8:53 pm - Cümə axşamı Yanvar 19, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

Sədəqəni şeyin yaxşısından vermək lazımdır, alçaq və pis şeylərdən sədəqə vermək qəbahətdir.

Allah- təala Quranda buyurur:

“Ey iymanə gələn (şəxslər) kəslər, kəsb etdiyiniz pak şeylərdən və sizin üçün yerdən çıxardığımız şeylərdən nəfəqə verin və nəfəqə üçün pis şeyləri qəsd etməyin”.

Həmçinin, Ali-İmran surəsinin 92-ci ayəsində buyurur:

“Dost tutduğunuz şeylərdən nəfəqə verməsəniz, heç vaxt yaxşılığa nail ola bilməzsiniz”.

Sədəqə verən şəxs birinci növbədə öz qohumlarında və yaxın əqrabasında olan müstəqqlərin ehtiyaclarını ödəməlidir. Ondan sonra qonşuları, dostları və digər müstəhəqqləri təmin etməlidir.

Sədəqə alan şəxslərin də boynunda müəyyən təkliflər vardır.

Əvvələn, sədəqə ona görə verilir ki, müstəhəqq şəxs onu özünə və ailəsinin ehtiyacına sərf etsin, ibadət etsin, o, bu sədəqəni qeyri-şəri işlərə sərf edə bilməz. Həmçinin ehtiyacı olmayan halda sərvətlənmək məqsədilə sədəqə ala bilməz.
İkinci, sədəqə alan şəxs Allah- təalaya və mal sahibinə şükr etməli, onun həqqində dua etməlidir. Peyğəmbər (s) buyurub: “Hər kəs insanlara şükr etməsə, Allaha da şükr etməz”.

Üçüncü, sədəqə alan şəxs sədəqə verən kəsin həqqində pislik etməməli, onun dalınca danışmamalı, xəlq arasında onun nöqsanlarını deməməlidir, əksinə, onun xətalarını örtməli, yaxşı cəhətlərini göstərməlidir.

Dördüncü, həram və şübhəli malı olan kəslərdən, məsələn, rüşvət alan və ya xəlqin malına zorla sahib olan dövlət məmurlarından sədəqə almamalıdır.

Beşinci, öz ehtiyacından artıq olan şey verildikdə, ondan imtina etməlidir.

Qeyd edək ki, malın zəkatı olduğu kimi insan bədəninin də zəkatı vardır. Bədənin zəkatı iki cürdür. Biri odur ki, insan oruc tutmaq, namaz qılmaq və digər ibadətlərlə, məsələn, ailəsinin ruzisini ələ gətirmək üçün fiziki əməklə məşğul olmaqla bədənini zəhmətə salıb arıqladır. Onun bədəninə gələn nöqsan bədənin zəkatıdır. Bu növ nöqsan insanın öz ixtiyarı ilə olur.

İkinci qism isə insanın özündən asılı olmadan onun bədəninə varid olan xəstəliklər, şikəstliklər və digər bəlalardır ki, bunların nəticəsində bədənin bir hissəsi itir, ya şikəst olur, ya da ağrı, əzab, əziyyət və narahatlıqlar əmələ gəlir.

Bədənə yetişən bu iki növ nöqsan bədənin zəkatıdır.

Peyğəmbər (s) buyurub: “Hər şeyin zəkatı var; bədənlərin zəkatı da orucdur”.

İmam Cəfər Sadiq (ə) buyurub ki, insanın bədənində hər üzvün zəkatı var.

Gözün zəkatı Allahın yaratdığı şeylərə ibrətlə baxmaq, həramdan və naməhrəmdən çəkinməkdir.

Qulağın zəkatı elm, hikmət, Quran eşitmək, nəsihət və şəri məsələlərə qulaq asmaq, yalan, qeybət və digər həram şeylərdən pəhriz etməkdir.

Dilin zəkatı elm, Quran oxumaq,zikr və ibadət etmək, həmçinin qeybət, yalan, böhtan, iftira, Allaha nasəza sözlər deməməkdir.

Əlin zəkatı səxavət, bəxşiş, elmi kitablar və insanların ədəbinə, dininə fayda verən yazılar yazmaq,şər və fəsad törədən yazılar yazmaqdan çəkinməkdir.

Ayağın zəkatı insanların xeyri üçün yol getmək, zikr və ibadət yerinə, ziyarətgahlara səfər etmək, müsəlmanların xəstələrinin əyadətinə, meyitlərin təşyiinə hazır olmaq, həmçinin həram işlərin dalınca getməkdən pəhriz etməkdir.

