4:28 pm - Çərşənbə İyul 26, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

Təcrübədən məlum olur ki, dünyaya həris olan şəxsin hirsinin sərhəddi olmur, o bu təlatümlü dəryaya düşdüsə, dalğalar onu çırpa-çırpa bir-birinə ötürüb axırda məhv edirlər.

Peyğəmbər (s) buyurub: Əgər Adəm övladının iki vadi dolusu qızılı olsa, onların arxasında üçüncüsünü axtarar. Bəni Adəmin qarnını torpağdan başqa heç nə doldura (doydura) bilməz.

Yenə buyurub: “İki ac var ki, heç doymazlar: elm acı və mal acı”.

İmam Cəfər Sadiq (ə) buyurub: Dünyaya həris adamlar ipək qurdu kimidilər ki, nə qədər çox lif toxuyurlarsa, o qədər də oradan çıxmaq imkanından uzaqlaşırlar; nəhayət, ölürlər.

Şəhvət qüvvəsinin bu rəzalətinin ziddi qənaətdir ki, nəfs üçün fəzilət hesab olunur. Qənaət-ehtiyac və zərurət qədər dünya malı ələ gəldikdə onunla kifayətlənmək və onu artırmağa səy etməməkdir. Bu fəzilət başqa fəzilətlərin kəsb edilməsinə kömək edər; onun olmaması isə müxtəlif rəzalətlərə və pis əməllərə çəkib aparar. Hər kəs dünya malından öz ehtiyacı qədər sahib olandan sonra, ondan artığına göz tikməsə və ələ gətirmək meyli olmasa, asudə və arxayın halda elm və din məsələləri ilə məşğul olar, mərifətini artırar, axirət səadəti qazanar. Lakin dünya malı qazanmaq hirsi insanı elə məşğul edir ki, elm , din və axirət tamamilə onun yadından çıxır və bu səadətdən məhrum olur.

İnsan yalnız öz ehtiyacı qədər dünya malına sahib olmalıdır, onu da Allah-təala ona yetirəcək.

Həzrət Musa (ə) Allah-təala ilə mükalimə zamanı ərz elədi ki, ey mənim Pərvərdigarım, sənin hansı bəndən qənidir (dövlətlidir)?

Xitab gəldi ki, o kəs ki, ona verdiyimə qane olur.

Peyğəmbər (s) buyurub: Hər kəs Allahın verdiyi ruziyə qane olsa, o, xəlqin ən dövlətli adamıdır.

İmam Cəfər Sadiq ələyhis-səlam buyurub: Hər kəs Allahın verdiyi yüngül maaşla razılaşsa, Allah da onun yüngül əməli ilə razılaşar.

Qənaətin fəziləti həqqində saysız-hesabsız hədis və əxbar varid olmuşdur; yuxarıda deyilənlərlə kifayətlənib, dünyaya həris olanların müalicəsi məsələsinə baxaq.

Dünyaya həris olan şəxs öz nəfsinə müalicə etmək istəyirsə, əvvəlcə gərək qənaətin fəzilətini, şərafətini eləcə də hərisliyin bir rəzalət olduğunu və onun məzəmmətini dərk etsin. Hər kəsin izzəti-nəfsi öz şəhvətinə təsir edə bilmirsə, onun əqli zəif, iymanı naqisdir.

Sonra onu bilsin ki, dünya malını yığıb toplamaqda dünya afətləri və axirət əzabları var. Keçmiş peyğəmbərlərin, onların vəsilələrinin, ariflərin həyatı ilə tanış olub görsün ki, onlar necə qənaətlə yaşayıblar; məşhur dövlət sahibləri isə öz sərvətlərindən bir qarın yemək və bir dəst paltardan artıq özlərinə sərf etməyib, axırda o paltarı da soyunub, qəbrə apara bilməyiblər; sərvət isə başqasına qalıb. Açıq göz və ibrət nəzəri ilə bu işlərə baxanda aqil şəxs bilər ki, peyğəmbərlərinin şivəsini qəbul etmək, qənaət yolunu tutub getmək lazımdır.

Bunu da bilməlidir ki, dünyaya həris olanlar, əsasən, yemək və cinsi əlaqə hərisi olurlar; bunlar isə heyvanata, xüsusilə uzun qulağa və donuza mənsub olan sifətlərdir. Rəvadırmı ki, aqil insan peyğəmbərin və övliyaların xasiyyətini qəbul etməyib, heyvanların xasiyyətini qəbul edib, özünü onlara oxşatsın?

Bütün bunlar müalicənin elmi və nəzəri cəhətidir.

Müalicəni əməli surətdə həyata keçirmək üçün yaşayışın iqtisadı cəhətini elə nizamlamaq lazımdır ki, zəruri şeylərdən başqa əlavə xərclər yolu bağlansın.

Peyğəmbər (s) buyurub: Üç şey var ki, nicat yolu onlardadır; gizlində və aşkarda Allahdan qorxmaq, həm qənilikdə, həm də fəqirlikdə iqtisada əməl etmək, razı və qəzəb halında ədalətli olmaq.

Yenə də buyurub: hər kəs iqtisadçı olsa, Allah onu qəni edər, hər kəs israf etsə, Allah onu fəqir edər.

Qənaətə və iqtisada əməl edən şəxs, həm də gələcək günləri üçün özündə inam və etiqad hasil edir ki, Allah-təala onun ruzisini verəcəkdir.

Necə ki, Quranda buyurur: “Heç elə bir canlı yoxdur ki, Allah yanında onun ruzisi olmuş olmasın”.

Bütün bunlarla bərabər şəxs gərək həmişə dünya işlərində özündən aşağı olanlara baxsın, özündən yuxarı olan naz-nemət içində yaşayanlara baxmasın. Şəxs maaş cəhətindən öz səviyyəsindən aşağı olan kəslərə baxsa, özünü qəni görər, təsəlli tapar. Mömin gərək dünya işlərində özündən aşağıya, axirət işlərində isə özündən yuxarıya baxsın. Axı insanın əbədi həyatı axirətdir, bu qısa həyat müvəqqətidir, onu sadə və müxtəsər vəchlə yola salıb, əbədi həyatın tədarükünü görmək lazımdır. Ona görə də axirət yolunda çalışanlara baxıb, onlardan ibrət almalı və hər kəs bu yolun qabaqcıllarına çatmağa səy etməlidirlər. Burada imkan var ikən yol tədarükü görüb, sonra yola çıxmaq lazımdır.

Sədi demişkən:

“Öz qəbrinə bir yaşayış tədarükü göndər,
Dalca heç kəs gətirməyəcək, sən qabaqca göndər”.

TƏMƏKARLIQ VƏ
İSTİĞNA

Təmə sözünü bizim indiki yaramaz orfoqrafiyada eybəcər hala salıb “tamah” yazırlar; odur ki, təməkarlıq sözü də “təmahkarlıq” şəklinə düşüb.

Xəlqin malında gözü olan adama təməkar deyilir. Bu da dünya malına məhəbbətin bir növüdür və ən pis rəzalətdir.
Peyğəmbər (s) buyurub: “Təmədən uzaq olun, o hazır fəqirlikdir”.

Əmirül-möminin Əli ələyhissəlam buyurub: Kimdən ehtiyacsız olsan, sən də onun kimi olarsan, kimdən istəyib bir şey alsan, onun əsiri olarsan, kimə yaxşılıq eləsən, onu əmiri olarsan.

İmam Cəfər Sadiq (ə) buyurub: Bəndədə iymanı sabit edən şey pəhrizkarlıqdır, onu iymandan çıxaran isə təmədir.

Təməkarlığın məzəmməti həqqində hədis və əxbar çoxdur; onların hamısını burada yazmağa imkan yoxdur. Bunu demək kifayətdir ki, təməkar adam cəmiyyət içində də xəlq arasında da həmişə zəlil olur və ona alçaq nəzərlə baxırlar.

Belə adamın xəlqə olan etimadı Allaha olan etimadından çox olur; ona görə də Allahdan ümidini kəsib, gözünü xəlqin malına dikir.

Təməkarlığın ziddi istiğnadır, yəni xəlqdən təmənnasız və ehtiyacsız olmaq, bu isə Allaha müqərrəb olmaq fəzilətlərindən biridir, çünki hər kəs Allahdan qeyrisinə ehtiyacsız olsa, Allah onu dost tutar.

İmam Mühəmməd Baqir (ə) buyurub: Mömin şəxsin şərəfi gecələr namaz qılmaq və onun əzizliyi xəlqin malına göz tikməməyindədir.

Yenə buyurub: Bizim şiəmiz o kəslərdir ki, acından ölsə də, xəlqdən sual etməsin.

Yenə buyurub: “Əgər istəyirsiniz ki, Allah hər istədiyiniz şeyi sizə versin, xəlqdən tamamilə məyus olun və Allahdan başqa heç bir ümidiniz olmasın. Onda Allah sizin qəlbinizdəkini bilər və bütün istəklərinizi sizə əta edər.

Ümumiyyətlə, insanın şərafəti onu alitəbiət olmasındadır; öz izzəti – nəfsini güdən şəxsin qarnı ac olsa da, gözü gərək tox olsun, xəlqin malından təmənnası olmasın.

SİMİCLİK VƏ
SƏXAVƏT

Dünya məhəbbətinin nəticələrindən biri də simiclikdir ki, insanın xəbis sifətlərindən və əxlaq rəzalətlərindən hesab olunur. Simicliyin məzəmməti barəsində Quran ayələri, hədis və əxbar həddən artıqdır.

O ayələrdən biri budur: ” O kəslər ki, Allahın onlara təfəzzül etdiyindən simiclik edib verməzlər, güman etməyin ki, onlar üçün xeyirdir, əksinə, onlar üçün şərdir; Qiyamət günü o simiclik etdiklərini onların boynuna bağlarlar”.

Peyğəmbər (s) buyurub: ” Simic, xəbərçi, xain və bədqılıq adamlar Cənnətə daxil olmazlar”.

Yenə buyurub: ” Sizdən qabaqkıları simiclik həlak etdi, simiclik onlara yalan danışmağı əmr elədi, danışdılar, zülm etməyi əmr elədi, zülm etdilər, ərhamı qət etməyə əmr elədi, qət etdilər”.

Yenə buyurub: ” Simiclik ilə iyman eyni bir qəlbdə cəm ola bilməzlər”.

Yenə buyurub: ” İki xasiyyət var ki, mömində cəm ola bilməz; simiclik və bədqılıq olmaq”.

Yenə buyurub: “Mömin layiq deyil ki, simic və ya qorxaq olsun”.

Bu kimi hədislər həddən ziyadədir.

Bütün bunlarla bərabər simic adamlara xəlq arasında olan münasibət, onların cəmiyyətdəki mövqeyi simicliyin nə qədər mənfur bir xasiyyət olduğunu göstərir.

Belə rəvayət edirlər ki, Bakı şəhərində inqilabdan qabaq dövlətlilərdən bir hacının qapısına bir yoxsul hər cümə axşamı gələrmiş, hacı ona bir qəpik verərmiş. Bir cümə axşamı yenə də gəlir, lakin hacının cibində 1 qəpiklik olmur; 2 qəpiklik olur. hacı deyir ki, indii bir qəpikliyim yoxdur, get, gələn cümə axşamı gəlib apararsan.

Simicliyin dərəcəsinə baxın! Belə adamın xəlq içində nə nüfuzu, nə hörməti ola bilər?!

Simicliyin ziddi səxavətdir ki, şərəfli fəzilətlərdən biridir və peyğəmbərlərin sifətlərindən hesab olunur. Səxavət həqqində varid olan hədis və əxbar saysız-hesabsızdır.

Peyğəmbər (s) buyurub: “Səxavət iymandır, iymanı olan isə Cənnətdə olar”.

Yenə buyurub: Allah öz dostlarını səxavətli və xoş xasiyyət edər.

Yenə buyurub: “Səxavətli şəxsin təamı dərmandır, simic adamın təamı isə xəstəlikdir”.

Yenə buyurub: Əməllərin ən fəzilətlisi səbr və səxavətdir.

Yenə buyurub: Yaxşılığı layiq olana və olmayana et; əgər layiq olandırsa, layiq olana yaxşılıq etmisən, əgər layiq olan deyilsə, sən özün o yaxşılığa layiqsən.

Səxavətin Allah-təala yanında çox böyük dərəcəsi vardır. Musa peyğəmbərin (ə) zamanında dindən çıxıb xəlqi özünün düzəltdiyi öküz heykəlinə səcdə etməyə rəğbətləndirən və büdpərəstliyi təbliğ edən Samiri səxavətli bir şəxs idi. O, dindən çıxdığı üçün həzrət Musa onu öldürmək istəyirdi. Allah-təala ona vəhy göndərdi: “Samirini öldürmə, o səxavətlidir”.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın