7:45 pm - Bazar Noyabr 19, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

Yığıncaqlarda kiçik bir mətləbi iki-üç kəlmə sözlə deyə bildiyi halda, onun ətrafında bir- iki saat naqqallıq edib çərənləyənlər “natiq” hesab olunur.

Rəvayət edirlər ki, bir gün Luqman Davud peyğəmbərin yanına gedib gördü ki, onun əlində dəmir məftullar var, onlarla əlləşir, nə isə toxuyub düzəltmək istəyir. Luqman onun nə qayırdığını bilmədi, soruşmaq istəsə də, səbr edib gözləməyi məsləhət bildi. Davud (ə) işini qurtardı: O, polad məftullardan gözəl bir zireh toxumuşdu. O, zirehi əyninə geyib, Luqmana nümayiş etdirərək dedi:

– Gör nə yaxşı hərb libası toxumuşam.

Luqman dedi ki, mənim sükutum ondan da yaxşıdır. Əgər səndən nə toxuduğunu soruşsaydım, mən nadan yerində qalardım, mənə nöqsan gələrdi, amma sükut etməklə sən özün nə toxuduğunu mənə söylədin.

Qeyd edək ki, danışmaq lazım olan vaxtda sükut etmək zərərli də ola bilər. Odur ki, Sədi deyir:

Hərçənd əqilli adamların fikrincə sükut ədəb sayılır, amma məsləhət vaxtı o yaxşıdır ki, söz ilə çalışıb əlləşəsən.

İki şey əqli qaraldar: Danışmaq lazım olanda sükut etmək, sükut lazım olanda danışmaq.

Söz Allah-təalanın qeyb xəzinəsindən bizə bəxş etdiyi misilsiz bir nemətdir; ancaq onu layiq olduğu yerdə işlətməliyik, nalayiq və cəfəng işlər üçün işlətsək, Allah qarşısında naşükür olarıq.

Söz qiymətli bir gövhərdir, onun qədrini bilməli və yalnız zəruri məqamlarda ondan qənaətlə istifadə etməliyik.

ƏQL, QƏZƏB VƏ
ŞƏHVƏT
QÜVVƏSİNƏ AİD OLAN
RƏZALƏTLƏR VƏ FƏZİLƏTLƏR

B əzi rəzalətlər və eləcə də onların ziddi olan fəzilətlər nəfsin iki və ya üç qüvvəsi ilə əlaqədar olurlar.

HƏSƏD VƏ QİBTƏ

Bir şəxsin sahib, həm də ona layiq olduğu bir nemətin onun əlindən getməsini arzu etmək həsəd və ya bizim dilimizdə deyildiyi kimi paxıllıq adlanır. Amma, əgər o şəxsdən fövt olmasını istəmədən o neməti özünə arzulayırsansa, buna qibtə deyilir. Əgər o nemət sahibi ona layiq deyilsə, o nemətin ondan fövt olmasını arzulamaq qeyrət adlanır.

Əgər həsəddən məqsəd o nemətə həris olduğu üçün ona sahib olmaqdırsa, bu rəzalət şəhvət qüvvəsinin nəticəsidir. Amma, əgər o nemətə sahib olmaq başqa bir kəsi hiddətləndirmək və ona acıq vermək məqsədi ilə olarsa, bu rəzalət qəzəb qüvvəsinin nəticəsidir. Əgər şəxs həm o nemətə həris olduğu üçün, həm də başqa bir kəsə acıq vermək məqsədi ilə sahib olmaq istəyirsə, bu rəzalət həm şəhvət, həm də qəzəb qüvvəsinin nəticəsi olur.

Həsədin ziddi bir fəzilətdir ki, ona xeyirxahlıq deyilir və müsəlman qardaşın sahib, həm də ona layiq olan nemətin onda baqqi qalmasını səmimi qəlblə arzulamaqdan ibarətdir.

Əgər şəxs özünə arzuladığı bir şeyi öz müsəlman qardaşına da arzularsa, özünə rəva bilmədiyi bir şeyi ona da rəva bilməzsə, bu cür şəxs xeyirxahdır.

Əgər şəxs özünə rəva bilmədiyi şeyi müsəlman qardaşa arzulayırsa və özünə arzuladığı şeyin ona nəsib olmasını istəmirsə, belə şəxs paxıl və həsud adlanır.

Paxıllıq rəzalətlərin ən pisi və xəbisidir. Paxıl adam həm dünyada, həm də axirətdə əzabda olar. Ərəblərin məşhur bir məsəli deyir: “Həsud adamın rahatlığı olmaz”.

Doğrudan da paxıl hər kəsdə nə nemət görürsə, ondan narahat olur. Allahın nemətləri isə nəhayətsizdir. Odur ki, bu nemətlər onu həmişə qıcıqlandırıb acıqlandırır. Bu işdən həmişə o özü xəsarət çəkir, nemət sahibi isə bir ziyan çəkmir; əgər paxıllıq edən adam onun həqqində danışıb qeybətini etsə və onun dalınca nalayiq söz, söyüş desə, bu işlə o, həmin şəxsə hətta xeyr də vermiş olar. Çünki belə hallarda onun həqqində zülm etmiş olar; zalımın yaxşı əməlləri varsa, onlar məzlum üçün yazılar, məzlumun günahları isə zalımın əməl dəftərinə qeyd olunar.

Hikmət alimləri müəyyən ediblər ki, pis işə razı olan şəxs şər adamdır, hətta əgər öz düşməninə də pislik yetişməkdən razı qalarsa, ona şər adam, ya da şərir deyərlər. Belə olduqda paxıl adam insanların ən şəriri hesab olunar. Doğrudan da öz müsəlman qardaşına bəla və ya hər hansı bir narahatlıq yetişməsini istəyən və ona razı olan şəxsdən müzirr adam ola bilərmi?

Odur ki, paxıllığın məzəmməti barəsində çoxlu Quran ayələri, hədis və əxbar varid olub. Peyğəmbər (s) buyurub: “Od, odunu yediyi (yandırdığı) kimi paxıllıq da yaxşılıqları yeyər”.

Yəni odun (ağac) od içində yanıb məhv olduğu kimi, insanın yaxşı əməllərini də paxıllıq məhv edər.

Yenə buyurub: “Bir-birinizə paxıllıq etməyin, əlaqəni kəsməyin, düşmənlik etməyin; ey Allah bəndələri, qardaş olun”.

Yenə buyurub: “Mən ümmətim üçün ən çox ondan qorxuram ki, çoxlu mala sahib olub, sonra bir-birinə paxıllıq edərlər”.

İmam Cəfər Sadiq əleyhis-səlam buyurub: “Dinin afəti paxıllıqdır, şöhrətpərəstlikdir və bir də fəxrdir”.

Yenə buyurub: “Mömin şəxs qibtə edər, paxıllıq etməz”.

Paxıl adam öz pis əməlindən tövbə edə bilməz, çünki onun təbiəti belədir, təbiəti dəyişdirmək isə müşkül məsələdir.
Burada qeyd edək ki, bəzən kafir və ya zalım bir adamın nemət və dövlət keçəndən sonra cürbəcür fəsadlar törətməyə və xəlqə əziyyət verməyə başlayır. Bu kimi adamlardan nemətin və dövlətin zəvala getməsini istəmək və ona sevinmək həsəd hesab edilməz; çünki o nemət belə adamların əlində bir fəsad alətidir ki, onlar bu aləti itirdikdə, cəmiyyət onların şərrindən xilas olar.

Həsəd ilə qibtə arasında incə bir fərq var, çox hallarda qibtə tezliklə həsədə çevrilə bilər.

Şəxs başqa bir kəsdə olan nemətdən özü üçün də arzulayırsa və o kəsin bu nemətdən məhrum olmasını istəməzsə, şəxsin bu arzusuna qibtə deyərlər. Bu cür arzu rəzalət deyildir.

Əgər qibtə olunan nemət dini şeydirsə, ona qibtə etmək Allah xatirinə olar; ona görə də bu cür neməti arzulamağa irad yeri yoxdur.

Əgər qibtə olunan şey dünya nemətlərindəndirsə, bu da mübahdır, qibtə edənə məzəmmət yeri yoxdur. Lakin dünyanın vəsfi və dünya malına məhəbbətin kərahəti həqqində keçən bəhslərdə söylənən mətləbləri nəzərə alaraq, bu cür qibtə bəyənilməz. Qibtənin bu növündə əgər şəxs qibtə etdiyi kəsin səviyyəsinə çatmaq istəyirsə, ona da o qədər irad olmaz. Lakin, əgər o kəsin neməti səviyyəsinə çatmaqdan ötrü onun nemətinin nöqsanını və ya tam zəvalını istəsə, bu halda iş qibtə dairəsindən çıxar, həsəd öz fəaliyyətinə başlayar.

Əgər şəxs qibtə etdiyi kəsin malının nöqsanına və zavalına səy etməsə də, onun nemətlərinə kənardan yetişən nöqsanlara sevinərsə, bu da iyrənc bir xislətdir və həsədin bir növüdür.

Həsədin dörd dərəcəsi vardır:

Birinci odur ki, həsəd aparan şəxs başqa bir kəsdə olan nemətin zavalını istəyir, o nemətin öz əlinə gəlməsini də arzulamır. Belə şəxs heç kəsin bir nemətə sahib olmasına razı ola bilmir, ona təhammül edə bilmir. Bu, həsədin ən murdar və rəzil bir növüdür.

İkinci odur ki, şəxs başqa bir kəsdə olan nemətin onun əlindən çıxıb öz əlinə keçməsini arzulayır. Məsələn, bir adamda gördüyü qəşəng bir atın onda yox, özündə olmasını istəyir.

Üçüncü odur ki, şəxs başqa bir kəsdə olan nemətin özünü deyil, onun mislini arzulayır. Lakin o cür nemət onun əlinə gəlmədiyi üçün o kəsin nemətinin də zavalını istəyir; özü o nemətdən məhrum olduğu üçün başqasında da onu görməyə təhammül edə bilmir və səy edir ki, o da bu nemətdən məhrum olsun.

Dördüncü. Bu da üçüncü növ həsəd kimidir, lakin fərqi bundadır ki, bu şəxs o kəsin nemətini zavala yetirmək imkanına malik olduğu halda bu işdən çəkinir. O, bu işi əqli qüvvəsinin verdiyi məsləhət üzrə edirsə də, böyük həyəcan keçirir və bu işdən çox narahat olur.

Bu dərəcələrin müqayisəsi göstərir ki, həsədin birinci dərəcəsi ən pisdir, sonrakı dərəcələr tədricən yumşalır.

Qibtənin isə iki dərəcəsi var:

Birinci odur ki, bu şəxs başqa kəsdə gördüyü nemətlərdən özünə də arzulayır, lakin o kəsin nemətləri səviyyəsinə çatmaq xəyalına düşməyir və o kəsin nemətlərinin zavalını da istəməyir.

İkinci odur ki, bu şəxs o kəsin nemətləri səviyyəsinə çatmaq arzusundadır, ondan aşağı olmaq istəmir; əgər o səviyyəyə çatmaq imkanı olmasa, qəlbində gizlicə o kəsin nemətlərinin zavalına meyil əmələ gələr. Lakin bu meylə görə onun öz nəfsinə acığı tutar və bu nalayiq fikir üçün özünü danlayır.

Qibtənin bu dərəcəsinə bəzən “bağışlanan həsəd” adı verirlər; çünki bu cür meyil həsəddən ibarət olsa da, şəxs özündən narazı olduğu üçün onu bağışlamaq olar.

Həsədin müxtəlif səbəbləri olur:

Birinci. Nəfsin xəbisliyi. Bir qism adamlar var ki, heç bir səbəb olmadan başqa kəslərin nemət sahibi və ya xoşbəxt və şad olmalarına dözə bilmirlər, onların bədbəxtliyinə, kədərinə və iztirablarına isə şadlanırlar. Bu onların nəfsinin pisliyindən və xəbisliyindən irəli gəlir. Belə adamların yanında hər kəsin yaxşılığını danışdıqda, ona da təhəmmül edə bilmirlər, o kəslərə paxıllıq edirlər.

İkinci. Bəzən həsədin səbəbi ədavət olur. Əgər bu şəxsin başqa bir kəslə ədavəti varsa, o kəsə bir nemət və ya şadlıq yetişəndə, bu şəxs ona paxıllıq edir, narahat olur; əksinə o kəsə bir bədbəxtlik üz verdikdə, bu şəxs üçün ondan şadlıq hasil olur, onun pis gününə sevinir, bəzən də bununla ondan intiqam almış kimi olur.

Üçüncü. Bəzi adamlar isə mənsəb, rəyasət, gözəllik, ad-san, dövlət və şöhrət düşkünü olurlar. Odur ki, əgər bir kəs bu cür məqamlara yetişmiş olsa, ona paxıllıq edirlər, o dərəcəyə və məqama o kəsi yox, özlərini layiq bildikləri üçün özlərini ondan məhrum gördükdə, o kəsə həsəd aparırlar.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın