4:38 pm - Çərşənbə İyul 26, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

Dördüncü. Bəzən də müəyyən bir məqsədə yetmək üçün fürsətin əldən getməsi qorxusu həsədə səbəb olur. Məsələn, şəxs bir mənsəbə yetişmək arzusunda olduğu halda, başqa kəslərin o mənsəbə çatması üçün etdikləri səy, özünün mənsəbdən məhrum olacağı qorxusunu ortaya çıxarır; odur ki, onlara paxıllıq edir.

Beşinci. Bəzi adamlar da öz həmyaşıdları, həmsilkləri və ya həmpeşələri içərisində hamıdan yüksəkdə durmaq, onlardan seçilib fərqlənmə, xəlqin nəzərində əziz və hörmətli olmaq istəyirlər. Əgər bir kəs bu yolda irəli gedirsə, ona paxıllıq etməyə başlarlar.

Altıncı. Çox hallarda isə həsəd təkəbbürdən meydana çıxır. Təbiətində təkəbbür olan şəxs heç kəsin özündən yüksək görünməsinə təhəmmül edə bilmir. Odur ki, cəmiyyət içində xəlqin hörmət bəslədiyi bir adam olarsa, bu şəxs ona həsəd aparar.

Yeddinci. Bəzən də paxıl adam özündən çox aşağı sandığı bir adamın əziz olduğu və ya yüksək bir mənsəbə çatdığını görüb, təəccüb edir və onu bu mənsəbə layiq bilməyib, ona həsəd aparır.

Məkkə kafirləri və Qüreyş qəbiləsi rəislərinin Peyğəmbər (s) cənablarına həsədi bu qəbildən idi. Onlar Mühəmmədi yetim və kasıb bir oğlan kimi tanıyırdılar, onu rəisliyə və peyğəmbərliyə layiq bilmirdilər, ona kiçiklik etməyi də özlərinə rəva görmürdülər. Odur ki, ona həsəd aparıb ədavət edirdilər.

Bəzən də məzkur səbəblərin bir neçəsi bir şəxsdə cəm olur: Belə hallarda o şəxsə edilən həsəd daha çox güclü olur.

Bu məzkur halların çoxunda paxıl adam həsəd apardığı şəxsdə olan nemətlərin zavalını arzulayır. Amma birinci və ikinci qism adamların məqsədi həsəd apardığı adamlarının nemətlərinin zavalı deyil; onların öz nəfsinin xəbisliyi, ya da ədavət, belə alçaq keyfiyyəti büruzə verir.

Həsədin bütün növlərində onun meydana çıxmasına cəmiyyətdə bir-biri ilə müxtəlif cəhətlərdən olan rabitələr səbəb olur. Odur ki, adətən, eyni sinfə daxil olan şəxslərin arasında peyda olur. Məsələn, alim başqa bir alimə, bir sənətkar haman sənətdə işləyən başqa bir sənətkara, yaxud bir tələbə onunla bir yerdə təhsil alan başqa bir tələbəyə paxıllıq edir. Bütün bu kimi hallarda dünya malı və dünya işlərindən ötrü həsəd aparılır. Lakin axirət işləri üçün heç kəs bir-birinə həsəd aparmır. Əgər alimlər arasında həsəd meydana çıxırsa, bu dünya malı üçün, ya da şöhrət, cəlal və riyasət üçündür. Amma axirət yolunda çalışan alimlər arasında heç vaxt həsəd olmur, çünki onların hər birinin Allaha müqərrəb olması o birilərinin müqərrəb olmaq dərəcəsinə heç bir xələl gətirmir. Bir alimin və ya digər adi bir şəxsin pakdəmənliyi, pəhrizkarlığı, ibadəti başqalarında yalnız qibtəyə səbəb ola bilər; bu isə rəzalət deyil, əksinə, onların bu yola dəvəti üçün bir kömək və təbliğat vasitəsidir ki, onların axirət işlərinə fayda verə bilər.

Həsəd insan əxlaqında ən mundar və təhlükəli bir mərəzdir. Yuxarıdakı təfsiladan məlum oldu ki, paxıl adam həm dünya, həm də axirət cəhətindən özünə böyük zərər vurur. Onun dünyada bir an rahat vaxtı olmur, hər kəsdə nə görürsə, ondan kədərlənir; bu kədərdən xilas olmamış başqa bir kəsin xoş həyatı, rütbəsi və xəlq içindəki hörməti onu yeni qəm dəryasına atır. Odur ki, o, daim dərdə, qəmə aludədir, üzü gülmür. Lakin onun həsəd apardığı kəslər bundan heç bir xəsarət çəkmədən yaşayır. Demək, paxıl adam özünə düşmən, həsəd apardığı adam dostdur.

Paxıl adam təkcə bunu nəzərinə gətirsə, ona kifayət edər və özünə müalicə etmək üçün bu rəzil xasiyyətdən əl çəkər.

Əgər onun axirət hesabına etiqadı varsa, həsədin məzəmməti və günahı həqqində varid olan Quran ayələrini, hədis və əxbarı da nəzərə alıb, özünə bu təhlükəli mərəzin şərrindən nicat yolu tapar.

Paxıl adam öz niyyətlərinin və əməllərinin qəbahətini və hər iki dünyada özü-özünə etdiyi pisliyi dərk edəndən sonra bu rəzil xislətin tərkinə başlamalıdır. Lakin, təbiətində həsəd kök salmış adamın xasiyyətini birdən-birə dəyişmək olmaz. Bundan ötrü o, daim öz təbiətinin pisliyini özünə təlqin etməli və həsədi meydana çıxaran səbəblərin ziddinə meyil göstərməyə çalışmalı, özünü buna vadar etməlidir.

Bu məcburiyyət tədriclə haman səbəbləri zəifləşdirər, həsəd atəşini söndürər.

Bu işdə paxıl adamın dostlarının, qohumlarının ona nəsihət etməsinin də böyük əhəmiyyəti vardır. Peyğəmbər (s) buyurub:

“Hər kəs mömin qardaşın hacəti üçün səy edə, amma ona nəsihət etməyə, o kəs Allaha və onun peyğəmbərinə xəyanət etmiş olar”.

Nəsihətin qayəsi odur ki, şəxs öz istədiyi şeyi mömin qardaşı üçün istəsin.

Peyğəmbər (s) buyurub: “Özünüz üçün istədiyiniz şeyi qardaşınız üçün istəməsəz, mömin ola bilməzsiniz”.

Burada “qardaş” sözü doğma qardaş mənasında deyil, mömin qardaş mənasındadır. Çünki Allah təala Quranda buyurur: “Həqiqətən, möminlər bir-birilə qardaşdırlar”.

Yenə o Cənab buyurub: “Həqiqətən, sizin hər biriniz qardaşınızın güzgüsüdür; onda bir şey gördükdə, o şeyi ondan kənar edin”.

Nəsihət məqamında deyilən sözlərin təsiri nəsihətə qulaq asan şəxsin qabiliyyətindən və nəsihət edən şəxsə münasibətindən çox asılıdır. Əgər şəxs öz əməlindən narazı və peşiman deyilsə, ona heç bir nəsihət fayda verməz. O, nəsihət edən şəxsi xeyirxah bilib, onun sözlərinə qulaq asmalıdır.

Hafiz deyir:

“Ey mənim canım, nəsihətə qulaq as ki, xoşbəxt cavanlar,
Bilici qocanın nəsihətini candan əziz tutarlar”.

ƏZİYYƏT VƏ
TƏHQİR

Şəhvət və qəzəb qüvvəsinin rəzalətlərindən biri insanlara əziyyət etmək, onlara həqarətlə baxmaq kimi yaramaz işlərdir. Bu rəzalətlər ədavətdən, həsəddən, kindən, hirsdən və təmədən meydana çıxır.

Lakin, səbəbindən asılı olmayaraq hansı vasitə ilə olursa-olsun, insanlara əziyyət vermək, onları təhqir etmək şəriətdə həramdır, bu günahların axirətdə cəzası ağır olacaqdır.

Allah-təala Quranda buyurur: “O kəslər ki, mömin kişilərə və mömin qadınlara nahaq yerə əziyyət verir, həqiqətən, onlar özlərinə aşkar surətdə vəbal və günah qazanırlar”.

Peyğəmbər (s) buyurub: “Müsəlman o kəsdir ki, müsəlmanlar onun əlindən və dilindən səlamət qalsınlar”.

Yenə buyurub: “Müsəlmana həlal deyil ki, (müsəlman) qardaşa əziyyət etmək nəzəri ilə baxsın”.

Yenə buyurub: “Hər kəs yol üstündə müsəlmanlara əziyyət verən bir şeyi götürüb kənara atsa, Allah onun qəlbi üçün səvab yazar, Cənnətə getməyini vacib edər”.

Yenə o Cənab buyurub: “Hər kəs müsəlman qardaşa hörmət eləsə, bir kəlmə lütf edib onun qəmini zayil edərək qəlbinə fərəh daxil etsə, Allah onun üzərinə öz rəhmət buludunu çəkər”.

Alimlərə, fazil və pəhrizkar şəxslərə, seyidlərə hörmət etmək barəsində çoxlu hədislər və xəbərlər varid olub.

Peyğəmbər (s) buyurub: “Sizə bir qövmün hörmətli adamı varid olsa, ona hörmət edin”.

Həmçinin o Cənab öz övladlarına hörmət etməyi tapşırıb: “Mənim övladlarımın yaxşılarına Allah xatirinə, pislərinə isə mənim xatirimə hörmət edin”.

Müsəlman qardaşlara zərər vermək də onları incitmək və əziyyət vermək deməkdir.

Peyğəmbər (s) buyurub: “İki xislət var ki, heç bir şər iş onlardan artıq deyil: Allaha şərik qərar vermək və Allahın bəndələrinə zərər yetirmək”.

Həmçinin bu mətləbin ziddini də buyurub: “Xeyir işlərdən iki xislət var ki, heç bir şey yaxşılıqla onlardan artıq deyil: Allah-təalaya iyman və Allahın bəndələrinə xeyir vermək”.

O Cənabdan sual etdilər ki, Allah-təala kimi çox dost tutur? Buyurdu: “İnsanlara ən çox fayda verən insanları”.

Hər kəsin cəmiyyət içində, el arasında özünə görə bir dərəcəsi olur, ona münasib surətdə də onunla rəftar olunmalıdır; ondan aşağı dərəcədə onunla rəftar olunsa, o, qismən, təhqir olunmuş olar. Odur ki, təhqir etmək təkcə söyüş və ya kobud söz söyləmək vasitəsilə olmur; hər kəsə layiq olmayan münasibət onun üçün təhqir və zülmdür.

Luqman buyurub: “Aqil adama alçaq nəzərlə baxmaq, onu saymamaq, ondan ötrü ölümdən artıqdır”.

Doğrudan da insan ölümün çətinliyini bir dəfə görür və onunla da qurtarır. Lakin bu cür təhqir insana bütün ömrü boyu əziyyət verir.

Zülm- ümumi mənada ədalətin ziddidir. Ədalət həqqində keçən buyurub: “Bir saat zülm hökmü etmək Allah-təala yanında doxsan il günah etmək kimidir”.Bəhslərdə deyilmişdir. Hər şeyin miyanəsi və mötədili onun ədalət sərhəddidir. Hər şey öz ədalət sərhəddini keçdikdə zülm şəraiti yaratmış olur.

Ümumiyyətlə, zülm bütün rəzalətlərin məcmusudur. İnsanlara zərər və əziyyət vermək, təhqir etmək, döymək, söymək, öldürmək, qeybət, böhtan, xəlqin malını zorla almaq, qarət etmək, oğurlamaq, qəsb etmək və digər bu kimi əməllər isə xüsusi mənada olan zülmlərdir. Əgər bu zülmlər ədavət və ya həsəd nəticəsində əmələ gəlirsə, o, qəzəb qüvvəsinin rəzalətidir. Əgər təməkarlıq və dünya malına hərislik səbəbinə əmələ gəlirsə, şəhvət qüvvəsinin rəzaləti hesab olunur.

Zülmün hansı növü olursa olsun, o, günahdır. Köməksizlərə zülm etməyin günahı daha da artıqdır. Belə şəxslərə Allah-təala kömək edir və məzlumun intiqamını elə bu dünyada ikən ondan alır.

Zalimə kömək etmək, onun zülmünə razı olmaq və ehtiyaclarını ödəmək, haman zalimə öz zülm işində şərik olmaq deməkdir.

İmam Cəfər Sadiq əleyhis-səlam buyurub: “Hər kəs zalimə onun zülmündə kömək etsə, Allah-təala ona bir kəsi müsəllət edər ki, ona zülm etməyə başlayar; o, nə qədər dua edərsə də, duası müstəcəb olmaz”.

Dünyaya ibrət gözü ilə baxanda, bu hədisin həyatda canlı şahidi olmaq olur. Köməksiz məzlumların ahı, zülm edən kəslər üçün tezliklə bir yağıya çevrilir, onlara öz etdiklərindən artıq dərəcədə zülm edərək, məzlumun intiqamını alır.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın