7:56 am - Çərşənbə Noyabr 22, 2017

Türkiyə Qafqaz xalqlarının xəzinəsi. İslamın töhfələri

Fənn: Azərbaycan tarixi.

Sinif: VII sinif.

Mövzu: “Türkiyə Qafqaz xalqlarının xəzinəsi. İslamın töhfələri”

Məqsəd: 1. İslam mədəniyyətinin dünya mədəniyyətinə təsirini izah edir.

2. Türk xalqlarının mədəniyyətinə dair məlumat toplayır.

Məzmun standartları: 5.1.2. Şərq mədəniyyətinin dünya mədəniyyətinə təsirini müəyyən edir.

5.1.3. Mədəniyyətlərin inkişafı ilə bağlı materiallar toplayır.

İnteqrasiya: Az-t. 5.1.3.; Ə. 3.1.2.

Resurslar: Dərslik, iş vərəqləri, marker, proyektor, Power Point, mövzu ilə bağlı əlavə materiallar.

Dərsin gedişi: Dərsin maraqlı olması üçün düşünürəm ki, mövzunun adı, ümumiyyətlə, gizli qalmalıdır. Dərsin ilk mərhələsində şagirdlərin ümumi fəallığı nəticəsində mövzunun adı öyrənilir. Təlim üsulunda geniş yayılan “anlayışın çıxarılması” üsulundan istifadə edirəm. Tədqiqat zamanı “məbəd”, “türbə”, “daş kitabə” və s. kimi açar sözlərdən istifadə edirəm. Eyni zamanda müxtəlif şəkillərdən, mövzuya aid hazırladığım slaydlardan istifadə edirəm.

Şagirdlərin diqqətini məqsədə yönəltmək üçün sual da verirəm: Mədəniyyət nə deməkdir? Gördüyünüz şəkildəki illüstrasiyalar hansı mədəniyyətə aiddir? Müxtəlif cavablar alıram. Cavabı lövhədə qeyd edirəm. Verilən cavablar onlarla birlikdə müzakirə olunur. Nümunələrin çox olması məqsədəuyğun olardı. Bu, mövzunun adının üzə çıxarılmasına kömək edə bilər. Şagirdlərlə olan müzakirə nəticəsində məlum olur ki, göstərilən mədəniyyət abidələri həm islama qədərki, həm də islamdan sonrakı dövrləri əhatə edir. Onlara növbəti slayd təqdim olunur. Müəyyən olunur ki, bu mədəniyyət, əsasən, türk və qafqaz xalqlarına aiddir. Fərziyyələri düzgün istiqamətləndirməklə şagirdləri tədqiqat sualına cəlb edirəm: Dünya mədəniyyətinin inkişafına Şərq xalqlarının mədəniyyəti necə təsir göstərmişdir?

Şagirdləri 4 qrupa bölürəm: Qrupun sayına müvafiq olaraq mədəni nailiyyətlərin araşdırılmasını əks etdirən tapşırıq iş vərəqində şagirdlərə təqdim olunur:

1. “Orxon-Yenisey” abidələrinin tarixi əhəmiyyətini izah edin.

2. “Kitabi-Dədə-Qorqud” türk xalqlarının ana qaynağıdır” fikrini izah edin.

3. Şərq mədəniyyətində böyük rol oynamış şəxslərin dünya mədəniyyətinə təsirini araşdırın.

4. İslam mədəniyyəti deyəndə nə başa düşürük?

Qrup işləri işlənən zaman vaxtı əvvəldən elan edirəm. Bütün şagirdlərin fəallığını təmin etməyə çalışıram. Əvvəldən hazırladığım əlavə materialları şagirdlərə təqdim edirəm. Təbii ki, əsas resurs kimi dərslikdən istifadə olunur.

Tədqiqat aparılarkən onlara düzgün istiqamət verməklə yardımçı oluram.

İş vərəqləri hazır olanda şagirdlər qrup işlərini lövhədən asırlar. Məlumatların müzakirə mərhələsində hər qrup lideri lövhədə işini təqdim edir. Müzakirələrdə bütün qrupların fəal iştirakına çalışır, əlavə suallar verirəm.

Müzakirə zamanı şagirdlərə bildirirəm ki, türk xalqı istər islamdan qabaqkı, istərsə də islamdan sonrakı dövrdə dünya mədəniyyətinə gözəl incilər bəxş etmişdir. Bunları şagirdlər özləri müəyyənləşdirirlər. Onların məlumatı var ki, bütün mədəni bilikərin ilkin beşiyi şərq aləmi sayılır. Günəş kimi ilk dəfə Şərqdən çıxan mədəni yeniliklər dünya mədəniyyətinin əsasını təşkil etmişdir.

Növbəti slaydda xarabalığa çevrilmiş mədəniyyət abidələri göstərilir. “Türklər qan ağlayır” adlı musiqili kompozisiya təqdim olunur.

Müzakirə üçün suallar verirəm: Vandalizm nədir? Azərbaycan və vandalizm haqqında nə deyə bilərsiniz? Terrordan ən çox əziyyət çəkən bölgələr hansılardır?

Müzakirə başa çatdıqdan sonra mövzu ilə əlaqədar qazanılan bilik və bacarıqlar ümumiləşdirilir və sistemləşdirmə aparılır. Bunlar dəqiqləşdirmə aparmağa kömək edir:

– türk xalqlarının mədəniyyəti;

– Qafqaz xalqlarının mədəniyyəti;

– islamın mədəniyyətə təsiri;

– türk və Qafqaz xalqlarının islama töhfəsi.

Bundan sonra şagirdlərimizlə birlikdə əldə olunan nəticələri tədqiqat sualı ilə tutuşdurub uyğun gəlib-gəlmədiyini müəyyənləşdiririk.

Yaradıcı tətbiqetmə mərhələsində hər şagirdə 1 test sualı verərək nəticəni yoxlayıram.

Qiymətləndirməni fərdi və qrup şəklində aparıram. Qiymətləndirmə meyarları: müəyyən etmə, materiallaşdırma.

Şagirdin özünü qiymətləndirmə vərəqləri:

Şəkil

Şəkil

Şagirdlərlə dərsin sonunda qısa refleksiya aparıram. Bu, şagirdlərimin dərsdən aldıqları təəssüratlarla bağlı olur.

Ev tapşırığı: “İslam mədəniyyəti” haqqında esse yazın. “İşğal altında olan bölgələrdə erməni vandalizmi nəticəsində məhv olmuş abidələr haqqında araşdırma aparın”.

Piri Arzu,
Bakı şəhəri, Nəsimi rayonu, Mehdi Hüseynzadə adına
19 nömrəli tam orta məktəbin
tarix müəllimi

Filed in: DƏRS NÜMUNELERİ TARİX

Hələ şərh yoxdur

Şərh yazın