4:38 pm - Çərşənbə İyul 26, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

Hər müsəlmana vacibdir ki, şəriətdə vacib və lazım olan əməlləri özünün ətrafında olanlara, ərki çatanlara təlim edib, icrasını onlardan tələb etsin ( əmr-bə-məruf). Həmçinin, şəriətdə həram və qəbih sayılan əməlləri tərk etməyi onlardan tələb etsin (nəhy-əz-müngər).

Əgər hər bir müsəlman özünə səvab və Cənnət qazanmaq məqsədilə xəlqdən ayrılıb ibadətlə məşğul olsa, onda bəs bu əməlləri və dinin bu lazımlı təbliğini kim eləsin?

Buradan aydın olur ki, özünə Cənnət qazanmaq üçün müsəlman şəxs öz xəlqindən ayrılmamalıdır, onları dürüst yola dəvət etməlidir. Xüsusilə bu işdə din və şəriət elmindən xəbərdar olanların üzərinə daha böyük məsuliyyət düşür. Onlar kütlə içində olmalı, bilməyənlərə dinin zəruriyyatını təlim etməli və özlərini xəlqin bir fərdi kimi aparmalıdırlar. Necə ki, Peyğəmbər (s) buyurub:

” Xəlqin içində ol, onların biri kimi ol”.

Yalnız bu yolla müsəlman həm özünü, həm də başqasını Cəhənnəm odundan xilas edə bilər.

Mərhum şeyx Sədi Şirazinin bu barədə dediyi bir şeirin tərcüməsi belədir:

Bir sahibdil xanəgahı tərk edib, mədrəsəyə gəldi,
Təriqət əhli ilə həmsöhbət olmaq əhdini sındırdı.
Ona dedim ki, alimlə abid arasında nə fərq var ki,
O firqəni tərk edib, buraya gəldin?
Dedi ki, o yalnız öz köçünü sudan nicat verir,
Bu isə səy edir ki, qərq olanları xilas etsin.
Mərhum necə də gözəl deyib!

Bizim zəmanəmizdə xəlqin dini təbliğata çox böyük ehtiyacı var. Kütlələr içində dinin mahiyyətini və onun vacib əməllərini öyrənib icra etmək istəyən cavanlar çoxdur; onlara dinin zəruriyyatını təlim etmək hər bir müsəlmana vacibdir. Bəzən belə cavanlar sırf nadan olan və özlərini “alim” cildinə salanların və ya mollanumalar guruhunun təsiri altına düşürlər, onların dediyi cəfəngiyatı qəbul edib, səvab əvəzinə günah qazanırlar.

Şəriətdən xəbərdar olan şəxslər belə cavanları hidayət edib, dürüst yola salsa, bu iş onların zahidlik ibadətindən əfzəl olar.

Müasir yaşayış şəraitində yuxarıda deyilən zahidlik şərtlərini yaratmağa imkan yoxdur. Zahidlik təmənnasında olan kəs bu zəmanədə özünə həlal və pak yemək tapıb, ailəsinin ehtiyacından artıq dünya malı saxlamasa, üsuli-dinə inanıb, firui-dinin bütün maddələrinə əməl etsə, asudə vaxtlarını Allahın zikrinə sərf edib, ona təvəkkül bağlasa, sileyi-ərhamı kəsməsə, müsəlmanların qeybətini etməsə, qəzəb və şəhvət qüvvələrinin yuxarıda deyilən rəzalətlərindən öz nəfsini hifz eləsə, belə şəxs bu dövrün ən yaxşı zahidi olar.

Bu zamanlarda bir güruh “zahidlər” yaranıb ki, başlarında dəri papaq, üzlərində xət, paltarları uzun, barmaqlarında bir yekə əqiq üzük, əllərində uzun bir təsbih tuturlar, amma zikr demirlər, ciblərində cənamaz gəzdirirlər, söhbət əsnasında özlərinin gecə namazı qılmaqlarına və həmişə dəstəmazlı olmalarına da işarə vururlar. Bu, zahidlik deyil, riyadır; belə şəxslərin əməlləri və ibadətləri onlara heç bir fayda verməz.

Cənab Peyğəmbər (s) buyurub: “Od odunları yandırdığı kimi, riya da ibadətləri və əməllərin səvabını yandırar”.

Zahiri görkəmi zahid şəklinə salmaqla iş düzəlməz, mərhum Sədi demişkən:

“Sənin tatar papağı qoymağına ehtiyac yoxdur,

Dərviş-sifət ol, tatar papağı qoy”.

Özünü abid və zahid şəklinə salan riyakarlar bilsinlər ki, onlar əgər həqiqi zahiddirlərsə, qoy öz ibadətlərindən xəlqə sərgi açmasınlar, ibadət Allah xatirinə olan əməldir; o, gizli olmalıdır. Hansı aşiq öz məşuqu ilə olan gizli söhbəti xəlq arasında danışar?

Zahid həqiqi mənada olarsa, o, yuxarıda deyilən üçüncü sinif zahid olar. Bu cür zahid Behiştdən də imtina edib Allahın mülağatını istəyər; çünki ona aşiqdir. Aşiq öz istəklisini xəlvətdə görər və onunla təklikdə söhbət edər, biganələrin oraya yolu yoxdur. Həqiqi zahidin bu “xəlvət sözü” ibadətidir, oxuduğu dualar və zikrlərdir, tənha gecələrdə Allah-təala ilə etdiyi razi-niyazdır. Bunlar gizli və xəlvətcə olmalıdır.

Amma bizim zahidnümalarımız həmişə dəstəmazlı olduğunu və gecə namazlarını tərk etmədiyini hər vasitə və işarə ilə öz həmsöhbətlərinə bildirmək istəyirlər. Bu isə riyadan başqa bir şey deyil.

SƏRVƏT VƏ
FƏQİRLİK
(KASIBLIQ)

Həlaldan hasil edilmiş və ehtiyacdan artıq miqdarlarda toplanmış pul və ya mal sərvət təşkil edir. Onu ələ gətirmək hifz etmək sərvət sahibi üçün həmişə zəhmət və əziyyətə səbəb olur. Sərvət dünya malından ibarət olduğu üçün keçən bəhslərdə dünya malına məhəbbətin həqqində deyilən məzəmmət sərvətə də şamil olur.

Sərvətin məzəmməti barəsində Quran ayələri və hədislər varid olmuşdur; onlardan bəzisini yazırıq.

Allah-təala Quranda buyurur: “İnsan özünü qəni görsə, tüğyan edər”.

Peyğəmbərdən (s) soruşurlar ki, sənin ümmətinin ən şər adamı kimdir? Buyurur ki, – dövlətlidir.

Yenə o həzrət Bilala buyurur: Allah-təala ilə kasıb halda mülağat et, dövlətli halda mülağat etmə.

Yenə o Cənab buyurur: Cənnət əhlinin halından xəbərdar olub gördüm ki, əksəriyyəti kasıblardır. Cəhənnəm əhlindən xəbərdar olub gördüm ki, əksəriyyəti dövlətlilərdir.

Sərvətin ziddi kasıblıqdır. Şəxsin ehtiyacı olan şeylərin yoxluğuna fəqirlik və ya kasıblıq deyilir. Ehtiyac olmayan şeylərin yoxluğu kasıblıq deyil, əgər belə olsaydı, bütün dünya xəlqi kasıb sayılardı. Çünki insanlar öz ehtiyaclarından artıq olan çox şeylər istəyirlər; əgər o şeylər onlar üçün hazır olsa, yenidən başqa şeylərin təmənnasında olarlar. Odur ki, insan daimi surətdə ehtiyac hiss edir, onun ehtiyacsız və sərvətli vaxtı yoxdur. Mütləq mənada sərvət yalnız Allah-təalaya məxsusdur. Bu barədə Quran buyurur:

“Allah dövlətlidir, siz isə kasıblarsız”.

Kasıblar müxtəlifdir. Onların bir qismi dünya malına hərisdir, onu ələ gətirməyə səy edir və hər cür əziyyətə də dözür, amma ona nail ola bilmir. Bunlar həris kasıblardır.

İkinci qism odur ki, onlar üçün dünya malının varlığı yoxluğundan yaxşıdır, lakin ehtiyacdan artıq mal toplamağa meyilləri yoxdur. Əgər zəhmət çəkmədən əllərinə dünya malı gəlirsə, şadlanırlar, gəlmirsə, qəm çəkmirlər və onu qazanmağa səy etmirlər. Bunlara qane kasıblar deyirlər.

Üçüncü qism elədir ki, mala məhəbbətləri yoxdur, onu ələ gətirməyə səy etmirlər, hətta onun varlığından narahat olub, imtina edirlər ki, onun şərindən uzaq olsunlar.

Bunlar arif kasıblardır. Onlar dünya malından öz ehtiyacları qədər götürür, artığı onlara lazım deyil. Onları susuz adama təşbih etmək olar, bulaq başına gəlib hərarəti yatana qədər su içir, ondan artığını bulaqla qoyub gedir.

Kasıblıq həqqində müxtəlif hədislər və rəvayətlər varid olubdur.

Peyğəmbər (s) buyurub: “Az qalıb ki, fəqirlik kafirlik olsun”.

Doğrudan da bəzi səbrsiz, səvadsız və bəsirətsiz kasıblar həyatın ağırlığından şikayətlənib, Allaha qarşı nalayiq və nasəza deyirlər. Bu kəlam həmin şəxslər həqqində deyilib.

Yenə o Cənab buyurub: “Fəqirlik ən böyük ölümdür”.

Əhlü-əyalı ac, çılpaq və soyuq evdə olan halda bütün günü çalışıb çırpınan, lakin onlar üçün heç bir şey ələ gətirə bilməyən və axşam xəcalət çəkə-çəkə boş əl ilə evə qayıdan qeyrətli bir ailə sahibi üçün ölmək bundan yaxşı deyilmi?
Əmirül-möminin həzrəti Əli ələyhis-səlam buyurub: “hər kəs fəqirliyə mübtəla olsa, dörd xislətə mübtəla olar: Allahın varlığına yəqini zəifləyər, əqlində nöqsan əmələ gələr, dini süst olar, üzünün həyası azalar. Pəs fəqirlikdən Allaha pənah aparırıq”.

Bu mübtəlaçılığa, çətinlik və zillətə baxmayaraq fəqirliyə və yoxsulluğa səbr edən kəslər üçün hədsiz səvab və yüksək dərəcələr vardır. Quranda fəqirlərin mədhində ayələr var; onlardan biri budur: “O fəqir mühacirlər ki, öz vilayətlərindən və mülklərindən ixrac edilib, Allahdan fəzilət və Cənnət təmənnasındadır, Allaha və onun Peyğəmbərinə kömək edirlər, onlar sadiq kəslərdir”.

Peyğəmbər (s) buyurub: Bu ümmətin yaxşı adamları onun fəqirləri və Cənnətə tez gedənləri onların zəifləridir.

Yenə buyurub: İki peşə var ki, hər kəs onları dost tutsa, məni dost tutmuş olar, düşmən tutsa, məni düşmən tutmuş olar. Onların biri fəqirlik, biri də cihaddır.

Kasıblıq həqqində o Cənabdan soruşanlara buyurur: Allahın xəzinələrindən bir xəzinədir. İkinci dəfə O, buyurur: Allahdan gələn bir kəramətdir.

Üçüncü dəfə soruşanda, O həzrət buyurur: O bir şeydir ki, Allah onu mürsəl peyğəmbərdən və ya kərim olan mömindən başqa heç kəsə əta etməz.

Yenə o cənab buyurub: Pərvərdigarım məni dindirdi, buyurdu: Ya Mühəmməd, mən bir bəndəni dost tutsam, onun üçün üç şey edərəm: qəlbini qəmli, bədənini naxoş, əlini dünya malından boş edərəm; bir bəndəni düşmən tutsam, onun üçün üç şey edərəm: qəlbini şad, bədənini sağlam, əlini dünya malı ilə dolu edərəm.

Yenə o cənab buyurub: Bütün insanlar Cənnətə müştaqdır, Cənnət isə fəqirlərə müştaqdır.

Yenə buyurub: Dünyada möminin töhfəsi fəqirlikdir.

İmam Rza ələyhis-səlam buyurub ki, hər kəsin kasıb bir müsəlmana verdiyi salamı dövlətliyə verdiyi salamdan fərqlənsə və onun xilafına olsa, Qiyamət günü Allah-təala ona qəzəbli olar.

Musa peyğəmbər (ə) öz münacatında ərz edir ki, ey mənim Pərvərdigarım, sənin məxluqatın içində dost tutduğun kimlərdir? Onları mənə göstər ki, mən də onları dost tutum. Cavab nidası bu olur: – Bütün fəqirlər.

İsa peyğəmbər (ə) deyərmiş ki, ən çox xoşuma gələn odur ki, məni çağırsınlar: – Ay fəqir!

Lüğman öz oğluna nəsihət edərək deyir ki, libasını cındır görüb, heç kəsi təhqir etmə, çünki sənin, həm də onun Allahı birdir.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın