4:03 am - Bazar ertəsi May 29, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

Bizim Peyğəmbərimizin (s) müharibələrinin birində bir dəstə əsir gətirdilər. Hatəmin qızı o əsirlərin içində idi. Onu Peyğəmbərə (s) nişan verdilər. Peyğəmbər (s) əmr etdi ki, onun qollarını açsınlar; buyurdu ki, rəva deyil, səxavətdə dünya şöhrəti qazanmış Hatəmin qızı qolu bağlı qalsın.

Səxavət dedikdə o, simicliklə israfçılıq arasında orta və ya miyanə yer tutur; şəriətdə vacib olan xüms, zəkat kimi şeylərdən əlavə ürf və adət olan bəxşiş, hədiyyə, sovqat, bayramlıq, gözaydınlıq, mübarəkbad və sair peşkələrdə əliaçıqlıq göstərməklə nümayiş etdirilir. Şəriətdə və ürf-adətdə olan bu rüsumlarda öz malını əsirgəyən şəxs simic adlanır; şəriətdə vacib olan xüms, zəkat, fitrə kimi şeyləri də verməyənlər daha qatı simic və ya xəsis adamlardır.

Qeyd edək ki, xüms və zəkat kimi şəri şeylərdə müəyyən hədd və qərar qoyulmuşsa da, ürfi şeylərdə bu hədd müəyyən deyil. Burada bəxşiş və ya hədiyyə verən və alan şəxslərin münasibəti, qohumluğu, dostluğu həmçinin onların kasıb və ya dövlətli olması, peşkənin hansı münasibətlə, nə şəraitdə verilməsi və daha bir çox başqa amillər şərtdir. Bunlardan ötrü müəyyən bir cədvəl vermək olmaz və yalnız ürf-adət qaydası ilə, insanların cəmiyyətdəki mövqeyi və bir-birinə münasibəti ilə təyin olunar. Ola bilər ki, bir kasıbın bütün qüvvəsi və imkanı ilə düzəldib təqdim etdiyi bir hədiyyə onu səxavət dərəcəsi gətirdiyi halda, bir sərvətli şəxsin haman miqdarda hədiyyəsi onu ən simic bir adam yerinə qoysun.

Onu da bilmək lazımdır ki, əgər şəxs öz malını xərcləməkdə və ya hədiyyə və bəxşişlər verməkdə müəyyən qərəzi olsa, məsələn, onu tərifləmək, mədh etmək və riya, şöhrət məramı ilə edərsə, ona səxavət deməzlər. Səxavət odur ki, şəxs öz malını səmim qəlbdən öz istəyi ilə versin və ondan həzz alsın. Həqiqətən, ehtiyacı olanın ehtiyacını qərəzsiz olaraq ödəmək, verilən və xərc edilən malın bir kəsə xeyir verdiyini və onun işinin düzəldiyini görmək mal sahibinə ülvi və ruhani bir ləzzət verirsə, ona səxavətli şəxs demək olar. İnsafən, bu ən yüksək zövq, ən böyük fəzilət və ən ali insani xislətdir.

Səxavətin ən yüksək və fəzillətli dərəcəsi odur ki, şəxs özünə lazım olan şeyi özünə qıymayıb, başqa bir kəsə versin, onun ehtiyacını ödəsin. Buna iysar deyərlər, yəni güzəştə getmək. İysar-peyğəmbərlərin və imamların sifətlərindəndir. Onlar öz xəlqinin öz dininin yolunda nəinki mallarından, hətta canlarından da keçiblər. İmam Hüseynin Kərbəla faciəsi buna parlaq misaldır.

* * *

Bir-birinə zidd olan simiclik və səxavət həqqində yuxarıda verilən müxtəsər şərhdən aydın olur ki, səxavət Allah-təalanın və insanların nəzərində nə qədər xoşdursa, simiclik o qədər pis və insanın şəxsiyyətini alçaldan keyfiyyədir.

Bu haldan xilas olmaq və ona müalicə etmək üçün elmi və əməli yolla fəalliyyət göstərmək lazımdır.

Elmi cəhət budur ki, simic gərək öz simicliyini və bu sifətin qəbahətini dərk etsin, səxavətin yüksək və hamının xoşladığı bir keyfiyyət olduğunu başa düşsün.

