9:00 pm - Cümə axşamı Yanvar 19, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

Birinci. Şəxs öz yaxın dostuna və ya yoldaşına bir töhfə göndərir və məqsədi o olur ki, öz dostluğunu, məhəbbətini büruzə versin; o şəxsə bildirsin ki, qayib olan vaxtlarda öz dostunu yaddan çıxarmır.

İkinci. Şəxs başqa bir şəxsə hər hansı bir barədəsə xəcalətlidir, ona əvəz vermək məqsədilə ona bir hədiyyə göndərir. Bu işdə dövlətli şəxsin fəqirə və ya fəqirin dövlətliyə hədiyyə verməsi şərt deyil. Bu cür hədiyyə şəxsin özünü borclu və xəcalətli bildiyi miqdardan az, bərabər və ya çox ola bilər.

Həm birinci, həm də ikinci halda verilən hədiyyələr həlaldır.

Üçüncü. Şəxs bir işi düzəltmək üçün bir kəsə pul və ya bir şey verir; məsələn, hakim və ya onun vasitəçisi olan adama bir məbləğ və ya başqa bir töhfə göndərir ki, onun işini istədiyi kimi həll etsin. Belə hallarda əgər o iş həramdırsa, məsələn bir şəxsin həqqinə təcavüz və ya başqa cür zülm etmək məqsədi güdürsə, bu cür hədiyyə rişvə sayılır və həramdır.

Amma əgər o iş mübahdırsa və onu düzəltmək çətin olduğu üçün bu işdə iştirak edən şəxslərin zəhmətinə əvəz olmaq üçün hədiyyə verilərsə, belə hədiyyə həlaldır.

Dördüncü. Şəxsin hədiyyə vermədə məqsədi bu olur ki, hədiyyə alan kəslə məhəbbət və ülfət yaratsın, sonra bu məhəbbətdən istifadə edərək, onun vasitəsilə müəyyən rütbəyə və ya yüksək bir vəzifəyə yetişsin; belə ki, əgər bu məqsəd olmasaydı, bu hədiyyəni verməzdi.

Bu halda əgər arzusunda olduğu rütbədən istifadə edərək, xəlqin malını qəsb etmək və ya başqa cür zülm etmək məqsədi daşıyırsa, bu hədiyyə rişvə hesab olunur və həramdır.

Əgər məqsədi elm və ya təmizlik və ya paklıq cəhətdən ad-san qazanmaqdırsa, bu cür hədiyyə məkruhdur; çünki o da rişvəyə oxşar bir şeydir.

Peyğəmbər (s) buyurub: Hədiyyə üç qismdir: Biri mükafatdır, o biri ziyafətdir, üçüncüsü isə Allah yolunda verilən hədiyyədir.

Yuxarıda deyilənləri nəzərə aldıqda məlum olur ki, bizim zəmanəmizdə çox az hallarda hədiyyəyə rast gəlmək olur.

Əksər hallarda həlal və mübah məqsədlə verilən hədiyyələr də həlal olmur, çünki hədiyyə verən şəxsin malı həlal deyil: Ya onu həlal yolla kəsb etməyib, ya da onun xümsünü və zəkatını vermədiyi üçün o malın içində müstəhəqqlərin həqqi olduğundan, özgə malı ilə qarışmış maldır.

Həram maldan ictinab etmək və ümumiyyətlə, günahlardan çəkinmək vərə və təqva adlanır. Bu sifət şəhvət və qəzəb qüvvəsinin rəzalətləri ziddi olub, nicat yolu üçün böyük fəzilətlərdəndir. Allah-təala Quranda buyurur: “Həqiqətən sizin Allah yanında ən yaxşılarınızın ən böyük təqvası olanlardır”.

Bəzi asimani kitablarda Allah-təala buyurur: Vərə sahiblərindən hesabat istəməyə utanıram.

İmam Mühəmməd Baqir (ə) buyurub: İbadət ən şiddətlisi vərədir.

Bu kəlamda “şiddətli” sözü ona görə işlənir ki, vərə qazanmaq üçün bir çox dünya ləzzətlərindən əl çəkib səbr etməli, əziyyət çəkməlisən; onda bu şiddət müqabilində şiddətli mükafat alarsan.

İmam Cəfər Sadiq (ə) buyurub: Təqva ilə edilən az əməl, təqvasız edilən çox əməldən yaxşıdır.

Peyğəmbər (s) buyurub: İbadət on hissədən ibarətdir, onun doqquzu həlal axtarmaqdır.

Yenə o Cənab buyurub: Hər kəs öz əlinin zəhməti ilə yesə, Allah-təala ona öz rəhməti ilə nəzər salar, sonra daha heç vaxt ona əzab verməz.

Yenə o Cənab buyurub: Hər kəs qırx gün həlal yesə, Allah onun qəlbini işıqlandırar və hikmət bulaqlarını onun qəlbindən dilinə cari edər.

Səhabələrdən bəzisi o Həzrətdən xahiş etdilər ki, onların duasının müstəcəb olmasına zamin olsun. O Cənab buyurdu: Həlaldan ye, duan müstəcəb olsun.

Bəzi əxlaq alimləri vərə üçün dörd dərəcə təyin ediblər.

Birinci. Bütün həram olan şeylərdən ictinab etmək və ədalət səviyyəsinə çatmaqdır. Buna ədalət vərəi deyilir.

İkinci. Şübhəli şeylərdən ictinab etməkdir, buna salih adamların vərəi deyilir.

Üçüncü. Şübhəli şeylərə mürtəkib olmaqdan qorxub, özünü onlardan uzaq saxlamaq.

Dördüncü. Allah xatirinə olmayan bütün şeylərdən ictinab etmək; bu vərə siddiqlərə məxsusdur. Bu qism vərə sahibi olmaq bizim zamanlarda olduqca çətindir, hətta mümkün deyil.

Bizim dövrümüzdə həlal tapmaq olduqca çətindir, odur ki, əgər bir kəs birinci dərəcə vərə sahibi ola bilsə, onun dərəcəsi dördüncü dərəcədən yüksəkdir.

MƏKR VƏ
XƏYANƏT

Şəhvət qüvvəsinin rəzalətlərindən olan məkr, hiylə və xəlqin malına, canına və namusuna xəyanət etmək, Allah-təalaya yanında böyük günahlardan sayıldığı kimi, cəmiyyət içində ən alçaq sifətlərdən biri hesab olunur. Bu rəzalətlərin məzəmməti həqqində əxbar və hədislər çox olsa da, onları deməyə ehtiyac yoxdur; çünki bu sifətlərin xəbisliyi hamıya məlumdur.

Xəyanətin ziddi əmanət (əminlik) adlanır ki, insani keyfiyyətlərin ən fəzilətlisidir.

İmam Cəfər Sadiq (ə) buyurub: Allah-təala elə bir peyğəmbər məbus etməyib ki, sözündə doğruçu, həm pislərə, həm də yaxşılara əmanəti əda etmiş olmasın.

Bizim peyğəmbərimiz hələ lap cavan vaxtlarından hər kəsin əmanətini saxlar və bütünlükdə sahibinə qaytarardı. Odur ki, Mühəmmədi-Əmin ləqəbini qazanmışdı.

İmam Cəfər Sadiq (ə) buyurub: Üç şey var ki, heç kəs onda hiylə və məkr işlətməməlidir: yaxşıya və pisə öz əmanətini bütünlükdə qaytarmaqda, yaxşı və pis ilə əhd bağladıqda ona vəfa etməkdə, yaxşı və pis valideynə yaxşılıq etməkdə.

Yenə o Cənab buyurub: Atam deyərdi, dörd şey var ki, o, hər kəsdə olsa, iymanı kamil olar, əgər başdan ayağa qədər günahı olsa da, iymanı naqis olmaz. O şeylər bunlardır: doğru danışmaq, əmanəti əda etmək, həya və xoş xasiyyət.

Lüğman deyərmiş: Hikmətdən mənə hər nə olubsa, ancaq doğru danışmaq və əmanəti öz sahibinə dürüst qaytarmaq sayəsində olub.

Xəyanətin məzəmməti, onun dünyada törətdiyi biabırçılıq və xəyanətçinin Cəhənnəm əzabına müstəhəqq olması barəsində düşünülərsə, bu xəbis əməldən ictinab etmək asan olur.

ŞƏHVƏT
QÜVVƏSİNİN
DİGƏR
RƏZALƏTLƏRİ

Şəhvət qüvvəsinin törətdiyi rəzalətlər çoxdur: zina, ləvat (kişilərin bir-birilə cinsi əlaqəsi), şərab, qumar, ğina, müxtəlif çalğı alətlərini qayırmaq, onları satmaq, çalmaq və qulaq asmaq və i.a. Həmçinin, kişilərin ipək paltar geyməsi, özlərinə qızıl şeylərlə ziynət verməsi, məsələn, qızıl üzük taxması və qızıl belbağı bağlaması, ya da qabaqlar dəb olduğu kimi qızıl minalı saatı cibə qoyub onun uzun qızıl zəncirini yaxalarından sallatması və digər bu kimi qızıl zinətlərin hamısı şəhvət qüvvəsindən meydana gələn şeylərdir; onların hamısı həramdır.

Böyüklər deyiblər: Qadınların ziynəti qızıldır, kişilərin ziynəti isə ədəbdir.

Batil, alçaq, qeyri-əxlaqi işlərlə məşğul olmaq, məsələn, günah əməllər həqqində müxtəlif nağıllar, hekayələr söyləmək, qadınların gözəlliyi, onlarla məşğul olmaq barəsində sözlər danışmaq, içki və ya çalğı məclislərini təsvir edib onunla nəşələnmək, cəbbar hakimlərin məclislərini və özlərini tərifləmək, yaxud insanın şəhvətini həyacana gətirən nağıllar və əfsanələrlə məclis əhlini əyləndirib şənləndirmək, həmçinin, qeybət, söyüş və bu kimi digər nalayiq sözlər danışılan məclislər və mərasimlər şəhvət qüvvəsinin rəzalətlərindəndir. Bunların bəzisi həram, bəzisi də şiddətli məkruh olan əməllər və insan əxlaqına yaraşmayan sifətlərdir; ona görə də rəzalət sayılır.

Uzun-uzadı mənasız sözlər danışmaq, cəfəngiyyat və hərzə əhvalatlar söyləmək, xüsusilə məclislərdə heç kəsə lazım olmayan və əksəriyyəti ilə hamının zəhləsini tökən çərənçilik də ən mundar rəzalətlərdən biridir. Belə sözlər günah və həram məsələlərdən ibarət olmasa da, mənasız danışmaq, çərənləmək özü də alçaq bir keyfiyyətdir. İnsan lazım olan məqamda az miqdarda sözlə öz mətləbini ifadə edib qurtarmalıdır; necə ki, deyiblər: Kəlam ona deyərlər ki, az olsun və mətləbə dəlalət etsin.

Həmçinin, əkbir şəxslər buyurub: Hər kəs çox danışsa, yalanı da çox olar.

Ümumiyyətlə çox danışmaq rəkik işlərdən biridir və əqlin nöqsanına dəlalət edir.

Böyüklər deyib: İnsanları iki şey həlakətə verər: malın çoxluğu və bir də danışığın çoxluğu.

Peyğəmbərin (s) əmisi oğlu Əbdullah ibni Əbbas bir beytlə belə deyir:

Çox danışsam, məni sakit edin,

Çünki çox danışmaq dini bərbad edər.

Mənasız və lazımsız danışmağın növlərini sayıb qurtarmaq çətindir; odur ki, insanın danışmağı üçün sərhəddi bu cür təyin etmək olar. İnsan o sözü danışmalıdır ki, əgər onu danışmasa günah olar; yaxud özünə və ya başqa bir kəsə zərər verər.

Çox hallarda günah sayılan adi bir söz və ya sual rəzalət şəklini ala bilər. Məsələn, yolda bir nəfər tanışa rast gəlib ondan soruşsan ki, haradan gəlir və ya haraya gedir. Ola bilər ki, o şəxs öz məqsədini səndən gizli saxlamaq istəyir; bu halda əgər o, doğrusunu desə sirri aşkar olar, əgər yalan bir söz quraşdırıb desə, sən onu günaha vadar etmiş olarsan; əgər o, heç bir söz deməyib səni cavabsız qoysa, səni təhqir etmiş olar.

Odur ki, hər bir halda fikirləşmək və zəruri hallarda az və qısa danışmaq lazımdır.

Təəssüf ki, bizim zəmanəmizdə az danışan adamı “qaraqabaq” adlandırıb bəyənmirlər. Məclislərdə ağzına gələn cəfəngiyyatı danışıb, ara verməyən çərənçilərə hörmət edirlər.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın