4:47 am - Şənbə İyul 22, 2017

VII SİNİFLƏRDƏ KİMYANIN İNTEQRATİV TƏDRİSİNƏ DAİR

Müasir dünyada surətlə gedən sosial, mədəni və texnoloji dəyişikliklər təlim prosesində də yeniliklər etmək zərurəti yaradır. Təlimin stimullaşdırılmasında, şagirdlərin fəallığının təmin edilməsində və şagirdlərin elmi dünyagörüşünün formalaşmasında inteqrasiyanın rolu inkar edilməzdi.

Hər bir tədris fənnindəki inteqrasiya elmin məntiqinə uyğun gəlməli və şagirdlərin təfəkkürünün inkişafına kömək etməlidir. İnteqrasiya, ümumi mənada elmi anlayışları və təlim üsulları ilə əlaqəli olan fənləri bir yerə yığır. Bu çox müsbət haldır. Ona görə də məktəbdə inteqrasiyaya daha geniş yer verilir.

Hazırda istifadə edilən və yaxın gələcəkdə tətbiq edilməsi nəzərdə tutulan təhsil proqramlarında (kurikulumlarında) bütün hissələrin arasında inteqrativliyin gözlənilməsinə diqqət yetirilmiş, onların məzmun, strategiya və qiymətləndirməyə aid bölmələri arasında bağlılıq yaradılmış, bütöv bir konseptual sənəd kimi formalaşdırılmışdır.

Kurikulumda məzmun komponentlərinin əlaqəli şəkildə verilməsi müəllimlərin, şagirdlərin fənnə aid bilik və bacarıqları tam və bütöv şəkildə qazanmalarını müəyyənləşdirməsinə şərait yaradır. Kimya müəllimi hər hansı mövzuya aid dərsin planını hazırlayanda onun standartları, məqsədi, üsul və iş formaları, resurslarını müəyyənləşdirməklə yanaşı, hansı mövzularla, hansı fənlərlə inteqrasiya yaradacağını və bunu necə həyata keçirəcəyini də nəzərə almalıdır. Burada əsas məqsəd şagirdlərdə fənnə qarşı diqqət və maraq oyada bilməkdir. Fənni şagirdə sevdirə bilməkdir.

Yuxarıda deyilənlər aşağıda verilmiş dərs nümunəsində öz əksini tapmışdır.

Mövzu: “Su, onun təbiətdə yayılması, təmizlənməsi, xassələri və tətbiqi”

Standart: 1.1.1 Maddələri (bəsit, mürəkkəb, saf və qarışıq) tərkibinə və fiziki xassələrinə görə fərqləndirir.

1.3.1. Maddələrin formuluna əsasən sadə hesablamalar aparır.

2.1.1. Kimyəvi reaksiyanın əlamətlərini, əsas tiplərini, baş vermə səbəblərini izah edir.

3.1.1. Sadə kimyəvi təcrübələr, müşahidələr aparır.

4.2.1. Ekoloji təmiz mühitin saxlanmasının əhəmiyyətini şərh edir.

Məqsəd:

Suyun tərkibini müstəqil şərh edir və fiziki xassələrini fərqləndirir.

Suyun formuluna əsasən sadə hesablamalar aparır.

Suyun kimyəvi xassələrinə aid reaksiyaların baş vermə səbəblərini izah edir.

Suyun kimyəvi xassələrinə aid təcrübələr aparır.

Suyun təmiz saxlanmasının əhəmiyyətini şərh edir.

İş forması: Bütün siniflə iş, kiçik qruplarla iş.

Təlim üsulları: Beyin həmləsi, problemli şərh, tədqiqatçılıq, müstəqil iş.

İnteqrasiya: C-2.1.7, F-2.1.3, B-4.1.1, R-1.2.1, 1.2.2, 1.2.3, B-2.1.1, 2.1.2, B-1.1.3, B-4.1.1, C-2.1.3.

Resurslar: İş vərəqləri, suyun tətbiq sahələrini göstərən sxem, İKT vasitələri, xəritə, kimyəvi reaktivlər (su, natrium, kalsium metalları, kalsium oksid, mis (II)-sulfat duzu, fenoftalein məhlulu) və avadanlıqlar (kimyəvi stəkan, spirt lampası və s.).

Dərsin gedişi:

Motivasiya, problemin qoyuluşu:

Müəllim keçmiş mövzunun necə mənimsənildiyini yoxlamaq üçün şagirdlərə bir neçə sual verir. Mövzunun necə mənimsənildiyini yoxladıqdan sonra yeni mövzunun tədrisinə başlayır.

Müəllim şagirdlərə ekranda nə görürsünüz? sualı ilə müraciət edərək onların monitorda gördüklərini bir-bir sadalamalarını tapşırır. Şagirdlər ekranda gördüklərinə öz fikirlərini bildirirlər. Müəllim bu zaman coğrafiya ilə inteqrasiya yaradaraq şəkildə göstərilən göl, okean, şəlalə haqqında qısaca da olsa danışır və onların xəritədəki mövqeyi barədə şagirdlərə əvvəlki biliklərini xatırladır. Sonra sinfə bəzi suallar verir:

Şəkil

Şəkil

Suyun molekul formulu necə yazılır?

Su saf, yoxsa qarışıq maddədir? Əgər su saf maddədirsə, onun hansı sabit fiziki xassələrini deyə bilərsiniz?

Suyun molekul kütləsi necə hesablanır?

Suyun alınmasını göstərən reaksiya tənliklərini yazın.

Verilmiş cavablara əsasən mövzunu müəyyənləşdirir və tədqiqat sualına keçməzdən əvvəl onlara suyun tapılması haqqında qısaca xatırlatma edir. Sizə coğrafiyadan məlumdur ki, yer səthinin 2/3 hissəsi, yəni ~70%-i, torpağın, atmosfer havasının çox hissəsi, biologiyadan isə məlumdur ki, insan, bitki və heyvan orqanizminin 60-70%-i suyun payına düşür.

Tədqiqat sualı: Suyun bəsit və mürəkkəb maddələrlə reaksiyalarının müxtəlif getməsinin səbəbi nə ilə izah olunur ?

Tədqiqatın aparılması: Bu mərhələni müəllim “Yaşıllaşan ağac oyunundan” istifadə etməklə həyata keçirə bilər.

Şəkil

Şəkil

Bunun üçün lövhədə üzərində əvvəlcədən ağac şəkli çəkilmiş böyük bir vərəq asılır. Bu ağac adi ağac şəklindən fərqli olaraq yarpaqsız olur.

Yaşıl rəngli kağızlardan yarpaq forması kəsilir (sualların sayı qədər). Daha sonra yarpaq formasında olan kağızlar şagirdlərə paylanılır.

Şəkil

Şəkil

Bu oyun şagirdləri iki qrupa bölərək qrup üzvləri və qrup liderləri müəyyənləşdirilməklə həyata keçirilir. Hər qrupa suallardan (və ya tapşırıqlardan) ibarət sorğu vərəqləri verilir.

I Qrup

Distillə üsulundan nə üçün istifadə olunur?

Suyun kimyəvi xassələrinə aid reaksiya tənliklərini yazın.

İstifadə etdiyiniz suyun haradan gəldiyini bilirsinizmi?

H2O- da hidrogen və oksigenin kütlə payını faizlə (%) hesablayın.

Suyun kimyəvi tərkibini göstərin.

Suyun alınmasına aid reaksiya tənliklərini yazın.

2 mol su neçə qramdır?

Suyun fiziki xassələrini izah edin.

II Qrup

44,8 litr hidrogeni yandırdıqda neçə mol su alınar?

Suyun mürəkkəb maddələrlə qarşılıqlı təsirinə aid misallar göstərin və reaksiya tənliklərini yazın.

Natrium metalının suda həll olmasını təcrübə yolu ilə göstərin.

Suyun dövranı olmasaydı, onda hansı coğrafi obyektlər olmazdı və hansı hadisələr baş verməzdi?

Su hansı aqreqat halında ola bilir?

Suyun tətbiq sahələrinə aid sxem tərtib edin.

Suda hidrogen və oksigen neçə valentlidir?

Suyun nisbi molekul kütləsini hesablayın.

Məlumat mübadiləsi. Lövhədəki ağac da öz növbəsində iki hissəyə ayrılır. Şagirdlər qrup daxilində sualların cavablarını taparaq hər sualın (və ya tapşırığın) cavabını bir yarpağa yazır. Sonda isə qruplar bu prosesi yerinə yetirdikdən sonra aparıb lövhədə ağacın onlar üçün ayrılmış hissəsində yarpaqları yapışdırırlar. Hansı komanda (və ya qrup) daha çox suala cavab verərsə, o qrup qalib gəlir.

Məlumatın müzakirəsi və təşkili: Bu mərhələdə şagirdlər digər qrupların cavabları ilə tanış olur, münasibət bildirir və suallar verirlər. Bəzi lazım olan məsələlərdə müəllim də öz əlavələrini edir. Nümunə üçün II qrupun şagirdlərinin hazırladıqları cavablar nəzərdən keçirilir.

Nəticə və ümumiləşdirmə: Şagirdlərin söylədikləri fikirləri və hazırladıqları cavabları bir daha nəzərdən keçirməklə, lazım olan yerlərdə əlavələr etməklə mövzunun tədrisində əsas məqsədə nail olunması istiqamətində ümumiləşdirmə aparılır. Sonra yenidən şagirdlərlə birlikdə tədqiqat sualına və fərziyyələrə qayıdılır.

Su aktiv metallarla (Li, Na, K,Ca, Ba və s.) adi şəraitdə, orta aktiv metallarla isə qızdırıldıqda qarşılıqlı təsirdə olur. Su passiv metallarla (Cu, Hg, Ag, Pt, Au) heç bir şəraitdə reaksiyaya girmir.

2Li + 2H2O → 2LiOH + H2
3Fe + 4H2O t Fe3O4 + 4H2
Cu + H2O →×

Təcrübə: Deyilənləri nümayiş təcrübəsindən istifadə etməklə göstərmək olar. Bunun üçün içərisində su olan iki kimya stəkanı götürülür. Sonra neftin içərisindən natriumu çıxararaq, təmizlənir, bıçaqla buğda boyda kəsilərək maşa ilə götürülür və şagirdlərə bu metalın havada asanlıqla oksidləşdiyi üçün ağ neftdə saxlanması haqqında qısa məlumat verilir. Sonra hər iki (natrium və kalsium) metal eyni vaxtda ayrı-ayrı kimya stəkanına salınır. Natrium metalı salınmış stəkanda reaksiyanın surətlə, içərisinə kalsium salınmış stəkanda isə reaksiyanın yavaş getdiyini şagirdlər təcrübə nəticəsində görürlər. Təcrübəni nümayiş etdikdən sonra müəllim birinci stəkanda gedən reaksiyanın mexanizmini izah etməyə başlayır.

Şəkil

Şəkil

Nə üçün natrium suyun üzərində o tərəf bu tərəfə qaçır?

Uşaqlara artıq VI sinif fizika fənninin tədrisində keçilmiş «Maddənin molekulyar quruluşu» adlı mövzudan məlumdur ki, su molekulları kimi bu molekulu təşkil edən atomlar da bir-birini cəzb edir.

Natriumun suya təsiri zamanı bir hidrogen atomu metalla yerini dəyişir, yəni əvəz olunur. Bu zaman metal suyun qalan atomlar qrupu ilə (buna hidroksil qrupu deyilir) birləşir. Metalla əvəz olunan hidrogen atomları sudan çıxdıqda suyun səthindəki metalı itələyir. Bu da metalın hərəkətinə səbəb olur.

S uyun səthində metalın hərəkəti zamanı (metal və hidroksil qrupunun birləşməsi nəticəsində) istilik alınır. Bu istilik metalın əriməsinə və reaksiyanın şiddətli getməsinə müsbət təsir edir. Reaksiyanın tənliyini 2Na + 2H2O → 2NaOH + H2 bu şəkildə yazdıqda şagirdlər başa düşməkdə çətinlik çəkir və bu səbəbdən də müəllim reaksiyanı şagirdlərin başa düşə bilməsi üçün aşağıdakı kimi yazır:

2Na + 2HOH →2NaOH + H2
Bu izahdan sonra şagirdlərə hər şey daha yaxşı aydın olur. Sonra digər maddələrlə olan reaksiyalara baxılır.
Su metallardan başqa qeyri-metallarla da qarşılıqlı təsirdə ola bilir:

Cl2 + H2O → HCl + HClO
3Cl2 + 3H2O→t ) 5HCl + HClO3
F2 + 2H2O → 4HF + O2↑

H2, O2, N2 qazları və nəcib qazlar su ilə reaksiyaya daxil olmur. Yod adi şəraitdə su ilə reaksiyaya girmir və suda həll olmur.

Su aktiv metalların oksidləri ilə (Li2O, Na2O, K2O, CaO, BaO) adi şəraitdə reaksiyaya daxil olur.

Li2O + H2O → 2LiOH
CaO + H2O→ Ca(OH)2

Su digər metal oksidləri ilə reaksiyaya daxil olmur (istisna MgO ilə qızdırıldıqda daxil olur). Su əksər qeyri-metal oksidləri ilə (SO2, SO3, NO2, CO2 və s.) reaksiyaya daxil olaraq müvafiq turşu əmələ gətirir. CO, NO, N2O, SiO2 suda həll olmur və su ilə reaksiyaya daxil olmur.

Bütün bu deyilənlər əsasında şagirdlər bir daha öyrənmiş oldular ki, susuz həyat yoxdur. Susuz heç bir canlı yaşaya bilməz. Su həyatın özüdür. Sudan qənaətlə istifadə etmək lazımdır. İnsan orqanizmində su oksigendən sonra ikinci yeri tutur. İnsan orqanizmi suyun 11%-ni itirsə ölüm baş verə bilər. Gün ərzində 3 litr su içmək lazımdır.

Yaradıcı tətbiqetmə: Bu mərhələdə şagirdlərə bəzi tapşırıqlar verilir.

Suyun qələvi metallarla reaksiya tənliyini yazın.

Cədvəl 3.1

Cədvəl 3.1

Suyun təbiətdə dövranına aid təqdimat hazırlayın.

Qiymətləndirmə: Bu mərhələdə yuxarıdakı cədvəldən istifadə etməklə şagirdlərin bilikləri qiymətləndirilir (cədvəl 3.1).
Refleksiya: Bu mərhələni uşaqlara biz bu gün su haqqında hansı məlumatları öyrəndik? sualını verməklə həyata keçirmək mümkündür.

Ev tapşırığı: Suyun dövranına aid internetdən və ya digər ədəbiyyat materiallarından istifadə etməklə qısa məlumat hazırlayın.

(ardı var)

Günay CƏLİLOVA,
Azərbaycan Respublikasının Təhsil İnstitutu

Filed in: DERS-KİMYA

Hələ şərh yoxdur

Şərh yazın