İkinci vacib sədəqə – xümsdür. Onun həqqində Quranda bu ayə nazil olmuşdur: “Bilin ki, qənimət ələ gətirdiyiniz hər şeyin beşdə biri Allahın, Peyğəmbərin, Peyğəmbərin qohumlarının, miskinlərin və müsafirlərindir”.

Allah-təala müsəlmanlara xümsü vacib edib ki, Peyğəmbərin (s) övları möhtac olmasın, saillik etməsinlər, Peyğəmbərin abrusu getməsin.

Peyğəmbər (s) buyurub ki, hər kəs mənim övladlarıma əl ilə, dil ilə kömək eləsə, Qiyamət günü onlara şəfaət etmək mənim boynumda həqq olar.

Peyğəmbər (s) buyurub ki, dörd kəsə Qiyamət günü şəfaət edərəm; mənim övladıma hörmət edənə, onların ehtiyaclarını düzəldənə, çətinlik zamanı onların işlərinə kömək edənə, dil və qəlblə onlara məhəbbət bəsləyənə.

Xüms ancaq müstəhəqq seyidlərə verilir. Seyid o kəsə deyərlər ki, ata xətti ilə onun nisbəti Peyğəmbərin (s) babası Haşimə çatsın.

Xüms verən adam, onu alanlarra minnət qoymamalıdır; çünki Allah-təala xümsü onlara məxsus etmişdir, xüms verən şəxs onların malını öz sahibinə vermiş olur. Bunun əvəzində isə Allah onların malına bərəkət verəcək, axirətdə böyük əcrlərə nail olacaqlar. Həmçinin də Peyğəmbərin (s) övladına xidmət etmək və möhtac olanına kömək etmək hər müsəlman üçün bir şərəfli işdir, bundan ötrü minnət qoymaq ən böyük qəbahətdir.

Üçüncü vacib sədəqə – əhl-əyal nəfəqəsidir, yəni şəxsin ailəsinin ehtiyaclarını ödəmək, onları yemək, libas və mənzil cəhətindən təmin etmək. Bunun böyük savabı var və ibadətlərin əfzəfli hesab olunur. Peyğəmbər (s) buyurub ki, öz əhl-əyalının nəfəqəsini ələ gətirmək üçün səy etmək, Allah yolunda cihad etmək kimi bir işdir.

Peyğəmbər (s) Həzrət Əli (ə) xitabən buyurur:

– Ya Əli, bir saat evin xidmətində olmaq, min illik ibadətdən, min həcdən, min ümrədən, min qul azad etməkdən, min cihaddan, min xəstəyə əyadət etməkdən, min cümə namazından, min cənazəni müşayiət etməkdən, min acı doydurmaqdan, min çılpağı geyindirməkdən, Allah yolunda min at verməkdən, Tövratı, İncili, Zəburu, Quranı oxumaqdan, min əsiri azad etməkdən, min qurban kəsib fəqirlərə paylamaqdan yaxşıdır. Əhl-əyala xidmət etmək böyük günahları məhv edər və Allahın qəzəbini söndürər.

İmam Museyi Kazım (ə) buyurub: Kişinin əyalı ondan ötrü əsir dərəcəsindədir; Allahın ona verdiyi nemətdən əyalın yaşayış şəraitini genişləndirməlidir. Əgər etməsə, o nemət onun əlindən gedə bilər.

Bu kəlamın həqiqət olduğunu öz təcrübəmizdən görürük. Külli miqdarda dövləti və qızılı olan bir simic öz ailəsinə soğan çörəkdən başqa bir şey vermirdi. Bir gün yanğın onun evini və müxəllafatını məhv etdi, malının dərdindən özü də əqlini itirib dəli oldu, az vaxtdan sonra öldü.

Əhl-əyala edilən nəfəqə, ailənin ehtiyaclarını təmin etmək həlal maldan olmalıdır, rişvə və ya xəlqin qəsb edilmiş malından sədəqə və ailə nəfəqəsi vermək həram və günahdır. Bu nəfəqədə də mötədilliyə riayət olunmalıdır. Lazım olan qədərdən az sərf edib, simiclik edib, simiclik göstərmək, həddən artıq xərcləyib israf etmək olmaz. Keçən bəhslərdə deyildiyi kimi, bunların ikisi də rəzalətdir.

Ailə başçısına layiq deyil ki, özünü və ailəsinin bəzi üzvlərini yaxşı yemək, libas və başqa şeylərlə təmin edib, başqasını etməsin. Yalnız müstəsna hallarda, xəstəyə məsləhət görülmüş müəyyən bir qida, məsələn, bal vermək lazım olduqda buna yol vermək olar. Belə hallarda da ailənin qalan üzvləri o qidanı (yeyən zaman) yeyən adamın süfrəsində oturmamalıdır. Başqa adi vaxtlarda bütün ailənin süfrə başında oturması yaxşıdır. Belə rəvayət var ki, bütünlükdə süfrə başında oturub təam yeyəndə Allah-təala onlara salavat göndərər.

Vacib sədəqələrdən əlavə bir sıra müxtəlif müstəhəbbi sədəqələr də vardır. Onların əvvəlincisi şəxsin öz ixtiyarı ilə verdiyi sədəqədir.

Peyğəmbər (s) buyurub: Heç olmazsa bir xurma sədəqə verin ki, o ac adamın rəməqini saxlar və odu söndürən kimi günahları məhv edər.

Yenə buyurub: “Gizli sədəqə Allah- təalanın qəzəbini söndürər”.

Şəxsin öz ixtiyarı ilə verdiyi sədəqə onun qarşısında bir sədd məziləsindədir ki, onu bəlalardan hifz edər. Xüsusilə saillərə əl tutmaq təkrar-təkrar tapşırılıb; Peyğəmbər (s) buyurub: Miskinlərin sual edənlərini boş qaytarmayın; əgər fəqirlər yalan danışmasaydılar, onları rədd edən nicat tapmazdı.

Doğrudan da, dilənçilərin çoxu ehtiyacı olmayan halda özlərini yalandan möhtac kimi göstərirlər; əgər belə olmasaydı, möhtac saili rədd etmək, həqiqətən, günah olardı və bu işdən heç kəs nicat tapmazdı.

İmam Cəfər Sadiq (ə) buyrub: Müstəhəbbdir ki, xəstə öz əli ilə sədəqə versin və sailə desin ki, onun həqqində dua etsin.

Xəbərlərdə varid olub ki, suyu sədəqə verməyin çox böyük səvabı vardır. İmam Mühəmməd Baqir (ə) buyurub: Allah-təala hərərətli ciyərləri soyudanları dost tutar.

İmam Cəfər Sadiq (ə) buyurub: Hər kəs su olan bir yerdə sudan sədəqə verib, susuz adamları sirab etsə, bir qul azad etmiş kimi olar.

Hər kəs su olmayan bir yerdə susuzları sirab etsə, bir ölünü diriltmiş olar. Quranda isə deyilir ki, hər kəs bir adamı diriltsə, bir camaatı diriltmiş kimi olar.

Peyğəmbərdən (s) soruşurlar ki, hansı sədəqə çox fəzilətlidir? Buyurur: O kəsin sədəqəsi əfzəldir ki, özü simicdir və qorxur ki, sədəqə versə, özü də müflisləşər.

Sədəqəni xəlvətdə vermək, onu aşkarda verməkdən əfzəldir.

İmam Cəfər Sadiq (ə) buyurub: O şeyləri ki, Allah- təala vacib edib, onların aşkar verilməsi gizli verilməsindən əfzəldir; amma o şeyləri ki, şəxs öz ixtiyarı ilə verir, onların gizli verilməsi aşkar verilməsindən əfzəldir.

Vacib sədəqələrin aşkarda verilməsi ona görə yaxşıdır ki, bu vacib əməlin təbliğinə kömək edər. Müstəhəbbi sədəqələrin gizli verilməsi ona görə yaxşıdır ki, sədəqə verən şəxsin bu əməldə riya etmək imkanı olmur, bu əməl xalis qəlbdən və Allah xatirinə edilmiş olur.

Lakin vacib sədəqələrin aşkar verilməsində də riya ola bilər; həmçinin, müstəhəbbi sədəqələrin aşkar verilməsi başqalarını da bu işə rəğbətləndirə bilər. Bunları nəzərə alaraq sədəqə verən şəxs sədəqənin gizli və ya aşkar verilməsini özü mülahizə etməli, həm özünü riyadan hifz etməli, həm də sədəqəni alan şəxsin halını nəzərə almalıdır ki, o şəxsin də abrusu hifz edilsin, kütlə içində sədəqə almaqdan xəcalət çəkməsin.

Ehtiyacı olan, lakin xəlq içində aşkara sədəqə almaqdan utanıb çəkinən kəslərə sədəqəni gizlincə vermək məsləhətdir.
Sədəqə verən şəxs bütün bu kimi cəhətləri mülahizə etməlidir.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın