4:40 am - Şənbə İyul 22, 2017

Yeni üsulla tədris olunan dərs prosesinin üstünlükləri

Artıq bir neçə ildir ki, respublikamızın bütün tədris məktəblərində kurikulum əsasında dərslər tədris olunur. Bu üsul Şərur rayonunun Sərxanlı kənd tam orta məktəbində də geniş tətbiq edilir. Bu üsulun ənənəvi üsuldan üstün cəhəti ondan ibarətdir ki, dərslər konkret standart əsasında öyrədilir, şagirdlərin standartlara nə dərəcədə əməl etdikləri müəyyənləşir və yekunda qiymətləndirmə meyarları əsasında onların bilikləri qiymətləndirilir.

Şəkil

Şəkil

Ənənəvi üsulun dərs prosesində müəllim aparıcı rol oynayırdısa, kurikulum əsasında tədris zamanı müəllim istiqamətverici, şagird isə tədqiqatçı kimi formalaşır. Nümunə üçün VII sinifdə “Xudafərin körpüsünün birləşdirdiyi iki Azərbaycan dövləti” mövzusunun aşağıdakı kimi tədrisini verirəm.

Mövzu: “Xudafərin körpüsünün birləşdirdiyi iki Azərbaycan dövləti”

Standart: 2.1.2. Dövrə aid xəritə və xəritə-sxemlərindəki müəllif hadisə və təzahürlərə dair məlumatları izah edir.

3.1.2. Azərbaycan dövlətçilik ənənələrinin inkişaf xüsusiyyətlərini dəyərləndirir.

Məqsəd: 1. Dövlətlərin ərazisini xəritəyə əsasən izah edir.

2. Dövlətlərin inkişaf xüsusiyyətlərini dəyərləndirir.

Əsas anlayışlar: Xudafərin körpüsünün əhəmiyyəti, Təbriz şəhərinin paytaxt olması, Azərbaycanın qədim dövlətçilik ənənələri, Səlcuqlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövləti.

Dərsin tipi: İnduktiv.

İş forması: Bütün siniflə iş, qruplarla iş, fərdi iş.

İş üsulları: Beyin həmləsi, müşahidə, araşdırma, danışıq, anlatma – dinləyib anlamaq, təqdimat, tapşırıq vermə, Venn diaqramı, suallar, müzakirə.

İnteqrasiya: Ümumi tarix; 3.1.1. Azərbaycan – dili; 2.2.3. Ədəbiyyat; 2.2.3. Həyat bilgisi; 2.1.2.

Resurslar: Dərslik, vəsait, iş vərəqləri, xəritə, kompüter, interaktiv lövhə.

Dərsin gedişi:

Motivasiya: Mövzunun əvvəlində verilmiş məlumatla şagirdlər tanış edilir.

Məlumatda bildirilir ki, Təbriz şəhəri əsrlər boyu Azərbaycan dövlətlərinin paytaxtı olub.

Tarixdə bu kimi misalların sayını artırmaq olar. Hətta Şah İsmayıl Xətainin hakimiyyəti illərində Səfəvilərin paytaxtı Təbriz şəhəri hesab edilirmiş. İndi isə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.

Tədqiqat sualı:

1. Xudafərin körpüsü hansı iki Azərbaycan dövlətinin birləşdirdi və bu dövlətlərin Azərbaycan tarixində rolu nədən ibarətdir?

2. Xudafərin körpüsünün indiki vəziyyəti haqqında nə bilirsiniz?

Yardımçı suallar: 1. Təbriz şəhəri ilk dəfə nə zaman paytaxt olub?

2. Kimlər Təbrizi paytaxt seçib?

3. Sacilər və Salarilər dövlətləri süqut etdikdən sonra Azərbaycanda siyasi vəziyyət necə oldu?

Sualları aydınlaşdırmaq məqsədilə şagirdlərə Azərbaycanın cənubunda yaradılan Rəvvadilər və şimalında yaradılan Şəddadilər dövləti haqqında məlumat verirəm:

– Rəvvadi Əbülhica 981-ci ildə Salari hökmdarı İbrahim İbn Mərzbanı taxtdan saldı və paytaxtı Ərdəbil olan Rəvvadilər dövlətini yaratdı.

Sonra ərəb mənşəli türkləşmiş Rəvvadilərin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Azərbaycanın şimalında isə Dəbil ətrafında yaşayan şəddadilər nəsli Dəbil əmirliyini, sonra isə paytaxtı Gəncə olan Şəddadilər dövlətini (971-1088) qurdular. Şəddadilər dövləti Fəzi ibn Məhəmmədin dövründə daha da qüvvətləndi. O, 1027-ci ildə Araz çayı üzərində Xudafərin körpüsünü tikdirdi. Şəddadilər Rəvvadilərlə olduğu kimi, Şirvahşahlar dövləti ilə də mədəni əlaqələr qururdu. Əbüləsvar Şavurun dövründə Şəddadilər daha da güclənir və Gəncənin müdafiəsini möhkəmləndirərək 1063-cü ildə İbrahim Osmanoğlu şəhərin qala qapıları düzəltdirir.

Tədqiqatın aparılması: Şagirdləri qruplara ayıraram və onlara iş vərəqləri verirəm.

İş Vərəqi 1. Sacilər dövləti haqqında esse yazın.

İş Vərəqi 2. Salarilər dövləti haqqında danışın.

İş Vərəqi 3. Rəvvadilər dövləti haqqında danışın.

İş Vərəqi 4. Şəddadilər dövləti haqqında danışın.

Məlumatın müzakirəsi: Qrupların nümayəndələri iş vərəqlərini lövhədən asır və nəticələri Venn diaqramı vasitəsilə göstərirlər.

Şaddadilər                 Rəvvadilər

I                             II

Şəkil

Şəkil

I. 1. Azərbaycanın şimalını əhatə edirdi.

2. Paytaxtı Gəncə idi.

3. Dövləti quranlar türk mənşəli idilər.

II. 1. Azərbaycan cənubunu əhatə edirdi.

2. Paytaxtı Ərdəbil, sonra isə Təbriz şəhəri oldu.

3. Dövləti quranlar ərəb mənşəli türklər idilər.

III. 1. Hər iki dövlət Azərbaycan torpağında yaranmışdı.

2. Hər iki dövlət xristian blokuna qarşı mübarizə aparırdı.

Məlumatın müzakirəsi: Şagirdlərin təqdimatından sonra məlumatları ümumiləşdirirəm. Siniflə aşağıdakı müsahibəni aparıram.

Müəllim:

– IX-XI əsrlərdə Azərbaycan torpaqlarında hansı dövlətlər mövcud olmuşdur?

Şagird:

– Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər.

Müəllim:

– Sacilər dövlətinin əsası neçənci ildə və kim tərəfindən qoyuldu?

Şagird:

– Sacilər dövlətinin əsası 879-cu ildə sülalənin banisi Əbu Sac Divdad tərəfindən qoyulub.

Müəllim:

– Rəvvadilər nə üçün Təbrizi paytaxtı seçdilər?

Şagird:

– Təbriz şəhəri ticarət yollarının qovşağında yerləşdiyi üçün sürətlə inkişaf edirdi. Şəhər abadlaşdırılır və böyüyürdü.

Nəticə və ümumiləşdirmə: Şagirdlərin diqqəti tədqiqat sualına yönəldilir və internet üzərində Xudafərin körpüsünün indiki vəziyyəti ilə bağlı kadrlara baxılır. Şagirdlərə F.Kərimzadənin “Xudafərin körpüsü” romanı haqqında məlumat verirəm. Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, böyük tarixi əhəmiyyət daşıyan milli-mənəvi dəyərlərimiz içərisində əvəzedilməz yeri olan Xudafərin körpüsü başqa işğal altında olan ərazilərimiz kimi özünün azad olunacağı günü səbirsizliklə gözləyir. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğal olunan ərzailərimiz azad olunacaq və üç rəngli bayrağımız Xudafərin körpüsündə də dalğalanacaq.

Şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək yekunda siniflə aşağıdakı müsahibəni aparıram.

Müəllim: – Xudafərin körpüsü hansı iki Azərbaycan dövlətini birləşdirdi?

Şagird: – Xudafərin körpüsü Azərbaycanın şimalındakı Şəddadilər dövləti ilə Azərbaycanın cənubundakı Rəvvadilər dövlətinin birləşdirdi.

Müəllim: – Xudafərin körpüsünün əhəmiyyəti nədən ibarətdir?

Şagird: – Körpüdən hər iki dövlət bir-biri ilə ictimai-siyasi, mədəni və ticarət əlaqələri yaratmaq məqsədi ilə istifadə edirdilər.

Müəllim:

– Xudafərin körpülərinin indiki vəziyyəti haqqında nə demək olar?

Şagird:

– Hər iki Xudafərin körpülərinin vəziyyəti acınacaqlı vəziyyətdədir, işğal zonasında yerləşir. Azad olunacağı günü gözləyir. Təmirə ehtiyacı vardır.

Qiymətləndirmə: Meyar cədvəlini hazırlayır və dərsin bütün mərhələlərində qiymətləndirmə aparıram. Qiymətləndirmə “+” işarəsi ilə göstərilir.

Şəkil

Şəkil

Ev tapşırığı: Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövləti haqqında esse yazın.

Nüranə Şükürova,
Şərur rayonu, Sərxanlı kənd
tam orta məktəbin müəllimi

Filed in: DƏRS NÜMUNELERİ TARİX

Hələ şərh yoxdur

Şərh yazın