetişdirdiyi məhsul insan olduğundan və cəmiyyətin gələcəyi də bundan asılı olduğundan müəllimlik peşələrin ən şərəflisi və ən müqəddəsi hesab olunur. Bu mənada hər bir müəllim öz işinə Aytac müəllim kimi məsuliyyətlə yanaşarsa, cəmiyyətimizə və xalqımıza xeyir verəcək layiqli vətəndaşların sayı daha çox olar.

Aysel Rəsulzadə,
“Təhsil problemləri”

Filed in: DƏRS NÜMUNƏLƏRİ - BİOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın