7:54 am - Çərşənbə Noyabr 22, 2017

Gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə təlim texnologiyaları

Sücəddin  HAQVERDİYEV,   Xəzər rayonu, Hatəm İskəndərov adına                              206 saylı  tam orta məktəbin hərbi rəhbəri

Sücəddin HAQVERDİYEV,
Xəzər rayonu, Hatəm İskəndərov adına 206 saylı tam orta məktəbin hərbi rəhbəri

Gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə təlimin yüksək səviyyədə təşkil olunması üçün pedaqoji ustalıq tək fənn üzrə mükəmməl biliyə malik olmaqdan ibarət deyil, həm də müasir təlim metod və üsullarından, texniki və əyani təlim vasitələrindən müstəqil və inamlı istifadə bacarığından ibarətdir. Gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə təlim prosesində təlim vasitələrinə hərbi rəhbərin sözləri, dərsliklər, əyani təlim vasitələri, hərbi texniki təlim vəsitələri, ərazinin, səngər və başqa qurğuların maketləri, müxtəlif kompüter proqramlarında hazırlanmış mövzular üzrə slayd dərs nümunələri, radio, televiziya, kompüter və s. aiddir. Təlim metodu dedikdə, təlim prosesində müəllimlə şagirdlər arasında birgə işin təşkili nəzərdə tutulur. Təlim zamanı hansı təlim metod və üsulunun tətbiq olunmasına baxmayaraq, biliyin kateqoriyalarına əsaslanan nəzəri biliklərin verilməsi təlim prosesinin ilkin və əsas hissəsi sayılır. Praktik tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi nəzəri biliklərə yiyələnmənin keyfiyyət və səviyyəsindən asılıdır.

Çağırışaqədərki hazırlıq təlimi prosesində tətbiq edilən klassik təlim metod və üsulları

Çağırışaqədərki hazırlıq təlimi prosesində müxtəlif təlim metodlarından istifadə olunur. Bu təlim metodları üç qrupa bolünür: sözlü, göstərmə və praktika (biliyin kateqoriyaları).

Şifahi şərh təlim metodunu nəzəri biliklərin verilməsi üçün ən məqsədəuyğun təlim metodu hesab etmək olar. Şifahi şərh nəql, izah, mühazirə üsulları vasitəsilə şagirdlərə yeni materialların çatdırılmasında ən üstün metod kimi istifadə olunur.

İzah dedikdə ayrı-ayrı fikirlərin, qanunların, qaydaların, hadisələrin, silah və sursatların iş prinsiplərinin sözlə çatdırılmasıdır. Hər hansı bir silahın iş prinsipini çalışma yolu ilə öyrətməzdən əvvəl, onun əsasları izah edilməlidir.

Nümayiş bir çox üsul və hərəkətləri özündə cəmləşdirir ki, bunların köməyilə silahlar, sursatlar, döyüş texnikaları, mülki-müdafiə cihazları və s. haqqında dolğun və əyani təsəvvürün yaranmasını təmin edir. Çağırışaqədərki hazırlıq dərslərində nümayiş metodundan daxili və qaravul xidmətinin aparılması, silahlı, silahsız sıra hazırlığı elementlərinin öyrənilməsi, ərazidə taktiki hazırlıq dərslərində çox geniş istifadə olunur. Şifahi şərh prosesində və eləcə də ballastika elementlərinin təcrübəsinin öyrənilməsində, təsviri, qrafiki və həcmli əyanilik kimi müxtəlif vasitələr nümayişin çoxnövlülüyünə dəlalət edir. Bu dərs metodunun gedişində üsul və hərəkətlər hissə-hissə göstərilir və qısa izahatlarla müşayiət olunur. Bu dərslərdə müəllim (hərbi rəhbərin) düzgün hərbi geyimi, davranışı, səliqəliliyi, intizamlılığı öyrənənlərdə Azərbaycan Silahlı Qüvvələrində xidmətə və zabit peşəsinə xüsusi marağın yaradılmasına xidmət etməlidir.

Çalışma metodu dəfələrlə düşünülmüş və təkrarı mürəkkəbləşdirməklə, öyrənənlərdə bilik və bacarığı təkmilləşdirən xüsusi proqramla müəyyənləşdirilmiş üsul və hərəkətləri özündə cəmləşdirir. Burada məşqlər çalışmanın növ müxtəlifliyidir. Onlar formalaşmış bilik və bacarıqların təkmilləşdirilməsi və möhkəmləndirilməsinə xidmət edir.

Onların yerinə yetirilməsində lazımi və müvafiq pedoqoji tələblərə riayət olunmalıdır. Şagirdlər tərəfindən bu və ya digər hərəkətlərin yerinə yetirilməsi mexaniki deyil, düşünülmüş olmalıdır. Əgər şagirdlər çalışmanın və məşğələnin məqsədini və mahiyyətini yaxşı bilsələr, bu halda onlar təşəbbüskarlıqla, yaradıcılıq və maraqla ona yanaşacaq və dəqiq yerinə yetirməyə çalışacaqlar.

Müstəqil öyrənmə dedikdə təlim vəsaitlərdən və başqa mənbələrdən müəllimin göstərdiyi qaydada istifadə başa düşülür. O, dərin və möhkəm biliyin əldə edilməsində böyük əhəmiyyətə malikdir. Hərbi rəhbər şagirdlərə müstəqil hazırlıq məqsədilə sinifdə və ya evdə işləməsindən asılı olmayaraq mənbələr və üsulları göstərməli, təlimatlandırmalıdır. Çağırışaqədərki hazırlıq dərslərində müstəqil hazırlığa xüsusi vaxt ayrılır. Müstəqil hazırlığın məlumat mənbələri aşağıdakılardır: kitab, qəzet, jurnal, radio, televiziya, ən əsası internet saytlarıdır. Təlim metodunun seçilməsində şagirdlərin mənsubiyyəti, hazırlıq səviyyəsi, dərsə ayrılan vaxt, təlim-tədris bazasının səviyyəsi, əyani vasitələrlə təchizat, təlim yerinin seçilməsi və hazırlanması böyük əhəmiyyət kəsb edir.

Müzakirələr, yəni diskussiyalar şagirdlərdə məlumat və ideyaların yaranması, fərqli və oxşar cəhətlərin müqayisə edilməsi, anlayış və ideyaların aydınlaşdırılması, yoxlanılması, problemlərin həlli yollarına dair alternativ fikirlərin əsaslandırılması, proqnozların verilməsi, informasiyanın həyati əhəmiyyətinin üzə çıxarılması, təklif və tətbiq edilməsi imkanlarının araşdırılması və s. məqsədi ilə həyata keçirilən fikir mübadiləsidir.

Çağırışaqədərki hazırlıq təlimi prosesində yeni təlim texnologiyaları

Əqli hücum təlim metodu təlimdə fəallığı artırmaq üçün tətbiq olunan ən optimal metodlardan biridir. Bu metod hər hansı konkret problemin həlli və ya suala cavab tapmaq üçün yaradıcı təfəkkürü üzə çıxarmağa imkan verir, müxtəlif vəziyyətlərdən çıxış yolu tapmaq, qərar qəbul etmək səviyyəsini və eləcə də fikirlərin konkret ifadələrlə ifadə və ünsiyyətqurma bacarığını üzə çıxarır. Bu metodun tətbiq edilməsində əsas məqsəd qoyulan problemin həlli yollarını müəyyən etməkdir.

Şaxələndirmə hər hansı mövzuya dair açıq və müstəqil düşüncəyə istiqamət verən metoddur. O, beyin həmləsinin qeyri-səlis xətt üzrə işləmə vəziyyətidir. Şaxələndirmə əsasən fərdi, cütlər və kiçik qruplar formasında aparılmalıdır. Mövzunun öyrənilməsindən öncə təfəkkürə təkan vermək düşünməni stimullaşdırmaq, mövzuya dair marağı artırmaq, digər fənlər üzrə bilik səviyyəsini, dünyagörüşünü üzə çıxarmaq, biliklər arasında əlaqə yaratmaq və s. fəaliyyətlərə xidmət edir. Şaxələndirmə metodunun köməyi ilə təfəkkürü inkişaf etdirmək mümkündür. Şaxələndirmə üçün çağırışaqədərki hazırlıq fənninin son dərəcə geniş imkanları vardır. Çünki bu fənnin mövzularının əksəriyyəti real həyat hadisələri və prosesləri ilə əlaqədardır.

Filed in: YAZILAR

1 şərh var: to “Gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə təlim texnologiyaları”

  1. Əməkdar müəllim Rəfail Əliyev
    19 Oktyabr 2017 at 23:06 #

    Dəyərli məqalədir.Yeni proqramla işləyən müəllimlər üçün əhəmiyyətli tövsiyədir.

Şərh yazın