3:11 pm - Bazar ertəsi Noyabr 24, 2188

Tarix dərslərində vətənpərvərlik hissinin aşılanması

“Ancaq indi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, o, millətində olan mənsubiyyəti ilə fəxr edə bilməz”.

Ümummilli lider Heydər Əliyev

Ümummilli liderin bu ifadələrini əsas tutaraq bir müəllim kimi şagirdlərimdə vətənpərvərlik hissinin aşılanmasına həmişə çalışmışam. V sinifdən başlayaraq XI sinfə qədər “Azərbaycan Tarixi” fənni tədris olunur. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.02.2014-cü il tarixli, 206 nömrəli əmri ilə ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün fakültativ kursun tədris vəsaiti kimi “Qarabağ Tarixi” də nəşr olunmuşdur. Nəzərə alaq ki, V siniflər yeni təlim qaydaları əsasında biliklərini genişləndirirlər. Məhz bu yaşdan başlayaraq Azərbaycan tarixi fənninin tədrisi şagirdlər tərəfindən çox maraqla mənimsənilir. Çünki onlar, tariximizin qədimliyini bu yaşdan başlayaraq dərk etməyə başlayırlar. Onlara Azərbaycan Tarixində olan

şəxsləri tanımaq, onların döyüş yolunu öyrənmək, hökmdarlarımızın yenilməzliyini bilmək olduqca maraqlıdır.

Keçdiyim mövzudan asılı olaraq vətənpərvərlik hissini şagirdlərimə aşılamaq mənə bir müəllim kimi çox böyük qürur verir. Böyük iftixar hissi ilə öz fənnimi tədris edirəm. Motivasiyadan başlayaraq nəticə və ümumiləşdirməyə qədər çalışıram ki, şagirdlərdə vətənpərvərlik hissini gücləndirim.

“Qarabağ Tarixi” fənnində vətənpərvərlik hissi ilə bağlı bir mövzuya toxunmaq istəyirəm.

Dərs nümunəsi:

§29. “Qarabağ müharibəsində Azərbaycan torpaqlarının müdafiəsi uğrunda əsgərlərimizin qəhrəmanlıqları”.

• Standartlar:

1) 1.1.1. Tarixi zaman anlayışları arasındakı əlaqələri müəyyənləşdirir.
2) 4.1.1. Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir.
3) 4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır.

• Məqsəd:

1) Baş verən hadisənin zamanı müəyyənləşir.
2) Vətən uğrunda canını fəda edən əsgərlərin şəxsiyyəti müəyyən edilir.
3) Onların vətən uğrunda ən uca zirvəyə yüksəlməsi haqqında hazırlanan təqdimatlar əsasında keçdikləri döyüş yollarına nəzər salınır.

• İnteqrasiya: “ Azərbaycan Tarixi” fənni. V sinif
• Dərsin tipi: Yeni bilik və bacarıq forması.
• İş forması: Qruplarla iş.
• İş üsulları: Beyin həmləsi, müzakirə.
• Resurslar. Dərslik, şəkil, iş vərəqləri, slaydlar.

Dərsin gedişi:

Motivasiya:

Mövzu: “Qarabağ müharibəsində Azərbaycan torpaqlarının müdafiəsi uğrunda əsgərlərimizin qəhrəmanlıqları” olduğuna görə əvvəlcə gözəl Qarabağımızın şəkillərindən göstərirəm. Əvvəlki mövzulardan şagird bunları tanıdığına görə əminəm ki, tanıyıb, tez cavab verəcək. Şəkilləri gördükcə işğal altında olan rayonlarımızın adlarını da çəkə bilər.

Şəkil

Şəkil

Slaydla daha çox şəkil göstərmək olar. Qarabağın, təbiəti və mədəniyyəti ilə bağlı olan şəkillərin sayını çox artırmaq olar. Hazırladığım slaydlar “Bayatı-Şiraz” muğamı ilə səsləndirilir. Bu şəkilləri muğam ilə izləyən şagirddə işğal altında olan torpaqlarımızın həsrəti ilə yanan nisgili gözlərindən çox rahat oxumaq olar.

Əziz oxucu, “Bayatı-Şiraz”ın sədaları altında hazırlanmış slayda baxdıqda şagirddə vətənpərvərlik hissi necə oyanmaya bilər?

Sonra Qarabağ uğrunda şəhid olan qəhrəmanlarımızdan bir neçəsinin şəklini göstərirəm.

Şəkil

Şəkil

Şəkillərin də sayını slaydla artırmaq olar. Həzin bir vətənpərvərlik melodiyası ilə göstərilir.

Göstərilən şəkillərdən bəlli olur ki, qəhrəman əsgərlərimizin igidliyindən danışılacaq. Dövlətimiz və xalqımız tərəfindən onların adlarının necə uca tutulduğu barədə məlumat verilir.

Ermənistan və onun havadarlarının hərbi birləşmələrinin Azərbaycan Respublikasının ərazilərinə, onun əzəli və əbədi bir parçası olan Dağlıq Qarabağa, həmçinin ona bitişik bölgələrə hərbi təcavüzü zamanı Azərbaycanın qəhrəman oğulları göstərdikləri igidliklərə görə ölkə rəhbərliyi tərəfindən Vətənin yüksək mükafatlarına layiq görülmüş, onların adları əbədiləşdirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə müstəsna xidmətləri olan xalqımızın qəhrəman oğullarının ali dövlət mükafatlarına layiq görməsi ölkədə böyük ruh yüksəkliyi doğurmuş, tezliklə Qarabağ torpaqlarına qayıdacağımıza inamı gücləndirmişdir. Son vaxtlar cəbhədə aparılan uğurlu hərbi əməliyyatlar buna olan inamımızı daha da artırmışdır.

İgid əsgərlərimiz barədə danışılan zaman hər bir şagirddə vətənpərvərlik hissinin gücləndiyi hiss olunur.

Tədqiqat sualı qoyuram: Azərbaycan torpaqlarının müdafiəsi uğrunda vuruşan qəhrəman əsgərlərimiz haqqında , onlara xalqımızın və dövlətimizin qayğısı barədə nə bilirsiniz?

Tədqiqatın
aparılması:

Sinif qruplara bölünür. Qruplara ad verilir.

1-ci qrup: “Mübariz”.
2-ci qrup: “Xocalı”.
3-cü qrup: “Ordumuz”.
4-cü qrup: “Qarabağ”.

Hazırladığım iş vərəqlərini qruplara paylayıram. (şəkil 1)

Şəkil

Şəkil

Şəkil

Şəkil

Məlumatın mübadiləsi: Qrup nümayəndələri öz işlərini lövhədə yerləşdirir. Sonra təqdimatlarını verir.

Məlumatın müzakirəsi: Şagirdlər işlədikləri suallar barədə öz fikirlərini bildirirlər. Onlar izahat verdikcə hər birində vətəninə olan sevginin bir daha şahidi oluruq.

Yaradıcı tətbiqetmə: “Torpaqlarımızın işğaldan azad olan günün xəbərini alsaz, bir vətən övladı kimi ilk atdığın atdım nə olardı?” – adlı hekayə qurun.

Ev tapşırığı: “Qarabağda şəhid olan əsgərlərimizdən tanıdıqlarınızın keçdiyi döyüş yolu haqqında” məlumat hazırlayın.

Qiymətləndirmə meyarları: (şəkil 2)

Dərsin yekununda vətənpərvərlik mövzusuna həsr olunmuş 1 dəqiqəlik video rolik göstərirəm. Dərsi vətənpərvərlik ruhlu melodiya və bu cümlələrlə bitirirəm.

29

Nə qədər qanlar töküldü, nə qədər canlar fəda oldu bu vətən uğrunda.

Əsrlər gördü, fəsillər adladı bu millət,
Cılğın qasırğalarda belə qorxmadan yürüdü
Düşmənlərə yenidən meydan oxumaq üçün.
Ey vətən övladı, sən də millətini uca tut.
Vətəninlə, azadlığınla, bayrağınla qürurlan.

Mənsurə NURİYEVA,
Salyan rayonu Məhərrəm Dadaşov
adına Kürqaraqaşlı kənd
tam orta məktəbinin müəllimi

Filed in: DƏRS NÜMUNELERİ TARİX

Hələ şərh yoxdur

Şərh yazın