11:13 pm - Bazar Oktyabr 22, 2017

“Ürəkdən ürəyə yollar görünür”

Hüseyn Mustafa oğlu Əhmədov

Hüseyn Mustafa oğlu Əhmədov

Yubiley təbrikləri

Akademik Hüseyn Əhmədovu təbrik edirlər.

Mətbuatda xəbər verildiyi kimi həmyerlimiz, keçmiş SSRİ məkanında tanınmış alim, Sovetlər birliyi dövründə 70 il ərzində Azərbaycandan SSRİ Pedaqoji Elmlər Akademiyasına seçilən cəmi 4 nəfər alimdən biri – sonuncusu olan pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətinin 70, anadan olmasının 90 illiyi tamam olmuşdur. Bu münasibətlə respublikamızın bir sıra tanınmış alimləri və akademikin yetirmələri mətbuat səhifələrində irihəcmli məqalələrlə çıxış edərək, yubilyarı təbrik etmişlər.

Onlardan bir neçəsini qeyd etmək yerinə düşərdi. Azəbaycan Dövlət Pedaqoji Universitetinin professoru, uzun illər Hüseyn müəllimlə birlikdə işləmiş universitetin elmi işlər üzrə prorektoru olmuş, filologiya elmləri doktoru Vilayət Əliyevin “Hüseyn Əhmədov – 90” adlı irihəcmli məqaləsində akademik Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyəti araşdırılır və onun fəaliyyətinin gənclər üçün və bütövlükdə oxucular üçün örnək olacağı qeyd edilir (“Təhsil problemləri” qəzeti № 37, 38, 16-23 may 2016-cı il).

Akademik Hüseyn Əhmədovun yetirmələrindən olan pedaqogika üzrə fəlsəfə doktorları – dosentlərdən Sahilə Orucova ilə Südabə Qurbanovanın hazırladıqları və bu günlər “Hüseyn Əhmədov-90” rubrikası ilə çap edilən məqalələr toplusuna daxil edilmiş rəylərdə Hüseyn müəllimin xarakterik cəhətləri oxuculara çatdırılır. Bu toplunun mündəricatı öz müxtəlifliyi ilə diqqəti çəkir. Buradakı məqalələrin mövzuları və onların məzmunu rəngbərəngdir. Onlardan bəzilərinə nəzər salaq: Professor Sərdar Quliyevin “Elmin zirvəsinə gedən yol”, Ağanisə Sultanovanın “Nəsillərə örnək olan ömür yolu”, akademik Yaqub Mahmudovun “Pedaqoji ictimaiyyətimiz və ali məktəblərimiz üçün gərəkli dərsliyin yeni nəşrinə ön söz”, professor Yəhya Kərimovun “Milli pedaqogikamızın korifeyi”, professor Abdulla Mehrabovun “Türkdilli xalqların ortaq mədəniyyətinin tədqiqi və təbliğinə yeni baxış”, Əlvan Kəbirlinin “O, canlı klassikdir”, akademik Budaq Budaqovun “Alim şərəfi”, professor Vidadi Xəlilovun “Alimin layiqli töhfəsi” və s. kimi məqalələr akademik Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətinin çoxsahəli və çoxşaxəli olmasından xəbər verir.

Yubileyi munasibəti ilə Hüseyn müəllimə şeir yazan sənət adamları da vardır. Onlardan biri tanınmış şair, publisist, bir sıra roman və hekayələrin müəllifi olan Eldar İsmayıl Hüseyn müəllimə münasibətini “Dədə Hüseyn” şeirində belə ifadə edir:

Elmin fədaisi, qurbanısan sən,
Kükrəyən dəryanın limanısan sən.
Ömür karvanının sarvanısan sən,
Yoldasan həm gündüz, gecə Hüseyn…
Ay Dədə Hüseyn, Xoca Hüseyn!

Tanrı bəndəsini salmaz nəzərdən,
Nəfəsin duyulur yüz-yüz əsərdən.
Ovxarlı ilhamın düşməz kəsərdən,
Talibsən aslantək gücə Hüseyn…
Ay Dədə Hüseyn, Xoca Hüseyn!

Bəllidir hər kəsə əhdi-vəfası,
Yazıb yaratmaqdı cövrü-cəfası.
Könlünə düşəndə Vətən havası,
İstər bu torpağı quca Hüseyn…
Ay Dədə Hüseyn, Xoca Hüseyn!

Aqilsən, arifsən, alimsən, atam,
Çağlayan eşqimdə zilimsən, atam.
Bu elsiz günümdə elimsən, atam,
Baş əyməz sərvətə, taca Hüseyn…
Ay Dədə Hüseyn, Xoca Hüseyn!

Türklüyün yolunda haqqa varmalı,
Cığal oyanmalı, Oruc durmalı,
Göyçəni qaldırıb təzdən qurmalı!
Qalıbdı düşmənə Toxluca Hüseyn…
Ay Dədə Hüseyn, Xoca Hüseyn!

Sənə Qorqud deyim, Ələsgər deyim,
Bürclü qala deyim, ya səngər deyim!
Nurlu camalına qoy səhər deyim,
Uca Şahdağından uca Hüseyn…
Ay Dədə Hüseyn, Xoca Hüseyn!

Elmin ocağında sönməz köz qoydun,
Müdrik kəlam qoydun, doğru söz qoydun
Dünyada elə ad, elə iz qoydun…
Dünyanın özündən qoca Hüseyn!
Ay Dədə Hüseyn, Xoca Hüseyn!

Uca dağlarının zirvələri qışda da, yayda da daimi qarla örtülü olan, yamaclarını gül-çiçək bəzəyən Göyçə gölünün lap sahillərində yerləşən, 1300 illik tarixi olan, lakin 1988-ci ildə əhalisi erməni millətçiləri tərəfindən deportasiya edilən Toxluca kəndində dünyaya göz açan, 90 illik ömrünün 60 ilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin divarları arasında keçirən, universitetin vizit kartoçkası hesab edilən Ümumi pedaqogika kafedrasına 38 il rəhbərlik etdiyi illərdə 60 nəfər elmlər namizədi, o cümlədən 6 nəfər elmlər doktoru – professor hazırlayan, müxtəlif ölkələrdə çap olunmuş irili-xırdalı 600-ə qədər əsərin müəllifi olan, “Elmdəki nailiyyətlərinə görə” Rusiya Təhsil Akademiyasının qızıl medalı və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk Dünyasına Hizmət” qızıl medalı ilə mükafatlandırılan Hüseyn müəllim bu gün təqaüddə olmasına və tək-tənha yaşamasına baxmayaraq, yenə də yazıb yaradır. Onun xidmətləri, rəhbərlik etdiyi kafedranın əməkdaşları tərəfindən daim böyük minnətdarlıqla yüksək qiymətləndirilir. Yetirmələrindən olan oğlanlara elçi getməsi, qızların isə elçilərini qəbul etməsi, onların toy mərasimlərini təşkil etməsi, yas mərasimlərində iştirakı onun mənəvi zənginliyindən xəbər verir.

Kafedranın dosenti Kəmalə Rüstəmqızı öz ustadına ürək sözlərini belə ifadə etmişdir:

Ömrünüzü bənzətmisiz kibritə,
Ömür keçər, gün qurtarar, il bitər.
Qızıl düşər, dövlət batar, pul itər.
Tükənməyən bir sərvətdir yaxşılıq,
Əbədilik səadədir yaxşılıq.

Hüseyn müəllim! Acılı-şirinli, enişli-yoxuşlu, bəzən hamar, bəzən sərt döngəli, keşməkeşli bir ömür yaşamısınız. Ehtiyacla dolu tələbə ömrü, sadə, cəfakeş müəllim ömrü, kasıb, arxasız aspirant ömrü, həyatının az qala yarıdan çoxunu arxivlərdə keçirən, xalqının məktəb tarixini zərrəbinlə araşdıraraq, sanballı tədqiqatlara, cild- cild əsərlərə çevirən aydın zəkalı, iti məntiqli, dəmir yaddaşlı, zəhmətkeş alim ömrü, ürəyinin nuru çöhrəsinə səpələnən, xeyirxahlığı həyat devizinə çevirən mərd, alicənab, səmimi, xeyirxah insan ömrü. Həyatın bütün sınaqlarından alnı açıq, üzü ağ çıxmısınız. Təbii ki, var-dövlət pulla ölçülmür. Çünki aqillər demiş, ağıl-kamal, mənəviyyat zənginliyi hər cür var-dövlətdən daha üstündür. O mənada siz dünyanın ən zəngin insanlarından birisiniz. Gözəl ailəniz, ağıllı övladlarınız, sanballı elmi-pedaqoji irsiniz, çoxsaylı təltif və mükafatlarınız, yoluna mayak kimi işıq saçdığınız, elmin çətin yollarında büdrəməyə, yıxılmağa qoymadığınız və həmişə əlindən tutub irəliyə apardığınız saysız-hesabsız yetirmələriniz var.

Dəyəri heç nə ilə ölçülə bilməyən bu zəngin sərvətə sahib olmaq üçün ömrünüzü gilə-gilə, qətrə-qətrə, zərrə-zərrə əritmiş və əsl xeyirxahlıq nümunəsi kimi yaddaşlara əbədi köçmüsünüz. Adınız çəkiləndə hamının üzünə təbəssüm qonur, duzlu-məzəli zarafatlarınız yada düşür, müdrik tövsiyələriniz, öyüd-nəsihətləriniz, məsləhətləriniz çətin anda hamının köməyinə gəlir. Sizə mənən borclu olanlar o qədərdir ki, saymaqla qurtarmaz.

O sırada mən də varam, ürəyimin nidasıyla.
Üz tutmuşam bu gün sizə Dədəm Qorqud duasıyla.
Qələm tutan əlləriniz titrəməsin, yorulmasın.
Heç bir zaman azalmasın, tükənməsin göz nurunuz.
Qoy dönməsin, sarsılmasın öz yolundan, düz yolundan.
Aydan arı, sudan duru məsləkiniz, amalınız!

Xeyirxahlıq etdiyiniz bütün insanların duaları daim sizinlə olsun, Hüseyn müəllim! Tanrı sizi qorusun!

Hüseyn müəllimin müasirlərinin, onu tanıyanların ürək sözlərində o milli pedaqogika elmimizin korifeyi, patriarxı, çağdaş Azərbaycan pedaqoji elminin sarvanı, müəllimlər müəllimi, qayğıkeş insan kimi təqdim edilir.

Hamlet İsaxanlı: Azərbaycan pedaqogikasının fədakarları arasında sizin adınız həmişə iftixarla çəkilir və çəkiləcəkdir.
Professor Yusif Talıbov: Azərbaycan pedaqoji fikir tarixində akademik Hüseyn Əhmədovun öz dəsti-xətti, öz nəfəsi, öz imzası var.

Professor, əməkdar elm xadimi Misir Mərdanov: “Akademik Hüseyn Əhmədov həyatının mənasını xalqına, Vətəninə təmənnasız xidmətdə görən aydın zəkalı, dərin təfəkkürlü, milli mənafeyi həmişə şəxsi mənafedən üstün tutan və bütün fəaliyyətini bu müqəddəs ideala həsr etmiş nurlu şəxsiyyət, müəllim-ziyalıdır. O, Azərbaycan məktəb və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı olmaqla yanaşı, layiqli təbliğatçısıdır.

Mübaliğəsiz demək olar ki, Azərbaycan məktəb təhsili və pedaqoji fikrinin son 200 illik tarixi onunla birbaşa əlaqədardır. Belə ki, Hüseyn Əhmədov XIX əsr Azərbaycan məktəb tarixini tədqiq etmiş, XX əsri isə yaşamışdır”.

AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov: “Hüseyn Əhmədovun Vətən pedaqogikasının inkişafında xüsusi rolu və əməyi vardır. O, hamar yolla getməyən, birbaşa ilk mənbələr, arxiv sənədləri ilə işləyən, onları “dilləndirən” alimlərimizdəndir… Hüseyn Əhmədov həmçinin özü məktəb yaradan, elmi məktəbi olan alimlərimizdəndir”.

Akademik İsa Həbibbəyli: “Hüseyn Əhmədov – Azərbaycanda məktəb və pedaqoji fikir tariximizin Qulam Məmmədlisidir. Hüseyn Əhmədov milli maarifçilik hərəkatı tarixinin görkəmli salnaməçisidir”.

Professor, Əməkdar müəllim, Azərbaycan təhsil şurasının sədri Əjdər Ağayev: “Əgər yolun Moskvaya, Sankt-Peterburqa, Kiyevə, Daşkəndə, Poltavaya, Penzaya, Səmərqəndə, Samaraya, Tiflisə düşsə, elmi pedaqoji ictimaiyyətlə görüşsən, oralardakı elmi yığıncaqlarda H.Əhmədovun məruzə və çıxışlarını dinləyənlər onun elmdə milli-vətəndaşlıq mövqeyindən söhbət açacaqlar. Əgər Bakıda, Tiflisdə, Həştərxanda, Kazanda, Krımda, Moskvada, Sankt-Peterburqda arxivlərə yolun düşsə, Hüseyn Əhmədovun imzasına rast gələcəksən.

Hüseyn Əhmədov bütün səylərini Azərbaycanda məktəbin və pedaqoji fikrin araşdırılmasına, tədrisinə və təbliğinə yönəldərək zəngin irs yaratdı. 25 cildlik seçilmiş pedaqoji əsərlərini nəşr etdirdi.

Hüseyn Əhmədov araşdırmalarının tədqiqat obyekti müxtəlifdir. O, bütövlükdə XIX əsrdə Azərbaycan məktəbinin elmi obrazını yaratmışdır.

Xüsusilə Nəriman Nərimanovun pedaqoji irsinin ayrıca tədqiqat obyekti kimi götürülərək öyrənilməsi alimin elmi xidmətləri sırasında layiqli yer tutur”.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Oruc Həsənli Hüseyn müəllimin doğum günündə, 17 iyul 2006-cı ildə, – “Respublika” qəzetində dərc edilmiş “Elmi axtarışların səmərəsi” adlı məqaləsini “Tanrının mərhəməti və sevdiklərinizin duaları daimi sizinlə olsun… Məncə, siz də anadan xoşbəxt doğulan insanlardansınız, Hüseyn Müəllim!” sözləri ilə bitirmişdir.

Akademik Hüseyn Əhmədovun yetirmələrindən olan, bu gün təkcə Azərbaycanda deyil, bir sıra qonşu ölkələrdə də tanınan, məktəb və pedaqoji fikir tarixçisi kimi məşhurlaşan, Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov “Azərbaycan müəllimi” qəzetinin 16 iyul 2016-cı il sayında dərc edilmiş “Pedaqogika elmimizin patriarxı” məqaləsini bu sözlərlə bitirir:

“Müharibə və əmək veteranı olan akademik Hüseyn Əhmədov ömrünün müdriklik və məhsuldar çağlarını yaşayır. Öz sələflərinin – professor Əhməd Seyidovun, akademik Mehdi Mehdizadənin, professor Mərdan Muradxanovun başladıqları işi bu gün də şərəflə davam etdirir.

Azərbaycan və xarici ölkə alimləri Hüseyn müəllimin elmi-pedaqoji fəaliyyətinə yüksək dəyər vermiş, onu müəllimlər müəllimi, qayğıkeş insan, Azərbaycan pedaqoji elminin korifeyi, təkcə Azərbaycanda deyil, MDB məkanında pedaqogika elminin patriarxlarından biri kimi qiymətləndirmişlər”.

Akademik Hüseyn Əhmədovun ilk aspirantı olmuş pedaqogika üzrə elmlər doktoru, professor, kafedra müdiri Müseyib İlyasov “Nəsillərə nümunə olan şəxsiyyət ömrü” adlı məqaləsində (“Parallel” qəzeti 19.07. 2016-cı il) yazır: “Əvvəllər olduğu kimi, hamıya qarşı münasibətləri həyatının 90-cı ilinin yazı kimi yenə də isti və səmimidir. Üzü nurlu, qəlbi ayna kimi təmizdir”.

Akademik Hüseyn Əhmədovun yetirmələri bu gün təkcə Azərbaycanda deyil, həm də Özbəkistanda yaşayır və işləyirlər. Onlardan biri də bu gün Səmərqənd Dövlət Universitetinin professoru olan Səxavət Ociyevdir.

Səmərqənddə yaşamasına baxmayaraq, Səxavət müəllim də özünün ustadı hesab etdiyi Hüseyn müəllim haqqında “Respublika” qəzetində “Azərbaycan pedaqoji fikrinin görkəmli xadimi” adlı iri həcmli məqalə ilə çıxış etmiş, günəşli Özbəkistan ziyalılarının, o diyarda yaşayan azərbaycanlıların isti salamlarını və təbriklərini yubilyara çatdırmış və akademik Hüseyn Əhmədovun yetirməsi olmağı ilə fəxr etdiyini dilə gətirmişdir.

Akademik Hüseyn Əhmədovun yubileyi münasibəti ilə Moskva alimləri, tanınmış ziyalılar, ilk növbədə üzvü olduğu Rusiya Təhsil Akademiyasının (RTA) rəhbərliyi, xüsusilə də onun prezidenti tərəfindən yubilyarın ünvanına xeyli təbrik məktubları göndərilmişdir. Onlardan bir neçəsi ilə oxucuları tanış etmək yerinə düşərdi. RTA-nın prezidenti akademik L.A.Verbitskayanın həmyer-limizin xidmətlərini – onun tanınmış alim olmasını, özünün nüfuzlu elmi məktəbini yaratmasını yüksək qiymətləndirməsi bizlərdə fərəh hissi doğurur. Prezidentin təbrik məktubunu olduğu kimi aşağıda oxuculara təqdim edirik:

Məktub

RTA-nın akademiki, Moskva Psixolo-Sosial Universitetinin rektoru S.K.Bondıryeva, RTA-nın Rəyasət heyətinin üzvü, Maliyyə Universitetinin rektoru akademik M.A.İskəndərovun təbrik məktublarında həmyerlimizin Rusiyada məşhur alim, gözəl pedaqoq, elm yolunda yorulmaz, fədakar tədqiqatçı kimi tanındığı vurğulanır.

Beynəlxalq Akademiyanın vitse prezidenti, RTA-nın müxbir üzvü, professor V.İ.Salıqinin, Rusiya Federasiyası nəzdində olan Rusiya Xalq Təsərrüfatı Akademiyasından prorektor A.V.Akimovun, “Azərbaycan oğulları” ədəbi seriyasının baş redaktoru, Rusiya Federasiyasında Azərbaycanın-rus icmasının nümayəndəsi professor V.Tatarenkonun təbrik məktublarında Hüseyn müəllimin Azərbaycan-Rusiya elmi-pedaqoji əlaqələrinin inkişafı və möhkəmləndirilməsi sahəsindəki xidmətləri diqqətə çatdırılır, onun jurnalın redaksiya heyətinin fəxri üzvü seçilməsi xəbəri verilir.

Y.Qaqarin adına Saratov Dövlət Texniki Universitetinin direktoru A.V.Postyuşkovun, Müasir Humanitar Akademiyasının rektoru, professor V.Tarakanovun təbrik məktublarında Hüseyn müəllimin əsərlərinin Rusiya alimlərinin, aspirant və tələbələrinin də stolüstü kitabı olduğu, onlardan istifadə edildiyi göstərilir.

Təbrik məktublarının içərisində Moskvada yaşayan və işləyən həmyerlilərimizdən – Moskva vilayəti azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının rəhbəri Qalib Ağayevin, Rusiya Federasiyası azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının Prezidenti Mehriban Sadıqovanın, Moskvanın Ximki şəhər dairəsinin deputatı, “Azərbaycan evi” qəzetinin baş redaktoru Xanoğlan Əliyevin təbrik məktublarında akademik Hüseyn Əhmədovun nailiyyətlərindən fərəh hissi keçirmələri ayrıca vurğulanır. Gəncə şəhərində fəaliyyət göstərən Rus icmasının Sədri Kozin Valeri Misiroviçin, həmçinin, Sovetlər Birliyi dövründə Rusiyanın Ali Məktəblərində təhsil almış məzunların Azərbaycan Assosiasiyasının sədri Ü.R. Əliyevin təbriklərində Hüseyn müəllimin Rusiya ilə böyük dostluğu qeyd edilir, onun əsərlərindən faydalandıqları göstərilir.

Akademik Hüseyn Əhmədovu təbrik edənlər arasında qəzet və jurnal redaksiyaları da vardır. “Учительская газета” da, böyük nüfuza malik “Sosial- Siyasi Elmlər” adlı jurnaldakı fikirlər oxucunu riqqətə gətirir.

Məlum olduğu kimi, 2016-2017-ci tədris ilində Qobustan rayonundakı Mərəzə kənd məktəbinin 150 illik yubileyinə hazırlıq işləri davam edir. Respublikamızda məktəb tarixinin peşəkar tədqiqatçısı olan Hüseyn müəllim bu münasibətlə “Azərbaycan müəllimi” qəzetinin səhifələrində çıxış etməklə kifayətlənməmiş, bir məqalə də yuxarıda adı çəkilən jurnala göndərmişdir. Görünür, məqalə, onun ruhu, məzmunu redaksiyanı elə ram etmişdir ki, sentyabr ayında göndərilən məqalə jurnalın oktyabr nömrəsində “Xalqlar dostluğu” rubrikası başlığı altında dərc edilmişdir. Burada diqqəti çəkən cəhət budur ki, redaksiya məqalənin əvvəlində Hüseyn müəllimin şəxsiyyəti, nailiyyəti və titulları haqqında oxuculara məlumat verir və onu təbrik edir. Jurnalın redaksiyası həmyerlimizi beynəlmiləlçi, Rusiyanın böyük dostu adlandırır. Rus xalqına, onun tarixinə sevgi və hörmət bəslədiyini qeyd edir və ona redaksiyanın təşəkkürünü bildirir. Redaksiyanın ürək sözlərini olduğu kimi oxuculara çatdırırıq. Orada deyilir:

Члену-корреспонденту АПН СССР, Академику Российской академии образования, доктору педагогических наук, профессору Ахмедову Гусейну Мустафа оглы исполнилось 90 лет (17.07.1926). Редакция журнала поздравляет глубокоуважаемого Ахмедова Гусейна Мустафа оглы с этим замечательным юбилеем.

Благодарим Вас за интернационализм, большую дружбу с Россией, любовь и уважение к русскому народу, его истории.

Jurnalın redaksiyası məqalə müəllifini oxuculara aşağıdakı kimi təqdim etmişdir:

Ахмедову Гусейну Мустафа оглы, Члену-корреспонденту АПН CССР, иностранный член РАО и лауреат «Золотой медали» этой Академии, медали К.Д.Ушинского от Министерства Образования и науки РФ, отличник просвещения СССР и Российского ордена «Долг и честь», Заслуженной работник высшей школы Азербайджана, доктор педагогических наук, профессор.

(Журнал «Социально-политические Науки», Москва, №3, 2016, стр. 181-183)

Hüseyn müəllimə göndərilən təbrik məktublarından biri ayrıca diqqəti çəkir. Bu Rusiya heraldika palatasının Mükafat Dumasının 08 iyul 2016-cı il tarixli Qərarından çıxarışdır. Orada qeyd olunur:

“Azərbaycan rus icmasının, Rusiya azərbaycanlılarının federal Milli-Mədəni Muxtariyyatının təqdimatı nəzərə alınaraq, Hüseyn Mustafa oğlu Əhmədov “Rusiyanın Fəxri Qonağı” medalı ilə mükafatlandırılır”. Göstərilən medal və onun 116 saylı vəsiqəsi yubilyara göndərilmişdir. Qərar Mükafat Palatasının Sədri A.V.Mayorov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

Biz də redaksiya heyəti və onun çoxsaylı oxucuları adından hörmətli Hüseyn müəllimi – məktəb tariximizin peşəkar tədqiqatçısını onun yubileyi münasibəti ilə bir daha təbrik edir, Azərbaycan xalqının milli təhsil və zəngin pedaqoji ideyalarının tədqiqi sahəsində ona yeni-yeni uğurlar arzulayırıq.

Ənvər Abbasov,
Pedaqogika üzrə fəlsəfə doktoru dosent, Əməkdar müəllim

Filed in: YAZILAR

1 şərh var: to ““Ürəkdən ürəyə yollar görünür””

  1. 29 Dekabr 2016 at 21:46 #

    Pedaqoji fikir tariximizin ən mübariz tədqiqatçısı

    Hüseyn Əhmədov bu gün Azərbaycan pedaqoji fikir tarixində ən böyük şəxsiyyətdir.Onun hər bir əsəri təhsil tariximizdə yadda qalan hadisədir.
    Hüseyn Əhmədov 1926-cı ildə anadan olmuşdur.Həmin il Azərbaycan Dövlət Pedaqoji institutunda dərs deyən Türkiyəli tərbiyə doktoru Xəlil Fikrət (1934-cü ildən sonra Halil Fikret Kanad-N.N.) Bakıda Hökumət mətbəəsində bir cildən ibarət 600 səhifəlik “Tərbiyə və tədris tarixi ” adlı kitabını nəşr etdirmişdir.
    Xəlil Fikrət Azərbaycan pedaqoji fikir tarixində əzəmətli məktəb yaratmışdır.Bu məktəbin yetişdirmələrindən biri onun institutda dərs dediyi Mehdi Mehdizadə idi.
    Xəlil Fikrətin pedaqoji irsini öyrənənlərin sayı sonralar saysız -hesabsız idi.Onlardan ən öndə gedənlərdən biri məhz Hüseyn Əhmədovdur.

    Nazim Nəsrəddinov,
    Azərbaycan Respublikasının əməkdar müəllimi,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
    pedaqoji mətbuat və pedaqoji fikir tədqiqatçısı,
    türkoloq.

    Qəbələ.
    29.12.2016.

Şərh yazın