2:53 pm - Çərşənbə axşamı May 23, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

İkincisi, hədiyyə şəklində verilən sədəqələrdir. Bu kimi sədəqələri həm fəqir, həm də fəqir olmayan müsəlman qardaşlara vermək olar. Belə hədiyyələr müsəlmanlar arasında ünsiyyətin və məhəbbətin artmasına səbəb olar; ona görə də, ibadət qəbildəndir və böyük səvabı var.

Peyğəmbər (s) buyurub: Bir-birinə bəxşiş və hədiyyə versin ki, bu iş kin küdurəti aparar.

Həzrəti Əli (ə) buyurur: Müsəlman qardaşa bir hədiyyə vermək məndən ötrü həmin şeyi sədəqə verməkdən yaxşıdır.

Üçüncü- ziyafətdir, yəni qonaq saxlamaq, ona xidmət etmək, qonaqlıq vermək və ziyafət məclisləri tərtib etmək.

Peyğəmbər (s) buyurub: Ziyafət verməyən kəsdə xeyir yoxdur.

Bir gün o Cənab bəzi yoldaşları ilə birlikdə çoxlu dəvəsi və qaramalı olan bir heyvandarın sürüsü arasından keçdi. O şəxs onlara qonaq olmağa təklif etmədi. Sonra onlar bir qarı arvadın çadırı yanından keçəndə qarı onları öz çadırına dəvət edib öz yeganə quzusunu onlar üçün kəsdi, onlara ziyafət verdi. Peyğəmbər (s) öz yoldaşlarına buyurdu: Bu iki adama baxın, Allah-təala istədiyi adama xoş əxlaq əta edir.

Sonra buyurdu: Qonaq gələndə Allah onun ruzisini də onunla birlikdə nazil edir; onu yeyəndən sonra Allah onların günahlarını bağışlayar.

Yenə o Cənab buyurub: Mənim ümmətim xeyir əməllərdən bunları edər: bir-birinə bəxşiş verər, əmanəti sahibinə dürüst qaytarar, həramlardan ictinab edər, qonağa hörmət edər, namaz qılar, zəkat verər, əgər bunları etməsələr qələtliyə mübtəla olar.

Yenə də buyurub: Allah-təala bir qövmə xeyir vermək istəyəndə, ona hədiyyə göndərir. O Cənabdan soruşdular ki, hədiyyə nədən ibarətdir? Buyurdu:

– Qonaq gələr, özü ilə ruzisini gətirər, gedəndə isə o, ev əhlinin günahlarını özü ilə aparar.

Yenə o Cənab buyurub: Qonaq cənnətin bələdçisidir.

Həzrət Əli əleyhis-səlam buyurub: Mömin şəxsin qonağı təam yeyəndə onun ağzının səsindən fərəhlənsə, Allah-təala onun bütün günahlarını bağışlayar, hərçənd bu günahlar yerlə asimanın arasını doldurmuş olsa da.

O Cənab bir gün ağlayırdı; onun səbəbini ondan soruşduqda buyurdu ki, bir həftədir ki, mənə qonaq gəlməyib, qorxuram ki, Allah məni gözdən salmış olar.

Həzrət İbrahim əleyhis-səlam təam yemək istədikdə, evdən xaricə çıxıb bir mil məsafəsində ətrafı gəzib qonaq axtarardı. Bəzən qonaq tapılmasaydı, yeməkdən imtina edərdi. Odur ki, ona Əbuz-Zeyfan (qonaqlar atası) ləqəbi vermişdilər. Peyğəmbər (s) buyurub: Mömin şəxsin qarnını doydurmaq, qəm-qüssəsini dağıtmaq və borcunu vermək Allahın dost tutduğu əməllərdəndir.

İmam Cəfər Sadiq (ə) buyurub: Hər kəs bir mömin doydursa, ona Cənnət vacib olar. Yəni Allah-təalaya vacib olar ki, onu Cənnətə göndərsin.

Qonaq və ona verilən ziyafət həqqində hədis və əxbar həddən artıqdır. Bu müxtəsər kitabda yuxarıda deyilənlərlə kifayətlənək.

Bunu da qeyd edək ki, qonaq qəbul etmək, ona xidmət edib ziyafət vermək Allah xatirinə və mömin qardaşın qəlbini şadlandırmaq məqsədi ilə, sidqi-könüldən olmalıdır. Əgər bu işdə riya və şöhrət qazanmaq məqsədi olarsa, səvab əvəzinə şəxs özünə günah qazanmış olar.

Ziyafət tərtib edən şəxs öz qohumlarını və qonşularını unutmamalıdır, onlar onun ərhamı hesab olunurlar.

Qonağa hörmət etmək şərtlərindən biri də odur ki, təam verilməsi gecikməsin.

Xəbərlərdə varid olub ki, tələsmək şeytan işidir; amma beş məqam Peyğəmbərin istisna təşkil edir. O beş məqam Peyğəmbərin (s) qoyduğu qaydalardır və aşağıdakılardan ibarətdir; qonağı yedirtmək, meyiti dəfn etmək, bikr qızları ərə vermək, borcu qaytarmaq, günahdan tövbə etmək. Bu beş məqamda tələsmək lazımdır.

Qonağı qəbul etdikdə ona xoş üz göstərmək, onunla şirin danışmaq, onu doyunca yedirtmək, yemək zamanı qonağın üzünə baxmamaq, gedən vaxtda onu qapıya qədər müşayiət edib yola salmaq və bu işi başqa adama həvalə etməmək də şərtdir.

Möminlər bir-birini qonaq çağırdıqda bu dəvəti qəbul etməlidirlər, dəvət edən şəxs fəqir və ya sərvət sahibi olmaqdan asılı olmayaraq, bu dəvət rədd olunmamalıdır. Hətta fəqir adamın dəvətini daha tez qəbul etmək lazımdır. Dəvət sahibinin evi uzaqda olsa da, onun dəvətini rədd etmək olmaz. Peyğəmbər (s) buyurub ki, əgər ziyafət sahibi beş mil məsafədə olsa da, onun dəvətini qəbul edin. Əgər müstəhəbbi oruc tutmuş olsanız, ziyafət sahibinin könlü xoş olmaqdan ötrü orucunuzu sındırıb iftar etsəniz, onun səvabı orucun səvabından artıq olar. Bu şərtlə ki, iftar edən şəxs təamdan ləzzət almaq məqsədi ilə yox, öz mömin qardaşının könlünü şad etmək üçün yesin.

Amma əgər qonaq çağıran şəxsin malı həram, ya evi qəsbi, yaxud təam verdiyi qablar qızıldan, gümüşdən qayrılıbsa, ya ki, o məclisdə həram işlər, məsələn, çalğı, rəqs, qumar və sair nalayiq işlər olacaqsa, belə dəvəti rədd etmək lazımdır. Həmçinin, əgər dəvət sahibi riya, şöhrət, ya ki, mənzilin cəlalını və dəbdəbəli məclisini göstərmək məqsədi ilə ziyafət tərtib edibsə, bu dəvəti qəbul etmək həramdır, ya da məkruhdur. Lakin əgər şəxs bəzi səbəblərə görə bu dəvəti rədd edə bilməsə, onda belə məclisin təamından mümkün qədər az yesin, imkanı olarsa, heç yeməsin.

Mömin qardaşın məclisinə daxil olduqda şəxs gərək məclisin yuxarı başına keçməsin, amma məclis sahibi və ya məclis əhli ona yuxarı başda yer göstərsələr, onların sözünü yerə salmasın. Məclisdə elə oturmaq lazımdır ki, qadınlar olan otağın qapısı ilə üzbəüz olmasın, həmçinin, məclisə təam gətirmək üçün açılan qapıya baxmasın ki, bu iş nəfsin alçaqlığına dəlalət edər.

Məclisə daxil olan şəxs məclis əhlinə salam verməli, özünə yaxın olan adamlardan hal-əhval soruşmalıdır.

Məclis sahibi özünün dəvət etdiyi adamların hamısı yığılmamış təam paylamamalıdır; həmçinin, məclis əhli toplaşdıqdan sonra onları intizarda qoymamalıdır.

Dördüncü müstəhəbbi sədəqə, şəxsin öz bağından, bostanından və ya əkinindən əmələ gələn məhsullardan öz qohum-əqrəbalarına və digər ehtiyacı olan şəxslərə pay verməsidir ki, bunun da çox böyük səvabı vardır. Bu barədə Quran ayəsi buyurur: “Onların mallarında saillər və məhrumlar üçün həqqi-məlum var”.

Bu cür sədəqə “həqqi- məlum” adlanır; o, vacib deyil, amma təkidlə tapşırılıb ki, tərk edilməsin və mal sahibi öz malından imkanı qədər versin.

Beşinci- borcdur ki, bu da səxavətin nəticəsindən sayılır və mömin qardaşlara kömək etmək üçün verilir ki, imkanları olan zaman onu qaytarsınlar. Borc verməyin böyük səvabı vardır. İmam Cəfər Sadiq (ə) buyurub: Xəmir, çörək və odu borc verməkdən mane olmayın: çünki o, gözəl əxlaq keyfiyyəti olmaqla, həm də evə ruzi gətirər.

Burada “xəmir” dən məqsəd yəqin ki, xəmrə- mayadır; keçmişdə hər kəs çörəyi öz evində bişirirdi və hər kəsin də xəmrə mayası olurdu. Bəzən xəmrə-maya xarab olanda onu qonşu və ya başqa yerdən borca alardılar.

Həmçinin qədim zamanlarda kibrit olmadığı üçün, qonşulara, hətta lap uzaq məsafələrə gedib od gətirərdilər. İmamın kəlamında buna işarə olunur.

Bunların əlavə, yenə də müstəhəbbi sədəqələri vardır. Məsələn, müsəlman qardaşın çılpağına libas verib geyindirmək, yersizinə mənzil verib yerləşdirmək, piyadələrinə səfərlərdə heyvan və ya başqa minik vermək, ev əşyasına ehtiyacı olanlarını təmin etmək və sair kimi xidmətlər müstəhəbbi və ixtiyari sədəqələrdir.

Həmçinin ümumi müsəlman cəmiyyətinin istifadəsi üçün məscidlər, mədrəsələr, yollar, körpülər, karvansaralar, mehmanxanalar, hamamlar, arxlar, kəhrizlər, su quyuları və digər bu kimi xeyir işlərə pul və mal sərf etmək müstəhəbbi sədəqələrdir; bu cür işlər uzun illər və hətta əsrlər boyu qalaraq, insanlara xeyir verir və sədəqə sahibi üçün böyük səvablar qazanır.

HƏRAM MAL VƏ ONDAN İCTİNAB
ETMƏK

Şəhvət qüvvəsinin rəzalətlərindən biri də həram mal əmələ gətirmək və ona aludə olmaqdır. Bu, həm dünya, həm də axirət üçün təhlükəli işlərdəndir. Həram mal insanın xəbisliyinə səbəb olar, onun qəlbini qaraldar, fikrini Allahdan və Onun qəzəbindən uzaqlaşdırar, onu rəzalət yoluna çəkər.

Peyğəmbəri-əkrəm buyurub: “Həramdan (bədəndə) bitən ətdən od daha yaxşıdır”.

Yenə də buyurub: “Məndən sonra mənim ümmətim üçün ən qorxulu şey, həramdan kəsb etmək, gizli şəhvət və bir də ribadır”.

Riba- faizlə borc verməkdir ki, el içində ona müamilə, sələmçilik və intifa deyirlər.

Yenə o Cənab buyurub: “Hər kəs qəsb etdiyi həram maldan sədəqə versə, qəbul olunmaz; əgər ölsə, o mal onun üçün od qazanar”. Yəni onu Cəhənnəmə aparar.

Ümumiyyətlə, dünya malı üç qismdir: bir qismi aşkar həlaldır, ikinci qismi aşkar həramdır, üçüncü qismi isə həlal və həram arasında şübhəlidir. Bu üç qismin hər birinin dərəcələri vardır. Məsələn, bir nəfərin sürüsündən bir qoyun oğurlamaq, yetim malını zorla mənimsəmək dərəcəsində deyil. Həmçinin, həlal və şübhəli malın orta dərəcələri vardır.

Şübhəli malı sərf etmək, ümumiyyətlə, məkruhdur, lakin bəzisinin kərahəti daha şiddətlidir.

Həram mal barəsində fith kitablarında müfəssəl surətdə məlumat vardır. Bunlar xəlqdən qəsb edilmiş və ya oğurlanmış mal, yetim malı, riba, rişvə və sair kimi ələ gələn qeyri-şəri mallardır. Burada onları bəyan etmək fikrində deyilik, yalnız onların kəsb edilməsinin rəzaləti və məzəmməti barəsində deyirik.

Həram olan şeylərdən biri rişvədir (bunu qələt şəkildə rüşvət yazırlar) ki, bəzən onu hədiyyə ilə qarışıq salırlar. Bunları bir-birindən ayırmaq üçün hədiyyənin növlərini aydınlaşdıraq.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın