4:25 pm - Çərşənbə İyul 26, 2017

GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIĞI İLƏ TARİX DƏRSİ ARASINDA FƏNLƏRARASI ƏLAQƏ TƏCRÜBƏSİNDƏN

Ulu Öndərimiz təhsil haqqında danışarkən demişdir: “Təhsil millətin gələcəyidir”. Bəli, şübhəsiz ki, bu fikir çox böyük uzaqgörənliklə deyilmişdir. Belə ki, hazırda dünyada ən qabaqcıl, inkişaf etmiş, güc mərkəzinə çevrilmiş hər hansı bir ölkənin tarixinə nəzər salsaq, onların da ilk öncə təhsili hədəf seçdiyinin şahidi olarıq. Prezident İlham Əliyev cənabları da öz çıxışlarında vurğulamışdır ki, müasir dövrdə hər şeyi elm, bilik, savad həll edir. Doğurdan da, bəzilərinin “internet”, bəzilərinin “kompüter”, bəzilərinin isə “intellekt” əsri adlandırdığı hazırkı dövrü başqa cür təsəvvür etmək mümkün deyil. Son dövrlərdə beynəlxalq aləmdə baş vermiş hadisələr bir daha elmin, biliyin, intellektin ön plana keçməsinə səbəb olmuşdur. Belə ki, yaxın keçmişdə inkişaf etmiş, firavan hesab edilən bir neçə Yaxın Şərq ölkələrinin qan çanağına çevrildiyi, əhalisinin kütləvi surətdə Avropaya mühacirət etdiyi müasir dövr qeyri-adiliyi ilə seçilir. Bu baxımdan prezidentimizin “biz öz neft kapitalımızı insan kapitalı ilə əvəz etməliyik” sözləri yerinə düşür. Belə ki, son vaxtlar dünya bazarında neftin qiymətinin aşağı düşməsi bir daha yuxarıda söylənilən fikrin doğruluğunu sübut edir.

İnsanlarımızın daha savadlı, bilikli, səviyyəli olmaları üçün təhsilin müstəsna rolu haqqında danışmaq artıqdır.

Şəkil

Şəkil

Xalqımızın “Qarabağ problemi” ilə qarşılaşdığı hazırkı dövrdə isə gənclərin çağırışaqədərki hazırlığı və tarix fənlərinin tədrisinin xüsusilə böyük önəmi vardır. Belə ki, bu fənlərdən birincisində gənclərə müasir dövrdə xüsusilə önəmli hesab edilən ibtidai hərbi biliklər verilirsə, ikincisində gənclərimizdə daha vacib sayılan vətənpərvərlik hisləri aşılanır.

u baxımdan sözügedən fənlər arasında fənlərarası əlaqənin yaradılması xüsusilə vacib əhəmiyyət kəsb edir. Məsələn, X siniflər üzrə “Vətənpərvərlik anlayışı. Orden və medallar” mövzusunda millət, M.K.Atatürkün “milli mənlik” haqqında fikirləri, habelə ABŞ-ın Vyetnam müharibəsində 7 il ərzində buraya 6 milyon ton bomba yağdırması haqqında faktlar verilmişdir. Şübhəsiz ki, bu mövzunun tədrisinin daha səmərəli olması üçün müəllimin dərsin motivasiya hissəsində sinfə şagirdlərə onların tarix fənnindən keçmiş olduqları “millət”, “xalq” anlayışları, ABŞ-ın Vyetnama müdaxiləsi haqqında suallarla müraciət etməsi yerinə düşərdi. Burada göstərilir ki, ABŞ o dövrlərdə özünə nisbətən inkişaf səviyyəsinə görə özündən qat-qat geridə qalan Vyetnamı özünə tabe etmək və Vyetnam xalqının iradəsini sındırmaq üçün əlindən gələn hər şeyi etdi. Lakin son nəticədə yenə Vyetnam xalqının vətənpərvərliyi, dəyanəti, mütəşəkilliyi, intizamlılığı son nəticədə öz sözünü dedi və ABŞ bu ölkədən geri çəkilməli oldu. Torpaqlarımızın 20%-ə qədərinin düşmən tapdağı altında olduğu hazırkı dövrdə belə vətənpərvər ruhlu faktların şagirdlərin diqqətinə çatdırılması xüsusilə önəmlidir.

Elə bu mövzuda milli vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissələrindən danışılarkən Azərbaycan dövlətinin müstəqilliyinin daimiliyinə inam hissinin ön plana çəkilməsinin vacibliyi qeyd edilir. Bəli, bu doğurdan da belədir.

Belə ki, şagirdlərimizin vətənpərvər ruhda böyümələri üçün onlarda müstəqiliyimizin daimi və əbədi olması haqqında fikirlərin aşılanması xüsusilə önəmlidir. Bu fikirlərin formalaşdırılması üçün isə şagirdlərimizin tariximizə daha dərindən bələd olmaları, müstəqilliyimizin tarixi haqqında bilmələri çox vacib əhəmiyyət kəsb edir. Buna görə də bu mövzunun tədrisində şagirdlərə tarix dərsindən öyrəndikləri biliklər haqqında suallara müraciət etmək çox faydalı olur.

Yenə haqqında sözügedən mövzuda ordenlərdən söhbət gedərkən göstərilir ki, Azərbaycan Respublikasının ali hərbi ordeni “Şah İsmayıl” ordenidir. “Şah İsmayıl” ordeni ilə Azərbaycan Respublikası Silahli Qüvvələrinin ali zabitləri, hərbi hissələri və birləşmələrin komandirləri təltif edilirlər. Aydındır ki, bu orden Azərbaycan tarixində önəmli rol oynayan, adı xalqımızın tarixinə qızıl hərflərlə yazılan, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin şərəfinə təsis edilmişdir. Şagirdlərin bu ordenin mahiyyətinə, onun nüfuzuna daha dərindən bələd olmaları üçün onun haqqında danışarkən əvvəlcə sinfə Səfəvilər, bu dövlətin qurucusu Şah İsmayıl Xətai haqqında suallar vermək çox faydalı olardı.

Çünki bu zaman artıq şagirdlərdə Şah İsmayıl, Səfəvilər haqqında müəyyən təsəvvürlər yaranır ki, bu da motivasiya rolunu oynayır.

“Şah İsmayıl” ordeni aşağıdakı xidmətlərə görə verilir:

• Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

• Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

• Respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.

Göründüyü kimi bu orden kifayət qədər böyük xidmətlər müqabilində verilir. Aydındır ki, şagirdlərin belə vacib və mühüm bir ordenin kimin şərəfinə verildiyini bilməsi, yəni Şah İsmayıl haqqında kifayət qədər məlumatlarının olması çox vacibdir. Ona görə də haqqında söz gedən mövzunun tədrisi zamanı sinifə Şah İsmayıl haqqında, onun mübarizəsi, əldə etdiyi nailiyyətlər, Azərbaycan dövlətçiliyinin yaranması və inkişafındakı rolu haqqında suallarla müraciət etmək mövzunun motivasiyasında çox önəmli rol oynayır. Əlbəttə, burada şagirdlərin tarix kursundan müvafiq biliklərə malik olmaları çox vacibdir.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin X siniflər üçün dərsliyində “Hərbi Hissənin Döyüş Bayrağı” mövzusunun tədrisində də tarix fənni ilə inteqrasiya üçün çox münasib məqamlar, təmas nöqtələri vardır. “Hərbi Hissənin Döyüş Bayrağı” mövzusunun tədrisi zamanı da şagirdlərin tarix kursundan bir çox biliklərə malik olmaları vacibdir. Belə ki, bu mövzunun əvvəlində deyilir: “Hərbi hissə təşkil edildikdən sonra ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi və Silahlı Qüvvələr komandanları tərəfindən Döyüş Bayrağı təqdim edilir.

Döyüş Bayrağı diviziyalara, briqadalara, alaylara, ayrı-ayrı taborlara, hərbi təhsil müəssisələrinə, təlim hissələrinə və donanma heyətinə verilir. Döyüş Bayrağı hər bir əsgər üçün hərbi şərəf, şücaət və şöhrət simvoludur.

Yuxarıda verilən sitatdan göründüyü kimi Döyüş Bayrağı hər bir hərbi hissədə çox vacib və mühüm rol oynayan dövlət atributu, dövlət simvoludur. Hər bir hərbi hissədə Döyüş Bayrağı göz bəbəyi kimi qorunur. Ona görə də Gənclərin çağırışaqədərki hazırlığı fənnində “Hərbi Hissənin Döyüş Bayrağı” mövzusunu keçərkən müəllimin sinfə Azərbaycan Respublikasında Dövlət Bayrağının qəbul olunmasının tarixi, bayrağın rənglərinin simvolu, onun ölçüləri və s. haqqında suallarla müraciət etməsi həm motivasiya rolunu oynayar, həm də şagirdlərə mövzunu daha yaxşı başa düşməyə kömək edər. Aydındır ki, şagirdlərin bu suallara cavab vermələri üçün onların tarix fənnindən müvafiq biliklərə malik olmaları çox vacibdir. Bu isə həm də fənlərarası əlaqənin yaranmasına səbəb olardı.

“Sıravi əsgərin vəzifələri” mövzusunun tədrisi zamanı da tarix fənni ilə fənlərarası əlaqə üçün çox münasib təmas nöqtələri vardır. Belə ki, bu mövzuda əsgərin (matrosun) ümumi vəzifələrində deyilir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşçüsü kimi öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına vicdanla və dönmədən riayət etmək, Hərbi Andı yerinə yetirmək.”

Yuxarıdakı sitatdan göründüyü kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşçüsü Azərbaycan Respublikasının Konstitusiyasına vicdanla və dönmədən riayət etməlidir. Aydındır ki, haqqında söz gedən işləri görə bilmək üçün əsgərin ilk növbədə öz vətəninin Konstitusiyası, qəbul edildiyi tarix, əsas müddəaları haqqında kifayət qədər anlayışı olmalıdır. Ona görə də bu mövzunun tədrisi zamanı müəllimin sinifə müvafiq suallarla müraciət etməsi çox faydalı olardı. Burada da haqqında sözügedən suallar həm də mövzunun motivasiyası rolunu oynayar.

XI siniflərdə “Müasir kütləvi qırğın silahları” mövzusunun tədrisi zamanı da şagirdlərin tarix fənnindən müvafiq biliklərə malik olmaları çox vacibdir. Belə ki, bu mövzuda müasir kütləvi qırğın silahlarının dağıdıcı gücündən, onlardan istifadənin rolu və əhəmiyyəti haqqında danışılır və ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə iki atom bombası atması qeyd edilir. Aydındır ki, bu mövzunun tədrisi zamanı dərsin motivasiya hissəsində müəllimin sinfə, ümumiyyətlə, ABŞ-ın Yaponiyaya atdığı bombalar haqqında suallarla müraciət etməsi faydalı olardı. Belə ki, bu suallar həm də hansı dərəcədəsə dərsin motivasiyası rolunu oynayardı.

Yuxarıda verilən nümunələrdən göründüyü kimi gənclərin çağırışaqədərki hazırlığı fənni ilə tarix fənni arasında fənlərarası əlaqə yaratmaq üçün kifayət qədər təmas nöqtələri vardır. Əsas məsələ müəllimin bütün bu təmas nöqtələrindən səmərəli şəkildə istifadə etməsidir. Bunun üçün hər bir müəllimin dərslərə yaradıcı münasibəti ən vacib şərtdir. Müdriklərdən birinin dediyi kimi, yaradıcılığın sonu yoxdur.

İlqar Abdullayev,
Bakı şəhəri, Nərimanov rayonu
MLK-nın tarix müəllimi,

Vasif Piriyev,
Bakı şəhəri, Nərimanov rayonu MLK-nın gənclərin çağırışaqədərki hazırlığı müəllimi

Filed in: DƏRS NÜMUNELERİ TARİX

Hələ şərh yoxdur

Şərh yazın