3:11 pm - Şənbə Noyabr 24, 2260

TARİX VƏ BİOLOGİYA DƏRSLƏRİNDƏ FƏNLƏRARASI ƏLAQƏ TƏCRÜBƏSİNDƏN

Möhtərəm prezidentimiz İlham Əliyev cənabları öz çıxışlarında dəfələrlə bildirmişdir: “Müasir dünyada hər şeyi elm, bilik, təhsil həll edir”. Bəli, bu fikirlə razılaşmamaq çox çətindir. Belə ki, yaşadığımız XXI əsri çox vaxt “elm, bilik, kompüter kosmos və s. əsri” adlandırırlar. Bu baxımdan ölkəmizdə də təhsilə son dövrlərdə diqqət və qayğının artmasını, çoxlu yeni məktəblərin tikilməsini, bir çox məktəblərin isə əsaslı şəkildə təmir edilməsini təbii hal kimi qəbul etməliyik. Deyilənlərlə əlaqədar olaraq prezident İlham Əliyev cənablarının belə bir fikrini də qeyd etmək yerinə düşərdi ki, “biz neft kapitalımızı insan kapitalına çevirməliyik”.

Bəli, bugünkü narahat dünyamızda yaxın keçmişdə çiçəklənən bir çox müsəlman ölkələrinin qan çanağına çevrildiyi, inkişaf etmiş hesab edilən bəzi Avropa ölkələrinin böhranın amansız caynağından qopa bilmədiyi bir dövrdə ölkəmizin oxşar tale yaşamaması üçün hazırda parta arxasında oturan şagirdlərimizin elmli, bilikli, təhsilli olması üçün hər şeyi etməliyik.

Müasir dünyada isə bütün sahələrdə olduğu kimi, təhsildə də geniş miqyasda inteqrasiya zərurəti yaranmışdır. Təsadüfi deyildir ki, yeni fənn kurikulumlarında inteqrativlik əsas prinsip kimi nəzərdə tutulmuşdur. Bu gün dünyada inteqrasiya fəndaxili və fənlərarası əlaqə, müəyyən fənlərə ayrı-ayrı elm sahələrinin birləşdirilməsi kimi yanaşılır. Təsadüfi deyildir ki, hazırlanmış kurikulumlarda da inteqrasiya xüsusi tələb kimi nəzərə alınmışdır. İnteqrasiya, ümumiyyətlə bugünkü təhsilin nəbzidir. Hətta nəzərdə tutulur ki, bəzi fənlər bir daha birləşdirilsin. Nə qədər ki, fənlər birləşir, inteqrativ xarakterdə olur, onların praktik əhəmiyyəti də artır. Bu barədə danışarkən qeyd etməyi vacib sayırıq ki, tarix fənninin tədrisinə fərqli yanaşmanı, əsasən, xarici ölkələrin, xüsusən də Avropa və Amerika məktəblərinin dərs nümunələrində görə bilərik: orada ənənəvi tədrisdən fərqli olaraq, daha çox ümumiləşdirilmiş kulturoloji və inteqrativ mövzulara üstünlük verilir. Həmin mövzular isə bir neçə fənni birləşdirməklə dərsin inteqrativliyini maksimum əhatə etmək məqsədini güdür. Bu zaman şagird əsl tədqiqatçıya çevrilir və tarixi hadisələrə müxtəlif prizmalardan (siyasi, iqtisadi, mədəni və s.) yanaşmaq vərdişlərinə yiyələnir. Bu baxımdan qeyd etmək yerinə düşərdi ki, tarix və biologiya dərslərinin tədrisində də fənlərarası əlaqədən istifadə etmək çox səmərəli olardı.

Belə ki, bu iki fənn arasında da çoxlu təmas nöqtəsi, ortaq məsələlər vardır.

Məsələn, hazırkı dövrdə ən mühüm problemlərdən hesab edilən irqçilik məsələləri ilə əlaqədar danışarkən bu problemin elmi əsaslara malik olmadığını sübut etmək üçün biologiya müəllimlərinin bütün insanların əvvəllər eyni zahiri görünüşə malik olduğunu, yalnız tarixin sonrakı inkişaf dövrlərində, çox günəşli isti iqlimin, qum buludları gətirən küləklərin, uzunmüddətli soyuqların, şiddətli şaxtaların insanların xarici görkəminə təsir edərək müxtəlif irqlərin – ağ, qara, sarı irqlərin yarandığını bildirməsi və bunun əsasən mezolit dövründə olduğunu şagirdlərə çatdırması çox səmərəli olardı. Belə ki, bu zaman şagirdlər həm biologiya, həm də tarix fənləri üzrə öyrəndiklərini əlaqələndirmiş olurlar. Şübhəsiz ki, biologiya müəlliminin tarix fənni üzrə şagirdlərin VI sinifdə “dərrakəli adam”, “ağıllı insan”, “homo sapiens” haqqında öyrəndikləri biliklərə malik olması və onları biologiya fənni üzrə daha yuxarı siniflərdə müvafiq mövzuların tədrisində üzvi şəkildə əlaqələndirməsi nəticəsində şagirdlər daha ətraflı və daha möhkəm biliyə malik olarlar. Təbiidir ki, nəticədə onlar irqçilərə qarşı ən qəti mövqelərdə durarlar.

XVII əsrdə kapitalizmin sürətli inkişafı dünyanın bir çox qabaqcıl ölkələrində sənayenin əhəmiyyətli müvəffəqiyyətlər qazanmasına səbəb oldu. Bu isə o dövrlər üçün olduqca böyük teleskoplar düzəltməyə imkan verdi. Bir qədər sonra isə – elə XVII əsrdə hollandiyalı Antoni Levenquk tərəfindən mikroskopun kəşf edilməsi isə bakteriyaların öyrənilməsinin əsasını qoydu. XVIII əsrin axırlarında ingilis Eduard Cenner aşkar etdi ki, əgər sağıcı bir qadına çiçək xəstəliyi keçmişsə, ona sonradan adamlardan çiçək xəstəliyi əsla keçmir. Çiçək xəstəliyinin bakteriyalardan əmələ gəldiyini müəyyən edərək Cenner çiçək peyvəndi vurulmasını təklif etdi. Bu peyvənd geniş surətdə tətbiq edilməyə başlandı. Bu peyvənd isə bütün ölkələrdə milyonlarla adamı ölümdən qurtardı və indi də qurtarmaqda davam etməkdədir.

XIX əsrin ortalarında, kapitalizmin təkanla, “başgicəlləndirici sürətlə” inkişaf etməyə başladığı dövrdə isə bitkilərin və canlı toxumların inkişafı sirri – hüceyrələrin inkişafı və törəməsi (bölünməsi) kəşf edildi. Təbiidir ki, bütün bu kəşflər bir tərəfdən elmin inkişafının təcəssümü idisə, digər tərəfdən həm də cəmiyyətin bütövlükdə götürdükdə tarixi inkişafı ilə sıx bağlı idi. Bu cür kəşflər həm də keçmiş, xurafatla bağlı dini dünyagörüşlərini darmadağın edirdi.

Təbiidir ki, yuxarıda göstərilən məsələlərin tədrisi zamanı tarix, eləcə də biologiya müəllimlərinin onları bir-biri ilə əlaqələndirməsi, bağlaması şagirdlərin bu məsələləri daha yaxşı başa düşmələrinə, eləcə də uzun müddətə yaddaşlarında saxlamalarına səbəb olar.

Bundan başqa, tarixi inkişafın daha sonrakı inkişaf dövrlərində, İngiltərədə bütün sənaye müəssisələri o dövrlər üçün çox mütərəqqi hesab edilən buxar maşınları ilə təchiz edildiyi üçün əmək məhsuldarlığı çox yüksək səviyyəyə çatmışdı. Həmin dövrlərdə texnikanın inkişafı ilə əlaqədar olaraq kapitalist istehsalı fəhlələrdən nəinki peşə sahəsində müəyyən biliklər, habelə müəyyən ümumtəhsil səviyyəsi və mədəni səviyyə tələb edirdi. Buna görə texniki tərəqqi ilə birlikdə burjuaziya xalq maarifini bir qədər genişləndirməyə məcbur oldu. Ona görə də digər ölkələr İngiltərə səviyyəsində olmasalar da, hər halda onlarda da inkişaf, tərəqqi hiss olunurdu. Belə ki, texnikanın inkişafı elmin müxtəlif sahələrində, o cümlədən biologiyada da özünü göstərirdi. Atom quruluşunun mürəkkəbliyinin, elektronların hərəkət qanunlarının kəşf edilməsi, nisbilik nəzəriyyəsinin yaradılması bəşəriyyətin inkişafında yeni dövrün – atom dövrünün başlanğıcını qoydu. Elmin bu nailiyyətləri texnikada və sənayedə inqilabın başlanğıcını qoydu. D.Mendeleyevin kəşfləri kimyada çevrilişə səbəb oldu.

XIX əsrin II yarısı biologiyada darvinizmin – heyvan və bitki aləmi növlərinin dəyişkənliyi və inkişafı ideyasının bərqərar olması dövrü oldu. Darvinizm ideyaları tezliklə təbiətşünaslığın müxtəlif sahələrinə də keçdi. K.A.Timiryazevin, İ.M.Seçenovun və başqalarının gördüyü işlər Darvinin nəzəriyyəsinin yaradıcılıqla inkişaf etdirib dərinləşdirərək, təbiətin dəyişməzliyi haqqında təsəvvürlərə sarsıdıcı zərbə vurdu, təbiət hadisələrinə tarixi yanaşmanın zəruriliyini təsdiq etdi.

Kapitalizmin inkişaf etdiyi dövrlərdə zamanın tələbinə uyğun olaraq fizika alimləri mikroaləmi tədqiq etdikləri bir dövrdə rus fizioloqu İ.P.Pavlov heyvan və insanın ali əsəb fəaliyyəti haqqında materialist təlim işləyib hazırlamağa başladı. O, fiziologiya sahəsində məhz bu dövrdə yeni mərhələnin başlanğıcını qoydu. Şərti reflekslərin təcrübə yolu ilə öyrənilməsi psixi fəaliyyətin sirlərini anlamağa imkan verdi. Pavlov göstərdi ki, insanın hərəkətlərinin əsasını beyin qabığında baş verən maddi fizioloji proseslər təşkil edir.

Şübhəsiz ki, biologiya sahəsində baş verən belə böyük bir kəşf həm də tarixi inkişafla sıx bağlı idi. Belə ki, kapitalizmin, kapitalist münasibətlərinin meydana gəlməsi, getdikcə eninə və dərininə inkişaf etməsi təkcə feodalizmə, feodal qayda-qanunlarına yox, həm də feodal qayda qanunları ilə çulğaşmış şəkildə tarixin nisbətən alt qatlarından keçib gələn və inkişafa əngəl olan dini ehkamlara da güclü zərbə vurdu. O vaxta qədər hakim olan mürtəce ideologiya materiya haqqında köhnə təsəvvürlərin boşa çıxmasını “materiyanın yox olması” kimi şərh edirdi. Dini xilas etmək üçün hər cür tədbirlər görülürdü. Çünki din feodalizmin həmişə və daimi müdafiəçisi kimi çıxış edirdi.

Tarix, eləcə də biologiya müəllimlərinin bu məsələləri şərh edərkən onları üzvi şəkildə bir-biri ilə əlaqələndirməsi aydındır ki, daha səmərəli olardı. Belə ki, təcrübə göstərir ki, belə əlaqələndirilmiş dərslər şagirdlərin yaddaşında uzun müddət qalır.

Əlbəttə, tarix və biologiya fənləri arasında fənlərarası əlaqə yaratmaq, nəticə etibarı ilə belə məsələlərin şagirdlərin yaddaşında daha uzun müddətə qalması üçün digər misallar da çəkmək olardı. Hansısa bir müdrikin dediyi kimi, yaradıcılığın sonu yoxdur. Amma düşünürük ki, çəkilən misallar da tarix və biologiya fənləri arasında fənlərarası əlaqə yaratmaq üçün kifayət qədər diqqəti cəlb edən misallardandır.

İlqar Abdullayev,
Bakı şəhəri, Nərimanov rayonu, MLK-nın tarix müəllimi,
“İlin müəllimi” müsabiqəsinin qalibi, əməkdar müəllim

Məlahət Məmmədova,
Bakı şəhəri, Səbayel rayonu, 132-134 nömrəli təhsil kompleksinin bilogiya müəllimi,
Azərbaycan bölməsi üzrə biologiya fənni üzrə metodbirləşmənin sədri

Filed in: DƏRS NÜMUNELERİ TARİX

Hələ şərh yoxdur

Şərh yazın