Əməli cəhət isə elmi cəhət əsasında həyata keçirilə bilər; yəni şəxs özündə olan bu yaramaz xasiyyətin qəbahətini bildikdən sonra, ondan xilas olmaq üçün icbari surətdə özünü hədiyyələr, bəxşişlər, ziyafətlər və s. verməyə vadar etməlidir. Əgər bu şivə bir müddət davam etdirilərsə, onun mənəvi ləzzətini tədricən dərk edən şəxs bu əmələ vərdiş edər; nəhayət, xəsislik zülmətindən çıxıb səxavət nuruna daxil olar.

İlk vaxtlarda simic adama səxavət əli açmaq çox çətindir. Bu məqamda şəxs hətta riya və şöhrət qəsdi ilə də öz malından keçsə, eyb etməz. Hərçənd riya və şöhrətpərəstlik rəzil sifətlərdəndir, lakin bu rəzalətləri simiclik rəzaləti ilə vuruşmaq üçün ayağa qaldırmaq olar. Sonra isə riya və şöhrətpərəstlikdən tədricən xilas ola bilər. Bu ona bənzər ki, bir adam güclü bir düşməni başqa bir zəif düşmənin əli ilə məhv etsin, sonra o zəif düşmənlə özü mübarizəyə qalxıb, ondan xilas olsun.

Simic adamların bir qismi öz malını xərcləməyə, xeyir işlərə sərf etməyə və lazım olan məqamlarda dostlara bəxş etməyə qorxur ki, mal əlindən çıxıb müflisləşər, möhtac olar, ac qalar. Başqa bir qismi isə qorxur ki, özü öləndən sonra övladı ehtiyac içində qalıb məşəqqətə düşər. Belə şəxslər bilməlidirlər ki, Allah-təala öz yaratdığı canlıların ruzisini verəcəkdir; əgər bir məsləhət üzrə onun ruzisini kəsmək istəsə, bütün dünyanın dövləti əlində olsa da ondan istifadə edə bilməz. Necə ki, bir milyon sahibi özünün qızıl ilə dolu xəzinəsində işə məşqul ikən xəzinənin qapısı örtülür, qapının açarı xaric tərəfdə qaldığı üçün içəri tərəfdən qapını aça bilməyib, orada bir neçə gün qalıb acından ölür və ölən vaxtda yazıb qoyur ki, mən buqədər qızıl və cəvahiratın içində acından ölürəm. Bir müddətdən sonra kim isə cəsarət edib onun xəzinəsi olan yerə gedib, açarı qapının üstündə görüb, qapını açır və o namə ilə bir yerdə onun meyitini tapır.

Bu ibrətamiz əhvalat bu əsrin əvvələrində olub və bir müddət onun ətrafında müxbirlər ruznamələrdə müxtəlif məqalələr dərc ediblər.

Bəzi simiclər isə heç bir şey nəzərdə tutmadan malın özünə məhəbbət bəslədikləri üçün onu sərf etmirlər, hətta öz ehtiyacları üçün xərcləmirlər. Belə adamlar öz bədənlərinə müalicə etmək üçün pul xərcləmək qorxusundan həkimə getmirlər, özlərinə layiq olan libas almırlar, ən ucuz yeməklə güzəran edirlər. Onların bəzisinin qocalıb övladı olmadığı halda öz malını özünə qıymır və kimin üçün yığıb saxladığını özü də bilmir. Öləndən sonra isə vərəsələr onun malını pis yollara sərf edirlər.

Bu cür şəxslərə nəsihət və heç bir tədbir təsir etməz, bu, bir xəstəlikdir ki, ona çarə yoxdur; bu, ən böyük bədbəxtlikdir.

Peyğəmbər (s) buyurub: “Hər kəs öz ixtiyarı ilə öz malını xeyir işlərə xərcləməsə, Allah onun malını məcburi surətdə şərr işlərə sərf etdirər”.

Bu ecazkar kəlamın təsdiqini həyatda çox görmüşük. Öz sağlığında malını yaxşı yollara sərf eləməyən simicin malını onun vərəsəsi qumara, içkiyə və digər fəsad işlərə xərcləyib fənaya verir. Mal sahibi onun xeyrindən məhrum olmaqla, Qiyamət günü onun hesabatını da verməli olacaq.

* * *

Xüms, zəkat və Allah yolunda verilən digər nəfəqələrin fəziləti ondan ibarətdir ki, hər bir sərvət və mal sahibi ehtiyacı olan kəslərə öz malından müəyyən qədər verərsə, cəmiyyətdə möhtac biri qalmaz. Həm də mal əta edən şəxs möhtacların qəlbində özünə qarşı məhəbbət toxumu əkmiş olar, bununla da insanların arasında mehribanlıq yaranar.
Bu, məsələnin zahiri cəhətidir. Batini cəhəti isə insanın Allaha və ya mala olan məhəbbətinin sərhəddini təyin etməkdən ibarətdir.

Allah-təala Quranda təkrar-təkrar namaza və zəkata dəvət edir, hər yerdə dənamazın dalınca zəkat deyilir. Əgər şəxs Allaha saf etiqad bağlayıb, ona məhəbbət bəsləyirsə, onun qəlbində malın məhəbbəti olmamalıdır; çünki bir qəlbdə iki məhəbbət ola bilməz. Həm də zəkat verməyi onun məhəbbət bəslədiyi Allah əmr edir; məhbubun əmri isə həmişə müqəddəsdir, həqiqi dost bu yolla canını da fəda edir. Odur ki, malından keçməklə şəxs özünün Allaha olan həqiqi məhəbbətini nümayiş etdirir.

İkinci cəhəti budur ki, insan öz malından keçməklə dünya malı ilə rabitəsini qırır, ona olan məhəbbətini pozur, bu rəzalətdən özünü uzaqlaşdırır, nəfsini saf və pak edir, simiclik damğasını özünə rəva bilmir.

Üçüncü cəhəti, Allah-təalanın verdiyi nemətlərə şükr etmək əlamətidir. Allahın verdiyi nemətlərin bəzisi insanın bədənində, bəzisi onun malında büruzə verilir. Bədənindəki nemətlər onun əzalarının səlamat və nizamda olmasıdır ki, onun şükrünü insan ibadətlə ifadə etməlidir. Mal cəhətdən Allahın nemətlərinə şükr etmək, zəkat, xüms və digər nəfəqələr verməklə ifadə edilir.

Həqiqətən, sərvət sahibinin və eləcə də azacıq imkanı olan şəxsin ehtiyacda olan bir müsəlmanı görüb, ona əl tutmaması nə qədər qəbahət və qeyri-insani keyfiyyətdir?!

Bu, hər insanın ali və şərəfli bir sifəti, öz növünə bəslədiyi riqqətli və şəvqətli duyğuların təzahürüdür. Məgər möhtacları ehtiyacdan qurtarıb onları şad etməkdən böyük bir ləzzət varmı?! Bunu ancaq səxavət sahibləri dərk edər! O da şərtdir ki, ehtiyacı olan kəs sual etməmiş, istəməmiş onun ehtiyacını ödəyəsən, sual edərkən onun abrusunun tökülməsinə razı olmayasan.

SƏDƏQƏLƏR

Sədəqələr iki cürdür: Vacib və müstəhəbb. Birinci vacib sədəqə zəkatdır. Onun barəsində Quranda hədis və əxbarda çox təkid olunub.

Zəkatı aşkar surətdə vermək məsləhət görülüb; çünki belə olduqda, başqalarının da zəkat verməyə rəğbəti artar. İmam Cəfər Sadiq (ə) buyurub ki, şəxs öz malının zəkatını çiyninə götürüb aşkar surətdə paylasa, daha yaxşı olar.

Lakin əgər bu işdə ortaya riya qorxusu çıxsa və ya zəkatı alan şəxs aşkara aldıqda xəlqdən həya etsə, onda bu sədəqə gizlində verilməlidir.

Bu qism adamlara sədəqə verdikdə onun zəkat olduğunu demək lazım deyil; belə olanda, o adam xəcalət çəkməz.

Zəkat verən adam gərək ki, alan adama minnət qoymasın və sonralar söz arasında bunu xatırladıb, ona xəcalət və əziyyət verməsin.

Həmçinin, ona verdiyi sədəqənin müqabilində o şəxsi özünə borclu hesab edib, ona iş buyurmasın və ondan xidmət gözləməsin. Batini aləmdə də şəxs gərək özünü ehsan sahibi hesab edib öyünməsin, nəzərində tutsun ki, Allahın əmrini yerinə yetirmiş, boynunda olan borcu sahibinə vermişdir.

Sədəqə verən şəxs gərək verdiyi şeyi kiçik və qiymətsiz hesab etsin, onu alan adamın nəzərində böyütməsin. İmam Cəfər Sadiq (ə) buyurur ki, sədəqə verdikdə üç şeyə riayət etmək lazımdır; verilən şeyi nəzərdə kiçiltmək, onu gizli vermək və bir də bu işdə tələsmək. Verdiyin şeyi kiçik göstərməklə sən onu böyütmüş olarsan; gizli verməklə sən o şəxsin abrusunu saxlamış olarsan; tələsməklə o şəxsin ehtiyacını tez ödəmiş olarsan, verdiyin şey ona daha yaxşı nuş olar.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın