2:38 pm - Çərşənbə axşamı May 23, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

Peyğəmbər (s) buyurub: Allahın ən çox dost tutduğu kəs Allah-təalanın verdiyi ruziyə razi və qane olan fəqirlərdir.

Yenə o Cənab buyurub ki, hər kəs ac və ya möhtac olsa və onu xəlqdən gizlədib Allah-təalaya ərz eləsə, Allahın öhdəsindədir ki, ona həlaldan ruzi versin.

Yuxarıda deyilənlərdən məlum olar ki, səbr və qənaət edən kasıb, həris və simic sərvət sahibindən yaxşıdır, həmçinin, xəlqə kömək edən, sədəqə və bəxşişlər verən səxavətli sərvət sahibi təşviş edən həris kasıbdan yaxşıdır. Beləliklə, kasıblığın və ya sərvətli olmağın hansı birinin əfzəl olması sualı ortaya çıxır.

Bu barədə bir qism camaat fəqirliyi üstün tutur və bu rəvayətə əsaslanırlar.

Fəqirlər Peyğəmbərin (s) hüzuruna nümayəndə göndərib dedilər ki, sərvət sahibləri Məkkəyə gedib həcc və ümrə qılırlar, səvab qazanıb Cənnətə gedirlər; xəstə olanda, ehtiyat hesabına yaşayıb əziyyət çəkmirlər. Lakin bunlar kasıblar üçün mümkün olmur.

Peyğəmbər (s) o nümayəndə buyurdu ki, məndən o fəqirlərə çatdır ki, səbr edən fəqirlər üçün üç xislət var ki, qənilərdə o yoxdur:

Birinci. Cənnətdə bir qəsr var ki, Cənnət əhli ona səmada ulduza baxan kimi baxarlar; o qəsrə yalnız fəqir peyğəmbərlər, fəqir şəhidlər və fəqir möminlər daxil olurlar.

İkinci. Fəqirlər qənilərdən yarım gün qabaq Cənnətə gedərlər. Quranda deyildiyi kimi, Allahın yanında hər bir gün dünyanın min ilinə bərabərdir. Odur ki, yarım gün, beş yüz ilə bərabər olur.

Üçüncü. Əgər həm qəni, həm də fəqir bu zikri desələr: Subhənallahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər, qəni on min dirhəm sədəqə verəndən sonra fəqirin səvabına çatar.

Fəqirlərin nümayəndəsi bu xəbəri öz adamlarına yetirdi, onlar razı qaldılar.

Digər qism camaat isə qəni olmağı üstün tutur və buna əsaslanır ki, qənilik Allah-təalanın sifətlərindəndir, amma fəqirlik bəndəyə məxsus olan sifətdir; aydındır ki, Allahın sifətləri bəndənin sifətlərindən əfzəldir.

Qeyd edək ki, Allahın qəniliyi qərəz və səbəb cəhətindən deyil, bəndənin qəniliyi isə qərəzlidir və o, nə qədər qəni olsa da, ehtiyacı qurtarmır, həmişə fəqirdir. Əgər qənilik dünya malının varlığı və yoxluğunun təfavütsüzlüyü kimi qəbul edilərsə, bu da insanlara məxsusdur və yenə də fəqirlik əlamətidir.

Buradan məlum olur ki, Allah-təalaya məxsus olan sifətləri bəndəyə şamil etmək olmaz. Odur ki, fəqirlik bəndələr üçün fəzilətdir, elə buna görə də Pey Fəqir və kasıb şəxslər özlərini xəlq içində zəlil etməmək üçün öz kasıblıqlarını gizlətməlidirlər. Bu, onların izzəti-nəfsini hifz edər, həm də sərvətli şəxslərin təkəbbürlüyünə mane olar. Kasıblar öz yoxsulluqları səbəbinə qənilərə təvazö göstərsələr, qənilər öz təkəbbürlərini daha da artırarlar.

Sərvətli şəxslərə də tövsiyə olunur ki, öz dövlətlərinə qürrələnib, fəqirlərə alçaq nəzərlə baxmasınlar, onların izzəti-nəfsinə toxunmadan öz mallarından onlara bəxşiş, sədəqə, hədiyyə və başqa yollarla kömək etsinlər.

FƏQİRLƏRİN
VƏZİFƏSİ

Əgər fəqir əl açıb sual etmədən ona bir şey verilərsə və o şey həram, ya da şübhəlidirsə, o fəqirə vacibdir ki, onu geri qaytarsın. Amma həlaldırsa və hədiyyə adı ilə verilərsə, onu almaq müstəhəbbdir, bu şərtlə ki, onu verən şəxs minnət qoymasın. Əgər minnət qoyursa və ya sonradan öz verdiyini xatırladıb minnət qoyacağını bilirsə, o cür hədiyyəni də almasa yaxşıdır. Əgər bəxşiş və ya hədiyyə verən şəxs özünü səxavətli və ya fəqirlərə kömək edən Allah adamı kimi göstərmək məqsədini güdürsə, lakin qəlbində bu fikirdə deyilsə, yenə də o şeyi almaq həramdır. Əgər hədiyyə və sədəqə sahibi o şeyi şəhvət və ya şöhrəti üçün verirsə, onu almaq günahdır və o şəxsin günahına kömək hesabındadır.
Bunlardan başqa hallarda əgər fəqirin etiyacı varsa və verilən şey ona artıq olanı qaytarmalıdır.

Peyğəmbər (s) buyurub: Adəm övladının üç şeydən başqa heç nəyə həqqi yoxdur: bədəninin qüvvəsini saxlayan qədər təama, övrətini örtən libasa və yaşayış evinə. Bunlardan artıq hər nə olsa, onun hesabı çəkiləcək.

Axirət səadətinin tələbində olan kəs bunlardan artıq olan şeyi almamalıdır, əgər almış olarsa, nəfsi onunla ülfət tutar və onu qaytarmaq müşkül olar.

Mömin şəxs öz ehtiyacından artıq olan şey üçün sual edib dilənməkdən çəkinməlidir; çünki sual etmək dünyada onun üzünün həyasını tökər, axirətdə isə bu iş üçün hesab verməli olar.

Əslində əl açıb sual etmək, dilənmək həram olmalıdır, çünki onun mənası Allahdan şikayət, öz nəfsini və şəxsiyyətini Allahdan qeyriləri yanında zəlil etmək və qarşısında əl açdığı adamlara əziyyət vermək, utandırmaq və onları səmimi qəlbdən olmasa da bir şey verməyə vadar etmək deməkdir. Odur ki, onların verdiyi şey ya xəcalət çəkmək, ya da riya səbəbinə ola bilər; çünki əl açan sailə şey verməsələr, xəlq onları simic hesab edər. Belə olduqda onların verdiyi şərən o sailə həlal deyil. Bu mənaya görə xəlq içində sailin əl açıb dilənməsi mən edilib.

Peyğəmbər (s) buyurub: “Dilənmək insanların ən pis işlərindən biridir”.

Yenə də buyurub: “hər kəs dilənməklə qəni olmaq istəyirsə, özünə Cəhənnəm odu artırır. Hər kəs ehtiyacı olmadan dilənərsə, Qiyamət günü onun üzünün əti tökülmüş halda məşhərə gələr”.

Yenə də buyurub: “hər bəndə dilənməklə özünə bir qapı açmaq istəsə, Allah-təala üzünə fəqirlikdən yetmiş qapı açar.
Yenə də buyurub: Varlanmaq qəsdilə dilənmək, baş ağrısı və mədə xəstəliyidir.

Rəvayət edirlər ki, Ənsardan bir dəstə camaat Peyğəmbərin (s) hüzuruna gəlib dedilər ki, səndən bir xahişimiz var. Peyğəmbər (s) buyurdu ki, deyin görüm nə istəyirsiniz. Onlar dedilər, xahişimiz budur ki, bizim Cənnətə getməyimizə zamin olasan. Peyğəmbər (s) başını aşağı salıb bir qədər fikirləşdi, sonra başını qaldırıb buyurdu:

– Sizin üçün bunu edərəm, bu şərtlə ki, heç kəsdən bir şey istəməyəsiniz.

O camaatdan bir nəfər söyləyir ki, bu əhvalatdan sonra heç kəsdən heç nə istəmədim, hətta at üstündə olanda əlimdən qırmanc yerə düşürdüsə, onu qaldırıb mənə verməyi heç kəsdən xahiş etmirdim, özüm atdan düşüb onu götürürdüm. Əgər süfrə üstündə su məndən uzaq olurdusa, heç kəsdən xahiş etmirdim ki, mənə su versin.

Peyğəmbər (s) cənabları həmişə xəlqi dilənməkdən çəkindirər və buyurardı:

– Nə qədər az sual etsəniz, o qədər yaxşıdır.

Ondan soruşdular:

– Səndən də sual etməsinlər?

Buyurdu:

– Məndən də!

O cənab buyurub: Əgər əlinizə ip alıb odun yığsanız, o iplə şələ bağlayaraq dalınıza atıb aparsanız və satıb ondan hasil olan pula öz ehtiyacınızı ödəsəniz, sual etməkdən daha yaxşı olar.

İmam Zeynul-abidin ələyhis-sələm dilənən kişiləri və arvadları görüb buyurdu: ” Bunlar xəlqin ən pis adamlarıdır”.

İmam Cəfər Sadiq (ə) buyurub: Əgər sail bilsə ki, dilənməyin nə qədər günahı var, heç kəs heç kəsi rədd etməz.

Yenə də buyurub: hər kəs ehtiyacı olmadan sual edərsə, o od yeyən kimidir.

Bütün bu məzəmmətlər ehtiyacı olmayan dilənçilər həqqindədir. Çarəsiz qalan və böyük ehtiyacı olan kəslərə öz ehtiyacı qədər sual etməyə izn verilib. Allah-təala Quranda onların həqqində buyurub: ” Amma sailə açıqlanıb qovlama”.

Peyğəmbər (s) buyurub: “Saili rədd etməyin, heç olmazsa ona yarım xurma verin”.

Yenə buyurub: “Sail at üstündə gəlsə də, sizin boyunuzda onun həqqi vardır”.

Yenə buyurub: “Əgər saillər yalan danışmasaydılar, onları rədd etmək cayiz olmazdı”.

Axı saillərin çoxu yalandan özünü möhtac kimi göstərir ki, xəlq ona rəhm etsin. Belə saillərin hətta külli miqdarda dövlətləri olur. Belə adamlar dilənməyə alışıb, asan yolla gəlir əldə etdiyi üçün, bu işdən əl çəkmirlər. Onların üzünün pərdəsi yırtılıb, həyaları gedib, dilənməkdən ar etmirlər.
İnsanın həyasını və şəxsiyyətini qoruyub saxlamaq məqsədilə şəriət yalnız ən çətin hallarda, böyük ehtiyaca məruz qaldıqda sual etməyə icazə verir. Məsələn, şəxs acından ölmək və ya xəstələnmək təhlükəsi qarşısında qaldıqda, ehtiyacı qədər təam sual edə bilər. Yaxud bədəni açıq qaldıqda soyuqlama qorxusu olduqda, ehtiyacı qədər paltar istəyə bilər. Hətta yavanlıq barəsində məşəqqətə düçar olan şəxs çörək qatığı almaq üçün də sual edə bilər.

Ehtiyacı olan belə şəxs əvvəlcə dostlara və səxavətli adamlara müraciət etməlidir; çünki dostlar ona minnət qoymaz və zəlil olmağına razı olmaz, səxavətli adamlar isə bir şey verdikdə, ondan şadlanıb həzz alırlar. Əgər belə adamlara əli çatmasa və ya hansı səbəbə ehtiyacı düzəlməsə, ondan sonra kənar adamlardan öz ehtiyacı qədər sual edə bilər.

Əgər şəxs gələcəkdə ehtiyacı olacaq qədər bir şeyi sual edirsə və bu ehtiyac bir ildən sonra olacaqsa, belə sual həramdır; əgər qırx-əlli gün sonra olacaqsa, yenə də o şey üçün sual etmək həlal deyil. Lakin ehtiyacı olan vaxta qədər o şeyi tapmağa gümanı olmasa, onu indi sual edə bilər; amma bu da məkruh hesab olunur.

Bütün bunları nəzərə alıb, Allah-təalaya möhkəm etiqadı və etimadı olan şəxs ona təvəkkül edib, hər ehtiyacını ondan istəməlidir.

Peyğəmbər (s) buyurub: “Əgər Allaha lazımınca təvəkkül etsəniz, sizə ruzi verər, necə ki, quşlara ruzi verir; onlar boş qarınla səhərə çıxırlar, (axşam) dolu qarınla qayıdırlar”.

DÜNYA MALINA HƏRİSLİK VƏ
QƏNAƏT

Dünya malına hərislik (hirs) insanın nəfsində əmələ gələn elə bir xasiyyətdir ki, ehtiyacı olmayan və ona heç bir fayda verməyən şeyləri yığıb toplamaqdan gözü doymur, bu istək və arzunun nəhayəti də olmur. Bu xasiyyət dünyaya məhəbbətin ən güclü halıdır ki, insan üçün ən təhlükəli bir vadi və ya qaranlıq və dəhşətli, dibi sonsuzluğa gedən bir quyudur. Bu quyuya düşən kəs, bir daha geri qayıtmır.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın