10:01 pm - Cümə Yanvar 20, 2017

Riyaziyyat dərslərində İKT-dən istifadənin üstünlükləri

Azərbaycan Respublikasında yürüdülən təhsil siyasətinin tərkib hissəsi olan təhsil islahatı müəllimin üzərinə yeni vəzifələr qoyur. Təhsilin keyfiyyətini yüksəltmək, onun strukturunda baş verən yenilikləri izləməklə yanaşı, müəllim öz peşəkarlıq səviyyəsini yüksəltmək üçün çalışmalı, öz dərsini müasir dövrün tələbləri səviyyəsində qurmağı bacarmalıdır. İnformasiya əsri adlandırdığımız XXI əsrin intellektual vətəndaşını yetişdirmək üçün müasir müəllimin əsas funksiyası şagirdlərə öyrənməyi öyrətməkdir. Əvvəllər müəllim əsas informasiya mənbəyi idisə, indi müəllim informasiya mənbəyi ilə şagird arasında vasitəçi funksiyasını yerinə yetirir.

Ölkəmizdə təhsil səviyyəsini dünyanın qabaqcıl ölkələri sırasına çatdırmaq üçün ciddi islahatlar aparılır. Bu baxımdan müəllimlərin və şagirdlərin informasiya kommunikasiya texnologiyalarından və elektron resurslardan istifadə bacarıqlarının inkişaf etməsinə zəruri ehtiyac yaranır.

Müasir dövrdə İKT cəmiyyətin inkişafına təsir göstərən vacib amillərdən birinə çevrilmişdir. Dərs prosesində təlim texnologiyalarından istifadə günün ən vacib məsələlərindən biridir. Dərs prosesində kompüter əyani vəsait rolunu oynayır və onun imkanlarının spektri genişdir. Belə ki, kompüterlə:

– bir-birini əvəz edən və asanlıqla redaktə edilməsi mümkün olan slaydlar seriyasını hazırlamaq;

– müxtəlif multimedia effektlərindən istifadə efmək;

– video və audio materiallarını səsləndirmək;

– hipermətnlər, interaktiv əyani vasitələr hazırlamaq imkanları var.

Məntiqi təfəkkürü inkişaf etdirmək pedaqoji prosesin ən zəruri hissəsidir. Riyaziyyat fənni isə məntiqi təfəkkürün təməlini qoyur. Riyaziyyat dərslərində şagirdlərə nəyi öyrətmək lazımdır? Fikirləşməyi, müşahidə etməyi, müqayisə etməyi, fərziyyə irəli sürməyi, onun düzgün olub-olmadığını yoxlamağı, ümumiləşdirib nəticə çıxartmağı, alınmış nəticələrdən real həyatda istifadə etməyi bacarmalıyıq. Bu məqsədlə İKT vasitəsilə çətinliyi tədricən artırmaqla çalışmalar seriyası hazırlamaq olar. I sinifdə müşahidəçilik qabiliyyətini inkişaf etdirmək məqsədilə “ağıllı lövhə”dən istifadə edərək aşağıda verilmiş tapşırıqları hazırlamaq olar:

Şəkil

Şəkil

1. Verilmiş həndəsi fiqurlar hansı əlamətləri ilə oxşar, hansı əlamətləri ilə fərqlidir?

Şagirdlər lövhədə bu fiqurları Venn dioqramına əsasən rəng və formalarına görə qruplaşdırıb fərqlərini izah edirlər.
2. Verilmiş ədədlər sırasını müvafiq addımla davam etdir:

3,5,7,9,11………….
1.4. 7,10,13……..

3. “Balığı dənizə at” oyunu. İçərisində balıqlar olan akvarium verilir. Hər balığın öz nömrəsi var və üzərində misallar yazılmışdır. Balıqları akvariumdan azad edərək atmaq lazımdır. Şagird misalı həll edə bilsə, balığı xilas etmiş olur, həll edə bilmirsə, balıq akvariumda qalır.

Şəkil

Şəkil

4. “Meyvələri dər” oyunu. Alma ağacı üzərində misallar yazılmış almalar var. Şagirdlər “ağıllı lövhə”dən istifadə edərək cavabı 10 edən almaları səbətə yığır.

Şəkil

Şəkil

Belə tapşırıqların yerinə yetirilməsi prosesində şagirdlərin nəinki şüurlu mənimsəmə qabiliyyəti inkişaf edir, həm də əqli fəaliyyətləri inkişaf edir.

I sinif şagirdlərinin müşahidə müstəqilliyi nisbətən məhdud olur. Ona görə də onlara belə tapşırıqların verilməsi bu və ya digər dəyişikliyin səbəbini əyani şəkildə müşahidə aparıb, müəyyən fikrə gələ bilsinlər. Bu zaman təkcə dərslikdəki şəkillər üzrə müşahidələrlə kifayətlənmək olmaz.

Şagirdlərin idrak müstəqilliyini təşkil etmək üçün riyaziyyat dərslərində ən çox müşahidə metodundan istifadə edirlər. Bu müşahidələr, əsasən ətraf aləm, didaktik materiallar və dərsliklər üzrə aparılır.

Müşahidə xarakterli tapşırıqların İKT vasitəsilə verilməsi, “ağıllı lövhə”lərdən istifadə etməklə oxşar və fərqli cəhətlərin tapılması, müqayisə edilməsi, təhlil aparılması, nəticənin çıxarılmasında qazanılmış bilik şüurlu olur və yaxşı mənimsənilir. Bu prosesdə tapşırıqların düşünülmüş ardıcıllıqla tərtibi, çətinliyin get-gedə artırılaraq şagirdlərin idrak müstəqilliyinin inkişaf etdirilməsinə yönəldilməsi müəllimlərdən böyük ustalıq tələb edir.

Mətanət Səmədova,
Bakı şəhəri, Nəsimi rayonu
240 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi,
“İlin ən yaxşı müəllimi”
müsabiqəsinin qalibi

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın